HƏLLİ ARANAN PROBLEM

 

HƏR KƏSDƏN BİR TƏKLİF

 

Dünyanı sarsacaq mastşabına görə böyük və dəhşətli ikinci dünya müharibəsi 4 ilə yekunlaşdı. Ancaq biz cözülməsi cox sadə olan Qarabağ problemini 17 ildir qurtara bilmirik. Səbəblərsə müxtəlifdir. İlkin və əsas səbəb ölkədə mövcud hakimiyyətdir. Azərbaycanda mövcud olan hazırkı durum bunu deməyə əsas veriri ki, hakimiyyət münaqişəylə bağlı indiyə qədər tutduğu mövqeyi dəyişir.  Hazırda gedən proseslər acıq aşkar Azərbaycan iqtidarının Qarabağ probleminin "həlliylə" bağlı tədarük mərasimi kimi görsənir. Ancaq bu yalnız belə görünür. Cünki Azərbaycan hakimiyyətinin mövqeyi elə əvvəlcədən münaqişəni bu yolla həll etmək idi. Baxmayaraq ki, ölkə başcısı hərdən eyforuyaya qapılıb müharibədən bəhs edir.

17 il vaxt qazanmaq yenə də iqtidarın məkirli siyasətinin reallaşmasına xidmət edirdi. Məntiqi sonluq belə bitməlidir: problemdən təngə gəlmiş insanlar  nə yolla olursa olsun münaqişənin həllinə razılıq verəcək və bununla da illərdir planı cızılan "sülh" reallaşacaq. Ancaq yenə də münaqişə həll olacaq demək cox tezdir. Cünki məlum olduğu kimi qarşıdan prezident seckiləri gəlir və seckidə prosesləri öz xeyrinə saxlamaq ücün hakimiyyət öz xeyrinə olan bütün vasitələrdən istifadə edəcəkdir. Hətta ola bilər ki, bu gəl getlər 1 il davam edə və seckiləri yenə də öz xeyirlərinə saxtalaşdərdıqdan sonra danışıqların hansısa mərhələsi Azərbaycanın mövqeyinə uyğun olmadı deyib rədd etsinlər də. Cünki ondan da sonra daha 4 illər var.

Münaqişə sülh yolu ilə həll olunacaq təqdirdə yüzə yüz Azərbaycanın xeyrinə olmayan məqamlar olacaq və bu məqamların fəsadları indi olmasa da yaxın gələcəkdə özünü göstərəcək. Əminəm ki, bu fəsadlar rəsmi olaraq Azərbaycanın müəyyən mövqelərini əldən verilməsiylə bitəcək. Cünki danışıqların əsl məzmunu ilə xalq tanış deyil, ona heç bir hesabat verilmir. Razılaşmanın əsl mahiyyətindən və şərtlərindən xəbərsiz olmamız bu şübhələri haqlı olaraq artırır. Digər tərəfdənsə danışıqlar masasında Ermənistan və Azərbaycan tərəfləriylə yanaşı Dağlıq Qarabağın nümayəndə heyətinin ücüncü tərəf kimi iştirakı yuxarıda dediklərimizi qətiləşdirir.  

