Arif  Rəhimoğlu

 

ElçibƏyçi  düşüncƏ  sistemi    onun

«BütövlƏşmƏ, MillƏtlƏşmƏ, DövlƏtlƏşmƏ!»

devizi

(Yenidən işlənmiş və genişləndirilmiş variant)

 

Ön söz yerinə

 

          Bu yazının ilk qısa variantı 2001-ci ilin avqustunda hazırlanmış və «Yeni Müsavat» qəzetində çap edilmişdir. O çağdan indiyədək keçən sürə boyunca Elçibəyçi düşüncə sisteminə və onun “Bütövləşmə, Millətləşmə, Dövlətləşmə!” devizinə yönəlik doğru yanaşımlar da oldu, yanlış yanaşımlar da özünü göstərdi. Ancaq Elçibəyçi düşüncə sisteminə bağlılıqdan daha çox Elçibəyin şəxsinə formal bağlılığı sərgiləyən bu yanlış yanaşımlar ilk öncə çox da köklü xarakter daşımadığına və Elçibəyçi düşüncə sisteminin mahiyyətinə kökündən tərs düşmədiyinə görə biz susduq, münasibət bildirmək və məsələyə yönəlik araşdırmalarımızı ortaya qoymaq istəmədik (bu susqunluqda Azərbaycan siyasi həyatından uzaq düşməmiz də az rol oynamadı). İndi isə görürük ki, artıq  “Bütövləşmə, Millətləşmə, Dövlətləşmə!” devizinə yönəlik yanlış yanaşımlar dərinləşərək bütövlükdə Elçibəyçi düşüncə sisteminə qarşı çevrilməkdə və onun mahiyyətini sarsıtmağa üz tutmaqdadır. Bəzilərinin bilərək, bəzilərinin isə bilməyərək yol verdiyi bu yanlışlıqları göstərmək və doğrunu bir daha ortaya qoymaq üçün yenidən bu mövzu üzərinə qayıtmalı olduq.   

 

Klassik Turançılıq

 

          «Türklük, çağdaşlıq, islam» fikir cərəyanları üzərində qurulmuş milli məfkurəmizin inkişaf tarixində Klassik Turançılıq və Yeni Turançılıq dönəmləri bir-birindən fərqlənir. 1890 – 1910-ci illər arasında nisbətən aparıcı mövqe tutan Klassik Turançılıq dünyanın bütün türklərini bölünməz vahid bir millət sayır və bu vahid millətin təkcə bir unitar dövlət – Turan imperiyası qurmasını arzulayırdı. Qaynaqlarda pantürkizm, panturanizm də adlandırılan Klassik Turançılığa görə, Osmanlı Dövləti fəth yolu ilə dünyadakı bütün türkləri özünə birləşdirməli və böyüyüb Turan Dövlətinə çevrilməlidir.

          Ancaq Birinci Dünya savaşı zamanı Klassik Turançılığın gerçəkləşmə imkanının olmaması tam aydınlaşdığı üçün türk dünyasında mahiyyətcə Klassik Turançılıqdan imtina edildi həyatın reallıqlarına uyğun olaraq türk milli məfkurəsində Yeni Turançılıq dönəmi başladıldı.

 

Yeni Turançılıq

         

          Böyük yolbay (rəhbər) M.Ə.Rəsulzadənin öndərliyi ilə ortaya çıxan  Yeni Turançılıq dönəmini Azərbaycan üçün iki mühüm aşamaya (mərhələyə) ayıra bilərik:

          1. M. Ə. Rəsulzadə aşaması;                                                                                                                            

          2. Elçibəy aşaması.                                                                                                                                            

          Yeni Turançılığın M. Ə. Rəsulzadə aşamasında bir sıra yeniliklər özünü göstərdi, özəlliklə romantik unitar Turan Dövləti yerinə gerçəkçi federalist Turan Dövləti hədəfi irəli sürüldü, millətmilliyyət anlayışları bir-birindən fərqləndirildi. M. Ə. Rəsulzadəyə görə, dili, dini, irqi, mənşəyi, tarixi, vətəni, adət-ənənəsi və s. eyni olan bir toplum milliyyət; ümumi şüur və kollektiv iradəyə malik olub dövlət quran, yaxud dövlət qurmaq əzmində israr edən bir milliyyət isə millət adlanır. Böyük yolbayın fikrincə, «Milliyyət müəyyən şərtlər və hadisələr nəticəsində vücuda gəlmiş statik (müstəqər) bir varlıqdır; millət isə bu statik  varlığın şüurlaşan dinamik (fəal) bir şəklidir».

          Buradan belə bir nəticə çıxırdı ki, dünyanın bütün türkləri şüurlaşmış dinamik bir varlıq yox, hələlik şüurlaşmamış durğun (statik) bir varlıqdır – vahid milliyyətdir.  Ona görə də, bu şüurlaşmamış durğun milliyyətin unitar dövlət qurması mövcud  dünya şərtləri daxilində mümkün deyil. Əksinə,  bu vahid türk milliyyətinə aid ayri-ayri türk toplumları ümumi şüur və kollektiv iradəyə yiyələnməklə fəallaşıb dinamikləşərək millət olmalı, özlərinin ayrıca, müstəqil  dövlətlərini qurmalı, sonra isə böyük türk mədəniyyətinə bağlı həmin müstəqil türk dövlətləri birləşərək Turan Federasiyası yaratmalıdır (ümumi mövzumuzdan uzaqlaşmamaq üçün bu yazıda milliyyət və millət anlayışları üzərində geniş dayanmırıq).

 

Müsavatçılıq

 

          Klassik Turançılığı Yeni Turançılığa çevirərək Azərbaycana istiqlal qazandıran və Azərbaycanı Doğunun ilk cümhuriyyəti məqamına yüksəldən  M. Ə. Rəsulzadə aşaması elmdə müsavatçılıq da adlanır və qaynaqlara görə: «Müsavatçılıq – böyük türk mədəniyyətinə bağlı, milli, mədəni və insani dəyərləri mənimsəyən, hürriyyət, cümhuriyyət və istiqlal idealına sadiq Azərbaycan vətənsevərliyidir».          

          Göründüyü kimi, müsavatçılıq düşüncə sistemi 1. böyük türk mədəniyyətinə bağlılıq; 2. demokratiya; 3. istiqlal hədəfləri 4. Azərbaycançılıq ilkəsi (prinsipi) üzərində qurulmuşdur. Lakin dövrün şərtlərindən irəli gələrək, M.Ə.Rəsulzadə Azərbaycançılıq ilkəsini (prinsipini) əsasən Azərbaycanın quzeyinə şamil edir və çox ciddi önəm verdiyi istiqlal, demokratiya hədəflərini məhz burada gerçəkləşdirməyə çalışır, həmçinin böyük türk mədəniyyətinə bağlılığı siyasi, iqtisadi, hərbi... bağlılıqdan daha çox mədəni bağlılıq kimi götürürdü. Buna görə də, M. Ə. Rəsulzadəni türk birliyini parçalamaqda təqsirləndirənlər az olmadı. Ancaq «Hər şeyin zamana ehtiyacı var» (Elçibəy) və məsələnin təməl qoyuluşunda böyük yolbayın doğruluğunu az sonra tarix tamamilə sübut etdi: siyasi tarix səhnəsinə məhz ayrı-ayrı türk dövlətləri çıxdı!   

 

Çağdaş  müsavatçılıq

 

          Yeni Turançılığın Elçibəy aşaması özündən əvvəlki M. Ə. Rəsulzadə aşamasını davam etdirdiyinə və onu dolğunlaşdırıb tamamladığına görə çağdaş  müsavatçılıq da adlana bilər. Bu aşamada böyük yolbay Əbülfəz Elçibəy  milli məfkurəmizə bütövlük hədəfi gətirmiş və Müstəqil, Bütöv, Demokratik Azərbaycan uğrunda milli mübarizəmizi həm elmi-nəzəri, həm də praktik-təcrübi baxımlardan daha da zənginləşdirərək çağdaş müsavatçılığı bir sistem kimi ortaya qoymuşdur.

          Xarakterik özəlliklərindən çıxış edərək çağdaş müsavatçılığı belə tanımlaya (tərif  edə) bilərik: «Çağdaş müsavatçılıq – böyük türk mədəniyyətinə bağlı, milli, mədəni və insani dəyərləri mənimsəyən, demokratiya, istiqlal və bütövlük ideallarına sadiq Azərbaycan vətənsevərliyidir».

