AZƏRBAYCAN
HAKİMİYƏTİNİN GÜRCÜSTANDA AZƏRBAYCAN MƏKTƏBLƏRİNİN
BAĞLANMASI ÇAĞIRIŞI İLƏ BAĞLI
DEMOKRATİK
DÜNYA AZƏRBAYCANLILARI KONQRESİNİN
MÜRACİƏTİ
Hörmətli
iqtidar mənsubları!
Belə bir məşhur ifadə var
"bir milləti məhv etmək ücün öncə onun dilini əlindən
almaq lazımdır". Elə buna görə də təşkilatımız
Azərbaycan respublikasından kənarda yaşayan azərbaycanlıların
öz ana dillərində təhsil
almaları və bu səbəbdən də assimilyasiyaya uğramalarının
qarşısını almaq üçün bu istıqamətdə
fəaliyyət göstərir.
Bu bir faktdır ki, assimilyasiya
siyasəti nəticəsində ana dili
məktəblərindən məhrum edilmiş Dərbənddə
yaşayan soydaşlarımız yadlaşıb, İran adlanan
yerdə yaşayan 35 milyonluq bir toplum isə farslaşmaq
təhlükəsi qarşısındadır. Borcalıda yaşayan
və ana dilində təhsil almağın mahiyyətini
dərk edən soydaşlarımızın narahatcılığı
da məhz bu üzdəndir. Son
illər Gürcüstanda yaşayan soydaşlarımız övladlarının
ana dilində təhsil almaları ücün nə Gürcüstan, nə
də Azərbaycan hakimiyyətindən lazımi dəstəyi
ala biliblər.
Lakin bu azmış kimi çox
təəssüflə, bu günlərdə Xaricdə Yaşayan
Azərbaycanlılarla İş Üzrə Dövlət Komissiyasının
sədri Nazim İbrahimovun "Gürcüstandaki Azərbaycan
məktəblərinin bağlanmasını biz istəmişik
və bunu Gürcüstan rəhbərliyindən təkidlə
tələb etmişik" kimi məsuliyyətsiz
açıqlamsı soydaşlarımızın bu yöndə bütün
ümidlərini puç etməkdədir. Komitə sədri açıqlamasını
əsaslandıraraq deyir ki, guya Azərbaycanlıların kompakt
yaşadığı bölgə olan Borcalıda Azərbaycan
məktəbləri bağlanarsa və azərbaycanlılar gürcü
dilində təhsil alarlarsa onlar Gürcüstanın ali orqanlarında
çalışa bilərlər. Halbuki, Gürcüstanda elə
qəsəbə və kəndlər var ki, orda yaşayan soydaşlarımızın
hamısı gürcü dilində təhsil alıb. Lakin buna
baxmayaraq onlar da Gürcüstanın ali orqanlarında çalışmaq
imkanından məhrumdular. Bu onu göstərir ki, Gürçüstanda yaşayan
soydaşlarımızın işlə təmin olunma
problemləri təhsillə bağlı deyil, sırf milli
amillərə söykənən bir problemdir.
Heç bir sorğu, araşdırma və yaxud monitorinq
aparmadan məktəblərin bağlanması tələbi
cahillikdən başqa bir şey deyildir. Əslində bu cür acıqlama
Nazim İbrahimovun diaspora səhəsində apardığı
fəaliyyətin fəsadlarından biridir ki, özü də
bilmədən tam çılpaqlığı ilə ortaya qoymuşdur.
Təmsil
etdiyi vəzifəyə təyin olunandan bəri daim
Azərbaycan hüdudlarından kənarda yaşayan soydaşlarımız
arasına münaqişə salan, ayrımçılıq toxumu
səpən Nazim İbrahimovun bu açıqlaması bir daha sübut
edir ki, onun kompakt yaşayan soydaşlarımız və diaspora
ilə heç bir müsbət fəaliyyəti yoxdur və onun bu
sahədə fəaliyyəti sirf antimilli xarakter daşıyır.
Onun bu açıqlaması haqlı olaraq bir çox ziyalılar, o cümlədən,
Borçalı əhalisi tərəfindən kəskin etirazla qarşılanmışdır.
Biz,
Demokratik Dünya Azərbaycanlıları Konqresinin üzvləri
hesab edirik ki, hakimiyyət bu cür fəaliyyətə son qoymalı,
Gürcüstanda məktəblərin bağlanması ilə bağlı
fəaliyət dayandırılmalı və əksinə bugünkü
Gürcüstanın demokratik hakimiyyətindən
məktəblərin təchizatı və təminatı
tələb edilməli, burada yaşayan soydaşlarımız
taleyin ümidinə buraxılmamalıdırlar.
Bundan
əlavə, Gürcüstanda yaşayan soydaşlarımızın
gürcülərdən sonra ikinci böyük toplum olduqlarını
nəzərə alaraq, azərbaycan dilinin ikinci dövlət dili
kimi qəbul edilməsini bu hakimiyyətin qarşısında
qaldırmaq üçün səylər göstərilməlidir.
Beləliklə, Azəbaycan hakimiyyətinin fəaliyyəti Gürcüstanın
yerli sakinləri olan və burada yaşayan soydaşlarımızın
itirilməsinə deyil, bölgədə güclü bir topluma
cevirilməsinə yönəlməlidir.
Demokratik
Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyəti
18
iyul 2007