Ç.a. , İyun 26, 2007  
  "İRANDA İSLAMDAN ƏSƏR-ƏLAMƏT YOXDUR"

 
  Türkiyəli islamçı yazar İrana 20 günlük səfərini qələmə alıb

 
  C.MƏZAHİROĞLU

 
  Türkiyənin islamçı qadın yazarı Rəbiə Özdən Kazan İrana 20 günlük səfərinin xatirələrini əks etdirən kitab yazıb. "Mediaforum" yazır ki, müəllifin qənaətinə görə, İranda islamdan əsər-əlamət yoxdur və mövcud olan şey hökumətin islam adı ilə təqdim etdiyi qayda-qanunlardır.
"Tehran mələkləri" adlanan xatirələr kitabının müəllifi İrana 2006-cı ilin Ramazan ayında səfər edib. Türkiyə islamçılarından olan xanım R.Özdən Kazan yazır ki, 1979-cu il inqilabından sonra İran dünya islamçıları üçün bir nümunəyə çevrilib: "Xaricdəki müsəlman qadınların bir çoxu İranda yaşamaq həsrətindədirlər. Elə buna görə də mən də İrana getmək qərarına gəldim". Lakin müəllifin indi "İlğım nümunəsi" adlandırdığı İran səfəri 20 gündən artıq davam etməyib.
"İranlı gənclər məclislərdə arağı su yerinə içirlər. Qadınlarla kişilər qonaqlıqlarda Hollivud ulduzları kimi açıq-akşar eşq macərası yaşayırlar. Bir dəfə iftardan sonra yaşlı kişi mənə yaxınlaşaraq 500 dollar müqabilində bir gecəlik siğə olmağımı təklif etdi. Halbuki İslamda qadının pul müqabilində yabançı kişi ilə bir yastığa baş qoyması anlayışı yoxdur. İran ziddiyyətlə dolu bir ölkədir. Orada İslamdan əsər-əlamət yoxdur. Mənim gördüyüm Əhmədinijat kimi adamların qoyduğu siyasi qayda-qanunlardır" deyən müəllif İrandakı zorakılığa da toxunur: "Mən İran islam rejimindəki zorakılığı ifşa etmək istəyirəm. Söhbət heç də islam zorakılığından getmir. Mənim öyrəndiyim islam İran rejiminin islamı deyil, Mövlananın islamıdır. Elə bir islam ki, eşq, sədaqət, bütün dünya xalqları ilə dostluq və azadlığı ortaya qoyur".
R.Özdən Kazan İranda siğə edilmiş qadınlarla da yaxından söhbət aparıb və İran qadınlarını Türkiyə qadınları ilə müqayisə etməyə çalışıb: "İrandakı müşahidələrim mənim kimi insanların ayılması üçün bir qığılcımdır. Mən istəyirəm ki, xaricdə oturub İrana öz təsəvvürləri ilə baxanlar bundan artıq səhvə yol verməsinlər".