          Göründüyü kimi, çağdaş müsavatçılıq daha çox 1. böyük türk mədəniyyətinə bağlılıq; 2. demokratiya; 3. istiqlal; 4. bütövlük hədəfləri 5. Azərbaycançılıq ilkəsi üzərində qurulmuşdur. Burada başlıca yenilik bütövlük hədəfidir və Elçibəyçi düşüncə sistemi deyiləndə də daha çox məhz bu bütövlük anlayışı nəzərdə tutulur.  Bütövlük özülü üzərində yüksəldiyi üçün Elçibəyçi düşüncə sistemi Azərbaycançılıq ilkəsini quzeyli-güneyli Bütov Azərbaycana şamil edir, M. Ə. Rəsulzadə aşamasının demokratiya və istiqlal hədəflərini təkcə Azərbaycanın quzeyi üçün yox, həm də Azərbaycanın güneyi üçün irəli sürür, həmçinin böyük türk mədəniyyətinə bağlılığı yalnız mədəni bağlılıq kimi deyil, həm də siyasi, iqtisadi, hərbi... bağlılıq kimi qəbul edir və dövrümüzün qloballaşma sürəcinə uyğun olaraq, «Avropa Evi» tipli federativ, yaxud konfederativ türk birliyi (Turan Evi) anlayışını əsas götürür.

          Elçibəyçi düşüncə sisteminin bu mühüm yenilikləri bəzilərinin iddia etdiyi kimi, xəyala, xəyalpərəstliyə yox, əksinə, ölçülüb-biçilmiş, strategiyanın zaman, məkan, güc amilləri üzrə hesablanıb mərhələlərə ayrılmış strateji planlaşdırmaya və geosiyasi maraqlara əsaslanır.

 

Elçibəyçi düşüncə sisteminin strateji planlaşdırması

 

          Elçibəyçi düşüncə sisteminin strateji planlaşdırmasında öncəlik sıralanmasına malik milli-siyasi hədəflər 1. Azərbaycanın güneyinin istiqlalı; 2. Bütöv Azərbaycan  3. Turan Evi ardıcıllığı ilə düzülür (təbii ki, işğal olunmuş torpaqların qurtarılması, ərazi bütövlüyü, insan haqları, demokratiya... kimi hədəflər sıralana bilməz və onlar uğrunda mübarizə hər an üçün aktual sayılır).

          Bu hədəflərdən Turan Evi indinin yox, gələcəyin məsələsi kimi götürülür və göstərilir ki, Azərbaycan bütövləşməsə, Turan Evi baş tutası bir iş deyil. Çünki Elçibəyə görə, Turanın yolu Bütöv Azərbaycandan keçir. Əgər Bütöv Azərbaycan yoxsa, Turan da olmayacaq! Ona görə də, Turanın qızıl körpüsü –  Bütöv Azərbaycan uğrunda mübarizə təkcə Azərbaycan türklərinin yox, Turan amalı daşıyan hər bir dünya türkünün milli borcu  və müqəddəs tarixi görəvidir (missiyasıdır).

          Başqa sözlə, Elçibəyə görə, Turan Evinin qurulması üçün öncə Azərbaycanın bütövlüyü gerçəkləşməli və Bütöv Azərbaycan Dövləti yaranmalıdır. Bunun üçünsə ilk olaraq Azərbaycanın quzeyi ilə yanaşı, Azərbaycanın güneyi də öz istiqlalını qazanmalı və öz müstəqil dövlətini qurmalıdır. Yalnız bundan sonra Azərbaycanın iki müstəqil dövlətinin birləşməsi və  Bütöv Azərbaycanın yaranması mümkündür.

 

Azərbaycanın güneyinin istiqlalı və “federativ İran” nağılı

 

          “İndi istiqlal uğrunda çalışsaq, qonşularla ərazi dartışmaları yaranacaq. Ona görə də, öncə “federativ İran” qurulsun və federasiya daxilində Azərbaycanın hüdudları bəlirlənsin, sonra istiqlalımızı alarıq” tipli iddialarla özlərinə haqlılıq qazandırmağa çalışan bəzi şəxs və qruplar çox  ciddi bir məntiqsizliyə yol verdiklərinin fərqində deyillər. Guya ki, “federativ İran” daxilində Azərbaycanın hüdudlarını fars şovinizmi yox, Azərbaycan türkləri bəlirləyəcəkmiş və “federativ İran” qonşularla ərazi dartışmalarına yol verməyəcəkmiş!? Təbii ki, təhlükədən gizlənmək istəyən dəvəquşunun başını quma soxması nədirsə, bu yanaşma da odur... ( Unudulmamalıdır ki, Azərbaycanın güneyində qonşularla ərazi dartışmalarını yaradan birbaşa elə fars şovinizminin özüdür və “Ayır – buyur!” siyasətində ustalaşmış fars şovinizmi öz hakimiyyətini sürdürmək üçün çeşidli xalqları toqquşdurub başlarını qatma xislətindən çox çətin əl çəkə bilər).           

          Elçibəyçi düşüncə sisteminin strateji planlaşdırmasında Azərbaycanın güneyinin istiqlalı indiki aşamanın başlıca hədəfi sayılır. Əgər Azərbaycanın güneyi öz istiqlalını qazanmasa və öz müstəqil dövlətini qurmasa, nə Azərbaycanın öz gerçək milli hüdudlarını ortaya qoyması, nə də mövcud dünya şərtləri daxilində Azərbaycanın yenidən birləşə bilməsi mümkün deyil. Ona görə də,  Elçibəy Azərbaycanın quzeyi ilə yanaşı,  Azərbaycanın güneyinin də ilk öncə öz istiqlalını qazanmasına ayrıca önəm verir, Güneydəki milli mübarizənin doğru axardan yayındırılaraq “federativ İran” hədəfinə yönəldilməsini qətiyyətlə         rədd edir və yazırdı: “İranda demokratik federasiya yaranarsa, onun ömrü uzun olmayacaq, ya tamamilə dağılacaq, ya da yenidən diktaturaya çevriləcəkdir”.

          Elçibəyçi düşüncə sisteminin bu yanaşması açıqca ortaya qoyur ki, Azərbaycanın güneyində gerçək milli qüvvələr üçün qurtuluşdan başqa ayrı bir yol yoxdur.  Özlərinin daha “gerçəkçi siyasət” (realpolitika) yürütdüyünü güman edib “federativ İran” uğrunda çalışanlar əslində ya bilərək, ya da bilməyərək barbaşa fars şovinizminə qulluq edirlər. Çünki Rza Pəhləvi rejimi ilə iş başına gələn fars şovinizmi molla rejimi səbəbinə ayaqda qaldı və indi də öz ömrünü bir daha uzada bilmək üçün “federativ İran” nağılı ilə Azərbaycan Milli Hərəkatının başına börk qoymağa çalışır. Unutmayaq ki, fars şovinizminin gerçək mahiyyətini gizlətmək üçün XX yüzildə rəsmən “İran” adlandırılmış Persiya (=Farsıstan) dövləti zor və diktatura olmadan yaşaya bilməz; axı farslar sayca Azərbaycan türklərindən azdırlar və azlığın çoxluq üzərində hakimiyyəti də yalnız zor gücünə gerçəkləşə bilər. Bu da  “federativ İran”ın (gerçəklikdə: rəngini yenidən dəyişmiş Persiya = Farsıstan dövlətinin) yalnız və yalnız diktatura yolu ilə var ola biləcəyini ortaya qoyur. Deməli, Azərbaycan Milli Hərəkatını doğru yoldan yayındırıb  “federativ İran” (əslində: Persiya = Farsıstan) hədəfinə yönəltmək Azərbaycanın güneyi üçün fars şovinizminin dəyişik rəngli yeni bir istibdadı və diktaturası ilə sonuclanacaqdır.  

          Demokratik bir ortam yaranarsa və gerçək bir federasiya qurularsa, o zaman “İran” adı ilə ört-basdır edilib gizlədilmiş Persiya (= Farsıstan) dövləti ayaqda qala bilməz, mütləq dağılar. O halda, sabah dağılacağı şübhə doğurmayan bir dövlət üçün bu gün çalışmanın bir anlamı varmı?! Təbii ki, heç bir anlamı yoxdur və ona görə də, Elçibəy yazırdı: “Yuqoslaviya kimi, SSRİ kimi, İran da dağılacaqdır...”; “...İran dağılacaqsa, bəs biz niyə bu xarabanın altında qalıb əzilməliyik?..”

          Deməli, sözdə nə deyirlər-desinlər, əməldə Azərbaycanın güneyinin istiqlalına qarşı  çıxıb “federativ İran” nağılını xalqa hədəf göstərənlər ya Azərbaycanı fars şovinizminin yeni bir diktaturası altına sürükləyir, ya da Azərbaycanın getdikcə toparlanan indiki milli enerjisini hədər bir işə yönəldib yıpradır və bu günün tarixi fürsətini  itirməyə qulluq edirlər.

