http://www.ayna.az/rubric.php?rid=58

 

 

 

 

 

Ş. , Sen. 8, 2007

 

 

 

GÜNEY AZƏRBAYCAN QADINI İKİQAT ZÜLMƏ MƏRUZ QALIR

 

 

Hüquqşünas Babək Azəri bəzi nümunələrlə bunu təsdiqləyir

 

 

S.SOLTAN

 

 

İrandakı hakimiyyət islam demokratiyası adı altında qadın haqlarını tapdamaqla müsəlman dünyası üçün pis örnəyə çevrilib. Ölkə əhalisinin yarısının Azərbaycan türkü olduğunu nəzərə alsaq, o zaman əhalinin təxminən 20 faizini azərbaycanlı qadınların təşkil etdiyi nəticəsinə gələ bilərik. Bu baxımdan, Tehran hakimiyyəti zərif cinsin haqqını tapdayarkən bu, türk qadınlarından da yan ötmür.
Bu günlərdə qadın hüquqlarının müdafiəçisi, soydaşımız Şahnaz Qulaminin mənzilinə ETTELAAT-ın əlisilahlı dəstəsinin hücumu yuxarıda qeyd etdiklərimizi təsdiqləyən çoxsaylı hallardandır.
Hazırda Avropada yaşayan, hüquqçu Babək Azərinin məqaləsi də bu məsələyə həsr olunub. Həmin yazını ixtisarla diqqətinizə çatdırırıq.
Müəllif məqaləsinə Adam Smitin "Millətlərin sərvəti" adlı əsərindən misalarla başlayaraq yazıb: "Smitin kitabı ilə iqtisadiyyatın müstəqil elm kimi təməli qoyuldu. O zamana kimi iqtisadiyyat, hüquq, siyasət və əxlaq bir yerdə öyrənilirdi. İqtisadçılar tərəqqi və inkişaf prosesində əhəmiyyətli rol oynayan 4 amili - əmək, kapital, xammal və yeri əsas sayırdılar".
Müəllif yazıb ki, əməyin, yəni insan qüvvəsinin yarısını qadınlar təşkil edir. Elə bu da onların iqtisadiyyatda kişilərlə bərabər çalışdığını deməyə əsas verir. B.Azərinin qənaətincə, belə bir şərait hüquq bərabərliyi zərurətini ortaya çıxarır.
Qadınların əks cinslə siyasi və ictimai sahədə hüquq bərabərliyi tələbi təbiidir. Cinsi mənsubiyyətinə görə ayrıseçkiliklə üzləşdikləri halda onlarda ruh düşkünlüyü yaranır, intiqam və nifrət hissi baş qaldırır. Bu isə nəticədə cəmiyyətin daxilində böhranın yaranmasına səbəb olur, inkişafın qarşısında maneəyə çevrilir. İran, Əfqanıstan və ərəb ölkələrində qadınların cinsi zülmə məruz qalması haqda bir çox halların olduğunu bildirən müəllif yazıb: "Elmi tərəqqi və texnikanın işkişafı nəticəsində qadınlar kişilərlə fabrik və zavodlarda bərabər çalışarkən cinsiyyət məsələsi az yada düşmür...
Çağdaş dünyamızda insanlar qadın və kişi olduqlarına görə deyil, daha çox informasiyaya malik olmaları ilə fərqlənirlər. Elə bu baxımdan, Azərbaycanın Quzeyi və Güneyində milli hərəkatın tərəqqi və inkişafa meylinin həmişə feminist mahiyyəti ilə də seçildiyini söyləyə bilərik.
M.Ə.Rəsulzadənin başçılığı altında Quzeydə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk dəfə olaraq qadınların seçib-seçilmək hüququnu tanıdı. Eləcə də S.C.Pişəvərinin rəhbərəliyi altında qurulumuş Azərbaycan Milli Hökuməti də İranda qadınlara eyni hüququ verdi..."
Müəllif tarixi baxımdan məsələni dəyərləndirdikdən sonra bildirib ki, elə bu tarixi yaddaş Güney Azərbaycanda qadınların milli mübarizənin feminist mahiyyətinə inanmasına, habelə öz qurtuluşlarını milli hərəkatın qələbəsində görmələrinə səbəb olub.
B.Azəri yazıb ki, İranda Azərbaycan qadınları ikiqat zülmə məruz qalırlar. Bir yandan türk, o biri tərəfdən isə qadın kimi təzyiqlərə tuş gəlirlər.
Müəllif məsələyə İran qanunları çərçivəsində aydınlıq gətirməyə çalışaraq bunları qeyd edib: "Ölkənin indiki mədəni qanununun 1210-cu maddəsinin 1-ci əlavəsi və İslam cəza qanunlarının 49-cu maddəsinin 1-ci əlavəsinə əsasən, qızlar 9, oğlanlar 15 yaşında törətdikləri əmələ görə məsuliyyət daşıyır və qanun qarşısında cavabdehdirlər. Başqa sözlə, cinayət əməlinə görə də məsuliyyət daşıyırlar.
Elə bu cinayət məcəlləsinə əsasən, ölkədə 18 yaşından aşağı yeniyetmələri həbs, bir sıra hallarda isə edam edirlər.
Beynəlxalq Əfv Təşkilatının məlumatına əsasən, 2004-cü ildə İranda 3, bir il sonra 8, 2006-cı ildə 4 həddi-büluğa çatmayan yeniyetmə edam olunub. 2004-cü ildə edam olunanlardan biri 16 yaşlı qızdır. Atifə Sehalə zinaya görə Neka şəhərinin mərkəzində əhalinin gözü qarşısında dar ağacından asılmışdı.
Həmin hadisə beynəlxalq hay-küyə səbəb olmuşdu. Çünki mövcud qanunlara əsasən, oğlanları həmin cinayətə görə 15, qızları isə 9 yaşından cəzalandırmaq olar.

