Azərbaycanda jurnalistlər nə üçün tutulur ?
2. Mirzə Sakit

"Azadlıq" qəzetinin satirik yazarı Mirzə Sakit 2006-cı ilin iyununda narkotik maddənin qeyri-qanuni saxlanması ittihamı ilə həbs olunub. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə 3 il azadlıqdan məhrum edilib. Onun da yazdığı bəzi serləri oxuculara təqdim etirik.
Dur mənimlə yanaşı
Qarın otaranlara
Fikirləşib boş başını az qaşı,
Kişisənsə, dur mənimlə yanaşı.
Dərslərindən beş almısan, beş üstə,
Nə deyiblər söyləmisən baş üstə,
Şivən salıb ağlamısan leş üstə.
Lap tutalım, sən ustadsan- mən naşı
Kişisənsə, dur mənimlə yanaşı.
Yazdıqların məddahnamə, bic əsər.
Əsərində baş qəhrəman gicbəsər.
Tulladılar qənşərinə - müxtəsər,
Axşam-sabah kabab, plov, bozbaşı
Kişisənsə, dur mənimlə yanaşı.
Xəlvət yerdə nə var hədyan deməyə,
Onun-bunun hesabına yeməyə.
Qorxanları çağırmaram köməyə
Oğul istər təkcə qursun savaşı-
Kişisənsə, dur mənimlə yanaşı.
Sabunlanıb vəzifəyə ilişdin,
Nazirlərlə əl tutanda irişdin.
Yavaş-yavaş ticarətə girişdin
Bəyənmirsən Mersedesi, tofaşı
Kişisənsə, dur mənimlə yanaşı.
Heydərizm xalqı salıb dərəyə
Baş aldadan dürmək verib hərəyə
Ümüd qalıb bir qarınlıq çörəyə
Arzumanın nə əti var, nə aşı-
Kişisənsə, dur mənimlə yanaşı.
Naxçıvanda Vasif Xandan nə xəbər?
Öyrənibmi heç olmasa ə zəbər.
Yaman şişib bu savadlı bəxtəvər
Medal verib, öndərləşən qaqaşı
Kişisənsə, dur mənimlə yanaşı.
Zənginləşdi... Baş əyənlər şeytana
Əyməyənlər yuvarlandı zindana
Qan tökülür kim tərəfdən meydana?
Görmürsənmi Ramil kimi fərraşı
Kişisənsə, dur mənimlə yanaşı.
Türmədəyəm, meylin çəksə gəl qonaq,
El dərdinə bircə günlük bir yanaq.
Mən yediyim duzsuz, yağsız qayğanaq.
Nə olsun ki, sən tıxırsan qulyaşı
Kişisənsə, dur mənimlə yanaşı.
Parlamentdəki deputatlar xalq tərəfindən seçilsəydi,
daha bura Azərbaycan olmazdı ki...(Spikerin Vitsini)
Qiyamət düşəcək
Özü də mütləq...
Nə yığırsızsa yığın, sonda qiyamət
düşəcək.
Dönəcək çərxi-fələk, onda qiyamət düşəcək.
Tuşlayıb azərilər göstərəcəklər qapını.
Nə qədər gec ki deyil, qamçıla, tez sür yapını.
Yoxsa Aydınla Mübariz süzərək Innabını,
Ya klarnetdə ya qarmonda qiyamət düşəcək-
Dönəcək çərxi-fələk, onda qiyamət düşəcək.
Sevinib cümlə-polislər də düşüblər həvəsə
Üstəlik, guya Qorotdeldə deyib - Birnəfəsə.
Işdi, bağlansa əgər Ramili-Fərraş qəfəsə,
Basabasdan mən ölüm, zonda qiyamət düşəcək -
Dönəcək çərxi-fələk, onda qiyamət düşəcək.
Dedilər seçki Məzahir təpilib boş yeşiyə
Doldurub bülletenin Emsekada hər deşiyə
Qapısın cəftələyib, ölsə də çıxmaz eşiyə.
Tapılar yol ora - Balkonda qiyamət düşəcək,
Dönəcək çərxi-fələk, onda qiyamət düşəcək.
YAParat rəhbəri zülmətdə yatan boz yarasa
- Açılar sirri Yapın - Bircə qırıq qurdalasa
Çıxacaq qos-qoca Murtuz hötə-hötnən trasa,
Aradan çıxmağa abqonda qiyamət düşəcək-
Dönəcək çərxi-fələk, onda qiyamət düşəcək.
Lənət olsun bu haramzadələrin hər kəsinə!
Daraşıb bir sürü zat, azərilər ölkəsinə
Sığınıblar hələlik, boş qazalağ kölgəsinə
O da tərpəndisə - Faytonda qiyamət düşəcək.