 

Elçibəyçi düşüncə sistemində bütövlük anlayışı

           

          Elçibəyçi düşüncə sisteminin  bel sütunu – özülü və başlanğıc nöqtəsi bütövlük anlayışıdır. Bütöv Azərbaycan hədəfi də məhz bu bütövlük anlayışının məntiqi sonucu kimi ortaya qoyulur. Elçibəyə görə, Bütöv Azərbaycan – 45 milyonluq Azərbaycan türkünün milli birliyi, Azərbaycanın milli, yaxud tarixi  ərazilərinin bütünlüyü və bu ərazilərdə paytaxtı Təbriz olan vahid Azərbaycan Dövlətinin yaradılması deməkdir. Başqa sözlə, Elçibəy Azərbaycan müstəvisində (Turan müstəvisi ayrı bir mövzudur) millət, vətən dövlət anlayışlarını yarımçıq yox, bütöv götürür  millət  dedikdə 45 milyonluq  Azərbaycan türklüyünü, vətən  dedikdə güneyli-quzeyli (və batılı-doğulu) Bütöv Azərbaycan Vətənini, dövlət dedikdə Bütöv Azərbaycan Vətənində qurulacaq Təbriz mərkəzli vahid bir dövləti anlayırdı. Elçibəy Bütöv Azərbaycan Dövlətininin yaranmasını Azərbaycanın güneyinin qurtuluşundan sonraya yönəlik bir məsələ saysa da,  millət vətən anlayışları üzərində özəlliklə durur, Bütöv Azərbaycan Vətəni və Bütöv Azərbaycan türk milləti anlayışlarının indiki anda yarımçıq götürülməsi ilə qətiyyən barışa bilmirdi. Şəxsən tanıq (şahid) olduğumuz iki olayı söyləməkdə yarar görürük: 

          1. 1996-cı ildə Azərbaycanın həm quzeyindən, həm də güneyindən olmaqla yaxlaşıq on nəfər Kələkiyə Elçibəylə görüşə getmişdik. Görüşlərimizin birində vahid təşkilatlanma məsələsi müzakirə edildi, bizlərdən bir neçə nəfərə tapşırıldı ki, Azərbaycanın güneyində gedən milli mübarizənin dünyaya duyurulması üçün  geniş informasiya işinin təşkilinə özəl diqqət yetirək və ümumi fəaliyyətlərin əlaqələndirilməsi üçün bir sürə öncə Bakıda yaratdığımız Koordinasiya Şurasının fəaliyyətini gücləndirək. Həmin görüşdə Azərbaycanın güneyindəki son gəlişmələrlə bağlı Elçibəyin bəyanatı da hazırlandı və bu sətirlərin müəllifi bəyanat mətnini yazmağa “Güney Azərbaycan...” ifadəsi ilə başlamaq istərkən, Əbülfəz bəy bizi dayandırdı və dedi: “Güney Azərbaycan yox, Azərbaycanın güneyi yaz”.

          Aramızda uzun bir dialoq başladı. Bu dialoqa ondan çox adam tanıqdı (şahiddi) və bütün söhbəti olmasa da, yadımızda özəlliklə qalmış bəzi məqamları xatırlatmağımız yerinə düşər. Biz  “Azərbaycanın güneyi...” yazarıqsa cümlənin ağırlaşacağını bildirdikdə Əbülfəz bəy çox qətiyyətlə cavab verdi: “İndi məni cümlədən çox anlayış maraqlandırır. Düşünürəm ki, Quzey Azərbaycan, Güney Azərbaycan anlayışları doğru deyil. Biz gərək Azərbaycanın quzeyi, Azərbaycanın güneyi deyək”.  

          Bu fikrə etirazla  “Sabah Güneydə müstəqil bir dövlət qurulanda ona Azərbaycanın güneyinin dövləti deyə bilməyəcəyik axı... ” – deyib sözümüzü davam etdirmək istədikdə, Əbülfəz bəy bizi dayandırdı və bir az da acıqla “Nə dəxli var! Bura Azərbaycan Respublikasıdır, ora da olar Azərbaycan Xalq Respublikası, yaxud buna uyğun başqa bir ad qoyular... Ancaq indi bu fikri kim desə də, sən deməməlisən axı!? Neçə illərdi bu işin içindəsən. Belə çıxır ki, hələ sənin təfəkküründə ayrıca bir Quzey Azərbaycan, ayrıca bir Güney Azərbaycan anlayışları var. Halbuki bizim düşüncəmizdə yalnız vahid bir Bütöv Azərbaycan olmalı və biz bu vahid Azərbaycanın quzeyindən, güneyindən, nə bilim, batısından, doğusundan danışmalıyıq. Unutma ki, Azərbaycanın birliyi öncə təfəkkürdəki bütövləşmədən başlayır!”.  

          Əbülfəz bəy son cümləni özəl bir vurğu ilə çox açıq-aydın, az qala hər sözü ucadan, bir az da uzatmaqla söylədi və artırdı: “İndi sən Azərbaycanın güneyi yaz, sonra dərindən fikirləşərsən, onda görərsən ki, Əbülfəz düz deyir. Düşmənlər bölüb, biz niyə indi o düşmənlərə uyub Azərbaycanı bölürük?!”

          Hələ tam qəbul edə bilməsək də, Əbülfəz bəyin dediyi kimi yazdıq, ancaq “Azərbaycanın birliyi öncə təfəkkürdəki bütövləşmədən başlayır!” cümləsi daim bizi düşündürdü. O söhbətdən bir sürə sonra minillərin sınağından çıxmış “Niyyətin hara – mənzilin ora!” atalar sözünə, dillə təfəkkür arasındakı sıx bağlılığa, güneyli-quzeyli bir sıra yaxın dostlarımız içərisində fikir birliyi olmadığı üçün iş birliyinin də yarana bilməməsinə vb. bu kimi faktlara dəfələrlə özəl diqqət yetirib sonda öz-özümüzə etiraf etdik ki, Bəy düz deyirmiş. Azərbaycanın birliyini istəyiriksə, öncə təfəkkürümüzdə bütövləşməli, bu bütövləşməni dil faktları ilə (örnəyin, Güney – Quzey Azərbaycan yox, Azərbaycanın güneyi – quzeyi deməklə) ortaya qoymalı, bütün məsələlərə yönəlik baxışlarımızda və bu baxışlara uyğun fəaliyyətlərimizdə  daim bütövlük özülündən çıxış etməliyik. Bu zaman yadımıza İ.Qaspıralının “Dildə, fikirdə, işdə birlik!” devizini Bəyin tez-tez təkrarlaması düşdü və fikirləşdik ki, Azərbaycanın güneyi ilə quzeyi arasında işdə birliyin yaranması üçün öncə dildə və fikirdə təfəkkürdə bütövləşmə olmalıdır.

          Bir neçə il sonra BAB-ın Məramnaməsi yazılarkən Əbülfəz bəylə fikir mübadilələrimizin birində olub-bitənləri  xatırlatdığımızda Bəy gülümsündü və zarafatla bizə dedi: “İndi bildin ki, birlik öncə təfəkkürdəki, yəni fikirdəki bütövləşmədən başlayır?! Fikirdə bütövləşmə yoxsa, işdə də bütövləşmə olmayacaq, hərə çəkəcək bir tərəfə...”.

          Başqa sözlə, Elçibəyin təfəkküründə Vətən anlayışı bütöv idi və ona görə də, həmişə “Mənim Vətənim Bütöv Azərbaycandır!” düşüncəsindən çıxış edir, bu düşüncənin tam yayılıb kütləviləşməsinə çalışırdı.    

          2. İdeoloji işlərdən sorumlu bir şəxs olaraq, 1999-cu ilin ortalarında BAB-ın keçirdiyi bir dəyirmi masa ilə bağlı sabahı gün Elçibəyə məlumat verdik və məlumat sırasında bildirdik ki, çıxış edən filan partiya sədri dövlətlə millət arasındakı bağlılığı qabardıb “Bizim millətimiz yalnız Azərbaycan Respublikası Dövlətinin vətəndaşlarıdır” dediyindən hamı onun üstünə düşdü, çox kəskin tənqid elədi. Bunu eşidəndə Əbülfəz bəy başını təəssüflə bulayıb dedi: “Allah ağıl versin, sovet rejimi az beyinləri qurudub manqurda çevirməyib ki!”

