Fars məktəbləri Azərbaycan uşaqlarının kabusu

 

Babək Azəri   hüquqşünas

   

 Yenə Mehr Ayı gəldi və Mehrin birində İranda məktəblər açılır.  Amma bu açılış hər kəsə sevinc gətirmir!

  Mehr ayının birində xüsusən, birinci dəfə məktəbə gedən Azərbaycanlı uşaqlar üçün bu gediş faciə sayılır. Çünki 7 yaşına qədər küçə - bazarda tay - tuşları, evdə doğmalrı ilə öz doğma ana dilində, yəni türk dilində  danışan uşaqlar qəfildən milli  dünyasından qopub yad aləmə düşürlər. Məktəbdə  bəzi vaxt ağac gücünə və cərima qorxusu ilə bir əcnəbi dildə danışmağa məcbur olurlar.  Uşaqlara seçim haqqı verilmir və öz istəklərinin əksi olaraq zorakılıqla fars dilində təhsilə məcbur olurlar.  Bu da öz yerində məktəbə meyilsizlik və məktəbdən qaçmağa, yarımçıq təhsilə səbəb oluur. Təbii ki, bunun da  nəticəsində Güney Azərbaycanda savadsızların və az savadlıların sayı artmaqdadır. Hər vətənpərvər Azərbaycanlı bu suala cavab verməlidi : "Əgər bu vəziyyət uzun müddət davam edərsə, nəticə nə ola bilər ? " Mənim  bu suala cavabım belədir : milli faciədən başqa bir şey ola bilməz.

  Bəzi sosioloq alimlər azadlığı 3 yerə bölürlər :

1.Fikir azadlığı

2.Söz azadlığı

3.Əməl azadlığı

Onların fikrinə görə fikir azadlığı çox əhəmiyyətli rol oynayır. Fikir azadlığında məqsəd o deyil ki, bir fərdin fikirləşməyinə qadağa qoyasan.  Bu iş heç mümkün də deyil. Bəlkə əsl məqsəd budur ki, fərddən bu imkan alına və nəticədə  beyninə düz formada təlim verə bilməyə. Çünki insanın beyni eyni ilə əkin yeri kimidir.  Şumlanıb mübütləşmiş əkin yerində  hər nə əksən onun məhsulun dərərsən və insanın beyni də yaşadığı müddətdə aldığı təlim və informasiya əsasında formalaşır.   Bir insan ki, savadsızdır, o yazılı mənbələrdən informasiya ala bilmir, ondan faydalanmır və əlaqə vasitələrinə, yəni interneti, faksi, telefonu və s. yoxudur onun beyninə lazım olan qədər informasiya çatmır. Bu səbəbdən də düzgün formada, yəni müasir dövrdə gedən proseslərdən kənarda qalır, tərbiyə olunmur və qısa şəkildə desək, demək olar fikir azadlığından məhrum olur. Bir fərd ki, fikir azadlığından məhrum olub, söz və əməl azadlığından da düzgün formada istifadə etməyə müvəffəq olmayacaq. Ola bilər ki, azad şəraitdə öz söz və  əməl azadlığından öz fərdi və milli mənfətlərinə qarşı istifadə edə. Bu gün Afrikada, Asiyada və Latın Amerikasında elə ölkələr var, orada bəzi fərdlər öz səs haqqını 5 və ya 10 dollara satmağa hazırdı. İranın feodal düşüncəli siyasi sistemində, xüsusən kəndlərdə bir feodal ya bir ruhani bir qonaqlıq verib, ora  gələnləri səs vermə məntəqəsinə aparıb, öz istədiyi adama onların səs verməsinə razı salır.

  İranın dövlət məmurları, xüsusən Quzey Azərbaycanda iddia edirlər ki, İranda yaşayan Azərbaycanlılar öz insani və mədəni hüquqlarından faydalanırlar. Burada lazımdır qeyd edim ki, İranın fars rejimini başqa totalitar rejimlər kimi dediyi sözlə yox, etdiyi əməllə tanımalıyıq. Çünki İranın fars rejimi dövlətin anayasasında və qol çəkdiyi beynəlxalq sənədlərdə İranda yaşayan qeyri fars millətlərə ana dilində təhsil haqqı verməlidir.

