Dünən hakimiyyətə yaxın dairələrdən maraqlı
xəbər aldıq. Məlumatda bildirilir ki, yaxın vaxtlarda
Xaricdə Yaşayan Azərbaycanlılarla Iş üzrə Dövlət
Komitəsinin sədri Nazim Ibrahimov tutduğu postdan kənarlaşdırıla
bilər.
Adının çəkilməsini istəməyən şəxs
“Bununla bağlı xüsusi hazırlıq aparılır.
Ibrahimovun bütün hərəkətləri
nəzarətdədir və o, lazım olan anda həbsə atılacaq”
söyləyərək bildirdi ki, komitə sədrinə yaxın
bəzi şəxslər müxtəlif bəhanələrlə
hüquq-mühafizə orqanlarına çağrılırlar.
Bu çağırışlar zamanı Ibrahimovun özəl biznesi,
xüsusilə xarici ölkələrdəki obyektlərilə
maraqlanırlar. Yəni, onun obyektlərinin siyahısını
dəqiqləşdirməyə çalışırlar.
Hətta Ibrahimovun həbsinə zəmin yaratmaq üçün bəzi
şəxslərin düşdükləri vəziyyətdən
yararlanıldığı da istisna olunmur. Bu məlumatı
verən şəxsin sözlərinə görə, ötən
həftənin beşinci günü həbs olunmuş Rövşən
Novruzoğludan da müəyyən məlumatlar alına bilər.
Həmin şəxs hətta Novruzoğlunun həbsinin dolayısı
ilə Ibrahimova aid olduğunu vurğuladı. Qeyd etdi ki, Rövşən
Novruzoğlu komitə sədrilə çox yaxın olub.
Dəfələrlə XYAIDK-nin xəttilə xarici
səfərlərdə olan Novruzoğlunun Ibrahimovla yaxın
olduğunu bildirilir. Məhz buna görə də ondan komitə
sədri barədə məlumatlar alınacağı istisna
edilmir. Elə bu günlərdə Bakı ətrafında Nazim
Ibrahimovun və onun qardaşı Hacı Ibrahimin villalarının
nümayişkarənə şəkildə parladılması da
bununla bağlıdır. Bütün bunlar Ibrahimovu və onun ətrafını
zərərsizləşdirmək istəyilə əlaqəlidir.
O da vurğulanır ki, yaxın vaxtlarda komitə sədrinin
qardaşı Tağı Ibrahimovun rəhbərlik etdiyi ATV
telekanalının fəaliyyəti araşdırılacaq.
Olsun ki, bu kampaniya da qardaşların əlindən alınsın.
Lakin hökumətə yaxın dairələrdən Nazim
Ibrahimovun konkret olaraq hansı səbəbdən vurulması
barədə heç bir məlumat ala bilmədik. Məlumatlar da o
da vurğulanır ki, Borçalıda Azərbaycan
məktəblərinin bağlanmasının vacibliyi barədə
fikirlərin də komitə sədrinin dililə
səsləndirilməsi buna xidmət edir. Yəni, bu addımla
onu ictimaiyyət arasında nüfuzdan salırlar. Bu addımı
ona görə atırlar ki, sabah Ibrahimov həbs olunsa, onu
ictimaiyyət “qurban” sayıb müdafiə etməsin.
Qeyd edək ki, məlumat redaksiyamıza gec daxil olduğundan
adıçəkilən şəxslərdən mövqe öyrənə
bilmədik.
AZAD, «Azadlıq» qəzeti