          Bir sürə sonra həmin partiya sədrinin də olduğu bir tədbirdə çıxış edən Elçibəy ad çəkmədən bu məsələyə ayrıca toxundu və vətəndaşlıq mənsubiyyətindən asılı olmayaraq yalnız birgə götürülmüş 45 milyonluq Azərbaycan türklüyünün ümumtürklüyə daxil bir millət sayıla biləcəyini  vurğuladı, Azərbaycanın quzeyində Azərbaycanın güneyindən ayrı bir millət nağılı uydurulmasının çox xatalı bir fikir olduğunu, strateji baxımdan yalnız Azərbaycan düşmənlərinin işinə yarayacağını dedi. Yadımızdadır ki, Əbülfəz bəy o çıxışında iki Almaniya dövləti olsa da, vahid alman milləti anlayışının həmişə aparıcı olduğunu qabartdı və hamını bu gerçəkliyi unutmamağa çağırdı...

          Həmin ildə hazırlanan BAB Məramnaməsində də bu məsələyə toxunuldu, yalnız Azərbaycan Respublikası vətəndaşlarının millət sayıla biləcəyi iddiası “kor quzeyçilik xəstəliyi” adlandırıldı və deyildi ki, qırx milyondan artıq Azərbaycan türkünün bir hissəsinin ayrılıqda millətə çevrilə bilməsi tamamilə mənasız bir məsələdir.

          Sonrakı dövrdə biz nə həmin partiya sədrindən, nə də başqa birisindən Azərbaycanın quzeyində Azərbaycanın güneyindən ayrı bir millət olduğu nağılını eşitmədik.

          Təəssüflər ki, bu gün bəziləri də Azərbaycanın güneyində Azərbaycanın quzeyindən ayrı bir millət olması nağılını uydurmağa çalışır və bu nağılla yalnız fars şovinizminin mənafeyinə qulluq etdiklərinin fərqinə varmırlar (Heç şübhəmiz yoxdur ki, Elçibəy həyatda olsaydı, bu nağılı eşidəndə başını təəssüflə bulayıb deyərdi: “Allah ağıl versin, fars şovinizmi az beyinləri qurudub manqurda çevirməyib ki!”).

          Deməli, Elçibəyin təfəkküründə millət anlayışı bütöv idi və Azərbaycanın quzeyində, Azərbaycanın güneyində, yurd dışında yaşamasından, hansı dövlətin vətəndaşı sayılmasından asılı olmayaraq, 45 milyonluq Azərbaycan türklüyünü bütöv görür və millət anlayışına münasibətdə ümumtürklüklə yanaşı, daha çox 45 milyonluq Azərbaycan türk milləti özülündən çıxış edirdi. Çünki o, bütövçü idi və Elçibəyçi düşüncə sistemi də elə məhz bütövlük özülü üzərində qurulmuşdu.

 

                       «Bütövləşmə, Millətləşmə, Dövlətləşmə!» devizi və onun ilk şəkli

 

          Elçibəyçi düşüncə sisteminin mahiyyətini əks etdirməsi baxımından «Bütövləşmə, Millətləşmə, Dövlətləşmə!»  devizi çox böyük önəm daşımaqdadır. Adətən, deviz yetilmək istənən hədəfin, yaxud hədəflərin çox qısa, yığcam şəkildə xülasə olunmuş ifadəsinə deyilir. «Bütövləşmə, Millətləşmə, Dövlətləşmə!» devizi də milli məfkurə tariximizin «Dildə, fikirdə, işdə birlik!»” (İ.Qaspıralı), «İnsanlara hürriyyət, millətlərə istiqlal!»” (M.Ə.Rəsulzadə) kimi aparıcı devizləri ilə bir sırada duran və Elçibəyçi düşüncə sisteminin millətə göstərdiyi hədəfləri çox qısa və yığcam şəkildə xülasə edən klassik bir devizdir.                             

          Elçibəy bu devizi ilk dəfə 1999-cu ilin iyununda – öz ad günü şənliyindəki nitqində irəli sürmüşdür. İlk dəfə səslənərkən devizdə hədəflərin sıra düzümü nisbətən başqa cür –  «Millətləşmə, Dövlətləşmə, Bütövləşmə!» formasında  idi, yəni bütövləşmə hədəfi öndə yox, sonda gəlirdi. O dövrdə biz Əbülfəz bəyin şəxsi tapşırığı və ümumi nəzarəti ilə BAB Məramnaməsi üzərində işləyir, hazırlanan Məramnamə hissələrini 17 nəfərlik BAB Məramnamə Komissiyasının toplantılarında Bəyin sədrliyi ilə geniş müzakirə edirdik.  Ancaq Məramnamənin “Giriş” hissəsi, birinci bölümə daxil bir sıra özül anlayışlar yazılıb müzakirə edilsə də, Məramnamənin ümumi sistemi hələ tapılmamışdı və bu yöndə sadəcə, ayrı-ayrı fikirlər vardı. Elçibəyin öz ad günündə söylədiyi  «Millətləşmə, Dövlətləşmə, Bütövləşmə!» devizi isə aradığımız sistemi ortaya  qoydu və BAB Məramnaməsi ona söykənilməklə yazıldı. Ancaq Məramnamədə deviz ilk səsləndiyi şəkildə yox, Elçibəyin göstərişi ilə «Bütövləşmə, Millətləşmə, Dövlətləşmə!»  şəklində yazıldı. Bu yazılış öncə Məramnamə Komissiyasının toplantısında Elçibəyin sədrliyi ilə müzakirə və qəbul edildi, bir az sonra – 13 may 2000 -ci ildə isə Elçibəyin sədrliyi ilə keçirilən BAB Mərkəzi Şurasının iclasında devizin  «Bütövləşmə, Millətləşmə, Dövlətləşmə!» yazılışı  da daxil olmaqla bütövlükdə BAB Məramnaməsi müzakirə edildi və ilk oxunuşda ümumi səs vermə ilə əsas kimi  qəbul edildi (İlk səs verən elə Elçibəy özü oldu).  

          Bu gün bəzi dostlar bizi Elçibəyi təhrif etməkdə suçlayır, hətta bəziləri də  daha irəli gedib bizə çeşidli qaralar yaxırlar. Ancaq işdən az-çox xəbəri olanlar yaxşı bilir ki,  bu devizlə bağlı yalnız biz Elçibəylə geniş söhbət etmiş və devizin mahiyyəti ilə bağlı Bəyin düşüncələrini yalnız biz israrla soruşub öyrənərək Azərbaycan toplumuna yetirmişik. İndi az qala bizi Bəydən xəbərsiz devizi  «Bütövləşmə, Millətləşmə, Dövlətləşmə!» şəklində yazmaqda suçlayanlara ( bununla da Elçibəyi aşağılayıb kiçiltdiklərini, öz biricik devizinin yazılışından belə xəbərsiz Elçibəy təsəvvürü yaratdıqlarını hələ də anlamayanlara) bir daha xatırladırıq ki, bu dəyişməni biz yox, Bəy özü istəmiş və bizə “Elə bu cür yazılsa, daha yaxşıdır” – demişdir.

          Xatırladaq ki, BAB Mərkəzi Şurasında deviz üzərində ayrıca durulmasa da, Məramnamə Komissiyasının toplantısında devizə ayrıca toxunuldu, hətta Məramnamədəki “Millətləşmə və Dövlətləşmə yolumuz Bütövləşmədən başlanır.   Ə. Elçibəyin irəli sürdüyü «Bütövləşmə, Millətləşmə, Dövlətləşmə!» üçlü formulu da məhz bu gerçəkliyi əks etdirməkdədir” cümlələri oxunanda yadımızda qalan qədəri ilə Əbülfəz bəy “Siz Allah, məni çox şişirtməyin, millətin ümumi ehtiyacıdı, ümumi işidi, mənim adımı çox qabartmayın” – dedi və hamının kəskin etirazı ilə qarşılaşdı, bəlli bir müzakirə, mübahisə və etirazlardan sonra öz adının Məramnaməyə ayrıca salınmasını məcburən qəbul edəsi oldu (Diqqət yetirilsin ki, birbaşa Bəyin sədrliyi ilə məhz devizin «Bütövləşmə, Millətləşmə, Dövlətləşmə!» variantı oxunur və müzakirə edilir, ancaq Bəy devizin yazılışına bir söz demir, çünki bu məsələni öncədən ikimiz danışmışdıq və Bəy yenidən bu məsələ üzərinə qayıtmağa ehtiyac görmür).  

