İranda
Azərbaycanlı Məhbuslara İşgəncə Əleyhinə
Mübarizə Komitəsi yarandı
27 avqust, 2007
Iranda Azərbaycanlıların milli və mədəni
haqları uğrunda mübarizə aparan fəallara qarşı
təzyiqlər hər gün artmaqdadır. 2006-cı ilin may qiyamından
sonra həbs olunan fəallar hələ də İran
məhbəslərində ikən, İran hökuməti dinc
və mədəni mübarizə aparan Azəbaycanlılara qarşı
yeni həbs dalğasına başlayıb.
Beynəlxalq Əfv (Amnesty International) təşkilatı
və başqa insan haqlarını müdafiə
mərkəzlərinin vicdan məhbusu elan etdiyi onlarla fəal
İran zindanlarında ruhi və fiziki işgəncələrə
məruz qalır, onların vəkillə təmin olunma və
digər məhbus hüquqları pozulur, ailələri
təhdidlərlə üzləşir.
İranda Azərbaycanlı məhbusların haqlarının
müdafiəsi ilə məşğul olan qruplar, jurnalistlər
və ziyalılar İran zindanlarında Azərbaycanlı
fəallara verilən işgəncələrə qarşı
beynəlxalq ictimaiyyətin etirazını səfərbər
etmək üçün fövqəladə komitə - İranda
Azərbaycanlı Məhbuslara İşgəncə Əleyhinə
Mübarizə Komitəsi - yaratmaq barədə qərar qəbul
ediblər.
Komitə üzvləri hal-hazırda Tehranın Evin zindanında
saxlanılan Səid Mətinpur, Cəlil Qənilu, Saleh Kamrani,
Abdulla Abbasi Cavan, üç aydan artıqdır ki, həbs olunduqdan
sonra harada saxlandığı bəlli olmayan Behruz
Səfəri, son günlərdə Zəncan şəhərində
həbs olunan Əlirza Mətinpur və Leyla Heydəri (Behruz
Səfərinin həyat yoldaşı), Urmiyə zindanında
saxlanılan Elyaz Yekənli və Hadi Həmidi Şəfiq,
Təbriz zindanında saxlanılan Əmir Abbas Bənayi Kazımi,
Ərdəbildə məhbus olan Abbas Lisani, həbs olunduqdan
sonra harada saxlandığı bəlli olmayan Şahnaz Qulami,
eləcə də İranın digər həbsxanalarında
saxlanan onlarla məhbusun ağır işgəncə altında
olmasından ciddi narahatlığını bildirir, media, insan
haqlarını müdafiə təşkilatları və işgəncə
əleyhinə mərkəzləri qanunsuz həbslər və
təzyiqlərə qarşı etiraz səsini ucaltmağa çağırır.
Komitə İran hökumətini adı çəkilən
məhbusların İran qanunvericiliyinə uyğun olaraq ittiham
irəli sürülmədən qanunsuz həbsinə son qoymağa çağırır.
İranda Azərbaycanlı Məhbuslara İşgəncə
Əleyhinə Mübarizə Komitəsi son Azərbaycanlı
fəal İran zindanlarından azad edilməyənə kimi işini
davam etdirəcək.
Komitənin yaranması üzrə Təşəbbüs
Qrupu İranda Azərbaycanlı məhbusların işgəncəyə
məruz qalması əleyhinə etirazını bildirən
istənilən qrup və şəxslərin komitəyə
dəstəyini alqışlayır.
Komitənin fəaliyyəti, İranda Azərbaycanlı
siyasi məhbusların durumu barədə məlumat almaq və
dəstəyinizi bildirmək üçün Komitənin sözçülərinə
müraciət edə bilərsiniz:
Faxtə Zamani
Əlirza Cavanbəxt
Komitənin mail adresi: