Arif Rəhimoğlu

Siyasi münasibətlərdə uzlaşma və toqquşma

         Dəyərli oxuyucular!

         1990-cı illərin ortalarında yazdığımız ”Sosiologiyada partiyadaxili qruplaşmalar və AXCP-də ”Yurd” fraksiyası” adlı kitab böyük öndər və yolbay Elçibəyin maddi dəstəyi ilə 2000-ci ildə Bakıda çap edildi. Bildiyimiz qədəri ilə, bu kitab təşkilat sosiologiyası üzrə Azərbaycanda ilk ayrıca araşdırma idi və əsərdə partiyadaxili qruplaşma problemi AXCP örnək alınmaqla sosioloji, sosial-psixoloji, politoloji vb. baxımlardan araşdırılmış, bir sıra elmi-nəzəri və praktik müddəalar irəli sürülmüşdü. Bu elmi-nəzəri və praktik müddəaların başlıca hədəfi AXCP-nin daha da güclənməsi üçün uzlaşmanın dərinləşməsinə ehtiyac olduğunu göstərmək idi. Ancaq çox yazıqlar ki, önərilərimiz nəzərə alınmadı və başda ”Yurd” fraksiyası olmaqla AXCP daxilindəki qruplaşmalar uzlaşma istəmədilər (yaxud uzlaşa bilmədilər) və AXCP-ni sərt siyasi toqquşma küləyinin umuduna buraxdılar, sonucda Elçibəydən sonra AXCP neçə yerə parçalanıb öz öncəki gücünü itirdi…

         ”Sosiologiyada partiyadaxili qruplaşmalar və AXCP-də ”Yurd” fraksiyası” hər nəsnədən öncə, elmi-nəzəri bir araşdırmadır. Bu əsər təşkilat içərisində baş verən qruplaşmaların daha çox müəyyən elmi-nəzəri nədənlər səbəbinə ortaya çıxmasını öyrənmək, doğru çözüm yolu tapmaq üçün məsələyə bilimsəl yöndən yanaşa bilmək baxımından bu gün də çoxlarına gərəkdir. Təəssüflər ki, kitabın nüsxə sayı o qədər də çox olmadığından, gərəkən insanlarımızın heç də hamısı kitabı əldə edə, yaxud onu oxuya bilməmişdir. 

         Təşkilatdaxili qruplaşma problemi hər zaman, o sıradan indi də öz güncəlliyini (aktuallığını) ortaya qoymaqdadır. Ona görə də, düşünürük ki, problemin bilimsəl yönü ilə bağlı  insanlarımızın siyasi bilgilənməsinə yardım üçün ”Sosiologiyada partiyadaxili qruplaşmalar və AXCP-də ”Yurd” fraksiyası” adlı o kitabdan bir hissəni təkrar oxucuların istifadəsinə təqdim etməmizə ehtiyac var.

                      Müəllif 

         Bioloji və psixo-sosial varlıq olan insan yalnız toplum içərisində, digər insanlarla birgə yaşaya bilər. Birgəyaşayış zərurəti labüdən insanların bir-biri ilə müəyyən münasibətlərdə bulunmasını gərəkdirir. Toplum həyatının siyasi, iqtisadi, sosial-psixoloji, mədəni və s. sahələrini içərən (ehtiva edən) bu münasibətlər nə qədər çeşidli və çoxyönlü olsalar da, adətən, sosioloqlara görə, iki başlıca qütbə bölünür:

         1. toqquşma (latın.conflictus) qütbü;

         2. uzlaşma (latın.consensus) qütbü.

         Qeyd edək ki, geopolitika, politologiya, sosiologiya, sosial psixologiya, siyasət sosiologiyası və s. kimi elm sahələrinin araşdırma obyekti olan insanlararası münasibətlərin toqquşma və uzlaşma qütbləri ilə bağlı çağımızda elmin ayrıca konfliktologiyakonsensologiya sahələri də yaranmışdır.