          Çox təəssüflər ki, sonradan BAB Məramnaməsi çap olunanda (Bakı, 2004) deviz Elçibəyin sədrliyi ilə müzakirə və qəbul edilən, Elçibəyin özünün səs verdiyi, bizə “Elə bu cür yazılsa, daha yaxşıdır” dediyi və Əbülfəz bəyin özünün ABŞ-da cildlədib gətirərək öz yaxınlarına verdiyi Məramnamədəki son təkmil variantda yox, Bəyin son müsahibələrindən birində açıq olaraq birbaşa devizi ortaya qoymadan dediyi bir fikrə görə ilk səsləndiyi şəkildə verilmiş və bunun da həm devizdən öncəki, həm də sonrakı cümlələrə zidd olduğuna diqqət yetirilməmişdir...   

          Bunları xatırlatmaqda amacımız odur ki, əsas tanıq (şahid) biz olduğumuz üçün devizdə sıra dəyişiminin necə və niyə baş verdiyini açıqlayaq. Son gəlişmələr göstərir ki, bu yöndə susmamız doğru deyil və məsələnin kökünü yaxşı  bilməyənlərin yanlış bilgiləndirilməməsi, ən başlıcası isə, Elçibəyçı düşüncə sisteminin yanlış anlaşılmaması və təhrif edilməməsi üçün bizim açıqlamamıza ehtiyac vardır.

 

Devizə yönəlik iki sorumuz

            

          Xatırlatdığımız ad günündən bir neçə gün sonra biz devizə yönəlik iki önəmli sorumuzu aydınlaşdırmaq üçün Elçibəylə yaxlaşıq dörd saatadək geniş fikir mübadiləsi apardıq. İş burasında idi ki, Əbülfəz bəy alışdığımız sıradan bir Məramnamə yazılmasına qarşı idi və bizdən yeni tipli geniş bir Məramnamə istəyirdi. Bizim devizə yönəlik iki sorumuz da Bəyin ad günündən sonra artıq hansı sistemlə yazılacağını tapdığımız BAB Məramnaməsi üçün praktik önəm daşıyırdı.

          Əbülfəz bəydən soruşduğumuz həmin iki önəmli soru fikir olaraq bunlar idi:   

          1. Tarixdə həm öncə millətin yaranması, sonra bu millətin öz dövlətini qurması faktı da var (örnəyin, yəhudi milləti, fin milləti vb.), həm də öncə dövlətin qurulması, sonra bu dövlətin aparıcılığı ilə millətin yaranması faktı da var (örnəyin, alman milləti, italyan milləti vb.). Sizin dediyiniz «Millətləşmə, Dövlətləşmə, Bütövləşmə!» üçlü formulu birinci durumu ortaya qoyur. Sizcə, dünya şərtləri imkan verərsə, Azərbaycan üçün ikinci yol gerçəkləşə bilərmi? Başqa sözlə, ola bilərmi ki, öncə Bütöv Azərbaycan Dövləti qurulsun və bundan sonra bu dövlətin başçılığı ilə vahid Azərbaycan türk milləti biçimlənsin?

          2. «Millətləşmə», «Dövlətləşmə», «Bütövləşmə» hədəflərinin hər birinə nələri, hansı anlayışları daxil edirsiniz?

          Yadımızda qalan qədəri ilə bu sorular çevrəsində çox mətləblərə toxunduq, o sıradan birinci soru ilə bağlı finlərin “Kanevala” dastanı, italyan Mazzini, alman Bismark üzərində ayrıca durduq, çağdaş dünya şərtlərindən, güneyli-quzeyli Azərbaycanın durumundan danışdıq, sonuc olaraq da Əbülfəz bəy Mazzinin “İtaliya Dövlətini qurduq, indi də italyan millətini yaratmalıyıq” fikrini bir daha xatırladaraq ikinci yolun nəzəri baxımdan Azərbaycan üçün də mümkünlüyünü buyurdu. Ancaq həm də bildirdi ki, xalqımız hələ tam yetişmədiyi üçün əməli baxımdan bu yol bizdən yox, qlobal güclərin oyunundan asılıdır, biz bu yolda aktiv subyekt yox, üzərində oyun oynanan passiv obyekt olarıq, bu da, Tanrı bilir, bizə nələrə başa gələr. Ona görə də, bizim üçün indiki anda nə qədər ağır olsa da, daha çox özümüzün millət kimi yetişməmiz, ümummilli  iradəmizi aktiv şəkildə ortaya qoyub dünyaya öz sözümüzü deməmiz daha xeyirlidir.         Bizim  “Ağlamayan uşağa süd yoxdur” atmacamızı təsdiqləyən Əbülfəz bəy dönə-dönə vurğuladı ki, Bütöv Azərbaycan Dövlətinin qurula bilməsi üçün qırx neçə milyonluq Azərbaycan türklüyünün özünü bütöv bir millət olaraq duyması, vahid bir millət olma şüuruna yiyələnməsi və bütün məsələlərimizə yalnız bu baxımdan yanaşması təməl şərtdir. Neçə dövlət daxilində yaşamamızdan asılı olmayaraq, dünya üzrə vahid bir Azərbaycan türk milləti anlayışı şüurlarımıza hakim kəsilməlidir (Xatırladaq ki, BAB Məramnaməsi Elçibəyin bu düşüncələrini ortaya qoymaqla yazıldı və  məhz bu bütövlük təməl şərti üzərində quruldu).

          Birinci sorumuza yönəlik bəlli bir aydınlıq yarandığı üçün ikinci sorumuza keçdik. Əbülfəz bəy Basqal kəndində AXC Məramnaməsini yazarkən* dövlətlə bağlı etdiyimiz

müzakirəni xatırlatdı və istədi ki, o zaman dövlət anlayışına nələri daxil etdiyimizi bir də sayaq. Müstəqil, demokratik, milli, dünyəvi (laik) və sosial bir hüquq dövləti anlayışlarını əsas götürdüyümüzü saydıqda, Əbülfəz bəy bu düşüncənin təkcə Azərbaycanın quzeyində yox, Azərbaycanın güneyində də gerçəkləşməsini istədiyimizi dedi və artırdı ki,  sabah Bütöv Azərbaycan Dövləti də müstəqil, demokratik, milli, dünyəvi (laik) və sosial bir hüquq dövləti olmalıdır.   

          Bundan sonra “Millətləşmə” və “Bütövləşmə” hədəflərinə hansı anlayışların daxil olması üzərində danışmağa başladıq. Öncə Əbülfəz bəy bir az zarafatyana dedi ki, əşi, bunları mən dedim, sən də bu sahənin uzmanısan, get araşdır, gör, tərkibinə nələr daxildi?

          Biz də eyni ovqatla bildirdik ki, elə biz də araşdırırıq, ancaq öncə Sizin fikirlərinizi öyrənib araşdırmalıyıq, sonra başqalarının...

          Əbülfəz bəy etiraf etdi ki, açığı, hələ bu haqda düşünməmişəm. Nə müddətdir deyim haqqında fikirləşirəm, ancaq hələ fikirlərim tam durulmayıb, o gün özüm qəsdən o deyimi  atdım ortaya ki, görüm reaksiya necədir? Hələ ki, səndən başqa heç kimin reaksiyası yoxdu. O gün də (Bəy öz ad gününü nəzərdə tuturdu – A. R. ) gördüm ki, təkcə sən açıqca reaksiya verdin. Nə vaxtdan bəri hələ daha çox hansı hədəfləri götürəcəyimi və götürdüyüm hədəfləri necə sıralayacağımı fikirləşirəm...

          Biz məhz bu üç hədəfin götürülməsini və götürülən hədəflərin də deyilən kimi sıralanmasını bəyəndiyimizi dedik, eyni zamanda, bildirdik ki, hər hədəfə nələrin daxil olmasını aydınlaşdırmaq da çox vacibdir. Bunları bilsək, ən azı, deyək ki, Mərəmnamədə nələrə toxunulacağını aydın təsəvvür edər,  nədən başlayacağımızı, nədə qurtaracağımızı dəqiqləşdirərik.               

          Əbülfəz bəy “təbii ki, hər halda dildən başlanılması” gərəkdiyini buyurdu və bu nöqtədə İsmayıl bəy Qaspıralının “Dildə, fikirdə, işdə birlik!” deyimindən danışmağa başladıq. Bu deyimin təkcə türk dünyası üçün yox, həm də Azərbaycanın güneyi ilə quzeyi arasındakı münasibətlər üçün çox önəmli olmasına görə bir ilkə olaraq götürülməsini razılaşdıq. Bəy bir neçə yol israrla vurğuladı ki, bu ilkəyə ayrıca diqqət yetirməliyik. Başqa məsələlərdən də danışmaqla yanaşı, Əbülfəz bəy söhbəti daha çox Azərbaycanın güneyi ilə quzeyi arasında öncə ədəbi dildə bütövləşmənin zəruriliyinə, sonra da fikirdə, yəni təfəkkür və düşüncədə, məsələlərə baxış tərzimizdə bütövləşmənin vacibliyinə yönəltdi və söylədi ki, Güney – Quzey arasında iş birliyinin olması üçün öncə mütləq fikir birliyi yaranmalıdır. 

