ASİF ATA

     ( Asif Atanın "Siyasətdən üstün" 37- ci Müqəddəs Kitabından )                                    

 

CƏMİYYƏT -- SİYASİ DÜNYA

 

Siyasi Dünya --  Cəmiyyətin Davamıdır.

 Cəmiyyətdə Ağalıq hökm sürür.

Ölkələr arasındakı münasibətdə Ağalıq hökm sürür.

 Böyük ölkələr kiçik ölkələr üzərində Ağalıq eləyir. Ağalıq üsulu dəyişir, Ağalıq dəyişmir ; Ağalıqdan məhrum olan ölkə -- Böyük ölkə sayılmır ; ölkələrə təsir etməyən, ölkələri özündən asılı etməyən ölkə Böyüklüyünü itirir.

   Kiçik ölkələri dirçəldən ölkələr əslində özlərini  zənginləşdirirlər ; mahiyyətcə böyük ölkələr Kiçik ölkələrin  kiçikliyini qoruyurlar.

   Fövqəlölkələr varsa -- ölkələr kiçikliyi də var,  ölkələr kiçikliyi ölkələrin böyüklüyünü qoruyur.

   Dünya Böyüklərə və Kiçiklərə bölünürsə -- kiçiklərin kiçikliyi daim yaşayacaq, kiçik ölkələr nə qədər inkişaf etsələr də, böyük olkələrə çatmazlar ;  böyük ölkələr kiçik ölkələri nə qədər inkişaf etdirsələr də özlərinə çatdırmazlar, onlardan üstünlüklərini əksiltməzlər, əslində artırarlar.

    Fövqəlölkə elə bu deməkdir əslində.

    Cəmiyyətdə Rəiyyətlik hökm sürür, --  Böyük ölkələrə Kiçik ölkələrin rəiyyətliyi gərəkdir.

    Rəiyyəti olmayan Ağa Ağa olmur.

    Rəiyyətlərini itirən Ağalığını itirir.

    Bu səbəbdən də Böyük ölkələr kiçik ölkələrin rəiyyətliyini qoruyur, onları rəiyyətlikdən çıxmağa qoymur, onlara elə səxavət göstərirlər ki,  rəiyyətliyə xələl gəlməsin, -- rəiyyətlik möhkəmlənsin, zəifləməsin, -- Rəiyyətlik yaşadığı dərəcədə -- Ağalıq da yaşayır, Ağalıq rəiyyətlik üstə yaşayır. Bu səbəbdən də Ağalıq rəiyyətliyi bəsləyir, böyüdür, qoruyur.

    Cəmiyyətdə Təbəqəlik hökm sürür.

    Böyük ölkələr Dünyanın Yüksək Təbəqəsi sayılır ;

    Onlar Yüksək Təbəqəliklərini İnadla, ardıcıl şəkildə, müxtəlif üsullarla, gedişlərlə qoruyurlar.

    Əgər dünyada yüksək Təbəqə varsa, deməli Aşağı Təbəqə də var ; Aşağı Təbəqəyə mənsub olan ölkələr olmasa, Yuxarı təbəqəyə mənsub olan ölkələr də olmaz, bu səbəbdən də Təbəqə Yuxarılığı Təbəqə Aşağılığını qoruyur, bəsləyir, böyüdür.

    Cəmiyyətdə Yadlıq hökm sürür.

    Ölkələr arasında münasibətdə müxtəlif çeşiddə, aşkar, ya gizli Yadlıq hökm sürür.

    Ən sıx siyasi yaxınlıqda belə, uzaqlıq yaşayır, ən sıx siyasi dostluqda belə, düşmənlik yaşayır. Siyasi münasibətlər -- Yaxınlıq --  Uzaqlıq --  Dostluq -- Düşmənçilik cəmidir əslində.

    Siyasi Dünya -- cəmiyyətin davamıdır, bu səbəbdən də İnsanilikdən uzaqdır.

 

 

 

                                                                            İzharı təqdim etdi Asif Ata Ocağının Evladı                                            

                                                                                                      Eluca Atalı.

 

 SƏHƏND

 

Yasaq

Taleyimə sən bax !

Düşüncələrim yasaq,

Duyğularım yasaq,

Keçmişimdən söz açmağım yasaq.

Gələcəyimdən danışmağım yasaq,

Ata - babamın adın çəkməyim yasaq,

Anamdan ad aparmağım yasaq!

.... Bilirsən ? ..

Anadan doğulandan belə

Özüm bilməyə - bilməyə

Dil açıb danışdığım dildə

Danışmağım da yasaq imiş, yasaq!