Güntay
Gəncalp

Kölgəmlə
söhbət
Mən: Sən məndən heç ayrılmadın.
Gecələr də mənim dərimə suvaşıb yatdın.
Evdə mənimlə oldun. Dişarıya mənimlə çıxdın.
Səni ilk gördüyümü xatırlayıram. İlk görüb anladığımı
deyirəm. Yəqin sən də xatırlayırsan. Bəlkə
sən ilk olaraq başqa bir xatirəni xatırlaya
bilərsən. Ancaq mənim xatırladığım
belədir. Gün batan çağı damımızın üstünə
çıxmışdım anamla birgə. Gün batan çağı
sən (kölgə) çox uzun olursan. O zaman mənim bəlkə 6
ya da 7 yaşım olardı. Boyum balaca idi, ancaq sən çox uzun
görünürdün. Uzanıb dağlara sərilmişdin. Bu
qədər uzun olmağın xoşuma gəlmişdi. Xüsusən
damımızın üstündən uzanıb ən çox sevdiyim dağlarımıza
sərilməyin məni sevindirmişdi. Damın üstündən
enmək istəmirdim. İstəyirdim dağlara sərilmiş
kölgəmi seyir edim. Gün batdıqca sən daha da uzun olurdun. Gün
batdıqdan sonra da qısalırdın. Üzülürdüm qısalmağına.
Dağlardan ayrılmaq istəmirdim səni. Sonra da ayın işığı.
Ayın işığındakı kölgə daha əsrarəngiz
olurdu. Ay olmadığında haraya getdiyini bilmirdim. Ancaq bilirdim
ki, məndən ayrı deyilsən.
Kölgəm:
Mən səni ilk olaraq daha öncələr xatırlayıram.
Ancaq sənin yadına gəlməz mənim xatırladığım
olaylar. Çünkü sən o zaman danışa da bilmirdin. Mən
səninlə eyni zamanda dünyaya gəldim. Mən ilk gündən düşüncəli,
dilli olaraq doğuluram. Ancaq insanların dil açması, bəzi
şeyləri xatırlamaları üçün uzun zaman lazım olur.
Bizim tərsimizə olaraq insanlarda yaddaşın şəkillənməsi
bir sürəcdir. Sənin xatırlaya bilmədiyin bəzi
hadisələr var həyatında. Bu hadisələr iki qismə
ayrılır. Birinci qism çocuqluq dönəmidir. İkinci qism
isə yaşayıb unutduğun xatirələrdır. Mən
isə sənin həyatının hamısını xatırlayıram.
Sən çocuqluq dönəmindəki bəzi xatirələri başqalarından
öyrənmisən. Əslində isə mənim bildiklərimi
kimsə bilməyir. Madam ki, mənimlə qonuşmağa da
zaman bulmuşsan, çox şeyləri, hətta hər şeyi söhbətləşə
bilərik.
Mən: Bilmirəm hər şeyi söhbətləşə
bilərik ya yox. Çünkü bizim söhbətimizi başqaları da
duya bilər. İnsanın bəzi sirlərini kimsə
bilməməlidir deyirlər.
Kölgəm: İnsanların dedikləri bu sözü
mən də duymuşam. Ona görə yaxşı-yaxşı düşün.
İstəsən söhbət edərik.
Mən: Haqlısan, düşünməm lazım.
Bilmirəm hər şeyi söhbətləşməyə cürətim
çatar ya yox. Yalnız bir soru soracam: Mən gördüyüm yuxuları
da xatırlayırsanmı?
Kölgəm: Öncə bunu deyim ki, mən hər şey
dediyimdə sənin həyatını başından bu günə
qədər danışmaq istəmirəm. Bu mümkün deyil.
Hər şeyi danışmaq üçün yüz illər yaşamalısan,
yalnız bu günə qədərki həyatındakı ayrıntıları
dinləmək üçün. O ki, qaldı yuxularınla bağlı,
əvət, yuxularını da xatırlayıram. Bütün yuxularını.
Yadında mı sən bir zamanlar yuxlarını dəftərə
yazardın. Sonra da dəftəri elə yerdə gizlərdin ki,
kimsə oxumasın. Utanardın bəzi yuxularından. Sənin
cəsarətsiz dönəmin idi o zaman. Sonra da iki yuxu
dəftərini itirdin. Bir yuxu dəftərini Ərdəbildə
elə yerdə gizlədin ki, sonra özün də tapa bilmədin.
Sonra da Bakıya getdin. Bakıda da çox narahat idin ki, sənin
yuxu dəftərini kimsə tapıb oxuyacaq. Mən bilmirəm
o yuxu dəftərini kimsə tapıb oxudu ya yox. Çünkü mən
səndən ayrıla bilməzdim. Səninlə Bakıya
getdim. Yuxu dəftərinin tapılıb oxunub- oxunmamasını
bilsən mənə də bilgi ver. İkinci yuxu
dəftərini də Bakıda yazmışdın. Onu da Bakıda
itirdin. Lakin Bakıda yazdığın yuxu dəftərini
itirdiyində çox üzülmədin. Çünkü o dəftəri ərəb
əlifbasında yazmışdın. Ərəb əlifbasını
da Bakıda oxuyan olmadığı üçün arxayın idin ki,
sənin ruhunun gizlin sirlərini kimsə bilməyəcək.
Ancaq mən itirdiyin yuxu dəftərindəki yuxuları da
təfərrüatı ilə bilirəm. Istəsən bu haqda da
danışarıq. Ancaq dediyim kimi, yaxşıca düşünmən
lazım.
Mən: Haqlısan. Yaxşıca düşünməliyəm.
O zaman mənə bir az daha vaxt lazımdır ki, özümü bu uzun
və sirli söhbətə hazırlayım.
Kölgəm:
Tam məntiqli bir qərar verirsən. Çünkü mən çox şeyləri
xatırladacağam. Bəlkə bəzi olayları xatırlatdığımda
utanacaqsan, bəzən də aşağılıq kompleksi içinə
girəcəksən. Ona görə düşünməlisən.
Mən: Təkrar görüşərik. Qərar verim
sonra oturub üz-üzə danışarıq.
09.07.2007