|
Qənimət Zahid
Pul
və sərvət bəkçiliyi ilə siyasi
məsuliyyət bir araya sığmır
Azərbaycan rejimi hər gün demokratik dünyanın üzünə
tüpürür
Indi dünyada jurnalistlərə qarşı ən qəddar
rejim Kubanı göstərirlər. Kubada 25 jurnalist hal-hazırda
da həbsdədir.
Amma Kuba dünya deyil. Kuba Fidel Kastrodur. Bu ölkə sivilizasiyalı
dünyadan təcrid edilib. Sovet Ittifaqı kimi nəhəng
himayədardan məhrum olan, indi isə yaşının
ixtiyar çağında Əzrayılla siçan- pişik oynayan
Fidel Kastro mədəni və demokratik dünyanın nə
olduğunu bilmir. Buna görə də, Fidel Kastronun azad
mətbuat, söz azadlığı kimi problemləri yoxdur.
Bu anlayışlar onun mənəvi konstruksiyasına daxil
deyil.
Azərbaycan rejiminin unikallığı nədən
ibarətdir?
Azərbaycan isə mədəni dünyanın tərkib
hissəsi kimi hallandırılmağa rəsmən də
iddialıdır. Heç kim Azərbaycan rəhbərliyini
məcbur etməyib ki, Avropa Şurasının, ATƏT-in
üzvü olsun, Avropa Birliyi ilə, NATO ilə əməkdaşlığın
əsasını qoysun, Avropa Insan Haqları
Məhkəməsinə qoşulsun...
Bütün bunlar Azərbaycan rejiminin öz seçimidir və həmin
seçimin üzünə tüpürə- tüpürə ayları,
illəri yola salmaq da həmin bu rejimin öz seçimidir.
Lap bu günlərdə isə Azərbaycan rejimi Avropa Şurasının
üzünə tüpürdü: siyasi məhbuslarla bağlı öhdəliyini
yeniləyən Azərbaycan hökuməti ikicə gündən
sonra bir jurnalisti- bir baş redaktoru tamamilə qondarma
ittihamlarla həbsə atdı, onun müavini olan digər
jurnalisti isə qanına qəltan elədi.
Nədən, Azərbaycan hökuməti belədir? Axı,
ola bilməz ki, bir sistem eyni zamanda həm mədəni dünyanın
altçoxluğu olmağa can atsın, həm də özünün
vəhşi davranışları ilə həmin
mədəni dünyanın canını boğazına yığsın.
Hər hansı bir siyasi rejimin söz azadlığına qarşı
allergiyasının səbəbləri olmalıdır.
Kastro ilə məsələ aydındır: o, belə
anlayışları heç zaman görməyib, məlumatı
yoxdur, təsəvvür etmir. Amma Ilham Əliyev Fidel Kastro
deyil. O, ömrü boyu kommunist olmayıb, inqilabçı olmayıb,
hətta əskər də olmayıb ki, beynində
hərbi xidmət illərinin illüziyaları qalsın
və hərbi rejimin nədən ibarət olduğunu
təsəvvür etsin.
Azərbaycan rejimi insanları Allah adı ilə zülm
və əsarət altında saxlayaraq teokratik xaltura
ilə məşğul olan Iran rejimi də deyil; burada dünyəvi
dəyərlər hakimdir.
Azərbaycan rejimi Şimali Koreya kimi soyuq müharibə
illərinin mirası olaraq əlinə nüvə silahı
da keçirə bilməyib ki, burada xalq səfeh bir diktatorun dünya
ilə kəllələşməsinin girovuna çevrilsin.
Azərbaycan rejimi daha çox strateji sərvət olan nefti dünyanın
lider dövlətlərinə satmaqla pul qıran və
həmin lider dövlətlərin tumarına güvənən
ərəb hakimiyyətlərinə bənzəyən
satqın bir rejimdir. Bu rejim hər şeyi satır:
millətin perspektivlərini, cari büdcəsini, intellektual
potensialını, neftini... və əvəzində yalnız
bir şey alır: pul və hakimiyyət təminatı. Başqa
heç nə.
Mədəni və demokratik dünya isə Azərbaycan
rejiminin tüpürcəyini sifətindən silib qurtarmamış
yeni tüpürcək lopasını qəbul etməli olur:
Avrpa Şurası Azərbaycana daha bir il vaxt verdimi?
Corc Buş Azərbaycan rejiminin avtoritar liderini çağırıb
yanında əyləşdirdimi?
