( Mövzu müzakirədədir )

Qarabağın işğalda qalmasında kimlər məsuliyyət daşıyır ?

I bölmə

Babək Azəri   hüquqşünas

 

           Qarabağın işğalından 15 ildən çox keçib. Son zamanlarda Azərbaycanın prezidenti və müdafiə naziri Ermənistanı hədələrində nişan verirlər ki, siyasi dialoq və beynəlxalq çalışmalar, çabalar Qarabağın azadlığını bir yerə yetirməyib. Çox təssüf ki, Qarabağ problemi Azərbaycan parlamentində açıq müzakirə olunmur. Və onun işğalından nə az, nə çox, düz  15 il keçməsinə baxmayaraq, mediyada onun detalları açılmır və informasiya geniş xalq kütləsinə çatdirilmır. Bu hadisənin başlanmasından  qeyd etdiyimiz kimi və eyni zamanda hamının bildiyi kimi uzun illərin keçməsinə baxmayaraq, hələ də bu məsələnin həlli ilə bağlı aparılan danışiqların detalları kütləvi mətbuat orqanlarında açılmır və heç buna cəhd də edilmir.  Belə çıxır ki,  bu danışıqların detalları indiki hakimiyyətə məlumdu  və yalnız keçmiş prezident H. Əliyevə bəlli idi. İşğalçı dövlətlə aparılan dialoqların uzun müddət sürməsi adamı təccübləndirir.Bu suala indiki hakimiyyət cavab verməlidir :   ermənilər sizə nə vədə və ya söz veriblər ki, Azərbaycan bu qədər nikbin olub və dialoqlara hələ də davam verməkdədir?  Indi hər Azərbaycanlı özündən bu sualı soruşmalıdır :  "İşğalın davam tapmasa hansı amillər daxildir və kimlər əsil məsuliyyəti daşıyır ? "    Bəzən də indiki hakimiyyətin məmurları tərəfində bu ifadəni tez - tez eşidirik ki, "Azərbaycanın ordusu Qarabağı almağa qadirdi, amma xarici dövlətlər bunu istəmirlər."

  Gəlin bu suala cavab verək : xarici dövlətlər hansılardı və Qarabağın azad olunmasına niyə mane olurlar ?  Mən fikir edirəm ki, biz faktları araşdırsaq aydın olar ki, indiki hakimiyyət Qarabağla əlaqədar məsuliyyətin altından qaçmaq üçün bu yöndə təbliğata əl atır.

   Qarabağın işğal altında qalmasının əsil məsuliyyətini əslində indiki hakimiyyət daşıyır. Bu yerdə fikrimə aydınlıq gətirmək üçün və yeri düşdüyünə görə  İsrail --  Fələstin münasibətləri ilə Azərbaycan -- Ermənistan münasibətlərini müqayisə edəcəm. Bu müqayisə ilə Azərbaycanada olan daxili  şərait ilə və dünyada olan xarici şəraiti yaxşı düşünməliyik.

 Məlumat üçün qeyd edim ki, İsrail 1948 -  ci ildə istiqlalını elan elədi və 1949 - cu ildə Fələstin, Suriya, Ordon, İraq, Lublan və İsrail arasında müharibə baş verdi. İsrail qalib gələrək 26 % Fələstinin torpaqlarını işğal elədi. Faktdan da gördüyümüz kimi təqribən 58 il bundan qabaq İsrail Fələstin torpaqlarını işğal elədi. Amma aradan uzun müddətin keçməsinə baxmayaraq Fələstində yeni yaranan nəsil vətən torpağının işğal olunmasını unutmayıb və ona görə də canı, qanı ilə mübarizə aparırlar. Bizdə isə bəzən qorxu yaranır ki, yeni nəsil Qarabağda doğulmayıb və yaşlı nəsil qocalıb ömrünü başa vurur, bu da səbəb ola bilər ki, Qarabağ unudulsun. Əzizlərim, zaman heç vaxt səbəb ola bilməz ki, torpaq anlayışı beyindən silinsin. Qarabağ bizim ruhumuzda -- şerimizdə, ədəbiyyatımızda, musiqi və tariximizdə var, yaddan çıxa bilməz. Amma təbidir ki, zaman keçir və bir tərəfdən də indiki hakimiyyətin kütləvi informasiya vasitələrində, mediada  Qarabağ məsələsini aktual etmək əvəzinə tamam əks qütbdə duran verlişlər xalqa çatdırılır. Seksual filmlər, şou proqramlar, səhnədə çılpaq müğənnilərin bədən nümayişi, maç -  maç, quc - quc "mədəniyyətini" yaymaq və s. bu kimi beyni yüngülləşdirən verlişlərin hazırlanmasında sanki kanallar bir - biri ilə bəhsə girib. Bunu demokratiya ilə bağlayanlar da var. Demokratiya və xaos başqa  -  başqa şeylərdi. Elədisə, bəs nə üçün torpaq anlayışında demokratik fikir ortaya gəlmir?..  Sözümün canı budur -- bütün bunlar gənclərdə vətənpərvərlik ruhunu öldürür, bu ruhda inkişafına mane olur. Sanki Azərbaycan TV - lərin məqsədi gənclərin mentalitetini, düşüncə tərzini pozmaq, yox etmək kimi qarşısına yırtıcı   məqsəd qoyub.