  İranın anayasasının 15 - ci maddəsi qərara alır  ki, " İran xalqının müştərək dili və xətti fars dilidir, sənədlər, yazışmalar, rəsmi mətnlər və təhsil üçün dərs kitabları fars dilində və xəttində olmalıdır. Amma məhəlli və qomi dillər də fars dilinin kənarında  mətbuatda, informasiya vasitələrində işlədilməsi  və məktəblərdə tədrisi azad olacaq."

 İranın anayasasının 19 - cu maddəsi bundan ibarətdir ki, " İran xalqı hər qom və qəbilədən  olsalar da, bərabər hüquqludurlar. Dərisinin rəngi, irqi, dili və .s. heç kimə üstünlük gətirmir."

 Həmçinin bu yerdə qeyd etməliyəm ki, İranın hakimiyyəti çoxlu beynəlxalq sənədlərə qol çəkməklə öhdəlik götürüb ki, İranda yaşayan qeyri fars millətlərin və azlıqların hüququna riayət edə və ayrı - seçkiliyə məruz qoymaya. İranın qol çəkdiyi beynəlxalq sənədlər aşağıdakılardan  ibarətdir :

1. 1945 - ci ildə təsdiqlənmiş Birləşmiş Millətlərin Qərarları.

2. 1975 - ci ildə insanın  mədəni, siyasi, iqtisadi, ictimai hüququna nəzarət edən beynəlxalq müqavilə.

3. 1955 - ci ildə təsdiq olunan beynəlxalq müqavilə ki, genosidə qadağa qoyub və gedosidə bais olanları cəzalandırmaq istəyir.

4.1968 - ci ildə təsdiq olunan beynəlxalq müqavilə irqə görə ayrı - seçkiliyə məruz qoymaya  qadağa qoyur.

5.1993 - cü ildə təsdiq olunmuş uşaq hüququ ilə əlaqədar beynəlxalq müqavilə.

6.1967 - ci ildə 111 nömrəli müqavilə Beynəlxalq İş Təşkilatı tərəfindən təsdiq olunub.

7. 1967 - ci ildə  YUNESKO - nun təsdiq etdiyi qərar təhsildə ayrı - seçkiliyin olmamasını təkid edir.

 Bunlardan da əlavə İran fars rejimi Beynəlxalq  İnsan Haqlarının Bəyannaməsinə müsbət səs verib.

  Hüquq elmi baxımından bir demokratik ölkənin hüquq sistemində anayasa və o ölkənin qol çəkdiyi beynəlxalq sənədlər əsas rol oynayırlar. Həm də o  ölkənin parlamentində qanun kimi təsdiq olan layihələr və onların icra tərzi gərək ki, anayasa və ölkənin qol çəkdiyi sənədlərə zidd olmaya. Bundan əlavə ölkədə  hakimiyyətə gələn qüvvələrin əsas vəzifələrindən biri anayasanı qoruyub və ona əməl etməkdir. Amma üstə qeyd etdiyim kimi İranın fars rejimini başqa totalitar rejimlər kimi dediyi söz ilə yox, etdiyi əməllə tanımaq lazımdır. Bu günki İranın feodal hüquq sistemində özbaşnalıq hakimdir. Çox rahat şəkildə məhkəmələrin hakimləri və intizami qüvvələrin məmurları göz görə - görə, açıq - aydın anayasanı ayaq altına qoyurlar.

    Misal üçün İranda əgər bir fərd fars dilində təqvim nəşr edə, bu bir adi hadisə sayılır. Amma əgər türk dilində olsa, nəşr edən dövlətə zidd hərəkət adı ilə həbsə və işgəncəyə məruz qalır. Abbas Lisaniyə vurulan ittihamlardan biri də türk dilində təqvim nəşr etməsi olmuşdu.

   Əgər bir fərd fars musiqisinin inkişafına və təbliğinə çalışa, bu iş həm İranın fars hakimiyyətindən və həm də fars müxalifəti tərəfindən təqdirlə qarşılanacaq. Amma əgər bu çabalar Azərbaycan musiqisinə görə olsa, xoşagəlməz nəticələr verə bilər. Elə bu yerdə Həsən Dəmirçini misal göstərə bilərik ki, Azərbaycan musiqisi ilə əlaqədar onun çalışmaları səbəb oldu ki, qoca yaşında və xəstə halında dəfələrlə zindana və işgəncəyə məruz qaldı.