Dönəcək çərxi-fələk, onda qiyamət düşəcək.
Xocalılar evsiz-eşiksiz qaldıqca,Elman Məmmədovun...
Evləri vaar, ay aman, xana-xana...".(Tatyana Çaladze)
QARA DƏFTƏR
Seçki gəlir - Il qara dəftərdədi
Mən ki dedim, bil, qara dəftərdədi
Gülbalanın iştahı bərk qalxacaq,
Əlibabanın heykəli lap artacaq,
Əyri deyən düz yeriyir cağbacağ,
Düz danışan dil qara dəftərdədi.
Mən ki dedim, bil, qara dəftərdədi.
Baş polisin gözləri şişman tuluğ,
Işləri getmir deyəsən, çox şuluğ.
Zonda gəlib istədilər muştuluğ-
Sən demə, Ramil qara dəftərdədi
Mən ki dedim, bil, qara dəftərdədi
Vergi yığan gündə kəsir qapımızı,
Şahmar ilandırsa, verin yarpızı.
Boynu çuğundur kimi qıp-qırmızı,
Pıs-pısa Fazil qara dəftərdədi.
Mən ki dedim, bil, qara dəftərdədi.
Göz dikilib bambılının taxtına,
Püşk atılıb düşsə kimin baxtına,
Azca qalıb BakSovetin vaxtına,
Orda biri zil qara dəftərdədi.
Mən ki dedim, bil, qara dəftərdədi.
Həblə mənim söylədiyim zordumu?
Gəl ora bax, yoxsa gözün kordumu?
Çox uzanıb Kardinalın xortumu-
Xalq da bilir, fil qara dəftərdədi.
Mən ki dedim, bil, qara dəftərdədi.
Bircə kərəm dur, kömək ol, Ya Əli!
Təbliğatın silkələsin tənbəli.
Falçı deyib - Donqaburun şəppəli,
Ey dili-qafil, qara dəftərdədi -
Mən ki dedim, bil, qara dəftərdədi.
Müxalifətin qara dəftərində Aydın
Mirzəzadənin adı 666-cı yerdədir(Əli Əhmədov
(ƏƏ), Sovikape katibi)
Bu millət
Qiyamətə gəlib çatdı bu millət
Aman Allah, yaman yatdı bu millət!
Düşərli olmadı YAP-ın ayağı
Öndər düzəltdilər daşdan...bayağı
Zalım qabağında əsgər sayağı,
Dik dayanıb farağatdı bu millət,
Aman Allah, yaman yatdı bu millət!
Iqtidarda harın xanlar, bəxt abad
Xalqa zəhər, düşmənlərə qənd-nabat
Şir tülküyə verməlidi hesabat
Soy kökünü hara atdı bu millət?
Aman Allah, yaman yatdı bu millət!
Neçə nazir ermənidən yar aldı
Sevişdikcə torpağımız daraldı
Yavaş-yavaş ağ günümüz qaraldı
Ağ gününü nöş qaraltdı bu millət?
Aman Allah, yaman yatdı bu millət!
Məzən olsun, - Koroğlu da yalanmış
Dınqıl sazım dınqıl - deyib, çalanmış
Gedib gördük Çənlibel də talanmış.
Igidliyin kimə satdı bu millət?
Aman Allah, yaman yatdı bu millət!
Odun kimi doldurdular maşına
Od vurdular qurusuna, yaşına.
Utanmadan bir-birinin başına,
Torba tikib vızıldatdı bu millət.
Aman Allah, yaman yatdı bu millət.
Iblis gəldi kəsdirildi dal, qabaq
Ismət getdi nə şal qaldı, nə papaq.
Hanı Şuşa, hanı Laçın, Qarabağ,
Deyən yoxdu harda batdı bu millət?
Aman Allah, yaman yatdı bu millət!
Parlamanda Murtuz on il... göz vurub.
Fikir verin sağ-solunda kim durub?
Seçki vaxtı boş tuluğun doldurub,
Bir bozbaşa səsin satdı bu millət.
Aman Allah, yaman yatdı bu millət.
Başbilənlər satıldılar paraya,
Yarışmaqçün məddah girdi araya,
Iti-qurdu doldurdular saraya,
Sümüyünə nəyi qatdı bu millət?
Aman Allah, yaman yatdı bu millət!
Söz deməyə biri çıxmaz yüzündən
Baş açmadıq əyrisindən, düzündən.
Oğul-uşaq saxlamağı üzündən
Öz-özünü axtalatdı bu millət.
Aman Allah, yaman yatdı bu millət!
Başbilənlərin vicdanı olsa, Novruz bayramında
Şıxəli Qurbanovun adı televiziya ekranlarından düşməz.
(Nuşirəvan Məhərrəmli)