         Mövzumuzdan irəli gələrək bizi insanlararası münasibətlərinn bütün sahələri yox, əsasən, siyasi sahə və bu sahəyə daxil olan siyasi münasibətlər maraqlandırır. Adətən, siyasi hakimiyyət uğrundakı mübarizənin özəlliklərini əks etdirən siyasi münasibətlər siyasi uzlaşma və siyasi toqquşma qütblərinə bölünər.

         Siyasi uzlaşma uyğun siyasi maraqlara malik insanların məsələlərə baxış birliyi əsasında əmələ gəlir, ortaq məqsədlərə çatmaq, ortaq mənafeyi təmin etmək üçün insanları bir araya gətirib birləşdirir, aralarında yaxınlıq, həmrəylik, birgəlik duyğusu və işbirliyi ruhu yaradır. Möhkəm, yaxud kövrək xarakter daşımasından asılı olaraq uzlaşmanın

         1. birləşmə (tək partiya daxilində qovuşma);

         2. bütövləşmə (blok və ya ittifaq yaratma);

         3. əməkdaşlıq (partiyalar arasında ikiyönlü və ya çoxyönlü işbirliyi)

formalarını fərqləndirə bilərik.               

         Siyasi toqquşma fərqli siyasi maraqlara malik insanların məsələlərə baxış fərqliliyi əsasında əmələ gəlir, insanları mənafe və məqsədlərinə görə ayırıb bölür, aralarında yarış, rəqabət, münaqişə, ziddiyyət, qarşıdurma, konflikt və s. yaradır. Öz xarakterinə görə, siyasi toqquşmanın

         1. yumşaq;

         2. sərt

formaları bir-birindən fərqləndirilir. Yumşaq formaya yarışsağlam rəqabət, sərt formaya isə qeyri-sağlam rəqabətəlbəyaxa dalaşmadan tutmuş müharibəyədək hər cür savaş daxildir.

         Siyasi toqquşma və siyasi uzlaşma bir-birini tamamlayaraq siyasi sistemin bütövlüyünü təmin edir və onun çalışmasında, gəlişməsində enerji verən daxili generator rolu oynayır. İstənilən siyasi sistemdə dəyişik xarakterli siyasi toqquşma və siyasi uzlaşma qütbləri həmişə yanaşı mövcuddur. Prof. A. T. Kışlalının (Türkiyə) fikrincə, ”Açıq, ya da qapalı, yumşaq, ya da sərt toqquşmanın olmadığı yerdə uzlaşmadan söz edilə bilməz. Hər uzlaşma mütləq bir toqquşmanın məhsulu olduğu kimi, hər toqquşma da çox qatı və acımasız bir şəkildə olsa belə, labüdən gələcəkdəki uzlaşmanın toxumlarını daşıyır…

         Hər siyasi sistem, eyni zamanda, bir uzlaşma modeli deməkdir. Uzlaşma yoxsa, sistem də yoxdur…”

         Ayrıntılarına toxunmadan qısaca qeyd edək ki, siyasi sistemin institutlaşdırılmış hissəsi olan siyasi qurumlardan hər biri özlüyündə ayrıca bir sistemdir və məhz siyasi uzlaşma nəticəsində yaranmışdır. Lakin  siyasi toqquşmanın getdikcə sərtləşməsi həmin uzlaşmanı ortadan qaldıra və sistemin mövcud şəklinə ciddi zərbə vura bilər. Nə zamansa növbəti uzlaşma yaransa da, artıq o, sistemin əvvəlki şəkli olmayacaqdır…

Qruplararası siyasi münasibətlər

         Artıq göstərdiyimiz kimi, hakimiyyət uğrundakı mübarizənin özəlliklərini əks etdirən siyasi münasibətlər siyasi uzlaşma və siyasi toqquşma qütblərinə bölünür. Qruplararası müstəvidə bunları ayrı-ayrılıqda gözdən keçirək.

a) Qruplararası siyasi uzlaşma

         Siyasi modernləşmənin – çağdaşlaşmanın dışında qalmış gericil ölkələri çıxmaqla, bütün öncül və gəlişmiş ölkələrdə siyasi partiyalar siyasi sistemin mərkəzi ünsürü hesab edilir. Çünki siyasi çağdaşlaşmanın ən təməl yönü siyasi qatılmadır*             (S. Hantinqton) və toplum üzvlərinin siyasi qatılma imkanı isə, ilk sırada, məhz siyasi partiyalar vasitəsi ilə gerçəkləşə bilir. Ona görə də, insanların siyasiləşməsində –  politizasiyasında siyasi partiyalar çox böyük rol oynamaqdadır.  