          Biz Güney Azərbaycan, yoxsa Azərbaycanın güneyi anlayışı ilə bağlı Əbülfəz bəyin 1996-cı ildə Kələkidə bizə dediyi “Azərbaycanın birliyi öncə təfəkkürdəki bütövləşmədən başlayır!” cümləsini də xatırlatdıq və artırdıq ki, deməli, Azərbaycanın birliyi üçün öncə dildən, təfəkkürdən və işdən başlayıb bütövləşməliyik ki, millətə çevrilib dövlətimizi quraq və birləşək. O halda dildə, fikirdə, işdə bütövləşmə olmadan Azərbaycanın güneyli – quzeyli birgə millətləşməsi mümkündürmü? 

          Bu sualı verərkən biz heç də devizdə hədəflərin sıra düzümünə toxunmaq istəmir, heç bunu düşünmürdük də. Hədəfimiz daha çox söhbəti millətləşməyə nələrin daxil olması məsələsinə yönəltmək idi.    

          Əbülfəz bəy “Yox, mümkün deyil!” – deyib bir an fikrə getdi və sonra “Dayan görüm, deyəsən, qarışdı axı...” – deyərək bir qədər susdu, sonra da öz-özünə deyirmiş kimi bildirdi: “Dildə, fikirdə, işdə bütövləşməliyik ki, millətləşib dövlətləşək, sonra da bütövləşək...Yox, deyəsən, nəsə başqa cürdü... Millətləşə bilməmiz üçün öncə dildə bütövləşməliyik, fikirdə bütövləşməliyik ki, işdə bütövləşək və bundan sonra millət olaraq ortaya çıxa bilək... Deməli, millətləşmə üçün bir sıra məsələləri öncədən bütöv götürməyimiz gərəkdir. O halda bütövləşmə qabağa keçsə, necə olar?”

          Biz yenə heç nə düşünmədən avtomatik olaraq soruşduq: “Yəni deyirsiniz ki, deyimdə hədəflərin sırası dəyişsin?”

          Əbülfəz bəy cavab vermədən bir az da fikirləşdi, sonra bizdən soruşdu ki, sənin fikrin nədi? Öncə bu məsələ haqqında düşünməsək də, həmin an bizdə Bəyin son fikrinin daha doğru olması qənaəti yarandı və Kələkidə olarkən ondan çox adamın yanında Bəyin bizi sıxışdırmasına ötəri toxunduq, Azərbaycanın birliyinin öncə təfəkkürdəki bütövləşmədən başlaması ilə bağlı Bəyin israrlı münasibətini xatırlatdıq, həm də vurğuladıq ki, Bəy, Sizin müsavatçılığa gətirdiyiniz başlıca yenilik bütövləşmə məsələsidir. Ona görə də, təbii ki, aparıcı ağırlıq bütövləşmə üzərində olmalıdır. Ancaq deyim Sizindir, nə cür istəsəniz, biz də o cür yazacayıq.

          Əbülfəz bəy fikirli-fikirli soruşdu ki, harda yazacaqsan? Dedik ki, Məramnamədə. Bir az da fikirləşdikdən sonra Bəy nisbətən ucadan «Bütövləşmə, Millətləşmə, Dövlətləşmə!» – dedi və artırdı: “Olsun, elə bu cür yazılsa, daha yaxşıdır”.

                      Bundan sonra Məramnamə bölümləri üzərində dayandıq və birinci bölüm “Bütöv Azərbaycan anlayışımız” adı ilə Komissiyada müzakirə və qəbul edildiyi üçün daha çox ikinci və üçüncü bölümlərdən danışdıq. Razılaşdıq ki, ikinci bölüm “Bütöv Azərbaycan yolumuz” və üçüncü bölüm  “Bütöv Azərbaycan siyasətimiz”  başlıqları ilə hazırlanıb müzakirəyə çıxarılsın və ümimilikdə, Məramnamə bütövləşmə özülü üzərində qurulsun. Yəni nədən danışılırsa, o danışılanın təməl dayaq nöqtəsi və başlanğıcı olaraq bütövlük götürülsün.  

          Məramnamə elə bu cür də yazıldı.  

          Təbii ki, Əbülfəz bəylə olan o söhbətimizin bütün incəlikləri heç də tam dəqiqliklə yadımızda qalmayıb. Ancaq söhbət zamanı Bəyin söylədiyi bəzi fikirləri, ayrıca vurğulanıb qabardılmasını istədiyi müəyyən yanaşımları yarım vərəqlik bir kağıza çox qısaca qeyd etmiş və Məramnamə yazılarkən o qeydlərin hər birindən yararlanmışdıq. Kağızdakı qeydlərimizdən biri də belə idi: “deyimdə bütövləşmə keçsin qabağa”.   

 

Bütövləşmə öndəmi, sondamı olmalıdır?

 

          Dediklərimizdən açıqca görünür ki, devizin hər iki şəkli – həm «Bütövləşmə, Millətləşmə, Dövlətləşmə!», həm də « Millətləşmə, Dövlətləşmə, Bütövləşmə!» birbaşa Elçibəyə məxsusdur. İndi bunlardan hansını əsas götürməliyik? Bu soruya cavab verməzdən öncə əsas götürmə meyarımız aydınlaşmalıdır: əgər meyar “Bəy özü dedi” dəlilinə söykənirsə, təkrar edirik, hər iki deyim Bəyindir və buna hər hansı bir şəkildə şübhə ilə yanaşmaq, ən azı insafsızlıq və haqsızlıqdır (Əbülfəz bəyin insaf və haqq məsələlərinə necə yanaşmasını xatırlatmaqla yetinir və başqa heç nəyə toxunmaq istəmirik). Bu məsələdə əsas tanıq olaraq tam məsuliyyətimizlə bir daha vurğulayırıq ki, devizin hər iki şəkli Əbülfəz bəyindir. O halda, hansı meyardan çıxış edilməli və devizin hansı deyimi əsas götürülməlidir?

          Biz məntiq Elçibəyçi düşüncə sistemi meyarlarından hərəkət etməni daha üstün bilirik. Bu meyarlara ayrı-ayrılıqda göz yetirək.

 

Məntiq meyarı

 

          Əbülfəz bəylə 1976-cı ildən başlayaraq yaxlaşıq 25 illik bir sürə boyu çeşidli məsələlərlə bağlı etdiyimiz saysız-hesabsız söhbətlər, mübahisələr, fikir mübadilələri əsasında tam yəqinliklə deyirik: Əbülfəz bəy məntiq metoduna çox böyük önəm verirdi və hələ 1970-ci illərin sonlarında bir neçə yazımızı oxuyaraq şəxsən bizə məsləhət görmüşdü ki, biz türk dil tarixinə yönəlik araşdırmalarımızda məntiqi, özəlliklə türk dilinin məntiqini unutmayaq, bu yöndə də araşdırma aparaq. Həmişə əməl etməyə çalışdığımız bu məsləhətə uyğun olaraq, devizin hər iki variantına məntiq baxımından    ( həm də  Elçibəyçi düşüncə sistemi baxımından) diqqət yetirilməsini gərəkli bilirik.  

          Hər nəsnədən öncə, devizdə göstərilən hədəflərin üçü də sürəc (proses) adıdır  və bu sürəclərin yalnız ardıcıl zamanlılıq  özülü üzərində sıralandığıını düşünmək olmaz. Yəni burada biri olsun-bitsin, sonra o biri başlasın qaydası yoxdur, əksinə, sürəcin biri başlayıbsa, özü ilə birlikdə o biri sürəclərin də bəlirtilərini ortaya qoymaqda və özünü ayrıca yox, kompleks biçimdə göstərməkdədir. Belə ki, artıq bu gün Azərbaycanda millətləşmə özü ilə birgə bütövlük və müstəqil dövlət anlayışlarını da ortaya qoyur, yaxud bütövləşmə hər nəsnədən öncə, məhz millət və dövlət anlayışlarındakı birlik istəyini sərgiləyir. Deməli, devizdə sürəclər məntiq baxımından eyni zamanlılıq özülü üzərində sıralanmışdır, yəni hər üç sürəc yaxlaşıq eyni zaman daxilində yanaşı mövcuddur. Elə isə sıralanmanın fərqi yoxdurmu? Var, belə ki, devizdə hədəflərin sıra düzümü aparıcı ağırlıq  mərkəzinin hansı sürəc üzərinə düşməsini, özəlliklə indiki anda nədən başlamağı, nəyə önəm verməyi bəlirləyir. Bu yöndən yanaşdıqda, devizin millətləşmə sürəci ilə, yoxsa bütövləşmə sürəci ilə başlamasının nə anlama gəldiyinə diqqət yetirilməlidir.