   Azərbaycan gənclərinin beynini pozan Azərbaycançılığa zidd amillərdən danışanda havalanmaqdan özünü zorla saxlayırsan. Bu söbətin bitib - tükənməzliyini bildiyimiz üçün büküb bir tərəfə qoyur və yenə keçirik söhbətimizi davamına. İsrail  -- Fələstin savaşına baxsaq,  baxmayaraq ki, İsrail işğalçılıq siyasətini yeridir, amma dünyada müstəqil dövlət kimi tanınır və BMT -  nin üzvüdür. Amma Fələstin bir müstəqil dövlət kimi özünü təsdiqləməyə nail olmayıb. Azərbaycan  Qarabağ problemində bunun əksini görürük. Azərbaycan bir müstəqil dövlət kimi BMT- yə üzv oldu. Digər tərəfdən Qarabağ müstəqil erməni dövləti kimi dünya ictimaiyyəti tərəfindən rəsmi tanınmayıb, ABŞ və Avropa Şurası Azərbaycanın torpaqlarının bütövlüyünü müdafiə edirlər.

   Yenə İsrail  Fələstin münasibətlərinə baş vuraq. Bu problem sadəcə iki dövlət arasında yox,  beynəlxalq problem idi. Əslində İsrail  Fələstin savaşı həm də Qərblə  Şərqin savaşı idi. Yəni Amerika ilə Rusiyanın gücünü nümayiş etdirmək üçün bir savaş meydanı idi. Amma Azərbaycan     Qarabağ problemində yenə məsələ fərq edir. Bildiyimiz kimi Sovet İttifaqı dağılıb  və Qarabağ problemində Amerika ilə Rusiyanın üz-  üzə durma fakti yoxdur.

    Gedişatdan belə nəticə çıxarmaq olur ki,  Azərbaycan   Ermənistan münaqişəsi  beynəlxalq problem yox, iki ölkə arasındakı problemdi.

 Amma bəziləri fikir edirlər ki, əgər Ermənistanla Azərbaycan arasında müharibə baş verə keçmişdəki kimi İran və  Rusiya ermənilərə kömək edəcəklər. İndi şərait heç də əvvəlki səviyyədə deyil. Beləki Güney Azərbaycanda milli şüur yüksək səviyyəyə qalxmış və bu səbəbdən də İran bu müharibədə ermənilərin qəyyumu kimi çıxış edərsə öz ölkəsində ciddi problemə düşəcək. Əgər bu siyasi risqi edərsə, Güney Azərbaycanda iqtişaşlar başlanacaq. Bu səbəbə İran boynuna heç bir siyasi risq götürmüyəcək və Ermənistana açıq -  aşkar yardım etməyəcək. İmkan var ki, Rusiya ermənilərə yardımçı ola və həm də bu yardım çox intensiv ola. Bu da səbəb ola ki, biz məqsədimizə tez bir zamanda nail ola bilməyək. Amma Rusiyanın ermənilərə uzun müddətli yardımı heç cürə mümkün deyil. Çünki gedişat göstərir ki, Rusiya artıq iqtisadi baxımdan buna qadir deyil və onun indiki iqtisadi vəziyyəti  uzun müddət bahalı müharibəni  maliyyələşdirə bilməz.  Bəs əgər müharibə başlansa, biz qisa müddətdə istədiyimizə nail olmasaq bu heç də bizdə qorxu yaratmamalıdır. Çünki müharibədə zamanın gedişatı bizim xeyrimizədi, ermənilərin yox.