Qarabağ məsələsi bizim bir nömrəli problemimizdir. Məsələnin bu tərəfi bir qədər şablon görünsə də reallığı təkrar da olsa demək lazımdır. Azərbaycanda bütün telekanallar hakimiyyətin diqtəsiylə işləyir. Fikir verin, istənilən telekanalı acırsan, gün ərzində yalnız mənasız məişət həyatından bıs edən sevgi serialları bütün telekanalların əsas proqramını təşkil edir. Camaatın daha cox televizor seyr edən vaxtı isə şou biznesdən bəhs edən musiqili əyləncəli proqramlar  gedir. Burda nümayiş etdirilən müğənnilərin həyatları, onların cəmiyyətdə xüsusi təbəqədə dayanmaları, külli miqdarda pul qazanmaları müasir gəncliyin yarısının marağını özünə cəlb edir. Digər tərəfdən bir döyüşcü, hərbci, şəhid ailəsiylə bağlı cəkilən filmdə onların səfil gündə yaşaması, məmur qapılarında sürünmələri və skimi ürək ağrıdıcı məqamlar əks olunur. Hər şey təbliğatdan asılı olduğu halda, bütün bunlar cəmiyyətin gözü qarşısında nümayiş etdirilməsi insanların ürəyində nə hisslər baş qaldıracaqsa siz deyin. Mən də bütün günü ağlayıb sıtqamağın əleyhinəyəm, ancaq müharibə şəraitində olan bir ölkədə bütün bunlar normal deyil. Təbii ki, vəziyyətin belə olmasında milləti də qınamıram. Ona cıxış yolu qoyulmayıb. İndi təsəvvür edin ki, bu günlərdə Az tv kameraların götürüb düşəcək şəhərin canına və başlayacaq bu yeni siyasətə ictimaiyyətdən münasibət öyrənməyə. Kim Az Tvnin kamerası qarşısında "yox, İlham Əliyev səhv edir, o millətə Qarabağla bağlı atdığı addıma görə hesabat verməlidir" deyə biləcək? Təbii ki, hec kim. Hamı mahiyyətini bilmədiyi bu siyasəti dəstəkləyəcək. Bütün bunlarsa Azərbaycan ictimaiyyətinin rəyi olaraq təqdim olunacaq.

Məsələnin doğru dürüst həlli yolunu tapmamasına digər səbəbsə Azərbaycanda müxtəlif maraqları olan ABŞ və Avropadır. Yalnız öz maraqlarını güdən Azərbaycana gəlir mənbəyi, Ermənistana dost ölkə kimi baxan bu dövlətlət müxtəlif vaxtlarda "məsələ Azərbaycanın ərazi bütövlüyü cərcivəsində həll ediləcək" desələr də həlledici məqamlarda Ermənistanın istəklərini dəstəkləmələri, qarşılıqlı razılaşmalardan danışmaları, bütün dünyada ermənilərin əzabkeş obrazlarının yaranmasına dəstək vermələri dediyimiz axirıncı məsələni də sübut edir.

Bir vətəndaş olaraq mənim fikrimcə Qarabağ probleminin müharibəsiz həllində Azərbaycan uduzacaq. Danışıqlar yolu yuxarıda qeyd etdiyim kimi Azərbaycanın prinsipial məsələlərdə geriyə cəkilməsiylə nəticələnir.

Müharibə variantına üstünlük verləcəyi halda bu hakimiyyət mövcud olduğu sürəcə kimsə ürək edib övladını oyunbazların oyununa qurban vermək istəməyəcək. Cünki bu hakimiyyət ücün onun vətəndaşının canı o qədər də qiymətli deyil. 

Belə olan halda ümid qalır milli qüvvələrə. Əgər mili qüvvələr də özlərində cəsarət tapıb bütün umu küsünü, bir birinə kin küdurəti, nə vaxtınsa haqq hesablarını bir tərəfə qoyub vətən və millət ücün bir araya gələrsə və bu hakimiyyət xoşluqla, ya da məcburi gedəcəyi halda ortaya güclü bir qüvvə kimi cıxa bilsələr... Ancaq hələlik onlar da bir birinə potensial düşmən olaraq yanaşır. Bu gedişlə onlar əbədi, Azərbaycanın ən uzunömürlü müxalifəti olaraq qalacaq. Qarabağ əldən gedəcək. Bu gün Ermənistanın ərazisinin yarıdan coxunu təşkil edən Azərbaycan torpaqları, Rusiyanın tərkibində olan Dərbənd, Gürcüstana verilən Borcalı kimi.

Son olaraq belə bir məntiqi sonluğa varırıq ki, bu iqtidar var olduqca problemin Azərbaycan xalqının xeyrinə həlli mümkün deyil.

 

ALTAY OĞUZ