          Öz leksik (lüğəvi) anlamına görə, millətləşmə “millət olma halı, millətə çevrilmə durumu” deməkdir. Mətləbin çox uzanmaması üçün hələlik sözün terminoloji anlamına geniş toxunmuruq. Ancaq bəlli bir aydınlıq yaranması üçün qısaca bildirək ki, millətləşmə bir sosioloji anlayışdır və sosioloji baxımdan millətləşmə – toplum üzvlərinin dərk edilmiş eyni bir milli kimlik çevrəsində toparlanıb bütünləşməsi, fəal vətəndaş mövqeyinin biçimlənib ümummilli iradə olaraq ortaya qoyulması və toplumda bütün yönləri ilə sosial-siyasi təşkilatlanmanın (milli dövlət də daxil) gerçəkləşməsi sürəcidir. Millətləşmə bir gecədə olub-bitən bir hadisə deyil, on illər, hətta bir çox hallarda yüz illər boyu sürən prosesdir. Adətən, millətləşmə sürəci keçirən toplumlar öz uzun sürəli gəlişmələrinin bəlli bir yüksəkliyində addım-addım millətə çevrilər və dünya siyasi tarix səhnəsində öz milli güclərinə uyğun bir məqama yiyələnərlər.  

          Azərbaycanda millətləşmə sürəci milli-mədəni alanda yaxlaşıq XIX yüzilin ortalarından M. F. Axundovla başlamışdır və sürəcin milli-mədəni alandan milli-siyasi alana keçməsi Azərbaycanın quzeyində M. Ə. Rəsulzadənin adı ilə, Azərbaycanın güneyində isə S. C. Pişəvərinin adı ilə bağlı olmuşdur (Bu yolbaylar millətləşmə ilə yanaşı, Azərbaycan özüllü dövlətləşməni də milli-siyasi alana gətirmişlər). Ancaq XX yüzildə Azərbaycanın quzeyində rus şovinizmi, Azərbaycanın güneyində isə fars şovinizmi bu millətləşmə (və dövlətləşmə) sürəcinin qarşısını vəhşicəsinə və çox qəddarcasına kəsmiş, sürəci tam durdura bilməsələr də, yavaşıtmışlar. Ona görə də, Azərbaycanın həm quzeyində, həm də güneyində bu gün millətləşmə hələ davam etməkdə, gecikdiyi üçün yenidən bir daha milli-siyasi alanda qabarmaqdadır. Təbii ki, hələ yol uzundur və nə olur-olsun, hətta bu gün Azərbaycanın quzeyi ilə yanaşı, Azərbaycanın güneyində də müstəqil dövlətimiz qurulsun, yenə də Azərbaycanda millətləşmə sürəcinin tam başa çatdığını deyə bilməyəcəyik. Çünki Elçibəyçi düşüncə sisteminin ortaya qoyduğu kimi, yalnız 45 milyonluq Azərbaycan türklüyü vahid bir millət ola bilər və dünya siyasi tarix səhnəsində bu 45 milyonluq Bütöv Azərbaycan türk milləti öz layiq olduğu məqama yüksəlməyincə Azərbaycanda millətləşmə sürəci durmadan davam edəcəkdir ( aydınlıq üçün bir faktı xatırladaq: bu gün türk dünyasında millətləşmə sürəci ən çox  Türkiyədə gerçəkləşmişdir. Buna baxmayaraq, prof.Orxan Türkdoğan kimi tanınmış uzman sosioloq yazır ki, Türkiyədə millətləşmə sürəci hələ tam başa çatmış sayıla bilməz). Məsələyə bu gerçəklik yönündən yanaşdıqda, aydın olur ki, xalqımızın hərdən Azərbaycanın quzeyindəki hissəsini, hərdən də Azərbaycanın güneyindəki hissəsini ayrıca bir millət adlandıranlar millətimizi bu cür parçalamaqla ya bilərəkdən Azərbaycan düşmənlərinə qulluq edirlər, ya da bilməyərəkdən ağıllarına və ağızlarına gələni deyir, millət və millətləşmə anlayışları ilə bağlı öz savadsızlıqlarını və cahilliklərini ortaya qoyurlar.             

          Bütöv kökünə adlardan fel düzəldən -ləş və fellərdən ad düzəldən -mə şəkilçiləri artırmaqla yaranmış “bütövləşmə” sözünün ziddi daha çox “bölünmə”, “parçalanma” sözləridir. Öz leksik (lüğəvi) anlamına görə, bütövləşmə “ birləşmə halı; bütünləşmə; bütün, tam olma durumu” deməkdir, ancaq sözün anlam çalarları da unudulmamalıdır. Belə ki, işlənmə məqamından asılı olaraq sözün fərqli anlam çalarları da ortaya çıxa bilər. Devizdə “bütövləşmə”nin öndəmi, yoxsa sondamı gəlməsi də məntiqi baxımdan məhz bu işlənmə məqamından asılı olan fərqli anlam çalarlarını ortaya qoymaqdadır. Çünkü  “bütövləşmə” sonda işlənirsə, məntiqi baxımdan sonucu, nəticəni bildirir, öndə işlənirsə, məntiqi baxımdan sonucu yox, başlanğıcı, təməl, özül olma durumunu ortaya qoyur. Bir az da açıqlasaq, bütövləşmə sürəci sonuc kimi götürüldükdə “bütöv olmaq, birləşmək” istəyini bildirir, başlanğıc, təməl kimi götürüldükdə isə “bütövlükdən çıxış etmə, bütöv olma özülündən yanaşma” istəyini qabardır. Məsələyə bu məntiq meyarından yanaşsaq: 

          a) Devizin  «Millətləşmə, Dövlətləşmə, Bütövləşmə!» variantında “bütövləşmə” sözü sonuc olaraq daha çox “birləşmək” anlamı daşıyır və bu halda devizi “Millətləşməliyik ki, Bütöv Azərbaycan Dövləti qurula və Azərbaycanın güneyi ilə quzeyi birləşə bilsin!” kimi açıqlamaq olar.

          b) Devizin  «Bütövləşmə, Millətləşmə, Dövlətləşmə!» variantında isə “bütövləşmə” sözü başlanğıc olaraq “birləşmək” anlamından daha çox  “bütövlükdən çıxış etmə, bütöv olma özülündən yanaşma” anlamı daşıdığı üçün devizi “Bütövlük özülündən yanaşmalıyıq ki, Azərbaycanın güneyi ilə quzeyi birgə millətləşə və Bütöv Azərbaycan Dövləti qurula bilsin!” kimi açıqlana bilər.    

           Göründüyü kimi, a) variantında devizin məntiqi ağırlığı millətləşmə anlayışı üzərinə, b) variantında isə devizin məntiqi ağırlığı məsələlərə  “bütövlük özülündən yanaşma”  şərti üzərinə düşür. Birincidə necəliyi bəlirlənməyən millətləşmə başlanğıcına söykənilir ki, sonda dövlət qurulsun və birləşilsin, ikincidə isə bütövləşmə (“bütövlük özülündən yanaşma”) başlanğıcı əsas götürülür ki, sonda millətləşmə də, dövlətləşmə də bu bütövlük özülü üzərində yüksələ bilsin.

          Deməli, məntiqi meyar devizin bu iki variantı arasında bəlli bir fərqin varlığını ortaya qoyur. Ancaq vurğulayaq ki, məntiqi baxımdan devizin hər iki variantı məqbuldur,  doğrudur və onların heç biri olumsuz qarşılanmamalıdır. Ancaq bu variantlardan hansı əsas götürülməlidir? sorusunu aydınlaşdırmaq gərəkirsə, ona bir cavab verilə bilər: variantlardan hansı Elçibəyçi düşüncə sisteminə daha uyğundursa, o da əsas götürülməlidir.

 

Elçibəyçi düşüncə sistemi meyarı

 

          Elçibəyçi düşüncə sistemini meyar olaraq götürdükdə, sorunun cavabı özlüyündən aydınlaşır: devizin  «Bütövləşmə, Millətləşmə, Dövlətləşmə!» variantı və onun açıqlanışı Elçibəyçi düşüncə sistemininə daha uyğundur! Unutmayaq ki, bütövləşmə yoxsa, Elçibəyçi düşüncə sistemi də yoxdur. Əgər Azərbaycan türklüyü içərisində birbaşa Azərbaycan özüllü millətləşmə və Azərbaycan özüllü dövlətləşmə sürəclərini milli- mədəni alandan milli-siyasi alana M. Ə. Rəsulzadə və  S. C. Pişəvəri gətirmişlərsə, bütövləşmə sürəcini də Elçibəy gətirmişdir. Milli məfkurə tariximizdə Elçibəyin yeri başlıca olaraq məhz bu amillə bəlirlənir. Yəni Elçibəyçi düşüncə sisteminin özülü millətləşmə və ya dövlətləşmə üzərində yox, məhz bütövləşmə üzərində qurulmuşdur.