  Bəlkə bu sual ortaya çıxır: müharibədə Rusiyanı necə passiv saxlamaq olar? Təbidir, Azərbaycan Rusiya ilə dostluğunu qorumalıdır və onun siyasi və iqtisdadi maraqlarının ödənməsinə kömək etməlidir, o yerə qədər ki, bizim milli mənfətlərə qarşı deyil, zidd çıxmasınlar. Eyni zamanda Rusiya bunu hiss etməlidir.  Əgər ruslar öz din qardaşlarına kömək etmədən əl çəkə bilməsələr, bu səbəb ola bilər ki,  Rusiya Federativində Azərbaycan bəzi respublikalara, o cümlədən, Tatarıstanda, İnquşitiyədə, Çeçenistanda ruslara qarşı olan bəzi qüvvələrə maliyyə yardımı edə. Əlbəttə, indiki hakimiyyət nişan verir ki,  onu qorxudub bac alma çox asandı. Çünki indiki hakimiyyətə Qarabağın azad olması deyil, hər qiymətə özünü qüdrətdə saxlamağa cəhd edir. Bu səbəbdən də indiki hakimiyyətin apardığı siyasət ruslar tərəfindən ciddi tutulmayacaq. Ancaq və ancaq bir milli hökumətdir ki, müəyyən konseptin üzərində  əməl etməsinə görə dünya ictimaiyyətində ciddi tutulacaq.

  

   Orta Şərqin bir neçə ölkəsində yaşayan fələstinlilər cəmi 10 milyona yaxındılar. Amma bütün dünyada yaşayan Azərbaycanlıların  sayı 50 milyona çatıb.

   Fələstində neft qaynaqları yoxdur, enerji baxımından da Qərb üçün heç bir əhəmiyyət daşımır. Əksinə, Fələstin Qərbdən gələn yardımlarla yaşayır. Amma Azərbaycanda neft qaynaqları var və bu səbəbdən də Qərb dövlətləri üçün əhəmiyyətli rol oynayır. Yuxarıda qeyd etdiyimiz kimi İsrail  Fələstin konfilikti də Fələstin  həm də Rusiyanın blokunda idi. Bu da səbəb olmuşdu ki, Qərbin ona acığı vardı  və bu gün də Fələstinin bəzi siyasi təşkilatları "Həmas" kimi İranın siyasi nüfuzu altındadır ki, bu da Qərbin sevmədiyi haldı. Amma Azərbaycan Turkiyə  Qərbin müttəfiqi sayılir . Təbii ki, Qərb bu qumara əl vurmayacaq, Orta Şərq kimi şuluq yerdə Azərbaycan və Türk Cumhüriyyəti kimi ölkələri əldən verə. Burdan belə nəticəyə gəlmək olur ki,  Azərbaycan  Ermənistan arasında müharibə

başlayarsa Qərb ölkələri əgər sözdə Ermənistana dəstək versələrdə, əməllərində  tamam imkanlardan istifadə etməyəcəklər ki, Ermənistan müharibədə qalib gəlsin.

   İsrail Fələstin münasibətlərində İran çox mənfi rol oynayıb. Demək olar ki, bu gün Fələstinin ərazisinin işğal olunmasının əsil səbəbkarı İrandı. Çünki 1948 -  ci ildə İsrail müstəqilliyini elan elədi, Orta Şərqdə onu ölkə kimi tanıyan birinci İran oldu. O, 1948 -  79  cu ildən şah rejimi dağılana kimi yəhudilərə yardım edib ki, Şərqi Avropadan, Afrikadan və hətta İrandan İsrailə mühacirət eləsinlər və cəmiyyətin balansı İsrailin  nəfinə dəyişə. İndiki İranın fars rejimi özünü islam hakimiyyəti kimi təqdim edir və bununla da istəyir ki, zahirdə belə nişan verə bilə ki, Fələstini müdafiə edir. Fələstində müəyyən qrupları silahlandırıb, maliyyə yardımı edib və onlar arasında milli birliyi parçalayıb  vətəndaş müharibəsinə səbəb olub.