 Hər il İranda büdcənin əsl hissəsi fars dilində təhsil və tədrisə, fars dilli kütləvi informasiya vasitələrinə ayrılıb sərf olunur.  Amma büdcədən Azərbaycan türkcəsinə aid olan sahələrə heç bir məbləğ ayrılmır.  Yalnız farsların dilimizə qarşı olan hücumlarına pul sərf olunur.  Belə ki,   çox istisna hallarda "azəri dili " altında bəzi yazılar və radio, televiziya proqramları yayılır. Bu işdən də əsl məqsəd Azərbaycan türkcəsinin yerinə "azəri dili" altında qondarma termini yerləşdirməkdi.  Bu yerdə məlumat üçün qeyd etməliyəm ki, İranın fars rejiminin "azəri dili " kimi təqdim etdiyi qondarma dil, fars və türk dillərinin qarışığı və ortağı olan bir dildi. Həm də nəinki adi adamlar, heç dildən başı çıxan mütəxəsislər də onun haradan yarandığını, yəni tarixini, kökünü elmi şəkildə bilmirlər. Bu dünyada yalnız farslara məlum olan bir dildir.

İran fars rejimi bir tərəfdən çalışır bu vasitə ilə Azərbaycan türkcəsinə marağı azaldıb gözdən sala, o biri tərəfdən də Azərbaycan türkcəsinin fars köklü olduğunu təbliğat vasitəsi ilə kütlənin beynində yerləşdirir. 

 Əgər bəzi vətənpərvər Azərbaycanlılar öz məhdud imkanları ilə türk dilində qəzet, kitab və ya CD nəşr edə və ya türk dilli dərnək aça, bu şəxslər müammalı şəkildə ölməsələr də, həbsxanada çürüməli olacaqlar.

 Bizlər yetkin insanlarıq, dünyanın isti - soyuğunu görmüşük və fars rejiminin oyunbazlıqları ilə tanışıq. Elə bu səbəbdən də  onun xalqımıza etdiyi milli  zülmə qarşı mübarizədə  nə zindan, nə işgəncə, nə onun saysız cəza üsulları bizim ruhumuzu sarsıda bilməz və sarsıda bilmir də !  Amma hər il Mehr ayını 1 - də, xüsusən birinci dəfə məktəbə gedən uşaqları görəndə ruhumuz sarsılır. Çünki bu məsum balalar bizim kimi bir uzun sadisti prosesə məruz qalıb, əgər cismi baxımdan olmasa da, ruhi baxımdan ağır sarsıntı, xəsarət görəcəklər. Bu insani faciə şahid olub və onun qabağın almamaq,  bizə sağalmaz ürək ağrısı gətirir. Mən yazımı bir xəbərlə bitirmək istəyirəm ki, burada sübut olunur Azərbaycanlı uşaqlar fars məktəblərində necə psixoloji işgəncəyə və elə korpə yaşından milli zülmə məruz qalırlar.

Təbrizin 85 km qərbində yerləşən Minik kəndində iki məktəb var. Onlardan biri ibtidai sinif şagirdləri üçün nəzərdə tutulmuş "Şərəf" və orta məktəb şagirdləri üçün olansa "Pərvin Etisami" adlanır.Hər iki məktəbin rəhbəri milliyyətcə farsdır və onlar hər iki məktəbin giriş dəhlizinə böyük bir sandıq qoyublar ki, bu məktəblə və ya müəyyən hadisələrlə bağlı arzu və təklifi yığmasındandan ötəri deyil. Burda kim TÜRK DİLİNDƏ danışarsa, ora pul salıb cərimə ödəməlidir.Təkcə binanın içində yox, eyni zamanda məktəbin həyətində də Azərbaycanlı uşaqlar türk dilində danışarlarsa, bunu ödəməlidirlər və məbləğ 20, 50, 100 tüməndir.Qeyd edək ki, buna dərs zamanı müəllimlər və digər vaxtlar nəzarətçilər diqqət yetirirlər. Qeyd etmək lazımdır ki,  ibtidai sinfə gələn türk balaları fars dilində qəti bilmələrinə baxmayaraq, cərmənin qorxusundan müəllimə heç bir sual vermir və bilirlər ki,əgər  sual edərlərsə cərmə ödəməli olarlar və bu da onların  yoxsul ailələrinin imkanı xaricindədir.

 Şübhəsiz ki, "Şərəf" və "Pərvin Etisami" məktəblərindəki bu hadisələr YUNESKO ..nun milli mədəniyyətlə bağlı prinsipinə ziddir və körpələrə ana dilini qadağan elətdirmək cəhdi GENOSİDDİR.