«Cavad
xan» filminin pavilyon çəkilişləri davam edir
Filmin
Mətbuat Mərkəzinin məlumatı
Xəbər verildiyi kimi, Mədəniyyət və Turizm
Nazirliyinin sifarişi əsasında Azərbaycan tarixinin
qəhrəmanlıq səhifələrindən biri olan Cavad
xanın adı və taleyinin əbədiləşdirilməsi
ilə bağlı «Cavad xan» çətin quruluşa malik
tammetrajlı bədii filminin çəkilişləri davam edir.
Xatırladaq ki, filmin senari müəllifi Sabir Rüstəmxanlı,
quruluşçu rejissoru Rövşən Almuradlı, ikinci rejissorlar
Əliqulu Səmədov və Ənvər Həsənov, quruluşçu
rəssamlar Rafiq Nəsirov və Rafiz İsmayılov, geyim üzrə
rəssam isə Tahir tahirovdur. Xalq artistləri Nurəddin
Mehdixanlı filmin qəhrəmanı Cavad xan, Ramiz Novruz Sisianov,
Amaliya Pənahova isə gürcü çariçası Dariya obrazını
yaradırlar.
Döyüş səhnələriylə zəngin olan filmin natura çəkilişləri
martın sonundan başlayaraq Gəncə şəhərində,
Xanlar rayonu ərazisindəki Quru Qobuda başlanıb. Qeyd
edək ki, Quru Qobu 1803-cü ilin payızında Sisianovla Cavad xan
ordusunun ilk dəfə qarşılaşdığı ərazi
kimi tarixə düşmüşdür.
Daha sonra çəkilişlər Zaqatala, Şəki rayonlarında
və tarixi Alban məbədində aparılıb və yaradıcı
heyət iyunun sonunda iki səhnə istisna olmaqla natura çəkilişlərini
başa çatdıraqaq Bakıya dönüb.
Qeyd edək ki, filmin uğurlu alınması və döyüş
reallığını olduğu kimi əks etdirmək üçün kütləvi
səhnələrdə aktyorlarla yanaşı, Dövlət
Sərhəd Xidmətinin Gəncə, Şəki və
Zaqataladakı hərbi qarnizonlarının zabit və əsgər
heyəti də iştirak edib.
Hazırda Cəfər Cabbarlı adına «Azərbaycanfilm»
Kinostudiyasının povilyonlarında filmin interyer çəkilişləri
aparılır.
Məlumat üçün bildirək ki, povilyonlarda 8 səhnənin çəkilişləri
nəzərdə tutulur. Ötən həftə hazır
vəziyyətə gətirildiyi üçün «Şeyx ocağı»
səhnəsinin çəkilişi tamamlandı.
Dünən isə Masazır qəsəbəsindəki gölün
kənarında daha iki natura çəkilişləri aparıldı.
Filmin avqustun sonuna qədər povilyon çəkilişlərinin
başa çatacağı gözlənilir. Sentyabrdan başlanaraq
isə Rusiyanın Sank-Peterburq şəhərində «Cavad xan»
filminin montajına start veriləcək.
Bir daha xatırladaq ki, Azərbaycanın kino tarixində ilk
dəfə olaraq kompüter qrafikasından istifadə olunan Cavad
xan filmində kompüter qrafikası mütəxəsisləri
Rusiyadan, operator qrupu Məhəmməd Məcidinin başçılığı
ilə İran İslam Respublikasından, qrimyorlar isə Orta
Asiyadan dəvət olunub. Həmçinin triyukları Kaskadyor Əlinin
başçılıq etdiyi 26 nəfərdən ibarət qrup
həyata keçirir. Ancaq əsas aktyorlar, xüsusilə baş rolun
ifaçısı Nurəddin Mehdixanlı ən çətin tryuklarda
belə özü şəxsən çəkilir.
«Cavad
xan» filminin
Mətbuat Mərkəzi

