|
Kimin
nə işlə məşğul olduğunu müharibə
göstərəcək
Məni tez-tez qınayırlar ki, yazılarımın böyük
hissəsini siyasətə həsr edirəm. Məni qınamağa
dəyməz, çünki bugünkü cəmiyyətimiz tamamilə
siyasiləşib, hamı hansısa siyasi mövqedən çıxış
edir, hansısa siyasi tərəfdən çıxış
etməyənləri isə mövqesiz adam kimi qələmə
verirlər. Amma bugün çalışacam siyasətdən bir
qədər uzaq olum. Çünki bugün özəl bir gündür.
Bilməyənlərə bir daha qeyd edim ki, bugün 26 iyun
Azərbaycan Respublikasında Silahlı Qüvvələr günüdür.
Əslində müharibə şəraitində yaşayan,
20 faiz torpaqları işğal altında olan, 1 milyondan çox
qaçqını olan bir məmləkətdə ən müqəddəs
bayram elə silahlı qüvvələr günü olmalıdır.
Qaçqın demişkən, mən özüm də Qarabağın
dilbər guşələrindən sayılan Şuşa
şəhərində anadan olmuşam. Şuşadan ayrılanda
mənim 13 yaşı var idi. Uzun illərdir ki, doğma
torpağımızın həsrətini çəkirəm.
Şuşa uğrunda neçə-neçə şəhid verib
ailəmiz. Dayım Azərbaycanın Milli Qəhrəmanı
adına layiq görülüb və indi də öz Vətəninə
xidmət edir. Amma reallıq budur ki, biz Şuşadan ayrı
qalmışıq. Əslində mənim üçün ən müqəddəs
gün elə bugündür. Nə Yeni ildə, nə Novruz bayramında,
nə də ki, digər əcnəbi bayramlarda bu
qədər xoşbəxt olmamışam. Xoşbəxtəm
ona görə ki, tezliklə işğal olunmuş torpaqlarımızı
düşmən tapdağından azad edəcək layiqli
ordumuz var, xoşbəxtəm ona görə ki, iki qardaşlarımın
ikisi də hal-hazırda Azərbaycan Silahlı Qüvvələrində
qulluq edir və buna görə də bugünkü bayram bizim
ailəmiz üçün ikiqat bayrama çevrilib.
Son illər ərzində ordumuz həqiqətən də
qüvvətli bir orduya çevrilib, dünya standartlarına cavab
verən texnikaya malik peşəkar şəxsi
heyətimiz formalaşıb. Düzdür, bəzən yerli
mətbuatda bir sıra yazılara rast gəlirik, ordumuzda baş
berən neqativ hallardan yazırlar. Bir şeyi yaddan çıxarmaq
olmaz ki, Meşə çaqqalsız, ağac çürüksüz olmaz.
Bu informasiyaların içində həqiqəti də olur,
şişirtmə də olur, hətta mən deyərdim
bəzi jurnalistlərimizin ağ yalanı da öz əksini
tapır.
Bir-iki neqativ fakta görə, minlərlə peşəkar
ordu kollektivinə qara yaxmaq düzgün olmazdı.
Maraqlısı odur ki, hər dəfə ordu günü ərəfəsində
ölkə başçısı və digər rəsmilərin
dilindən müharibə hədələri eşidilməkdədir.
İnanın ki, qadın olmağıma baxmayaraq, çox
sevinirəm. Atalar demişkən, Od olmasa, tüstü çıxmaz.
Deməli Azərbaycanın hərbi qüdrəti o
səviyyəyə çatıb ki, prezident İlham Əliyev
cürət edib erməniləri müharibə ilə
hədələyir. Mən inanıram ki, müharibə başlasa,
bizim ordumuz qanlar bahasına da olsa, qələbə çalacaq.
Amma müharibəni başlamazdan əvvəl arxa
cəbhədə bizlər hazır olmalıyıq. Ön
cəbhə artıq döyüşə hazırdır. Amma
gəlin görək, müharibə başlasa, arxa cəbhə
nə edəcək? İlk öncə gənclərin
tərbiyəsini pozan gecə barlarını, klubları
bağlamaq, şəhərin bütün küçələrini bürüyən
lazımsız əcnəbi reklamları yığışdırmaq,
onun əvəzində isə hərbi idman klubları açmaq,
müharibəyə çağıran plakatlarla şəhəri
bəzəmək, milli vətənpərvər ruhlu verilişlərin
sayını birə beş artırmaq gərəkdir. Xalqı
müharibəyə hazırlamaq, dövlətin neftdən
gələn gəlirlərini birbaşa olaraq hərbiyə
yönəltməli, fərarilik edənləri isə
yerindəcə güllələmək lazımdır ki,
digərlərinə dərs olsun. Şəhərdə
dəb-dəbəni, bahalı maşınları, kef
məclislərini aradan qaldırmaq lazımdır ki,
gənclərimizin fikri yayınmasın. Arxa cəbhədə
çalışanlar, bir, iki və lazım gəldikdə üç
növbədə çalışmağa hazır olmalıdır.
Bir sözlə, arxa cəbhə bir çox
məhrumiyyətlərə məruz qalmalıdır ki, ön
cəbhədə heç bir korluq çəkməsinlər.
İndi isə üzümü arxa cəbhədəkilərə
tuturam: Hazırsınızmı bütün bunlara?
Bəsdir Qarabağı şerlərdə, mahnılarda,
muğamatda yada saldıq, indi də gəlin Qarabağı
qanlı döyüşlərdə vuruşa-vuruşa alaq.
Vətəni sevmək onun haqqında mahnı oxumaqla bitmir,
Onu qanın bahasına qorumalısan. Biz isə hələ
nanay-nanay edirik...
Mətanət Kərimli
Baş redaktor
metanet.kerimli@gmail.com
|