Avropa Birliyi Azərbaycanı özünün ən uzaq yaxın qonşusu
elan etdimi?...
Varlı ölkənin alverçi vətəndaşları
Rusiyalı jurnalist Aleksey Barxatov Azərbaycan rejimi haqqında
təəssüratların belə şərh edir: ...Bu
müdrik" idarəetmənin məhsulu hər addımda
görükür: dövlət inkişaf edir. Azərbaycanlıların
60 faizə yaxını isə xarici ölkələrdə-
əsasən Moskvada veyillənir. Burada bir milyona
qədər azərbaycanlı bazarlarda alver edir və ya köhnə
Jiqulilərdə xaltura etməklə pul qazanıb
evə göndərir.
Doğrudur, onların hamısı öz
vətənlərindəki həyat şəraiti və
prezident haqqında suallara senzurasız ifadələrlə
cavab verirlər. Çünki neft ehtiyatlarına görə bu 7
milyonluq respublikanın əhalisi küveytlilər kimi yaşamalı
idilər, amma həmin həyatdan əsər-
əlamət görünmür. Yerli mətbuatın yazdığına
görə neft gəlirlərinin hamısı prezidentin
əqrabaları arasında bölüşdürülür...
Əliyevin bütün qohum- əqrabası yüksək dövlət
vəzifələrində işləyirlər. Amma onun
bircə nəfər belə qohumu Müdafiə
Nazirliyində işləmir...".
Kütlük və təxribat nümunələri
Azərbaycan bütün beynəlxalq hesabatlarda dünyanın
ən iyrənc rejimləri ilə müqayisə olunur. Xüsusilə,
hakimiyyətin ata malı kimi Ilham Əliyevə miras ötürülməsindən
sonra.
Müqayisə üçün materiallar da təqdim edilir:
- Suriyanı (ABŞ-ın şər üçbucağı
elan etdiyi ölkələrdən biri) vəfat etmiş
diktatolr Hafiz Əsədin oğlu Bəşir Əsəd
idarə edir;
- Şimali Koreyanı (ABŞ-ın şər üçbucağı
elan etdiyi ölkələrdən biri) dünyanın ən qanlı
diktatorlarından biri sayılan Kim Ir Çenin ölümündən
sonra oğlu Ir Kim Çen idarə edir;
- Afrikadakı Konqo Respublikasının prezidenti Loren Kabil
2001-ci ildə qiyam zamanı qətlə yetirdilər, amma
onun da yerinə oğlu Cozef Kabil keçdi;
- Haitinin prezidenti Fransua Düvalye oğlu Jan Klodu varis
təiyn etdi. Amma Jan Klod bir qədər dəcəl və
ağıllı çıxdı: ümumxal etirazı
nəticəsində devrilən vəliəhd
xəzinədən 500 milyon dolları oğurlayıb
aradan çıxdı və indi Fransada əla həyat sürür...
Bu ölkələrdə həmin rüsvayçı vəliəhd
oyunları gedəndə Ilham Əliyev də hakimiyyət
ehtirasının nə demək olduğunu hələ başa
düşmürdü və deyirdi: Azərbaycanda monarxiyanın
yaradılacığı, daha doğrusu, hakimiyyətin
irsən ötürüləcəyi barədə məlumatlar ya kütlükdür,
ya da təxribat. Ilham Əliyev 2000-ci ildə Moskovskiy
komsomolets qəzetinə verdiyi müsahibədə belə
deyirdi.
Amma cəmi 3 il sonra Ilham Əliyev həmin kütlüyü
və təxribatı məmnuniyyətlə icra etdi.
Nədən? Çünki Azərbaycanda hakimiyyətdə olmağın
pul və yenə də pul olduğunu artıq dərk etmişdi.
Siyasi natamamlıq kompleksi
Bütün analitiklər təsdiq edirlər ki, Ilham Əliyevin
kütlük və təxribat adlandırdığı
həmin hakimiyyət dəyişikliyindən sonra
ələ keçirdiyi səlahiyyətlər onu yalnız bir
səbəbə görə dünya diktatorları arasında özünəməxsus
yerə çıxarıb: o, az qala hər gün hakimiyyət başçısı
olduğuna inanmır və bu qədər yüksək
səlahiyyətlərlə nə etmək lazım olduğunu
dərk etmir. O, sadəcə olaraq, bu
səlahiyyətlərdən məmnundur.
