ASİF ATA

                     BİRLİYİMİZ --  DİRİLİYİMİZ

                           (  İzhar )

   Türk --  Vahid bir Etnosdur. Ruhani Birlikdir -- unudulan, danılan.

    Midiyanı türk dünyasından ayırırlar.  Atropatenanı İranlaşdırılar, azəri türküylə osmanlı türkü arasında sədd çəkirlər. Qıpçaqla oğuzu yadlaşdırırlar : türk təklənir. "Yırtıcı, qəddar türk" ideyasını dirildirlər, türkün "Bizans qatilliyini" təkrarlayırlar: --  əslinə isə Bizans türk hücumundan çox - çox əvvəl ruhən müflisləşmişdi, iflasa uğramışdı : -- Türk əslində İstanbulu Bizans ölümündən xilas elədi. Avropasentrik sxemlərdə köçərilik -- mədəniyyətsizlik kimi qələmə verilir -- əslində isə köçərilik mədəniyyəti var -- özünəməxsus, parlaq  -- öyrənilməyən. Türk təqlidçiliyindən danışırlar, türklərin hakim olduğu xalqlardan aşağı olmasından dəm vururlar ;  Nəsimilərin, Füzulilərin, Rumilərin əlçatmaz dahiliyi görünmür avropasentrik müddəalarda. Türk siyasətində despotçuluqdan başqa, gerilikdən, zülmdən, ətalətdən başqa heç nə görmürlər --  avropasentriklər.

   Türk Dünyasını süni surətdə dünya tarixindən, siyasətindən, mədəniyyətindən ayırırlar və başabəla "türk sindromu"nu türklərin özünə təlqin eləyirlər : Türk təqlidçilik yoluna düşür:  Avropanın arxasında gedir; siyasi doktrinalardan başlamış -- məişətə qədər hər şeyi özgədən götürür və bununla da fəxr edir : qabaqcıllıq : təqlidçilik demək olur.  Avropalaşma millətləşməylə bir tutulur : əslində isə Avropalaşma türkün belini əydi : -- özgələşmə fəlakəti göz qabağındadır. Əgər türk musiqisi yaşayırsa, muğamlarımız yaşayırsa, bayatılarımız, laylalarımız, aşıqlığımız yaşayırsa  --  bu, ruhani möcüzədir  -- xalqın yaratdığı, mümkünsüzlükdən yaranan imkandır az qala.

 

                                           2.

 

  Irqçiliyi tənqid eləyirik və başdan ayağa Qərbi təqlid eləyirik --  bununla da irqiçiliyə yarayırıq. "Böyük irqin"  -- Yevropedin "üstünlüyünü" sübut eləyirik :  ikinci dərəcəli,  üçüncü dərəcəli Etnos oluruq. Mədəniyyəti yaratmaqdan çox, mənimsəyən xalq oluruq :  Əbədi Tələbə səviyyəsinə enirik, öyrətmədən öyrənirik : əyalətləşirik. Ocaq ideyası əvəzinə  -- partiya, parlament yevropeizminə qapılırıq.  Sufiləri unutmuşuq, hürufiləri  unutmuşuq. Zərdüştümüzü iranlılara bağışlamışıq,  İslamı Babəkimizdən qoruyuruq, özümüzə pis yarayırıq  -- özgələrə yaxşı yarayırıq.

 

                                         3.

 

  Türk Birliyi gərəkdir   --  İnam birliyi, İdrak birliyi, Mənəviyyat birliyi, İradə birliyi.

   İslamdan əvvəlki ənənələr əsasında Vahid Türk İnamı yaranmalıdır -- Azərbaycan İdrakında nə varsa, Osmanlı İdrakında nə varsa,  Qıpçaq İdrakında nə varsa -- Türk İdrakı sayılmalıdır.

   Azərbaycan mənəviyyatında nə vatsa, Osmanlı Mənəviyyatında nə varsa,  Qıpçaq Mənəviyyatında nə varsa -- Türk Mənəviyyatı sayılmalıdır.

    Azərbaycan İradəsində nə varsa, Osmanlı İradəsində nə varsa, Qıpçaq İradəsində nə varsa  -- türk İradəsi sayılmalıdır.

  

 

 

                                                                4.

  Vahid Türk Dünyası yaranmalıdır -- Vahid Şərqin Sütunu kimi.

 

                                                                                        10 -  cu il. Bakı

                                                                                        ( 1989 - cu il )