Güney Azərbaycandakı azyaşlı qızlar da bu mürtəce qanunların qurbanına çevrilirlər.
Güneyin Tehran tərəfindən ayrı-seçkiliyə məruz qalması özünü büdcə ayırmalarında da göstərir. Bu isə Azərbaycanda yoxsulluğun artması ilə nəticələnir. Yoxsulluq amili azyaşlı qızların ata-analarını tərk edərək evdən qaçmaları ilə müşayiət olunur. Belələrinə "qaçqın qızlar" adı verirlər. Bu qızlar şəhərlərin küçə və bazarlarında dolanır, yetərincə həyat təcrübəsi olmadığından pis niyyətlilərin, o cümlədən narkotik maddə satanların tələsinə düşürlər. Onlardan belə işlərin icrasında istifadə edirlər. Acınacaqlı haldır ki, yuxarıda vurğuladığımız yaş həddinə görə onlarla hər hansı cinayətin qurbanı olmuş azyaşlı yeniyetmə kimi rəftar edilmir.
Həbsxanadan çıxdıqdan sonra isə onlara heç bir dövlət orqanı yiyəlik etmir. Yeniyetmə qızların evi olmadığından onlara zahiri gözəlliklərinə görə siğə təklifi olunur, bu isə müvəqqəti hal sayıldığından bir müddət sonra onların yeri yenə küçə və bazarlar olur. Başqa sözlə bu yeniyetmə qızlar yaşlı kişilərin şəhvət obyektinə çevrilirlər.
Siğə cinsi və psixoloji xəstəliklərin yaranması ilə də nəticələnir. "Şəhrzad nyus" Xəbər Agentliyi İranın Təhsil Nazirliyində çalışan vəzifəli dövlət məmuruna istinad edərək bildirib ki, Güney Azərbaycanın Zəncan şəhərində evdən qaçan qızların 64 faizini orta məktəblərin qız şagirdləri təşkil edir".
Tarixdən misallar gətirən hüquqçu soydaşımız Güney Azərbaycandakı mübariz qadınlarımızdan Zeynəb Paşa, Telli Zəri kimilərini, hazırda ərlərinə arxa olanlardan Abbas Lisaninin xanımı Ruqiyyə Lisanini, Saleh Kamraninin xanımı Mina Kamranini, Oqtay Babainin xanımı Nəsrin Rəzəvini örnək göstərərək yazıb: "Bu xanımlar ETTELAAT məmurları tərəfindən oğurlanaraq, işgəncəyə məruz qalsalar da, milli haqların təmini uğrunda həyat yoldaşlarının apardıqları mücadiləyə dözümləri və mətanətləri ilə dəstək olurlar...
Azərbaycan Milli Hökuməti dövründə qanunlar qəbul olunduqca Məclis üzvləri əl çalıb, sevincdən göz yaşlarını silirmişlər... Amma gözlərin sevinci bir ildən çox sürmədi...
Bu mürtəce fars şovinizminin ideologiyası altında olan hakimiyyətin yürütdüyü siyasət Azərbaycan qadınlarının durumunu dözülməz həddə gətirib. İranın mədəni qanununun 1043 və 1044-cü maddələrinə əsasən, yaşından asılı olmayaraq, qadın ilk nikaha atasından və ya babasından yazılı izahat almalıdır. Amma 15 yaşına çatmış oğlanların bu məqsədlə kimsədən icazə alması vacib deyil.
Həmiin qanunun 942-ci maddəsinə görə, kişilər 4 qadınla daimi nikaha, sonsuz sayda siğəyə girə bilərlər. 1130 və 1133-cü maddələr boşanmaqla bağlıdır. Burada da qadınların haqqı tapdanır.
İslam cəza qanununun 220-ci maddəsinə əsasən, ata və ya atanın atası oğlunu, qızını, yaxud nəvəsini öldürərsə, onlar edamla cəzalanmırlar. Ancaq ana və yaxud ananın atası bu sayaq cinayət işi törədərsə, o zaman onlar edam olunurlar.
Öldürülmüş qadınların qan bahası kişinin qan bahası pulunun yarısı qədər müəyyənləşdirilir.
İran mədəni qanununun 907, 913, 942, 946 və 947-ci maddələrinə görə, ata və ya kişi ölərsə, o zaman onun sərvətinin yalnız səkkizdə biri qadına çata bilər. Həmin maddələrə əsasən, ölmüş kişinin qanuni arvadına torpaq sahəsindən heç bir pay düşmür. Əgər kişinin bir neçə qadını olarsa, o zaman sərvətin səkkizdə biri onlar arasında bölünür.
Məsələn, bir qadın əri ilə 3 il ömür sürüb, onunla birlikdə torpağı əkibsə, oranın abadlaşmasında bərabər çalışıbsa, əri öləndən sonra bu qadına heç bir pay düşmür. Bu mürtəce qanunlar ucbatından dul arvad taleyin ümidinə buraxılır.
Qeyd etmək lazımdır ki, mirasdan oğulun payının yarısı qədər qıza çatır".
Müəllif sonda İran rejimi kimi gerici hakimiyyətlərin 1980-ci ildə BMT-nin "Qadınların ayrı-seçkiliyə məruz qalmasının ləğvi haqqında" qətnaməsinə məhəl qoymadığını da xatırladıb. Qurumun Qaçqınlar üzrə Ali Komissarlığının hesabatında vurğulanıb ki, qaçqınların 80 faizini uşaqlar və qadınlar təşkil edir. Belə vəziyyətin yaranmasında isə Tehran hakimiyyətinin də rolu az deyil.