Kəsin dilimizi, qoymayın danışaq !!!

ABBAS Atilay

Təbiət bu xalqın “ziyalıları”na üç hədiyyə bəxş etmişdi: söz azadlığı, fikir azadlığı və bunlardan istifadə etməmək üçün “müdriklik”. Onlar hər üç işığı eyni vaxtda yanan svetofor kimiydilər.

Nərmin Kamal     "Gündəlik Azərbaycan"

 

 

Yadımdan çıxmayan bir xatirə danışım, yerinə düşər: Bir gün səhər yuxudan ayılan kimi özümü saldım mətbəxə anamın yanına. "Gecə əntiqə bir yuxu görmüşəm. Gördüm ki, mən prezidentin göstərişiylə Baş Nazir olmuşam". Anam ciddiyə almadı, sadə şərqli qadın üçün nə əhəmiyyəti vardı oğlunun irreal həyatda dövlətin 2-ci şəxsi olmasının. Hər ikimiz susduq, sonra onun dediyi "özünü yaxşi aparsan bu gecə də prezident olacaqsan" sözünə görə mən bu günkü cızma qaramı Elmar Hüseynovun və azad söz uğrunda dünyasını dəyişmiş bütün jurnalistlərin ruhuna hədiyyə edirəm.

Cəmiyyətimizi uçuruma götürən "yaxşı" sözü həyatımızın hər sahəsində, hər yaş dövründə qarşımıza çıxdı, məhv etdi bizi. İstədik ailədə özümüzü subyekt kimi tanıdaq yaxşı uşaq olmağı məsləhət verib qarşımıza sədd çəkdilər. Ailədə varikən yox olduq. Bilmədik biz bu evdə insanıq ya divan-kreslo. Adi nəqliyyat maşınlarışda belə anamız qucağında oturtdu bizi, düşünmədilər ki, boş bir oturacaq da oturdub uşağın da gediş haqqını ödəməklə onun özünü fərd kimi hiss etməsinə şərait yarada bilərlər. Tam əksini etdilər, bizi özlərinin bir parçasına çevirərək fərdi mövcudluğumuzu dağıtdılar. Geyinəcəyi paltar seçimində belə hüquqsuz olan bu "yaxşı övlad" məktəbdə müəllim qarşısında cılız-cındır, titrək səsli "yaxşı şagird", cəmiyyətdə isə kölə, müti, canlı ölü "yaxşı vətəndaş" olacaqdı. Necə ki bax, biz olduq.

Leksikonumuzdakı "yaxşı" sözü real həyatımızda susmaq, hər şeylə razılaşmaq, barışmaq, mütilik, köləlik, sabitlik anlamına gəlir, yaxşı perspektivi var. Səndən əvvəl gedənin ləpirlərini izləsən, sussan, etiraz deyil köləliyi, qiyam deyil sabitliyi, YOX-u deyil BƏLİ-ni seçsən kim diyə bilər ki, masanın başında oturmayacaqsan. Uzaq görən anam təsadüfi deməmişdi ki, "yaxşı" olsan Prezident də olarsan.

Amma "Yaxşılığ"-a qan püsgürən "Kişilik" də var, unutmayaq. Susmamaq, bağırmaq, etiraz, razılaşmamaq, kifayətlənməmək, "acgöz" olmaq, protest, İNKAR, YOX anlamı daşıyan "Kişilik". O ideal ki, sonunda İLAHİ EŞQ var: ÖLÜM.  "Yaxşılar" ölümdən qaçır, "Kişilər" isə ölümə qaçır. Ölüm birinci üçün SON, ikinci üçün ƏVVƏL-dir."Yaxşıların" ölümü maraqsızdır, rəngsizdir, eyndir, bir-birinə bənzəyir, unudulur, yadda qalmır. "Kişilərin" ölümü rənglidir, dramatikdir, heç vaxt yaddan çıxmır: dərisi soyulma; başı kəsilmə; dar ağacından asılma; qapısının önündə ağzandan güllələnmə. "Yaxşıların" fəaliyyət troyektoriyası cılızdı, "Kişilərin" mübarizəsi çoxşaxəli. "Yaxşılar" yaşayaraq uduzur, məhv olur,ölür, "Kişilər" ölərək doğulur, qazanır, yaşayır...

Martın 2 Elmar Hüseynovun ikinci doğum günüdür. O, Ölüm günü ölmədi, doğuldu. Bizi aşmışdı, görünmürdü gözümüzə, tanıtmırdı özünü. Seçdiyi "Kişilik" metodlarıyla hakimiyyətə, cəmiyyətə qan püsgürürdü. Optimist olanların qənimiydi O... Yazıları "Tunelin sonunda işıq görsənmir" deyirdi, amma biz inanmırdıq, anlamırdıq.

O, tələbə aşiqi idi, amma deyə bilmirdi biz tələbələrə etdiyi nifrətin boyunu. Bizi müəllimciklərə qarşı qiyama qaldırmağa da vaxtı çatmadı. Özümüz özümüz haqqında düşünək deyə bəlkə də bilərəkdən belə etdi. İstədi vasitəsiz anlayaq tələbəçiliyin nə qədər müqəddəsliyini. Yazmadı tələbçilikdən ki, özümüz köçürək rəzil tələbə həyatımızı qəzet səhifələrinə.

O öldürüldü ki, Azərbaycan qəzetçiliyində "Kişiliyə" son qoyulsun, müstəqil jurnalistika "yaxşı oğlan"a çevrilsin. Amma əksi oldu, düşünməmişdi bunu sifarişi verənlər. Onun ağzına vurulan güllə "Kişilik qəzetçiliyinin" BİG BANG-i oldu. Onun ölümü qəzetçiliyə dəyər gətirdi. İndi "Kişilik qəzetçiliyinə" böyük axın var.

O, ölərkən doğuldu və doğdu və bir nəslin bünövrəsini axıtdığı QAN-la qoydu...

 

SS(Son Söz): Ailədə "Kişiliyimizi" "Yaxşı övlad" olmağa qurban verdik. Heç olmasa təhsil ocaqlarında "Yaxşı tələbə"yə qurban verməyək. Əgər burda da vaxt itirsək yeni mərhələdə adımız belə olacaq: (düüüüüüüüüd)

 

ABBAS Atilay OSLO

abbasatilay@yahoo.com