Bir insanın gözlərini yumması kifayətdir ki,

                                 milyonların gözləri açılsın... 

 

 

26 fevral  Azərbaycan şəhəri Xocalı sakinlərinə  qarşı 15 il öncə  qarşı erməni faşistləri tərəfindən törədilən qətliam günü vətənimizdə olduğu kimi dunyanın bir çox ölkələrində yaşayan soydaşlarımız tərəfindən də geniş yad edildi.  2 mart  isə xalqımızın yaddaşında tanınmış  jurnalist, Bakıda nəşr edilən “Monitor” analitik dərgisinin baş redaktoru Elmar Hüseynovun qətl günü kimi qalacaqdır, qalmalıdır.

2 mart 2005-ci il  evinin qarşısında güllələnən vətənimizin bu dəyərli şəxsiyəti Azərbaycanın iqtisadi, siyasi və mədəni gəlişməsinə əngəl olanları ifşa edirdi. Əsasən də iqtidarda olanları  kəskin tənqid  edən yazılarıyla, çıxışlarıyla millətimizi öz haqlarını qorumağa, dövlət xəzinəsini talan edən məmurlara,  rüşvətxorlara, ordumuzu möhkəmlətmək yerinə şüurlu surətdə laxladan cinayətkar nazirlərə, həmçinin də milli taleyinə biganəlik və  susqunluq göstərən əhali təbəqəsinə qarşı döyüş cəbhəsi açmışdı. Bu cəbhə söz davası, fikir davasıydı. Azərbaycanımızın Güneyində  zindanlara düşən, işgəncələrə məruz qalan oğul-qızlarımızın fars şovinizmi ilə apardığı milli kimlik mübarizəsi Quzey Azərbaycanda Elmar Hüseynovun simasında başqa formada davam etməkdə idi...

“Əqidəsi uğrunda həyatını qurban verən insan bəşəriyyət üçün alimdən daha çox iş görmüş olur.” (C.Louel) Elmar Hüseynovun əqidəsi, məqsədi Azərbaycanı sivil dünyanın içərisində  azad, xoşbəxt, güclü olması istiqamətində bütün enerjisi ilə çalışmaq idi. Elmar Hüseynovun adı və qəhrəmanlığı heç vaxt unudulmamalıdır. Mərhum jurnalistin həyat yoldaşı R. Hüseynova demişkən, Elmar hər birimizin xoşbəxtliyi yolunda öldü...”

Azərbaycanın demokratik və özgürlük istəklərini hayqıran qəhrəman jurnalist Elmar Hüseynova həsr olunur

                                           “Gözaydınlığı” 

                                                                             «…Çoxdan şair asmırlar
                                                                                                   dar ağacından,
                                                                                                   şair güllələnmir bu məmləkətdə…»

                                                                                                        A.Mirseid


   Gözlərini El Dərdinə qafiyə etdi Elmar!
   
Sözlərini Əməlinə qafiyə etdi Elmar!
   Biləyini Diləyinə qafiyə etdi Elmar!
   Həyatını Ölümünə qafiyə etdi Elmar!
   Ləyaqəti Qələminə qafiyə etdi Elmar!
   
   Şair odur - Nəsimi tək soyulsun!
   Şair odur - Cavid kimi söyülsün!
   Şair odur - namərdcə vurulsun!
   
   Eli üçün Ağlayırdı - Gözsüz qoydular onu…
   Şirvin Ruhu gəzdirirdi - Cansız qoydular onu…
   Ənəlhəq söyləyirdi - Dilsiz qoydular onu…
   
   Şair qəlbli mərd Elmarı güllələdi namərdlər.
   Çoxdan Şair asılmırdı Dar Ağacından…

                                                                                                      

                                                                                                  Ilahə Ucaruh