   Bir millətin ki,  torpağı işğal olunur, o  milli böhranla üzbəüz olur. Milli böhranı  MİLLİ BİRLİKLƏ  həll etmək olar. İran Fələstində bu milli birliyi parçalayıb və belə olan bir vəziyyətdə nə cür deyə bilər ki, Fələstinə yardım edir.   Bundan əlavə İranda 4 - 5 milyon ərəb yaşayır. Əgər ərəblərə yardım etmək kimi xeyirxah bir missiyanı İran boynuna götürübsə, bəs niyə İranda yaşayan ərəblər ağır məhrumiyyətlər içindədirlər. İstər sosial, istərsə də zindanda çürümələri baxımından.

  İran Fələstin və İsrail arasında oynadığı rolu bu gün Azərbaycan Qarabağ problemində oynayır  və indiki hakimiyyət  İranın tələsinə düşüb.  Bu gün İranın siyasi nüfuzunun son dərəcə artması  sonda vətəndaş müharibəsi ilə nəticələnə bilər. Xatırladım ki bu işi İran İraqda, Lublanda, Fələstində törətdi.  Bununla da öz din qardaşlarına ürəyincə hədiyyəni ərməğan etdi.  Bu səbəbdən də indiki hakimiyyət İranla münasibətdə çox ehtiyatlı olmalıdır. Amma təssüf ki, bu günki Azərbaycan siyasətində biz bunun taman əksini görürük.

   Hansı dövlətin ki,  torpağına hücum edilir və məğlub olma vəziyyətinə gəlib çıxır, o zaman müdafiəni və döyüş taktikasında yenilik etməyi hədsiz əhəmiyyətli sayıb özünü tam səfərbər edir ki, torpaqlarını azad etsin. Bu yerdə tarixə nəzər salaq. 1812 -  ci ildə Napolion Moskvanı tutmuşdu. Almanlar da həmçinin 1941 - 1945 -  ci il müharibəsində Moskvanın yaxınlığında idilər. Ruslar almanlarla nə atəşkəs müqaviləsi imzaladılar və nə də bu ləyaqətsizliklə fəxr etdilər. Türkiyədə Atatürk hakimiyyətə gələndə yadelli işğalçılar İstanbulun 60 km - də idilər. Türkiyə də həmçinin heç bir danışığı qəbul etmədi, saxtakar müqavillələrlə xalqı aldatmadı və bunu əksinə qeyrətinə sığışdırmadı.  Əksinə savaşın şiddəti artdı.

    Ancaq Azərbaycan hakimiyyəti 13 il bundan qabaq atəşkəs fərmanı imzalayıb Ermənistanla. Ən pisi odur ki, bunu xalqın beyninə siyasətdə böyük qələbə kimi pərçimləyir. 

   Azərbaycan ərazisinin genişliyi, sayca xalqının ermənilərdən çox olması, təbii sərvətinin ondan çox olması  əsil fakt verir və inandırır ki, müharibədə  böyük rol oynayacaq. Əyər müharibə davam edərdisə, qələbə Azərbaycan tərəfində olacaqdı. Hər halda 14 illik hakimiyyəti dövründə  iqtidar nişan verib ki, Qarabağ problemini həll etməyə qabiliyyəti yoxdur. Ən təhlükəli şey isə bu gün Azərbaycanda Vətəni müdafiə hissinin zəif olması və yuxarıda qeyd etdiyim kimi informasiya kanalları isə bu hissi bilərəkdən öldürmək cəhdidir. Digər tərəfdən bir yerdə ki, rüşvət baş alıb gedir, milli sərvətlər oğurlanır, bir yerdə ki, Qarabağda savaşanlar ağır məhrumiyyətlər içində yaşayırlar, o yerdə ki, siniflər arasında kəskin fərq var, biri qarnına yeməyə çörək tapmır, digərinin isə saysız   hesabsız evi, maşınları.  belə olan tərzdə necə inanmaq olar ki, gənc Azərbaycanlı Vətənə xatir  qanını toküb canından keçəcək.

   Bir fərdi neçə dəfə imtahan etmək olar?  14 il uzun dövr idi bu hakimiyyətin qabiliyyətini imtahan etmək üçün.  Artıq vaxt yetişib ki, Azərbaycanda yeni qüvvələr hakimiyyətə gəlsin  və bu ağır vəziyyətdən xalqı qurtarsın.