"Güneyə lazımi dəstəyi verə bilmirik"

01.06.07

Güney Azərbaycan Milli Azadlıq Hərəkatına Dəstək Komitəsi 22 may üsyanının ildönümünü qeyd etdi

Güney Azərbaycanda baş verən hadimələrdən bir il ötür. Bununla bağlı Güney Azərbaycan Milli Azadlıq Hərəkatına Dəstək Komitəsi Beynəlxalq Mətbuat Mərkəzində dəyirmi masa təşkil etmişdi. Tədbiri açan Dəstək Komitəsinin üzvü, "Türküstan" qəzetinin qurucusu Tofiq Seyid 2006-cı ilin may-iyun aylarında Güney Azərbaycanda və İranın azərbaycanlılar yaşayan şəhərlərində baş verən hadisələrlə 1980-90-cı illərdə Sovet Azərbaycanındakı olaylar arasında paralellik apardı: "1988-ci ildə Bakıda başlanan ilk mitinqlərdə meydana Sovet Azərbaycanının bayraqları ilə, Qorbaçovun şəkilləri ilə çıxan millət rus hərbi birləşmələrinin silahlı müdaxiləsindən sonra anladı ki, Azərbaycan müstəmləkədir. 1990-cı il 20 Yanvar hadisələri isə prosesin pik nöqtəsi idi. Güney Azərbaycan türkləri də 22 mayda növbəti dəfə kimliyini ortaya qoydu və ona sahib çıxmağa çalışdı".
Dəstək Komitəsinin üzvü Sirus Azadi son zamanlar Güneydə aparılan repressiyalar barədə məlumat verdi və Azərbaycan Respublikasının İranda yaşayan azərbaycanlılara lazımi dəstək vermədiyini söylədi. Onun fikrincə, özlərinə görə, Güneydə soydaşlarımızın hüquqlarının pozulmasına Azərbaycan dövləti münasibət bildirməlidir.
Tarixçi-alim Əkrəm Rəhimli ötən il rəsmi "İran" qəzetində Azərbaycan türklərinin təhqirinə yönəlmiş yazının tərcüməsini oxudu və qeyd etdi ki, özünə hörmət edən heç bir millət bu təhqirə sakit yanaşa bilməzdi. Ə.Rəhimli həm Güneydə, həm də Quzeydə yeni gələn nəslin millətin bütövləşməsinə öz töhvəsini verəcəyinə inandığını söylədi.
Güney Azərbaycan Araşdırma Mərkəzinin rəhbəri Şövkət Tağıyeva isə aksiyalar zamanı çəkilən videokadrların dünyaya yayılmasının zəruriliyini vurğuladı. Onun sözlərinə görə, bununla Güney Azərbaycanda baş verənləri dünya ictimaiyyətinin diqqətinə çatdırıla bilər.
Tədbirin sonunda dünya ictimaiyyətinə müraciət qəbul olundu.

