Əziz dostlar!

 

May ayının 19-da İsveçin Stockholm şəhərində Güney Azərbaycanda may hadisələrinin ildönümü münasibəti ilə bir seminar təşkil olunmuşdu. Seminarda çıxış edən GAMOH nümayəndəsi Mahmud Bilgin təqribən belə bir fikir irəli sürdü ki, Azərbaycan Respublikası və Türkiyə öz milli və dövlət maraqlarını üstün tutaraq, Güneydəki hərəkata yardım göstərmirlər. Ona görə də biz güneylilər öz milli maraqlarımızı ön plana çəkməliyik. Misal olaraq da göstərdi ki, vaxtı ilə GAMOH lideri Mahmudəli Çöhrəqanlı Azərbaycan Respublikası və Türkiyədən çıxarılıb...

Onu da qeyd edim ki, belə fikirləri səslədirən təkcə Mahmud bəy deyil. Əvvəllər də bu kimi fikirlər səslənmişdir, özü də təkcə GAMOH nümayəndələrinin dilindən deyil.

Seminarda bu fikirlərə münasibət bildirmək imkanım olmadığına görə bu qeydləri etmək məcburiyyətində qaldım.

Öncə qeyd edim ki, M.Çöhrəqanlının adı çəkilən iki dövlətdən çıxarılmasını səbəb göstərərək fikir yürütmək düzgün deyil. M.Çöhrəqanlı Güney hərəkatının və Güney xalqının timsalı deyil, Güneydəki çoxsaylı təşkilatlardan birinin – GAMOH-un lideridir.

Məsələnin ikinci tərəfinə gəldikdə isə, doğrudur, nə Türkiyə, nə də Azərbaycan Respublikası iqtidarı Güney hərəkatına dəstək verməmişdir. Türkiyə və bugünkü türk iqtidarı barədə danışmağı Türkiyədən olan qardaşlarımızın öhtəsinə buraxıram. Yəqin ki, cavab verən tapılar.

Azərbayan Respublikasına gəldikdə isə, hörmətli Mahmud bəyin və onun kimi düşünənlərin nəzərinə çatdırmaq istəyirəm ki, bugünkü azərbaycan iqtidarı 1969-cu ildən bu yana azərbaycan xalqına qənim kəsilmişdir. Bu iqtidar nəinki xalqı təmsil etmir, hal-hazırda öz vətəndaşları ilə müharibə vəziyyətindədir. Bu rejim, ən yaxşı halda, məxsus olduğu tayfanı təmsil edə bilər. Bu rejimin hərəkətlərini bəhanə gətirərək azərbaycan xalqını bölmək əsassız olduğu qədər də qərəzlidir. Belə bölücü fəaliyyətlər tarixən vaxtaşırı meydana çıxmış, amma tarixin sınağından keçməmişdir. Indi də keçməyəcək. Bu yolu tutan siyasətçilər də, təşkilatlar da iflasa məhkumdur. Çünki, nə Güneydə, nə də Qüzeydə yaşayan soydaşlarımız bu qərəzli konsepsiyanı qəbul etməzlər.

Bu fikirlərimin təsdiqini seminardan cəmi üç gün sonra, may ayının 22-də İsveç parlamenti qarşısında AFİ-nin təşkil etdiyi, keçən ilin may hadisələrinə həsr olunmuş mitinqdə gördük. Belə ki, soydaşlarımız mitinqdə heç bir güneyli-qüzeyli ayırımı yapmadan çiyin-çiyinə iştirak edirdilər və Stockholmda yaşayan güneylilərin sayı qüzeylilərdən qat-qat çox olmasına baxmayaraq, iştirakçıların mütləq əksəriyyətini qüzeylilər təşkil edirdi. Bizi belə utancverici statistikalar aparmağa məcbur edənlər isə ümumiyyətlə ortada görünmürdülər.

Güney Azərbaycanda və İranın digər bölgələrində yaşayan soydaşlarımıza Qüzeydən daima dəstək gəlmişdir. Amma, hömətli Mahmud bəy bu dəstəyi azərbaycan iqtidarından gözləyir və ala bilmir. Bu da təbiidir. Azərbaycanın bugünkü iqtidarı - əliyevlər rejimi Qüzey xalqına qənim kəsildiyi kimi, Güney xalqına da dost ola bilməz. Güneydəki soydaşlarımız adını nə qoyub bu rejimdən dəstək gözləyirlər?

Hamımız şahidik ki, Qüzeydəki milli-demokratik qüvvələr, xalqın əsl təmsilçiləri həmişə Güneyli soydaşlarımızın yanında olmuşlar. Yəni xalq həmişə Güneydəki xalqa və hərəkata dəstək vermiş, bu hərəkatın təsübünü çəkmişdir. Tarixən Güneydəki bütün hərəkatlar mənəvi və ideoloji cəhətdən Qüzeydə yetişmiş zəngin milli irsə arxalanmışlar. Mən “Qüzeydə yetişmiş” ifadəsini səbəbsiz işlətmirəm. Sadəcə, Qüzeydə daha uyğun bir şərait olmuş, həm Güneyli, həm də Qüzeyli ziyalılar Bakıda məskunlaşmışlar. Nəticədə türk millətçiliyi və milli ideologiya Bakıda formalaşmışdır. Və bu proses bu gün də davam etməkdədir. Bu gün Güney Azərbaycan milli-azadlıq hərəkatının, Bütöv Azəraycanın ictimai-siyasi əsasları yenə də Bakıda, milli-demokratik qüvvələrin fəaliyyəti nəticəsində formalaşmaqdadır. “Güney Azərbaycan milləti” adlanan qondarma konsepsiyanı ortaya atanlar isə bu günə qədər millətimizi, bütün türk dünyasını bir-birindən ayırıb yadlaşdırmağa çalışan türk düşmənlərindən fərqli deyillər.

 

Hörmətlə,

 

Mübariz S. Əzimli

 

Stockholm, İsveç

30 may, 2007-ci il