          Ancaq unudulmamalıdır ki, Elçibəy bütövləşmə sürəcini təkcə milli-mədəni alandan milli-siyasi alana gətirməklə yetinməmiş, həm də bütövləşməni özündən öncə milli-siyasi alana gətirilən millətləşmə və dövlətləşmə sürəcləri üçün də özülə, təməl başlanğıc nöqtəsinə çevirmişdir. İş burasındadır ki, həm M. Ə. Rəsulzadə, həm də S. C. Pişəvəri milli-siyasi müstəviyə gətirdikləri millətləşmə və dövlətləşmə sürəclərini dövrün iç və dış şərtlərindən, bir sıra obyektiv və subyektiv nədənlərdən irəli gələrək, ya Azərbaycanın quzeyi üçün, ya da Azərbaycanın güneyi üçün ortaya qoymuşlar (söhbət bəzi ayrı-ayrı fikirlərin söylənilməsindən yox, bütövlük hədəfinin açıq-aydın bir sistem kimi ortaya qoyulmasından gedir). Azərbaycan milli-siyasi alanında ilk dəfə məhz Elçibəy millətləşmə və dövlətləşmə sürəclərinə bir sistem halında bütövlük özülündən yanaşmış, dövrün iç və dış şərtlərinə, bir sıra obyektiv və subyektiv nədənlərə söykənərək günümüzdə güneyli - quzeyli 45 milyonluq Azərbaycan türk toplumunun birgə millətləşməsi və birgə Bütöv Azərbaycan Dövləti qurması hədəfini irəli sürmüşdür. Ona görə də, Elçibəyin bütövləşmə anlayışına sadəcə birləşmə kimi baxmaq olmaz, burda millətləşmənin də, dövlətləşmənin də özülündə bütövləşmə durur. Başqa sözlə, Elçibəy millətləşmə və dövlətləşmə anlayışlarına da yenilik gətirərək bütövlük özülündə millətləşmə, bütövlük özülündə dövlətləşmə... gərəkdiyini ortaya qoymuşdur. BAB Məramnaməsində daha tez və daha yaxşı gözə çarpması üçün qabartma ilə “Millətləşmə və Bütövləşmə yolumuz Bütövləşmədən başlayır” çümləsinin verilməsi və bu çümlədən sonra «Bütövləşmə, Millətləşmə, Dövlətləşmə!» variantlı Elçibəy devizinin göstərilməsi də açıq-aydın buradan qaynaqlanmaqdadır.

          Təəssüf ki, bu gerçəklik bəzən doğru anlaşılmır, işlənmə məqamından asılı olaraq sözün fərqli anlam çalarları daşımasına diqqət yetirilmir və devizin «Bütövləşmə, Millətləşmə, Dövlətləşmə!» variantında “bütövləşmə” sözü yanlış olaraq yalnız “birləşmək” anlamında qələmə verilir, sonra da “Millətləşmə və dövlətləşmədən qabaq necə birləşmək olar?” – deyə məsələ qarışdırılır. Halbuki devizin «Bütövləşmə, Millətləşmə, Dövlətləşmə!» variantında məsələlərə yalnız  bütövlük özülündən yanaşılması qabardılır və burada qətiyyən öncə birləşmək istəyi irəli sürülmür.

          Elçibəyin son müsahibələrindən birində açıq şəkildə birbaşa deviz ortaya qoyulmasa da, “öncə birləşmə, yoxsa öncə millətləşmə?” qarşılaşdırması yapılır ki, bunun da bizə aidiyyəti yoxdur. Çünki Elçibəylə bizim aramızda qətiyyən belə bir söhbət getməmişdir və Bəyin bu söhbəti kiminlə etməsi də bizə bəlli deyil. Biz, yuxarıda dediyimiz kimi, millətləşmə anlayışına nələrin daxil olması ilə bağlı Elçibəyin görüşünü aydınlaşdırmaq üçün sual verdik ki, dildə, fikirdə, işdə bütövləşmə olmadan Azərbaycanın güneyli-quzeyli birgə millətləşməsi mümkündürmü? Bu sual da “Dildə, fikirdə, işdə birlik!” ilə bağlı Bəyin fikirlərindən sonra ortaya çıxdı və Bəy bu suala “Yox!” cavabı verərək özü (təkrar edirik: biz deyil, Bəyin özü) bildirdi ki, millətləşmə üçün bir sıra məsələləri öncədən bütöv götürməliyik. Biz də Bəyin bu yanaşmasını olduğu kimi qəbul etdik və Məramnamədə Azərbaycana yönəlik millət, vətən, dövlət, məfkurə, mədəniyyət, tarix, dil, ədəbiyyat vb. məsələləri bütöv götürdük, onlara bütövlük özülündən yanaşdıq.

          Unudulmamalıdır ki, bütövlük özülündən yanaşılmaması həm Elçibəyçi düşüncə sisteminin doğru anlaşılmasına ziyan gətirir, həm də millətləşmə sürəcimizə qarşı duran millətaltı iç əngəllərin qabardılmasına nədən olur. BAB Məramnaməsində bu məsələyə ayrıca diqqət yetirilmiş, millətaltı iç əngəl olaraq etnik separatizm, tayfaçılıq, yerliçilik və bölgəçilik sorunlarımıza toxunulmuş, o sıradan bölgəçilik növü kimi Quzeyçilik – Güneyçilik qınanmışdır. Məramnamədə bəzi adamların millət anlayışına bütövlük özülündən yox, bölgəçilik özülündən yanaşması “kor quzeyçilik xəstəliyi” adlandırılmışdı və o zaman Elçibəy bu “kor quzeyçilik xəstəliyi” virusunun ayaq tutub yeriməsini qətiyyətlə durduraraq onu ortadan qaldırılmışdı. İndi isə, təəssüf ki, millətləşmə sürəci ilə bağlı elə bir ciddi bilgi yiyəsi olmayan bəziləri xalqımızın Güneydə yaşayan hissəsini ayrıca bir “Güney Azərbaycan türk milləti” kimi qabartmağa çalışır və bununla da  “kor güneyçilik xəstəliyi” virusu yaydıqlarını düşünmürlər. Elçibəy də ortada yox ki, millətləşməmizi içəridən didib-dağıdacaq bu xəstəliyin qarşısını alsın...

          Ancaq unutmayaq ki, ortada Elçibəy irsi – Elçibəyçi düşüncə sistemi var və bu düşüncə sistemi açıq-aydın söyləyir: Azərbaycanın birliyi öncə təfəkkürdəkü bütövləşmədən başlayır!  Yəni əhalimizin də, ərazimizin də, dövlətimizin də… birliyi üçün öncə təfəkkürümüzdə bütövləşməyi və bütün məsələlərimizə bütövlük özülündən yanaşmağı bacarmalıyıq.

          Elçibəy dönə-dönə vurğulayıb demişdir ki, türklüyün peyğəmbərlərindən olan        İ. Qaspıralının fikrini əsas götürürük: “Dildə, fikirdə, işdə birlik!”

          Elçibəyə görə, “Öncə dildə birlik olmalıdır, yəni elə etməliyik ki, Təbrizdə, Mərənddə, Ərdəbildə – hər yerdə dinimiz bir olduğu kimi, ədəbi dilimiz də bütövləşsin, formalaşsın, bir ədəbi dilimiz yaransın... Biz Bütöv Azərbaycan Birliyini fikirdə birliyi inkişaf etdirmək və işdə birliyi yaratmaqçün ortaya qoyduq”.

          Bir sözlə, İ.Qaspıralının “Dildə, fikirdə, işdə birlik!” devizi Elçibəyçi düşüncə sistemində çox önəmli bir yer tutur. Elə buna görədir ki, Bəyin tapşırığı ilə BAB Məramnaməsində bu devizin hər hədəfinə ayrıca diqqət yetirildi və dillə bağlı göstərildi ki, nisbətən aralı düşmüş qaşqay elimiz də daxil Bütöv Azərbaycan Vətənimizdə vahid xalq danışıq dilimiz var, ancaq dil birliyimizə ziyan vuran iki sorun mütləq çözülməlidir: ortaq