31.05.07

İran səfirliyinin saxta bəyanatlarına saatlarla yer verən televiziyalarımız Güney Azərbaycana nədən bu qədər diqqətsizdir?
Əziz soydaşlarım! Mənim tarixdən danışmaq niyyətim yoxdur, Azərbaycanın və Azərbaycan türklərinin, xüsusilə son 200 ildə başına gələn bəlalarından danışmağa heç niyyətim yoxdur. Ona görə ki, bu məsələ ətrafında tarixçilərimiz çox yazıb və danışib, bizim üzərimizə düşən sadəcə ilgilənmək və oxumaqdır.
Bu yazıda bəhs edəcəyim məsələ bilirəm ki, bəzilərinin xoşuna gəlməyəcək. Atalar demişkən, həqiqət acı olur.Amma acı da olsa mənim üzərimə demək düşür. Atalar demişkən: "Sən yaxşılığını elə at dənizə, balıq bilməsə də xaliq biləcək".
Bildiyiniz kimi, 22 may 2006-cı ildə İran adlanan ölkədə İran fars irqçiləri tərəfindən, milli kimliyi və varlığına xəyanət edilmış milyonlarla Güney Azərbaycan türkü, dinc və sivil şəkildə etirazlarını bildirmək üçün küçələrə tökülmüş, fars şovonizmi tərəfdarlarını irqçiliyə son qoymağa çağırmışlar. Təəssüflər olsun ki, İran hökuməti bu irqçilik siyasətinə son qoymaq əvəzinə öz insani və milli haqlarını tələb edən soydaşlarımıza qarşı şiddət və zorakılıqla cavab vermişdir. Belə ki, dinc nümayişlər keçirən Güney Azərbaycan türklərinə odlu silahlardan atəş açaraq onlarla insanı qətlə yetirmiş və yüzlərlə insanı qanına qəltan edərək ağır yaralamış, minlərlə soydaşımızı həbs edərək ağır işkəncələrə məruz qoymuşdur. Halbuki dünyada analoqu olan bir ölkə yoxdur ki, 35 milyonluq bir millət olasan, hətta öz dilində təhsil hüququndan belə məhrum qalasan. Bəli, əziz soydaşlar Güney Azərbaycanda 35 milyonluq bir millət bütün milli və mədəni haqlarından məhrumdurlar, öz insani və milli haqlarını tələb edən soydaşlarımız ağır basqılara məruz qalırlar. Bu məsələni sizinlə bölüşməkdə məqsədim o deyil ki, Azərbaycanımızın Quzeyində yaranmış müstəqil dövlətimiz öz ordusu ilə hücuma keçsin və ya siyasi, iqtisadi dəstək versin. Ən azından mənəvi dəstəyini əsirgəməsin.
Mənim əsas tənqid hədəfimdən biri kütləvi informasiya vasitələridir. İran səfirliyinin yalan və saxta dolu çıxışlarına şərait yaradıb, saatlarla onların təhrif və böhtanlarını Azərbaycan və dünya ictimaiyyətinə çatdıran, amma Arazın o tayında odlu silahlarla atəşə tutulub qətlə yetirilən və ya həbs edilib işkəncələrə məruz qalan, canı canımızdan və qanı qanımızdan olan soydaşlarımızın haqq səsini bir dəqiqəlik verilişlə yaymağı belə əsirgəyən Azərbaycan mediasina nə ad qoymaq olar? Arazın o tayında İran fars irqçiləri tərəfindən əzilən və öldürülən soydaşlarımıza ən azından mənəvi dəstəyimizi bildirə bilərdik. Bu ona görə lazım idi ki, oradakı soydaşlarımız öz güclərinə inanırlar və canla-başla bu mücadilə yolunda "öldü var, döndü yoxdu" deyib haqları uğrunda mübarizə aparırlar. Amma düşünürlər ki, Arazın bu tayında Azərbaycan adında müstəqil bir dövlətləri var ki, heç olmasa onlara mənəvi dəstək olacaqlar və onların haqq səsini dünyaya çatdıracaqlar. Atalar demişkən, "Yeməkdən ümid yaxşıdır". Heç olmasa yağmasa da, guruldaya bilərdi.
Dəyərli soydaşlarım! Yuxarıda qeyd etdiyim kimi, 22 may 2007-ci il Güney Azərbaycan türkləri beynalxalq hüqüq çərçivəsində sivil və mədəni şəkildə öz insani haqlarını tələb etmək üçün küçələrə tokülmüş və etiraz nümayişləri keçirmişlər. Yenə də 2006-cı ildə olduğu kimi, İran irqçi hökuməti hərbi qüvvələrini Güney Azərbaycanın bütün şəhərlərində soydaşlarımızın üzərinə yürüdərək bir daha odlu silahlardan atəş açaraq soydaşlarımızı yaralamışdır, hələ itkilərdən tam bilgi əldə etməmişik. Küçələrə çıxan qadın və uşaqlara belə rəhm etməmiş, onları təhqir edib döyərək yüzlərlə soydaşımızı həbslərə məruz qoymuşlar. Hal-hazırda bu soydaşlarımız İran həbsxanalarında ağır işkəncə altındadırlar. Təəssüflər olsun ki, İran adlanan ölkədə baş verənləri Azərbaycanın heç bir mediyasında işiqlandırmadılar. Baxmayaraq ki, dəfələrlə zəng edərək durumu xususi ilə televiziya kanallarına bildirməkdə israrlı olduq. Təbii ki, mən bütün televiziya kanallarını nəzərdə tuturam. Televiziya kanallarının birinə son sözüm bundan ibarət oldu ki, o tayda soydaşlarımızı öldürürlər, heç olmasa, mənəvi dəstək verərək onların Quzey Azərbaycana olan yüksək inamlarini qırmayın. Ən azı ona görə ki, Tehran reciminin həbslərinə və basqılarına rəğmən onlar Xocalı soyqırımı ildönümündə küçələrə çıxaraq "Ya Qarabağ, ya ölum" şüarı ilə öz etirazlarını İran və ermənilərin antiazərbaycan siasətinə bildirirlər.
Atatürk demişkən, "Türkün Türkdən başqa dostu yoxdur". Gəlin şeytanın daşını ətəyinizdən tökün yerə. Qanımız bir canımız bir olan Güney Azərbaycan türklərinə ən azından mənəvi dəstəyimizi əsirgəməyək. Onların haqq səsini heç olmasa mediyalardan yaymaqla Azərbaycan və dünya ictimaiyyətinə çatdıraq.
Yaşasın Güney Azərbaycan türklərinin haqlı mücadiləsi!
Tanrı şəhidlərimizin ruhunu şad etsin!

Sirus Azadi