Stokholmda Babəkin doğum günü qeyd olundu.

 

Bu gün Müsavat Partiyası İsveç özəklərinin təşkilatçılığı ilə Stokholm şəhərində Haga yüksəkliyinə qalxmaqla böyük Babəkin doğum gününə və Güneydəki soydaşlarımızın Babək qalasına yürüşü ilə həmrəylik olaraq yürüş-mitinq keçirildi. Yürüş-mitinqin təşkilatçısı Müsavat Partiyası İsveç özəkləri olsa da yürüşdə İsveçdə fəaliyyət göstərən digər təşkilatların da nümayəndələri iştirak edirdi. Havanın son dərəcə əlverişsiz olmasına baxmayaraq yürüş iştirakçıları fədakarlıq göstərərək yağışın altında mitinq keçirdilər.

Mitinqi Müsavat Partiyası Stokholm özəyinin sədri Əli Ağayev açaraq, günün önəmini vurğuladı. Sonra çıxış edən Müsavat Partiyası Uppsala özəyinin sədri Sərdar Ağayev, Demokratik DAK başqan yardımçısı Teymur Eminbəyli, yazıçı-filosof Eluca Atalı, azadtribun.net sitəsinin və Vahid Azərbaycan TV-nin sahibi Babək Azəri, musavatisvec.com sitəsinin redaktoru, Stokholmdan internet vasitəsiylə yayınlanan Müsavat TV-nin baş redaktoru Mübariz Əzimli, jurnalist Könül Həsənli, Baycan Azəroğlu, Əsəd Təbrizli və başqaları çıxış edərək, bu gün Güneydə Babək qalasına yürüş edənlərlə həmrəy olduqlarını, insanların azadlığının qarşısını kimsənin alamayacağını qeyd etdilər. Qeyd olundu ki, İranın mürtəce rejimi Güneydəki soydaşlarımızın ən elementar huquqlarını uzun müddət inkar edə bilməyəcək. Bunu hər il bu gün gerçəkləşən xalq qurultayı sübut edir. Yürüş-mitinq “yaşasın Vahid Azərbaycan!” nidaları ilə başa çatdı.

Bu yürüş-mitinqin özəlliklərindən biri də odur ki, Müsavat Partiyası İsveç özəklərinin təşkil etdiyi son aksiyalarda olduğu kimi, bu tədbirdə də İsveçdə fəaliyyət göstərən müxtəlif təşkilat və dərnəklərin nümayəndələri də iştirak edirdilər. Bu da azad ölkədə yaşayan azad insanlar arasında müsavat məfkurəsinin nə qədər cəlbedici olduğunu, azad insanların müsavatçıların ətrafında birləşdiklərinin göstəricisidir.

Yürüş-mitinq haqqında video-reportaja musavatisvec.com azadtribun.net sitələrində baxa bilərsiniz.

 

Mitinq təşkilat komitəsi

 

Haga Park, Stokholm, İsveç

30.06.2007