NAMƏLUM ŞƏXSLƏR BÜTÖV AZƏRBAYCAN BİRLİYİNİN FƏALINI TUTUB APARIBLAR
2007-07-03 - 16:07:00

Bütöv Azərbaycan Birliyinin (BAB) Naxçıvan Muxtar Respublikası bölməsinin rəhbəri İlham Sadiqovu naməlum adamlar saxlayıb. İyulun 3-ü günorta saatlarında Naxçıvanın «Təbriz» mehmanxanasının qarşısındakı çayxanadan çıxarkən dörd nəfər maskalı şəxs onu zorla yaşıl rəngli «Jiquli» markalı maşına mindirərək naməlum istiqamətdə aparıblar.

Hadisənin şahidlərinin «Azadlıq» radiosuna bildirdiyinə görə, maşının nömrəsi əcnəbi vətəndaşlara verilən sarı rəngdə olub. Şahidlər İ.Sadiqovun maşına mindirilməsinə mane olmaq istəsələr də, naməlum şəxslərin fiziki zorakılığına məruz qalıblar.  

BAB-ın Naxçıvan təşkilatının fəalları Sadiqovun İran Azərbaycanında baş verən hadisələrlə bağlı aktiv fəaliyyət göstərdiyini bildirir və onun bu şəkildə saxlanmasını oğurlanması kimi qiymətləndirirlər. Onların iddialarına görə, İ.Sadiqovun oğurlanmasında İranın da iştirakı istisna deyil. Hələ ki, muxtar respublikanın rəsmi qurumlarının məsələyə münasibətini öyrənmək mümkün olmayıb.

Bütöv Azərbaycan Birliyini mərhum prezident Əbülfəz  Elçibəy 1998-ci ildə Kələkidən Bakıya döndükdən sonra yaradıb. Təşkilat İran Azərbaycanı ilə Azərbaycan Respublikasının birləşməsi istiqamətində çıxışları ilə tanınır.