Ilham Əliyevin jurnalistlərə və mətbuata qarşı
açdığı müharibənin də bircə
səbəbi var: mətbuat onun birinci şəxs
səlahiyyətlərindən və
səviyyəsindən ağılla istifadə edə
bilmədiyini hər an xatırladır. Yəni, azad
mətbuat Ilham Əliyevə hər gün həmin
kompleksləri xatırladır. Bu kompleksdən azad ola
bilməmək, özünü həqiqətən də siyasi mübarizə,
ciddi fəaliyyət nəticəsində əldə edilmiş
hakimiyyətin rəhbəri kimi təsəvvür edə
bilməmək Ilham Əliyevi çıldırır. O, bu
hakimiyyəti miras olaraq ələ keçirib, vəssəlam.
Qərb dəyərləri, Avropadakı siyasətçilərin
hakimiyyətə gəlmə, hakimiyyəti idarə
etmə, müxalifətdə olma mədəniyyətini heç
zaman yaşamayan Ilham Əliyev üçün bütün mədəni dünya
iyrəncdir və bıqdırıcıdır.
O, Azərbaycan rejiminin istər- istəməz prioritet kimi
qəbul etməli olduğu, imtina edə bilmədiyi
Qərb dünyası ilə, həmin dünyanın bütün
siyasətçiləri və dövlət rəhbərləri
ilə bütün müqayisələrdə özünün qüsurlarını
görür və bundan psixoloji sarsıntı yaşayır.
Azərbaycan mətbuatı Ilham Əliyevin bu qüsurlarını
görür, cəmiyyət də görür. Cəmiyyət bu qüsurları
bilir, amma mətbuat onları təkcə bilməklə
kifayətlənmir, həm də həmin
cəmiyyətə təqdim edir. Ilham Əliyev bu
mənzərədən bir daha sarsılır.
Hakimiyyətin gücündən və imkanlarından ciddi, mütərəqqi,
yararlı məqsədlər naminə yararlana
bilməyən, sadəcə olaraq traybalizmin
pəncələrində məmnun bir girov kimi saxlanılan
Ilham Əliyev öz zəifliyinin və bacarıqsızlığının
heyfini azad mətbuatdan çıxır.
Haram sərvətin qorunmasına həsr edilən ömür
O, Azərbaycanın Qərb dünyasına inteqrasiya olunmaının
tərəfdarı kimi çıxış edir. Amma bunu
bacarmır. Çünki Ilham Əliyev atasından qalmış
təkcə hakimiyyətin deyil, həm də on milyardlarla
dolların sahibidir. Siyasi işin, dövlət başçısı
kimi bir ölkənin taleyi üçün siyasi məsuliyyətin
nə demək olduğunu bilməyən Ilham Əliyev ömrünü
həmin milyardların artırılması üçün sərf
etməlidir, vəssalam.
Hələ 2003-cü ildə dünya mətbuatı yazırdı
ki, Əliyevlərin sərvəti 24 milyard dollardan artıqdır.
Indi həmin kapitalın həcminin bir neçə dəfə
artıq olduğun ehtimal edirlər. Bütün bu var-dövlət
qanunsuz yollarla- korrupsiya, rüşvətxorluq, xəzinə oğurluğu,
proteksiya yolu ilə əldə edilib. Bu, haram
sərvətdir. Ilham Əliyev də öz həyatını
həmin bu haram sərvətin qorunmasına həsr
etməlidir, vəssəlam.
Ölkə mətbuatı Azərbaycandakı korrupsiyadan, dövlət
səviyyəsindəki oğurluqlardan durmadan yazır. Bu
mətbuat əməlli- başlı təhlükədir,
nonkomformizm mənbəyidir, psixoloji təzyiqdir. Buna görə
də Ilham Əliyev azad mətbuatı sevmir və ona qarşı
müharibə aparır. Ilham Əliyev azad mətbuatla, söz
azadlığı ilə bağlı olan, həmahəng
səslənən heç bir dəyəri sevmir. Çünki bütün
bunlar ona nəsib olmayan siyasi mədəniyyət
fenomenləridir.
2005-ci ildə, Elmar Hüseynovun qətlinə verilmiş
fərmanla bu müharibə elan edilib və hələ
uzun müddət davam edəcək.
Bu müharibəni durdurmağın bir yolu var: o, müharibə
apardığı, yox etmək istədiyi həmin
dəyərlərin daha güclü olduğunu duymalı, hiss
etməlidir...
|