         Siyasiləşmiş hər bir insanın bəlli siyasi ehtiyac və maraqları olar ki, bu ehtiyac və maraqlar da onun siyasi məqsədlərinin, hədəflərinin təməlində durar. Lakin insan öz siyasi məqsəd və hədəflərini təkbaşına yox, digər insanlarla birgə həyata keçirə bilər. Buradan da, insanın öz siyasi məqsəd və hədəflərinə uyğun baxışa malik digər insanlarla bir araya gəlməsi – eyni siyasi partiyada birləşməsi zərurəti ortaya çıxır.

         İstənilən partiya bəlli bir siyasi uzlaşma modelidir və öz üzvlərinin böyük çoxluğu arasındakı baxış birliyi əsasında yaranmışdır. Insanları bir araya gətirib siyasi uzlaşma modeli kimi filan partiyanı qurmağa yönəldən də məhz bu baxış birliyidir. Həmin baxış birliyi partiya həyatına aid konkret məsələləri içərir (ehtiva edir). Partiya həyatında mühüm rol oynayan bu konkret uzlaşma məsələlərini iki qrupa ayıra bilərik:

         1. təməl uzlaşma məsələləri;

         2. digər uzlaşma məsələləri;

         Təməl uzlaşma məsələləri siyasi partiyanın başlıca varlıq səbəbidir və partiyanın istər yaranması, istərsə də bir sistem kimi qorunub davam etdirilməsi məhz təməl uzlaşma məsələləri sayəsində mümkündür. Təməl uzlaşma məsələləri ilə bağlı baxış birliyinin yaranması və onun qorunması əslində partiyanın yaranması və qorunması deməkdir.

         Siyasi uzlaşmanın əsas şərti baxış birliyi və bu baxış birliyinə uyğun davranış birliyidir. Müdrik xalqımızın ”Niyyətin hara – mənzilin ora” atalar sözündə bu elmi gerçəklik çox dəqiq surətdə əks olunur...

         Münci Kapaninin (Türkiyə) sözlərini partiya həyatına şamil etsək, sabit və istiqrarlı bir uzlaşmanın mövcudluğu üçün üzvlərin ən azı yüzdə 75 %-i arasında təməl uzləşma məsələlərinə dair baxış birliyi olmalıdır. Əgər uzlaşma səviyyəsi yüzdə 50%-dən bir qədər çox olsa belə, sabit və istiqrarlı bir partiya sistemindən danışmaq mümkün deyil. 

         Təməl uzlaşma məsələlərinə nələr daxildir? Şübhəsiz, burada hər şeydən öncə, məfkurə – ideologiya məsələsi xatırladılmalıdır. Insanın siyasi ehtiyac və maraqları onun siyasi məqsəd və hədəflərini ortaya qoyur.  Siyasi məqsəd və hədəflərin sistemləşərək bəlli fikir, inanc və dəyərlər sisteminə çevrilməsi məfkurəni yaradır. Hansı məfkurənin seçilməsi ilə bağlı baxış birliyi partiya sisteminin təməl uzlaşma məsələləri içərisində çox önəmli və özəl bir yer tutur.

         Təbii ki, sistemli bir məfkurənin yaranmasında, yaxud gəlişdirilməsində, yaxud da sadəcə davam etdirilməsində liderin onun ətrafındakı kadrların böyük payı vardır. Heç də hər insan məfkurə yarada, yaxud da onu gəlişdirə və başqalarına inanc aşılaya, yeni fikirlər, hədəflər və onların həlli yollarını göstərə bilməz. Bu işi lider həyata keçirir və bir kadrın lider ola bilməsi üçün onun insanlara inanc aşılamağı, hədəf göstərməyi, mövcud hədəflərə inamı möhkəmlətməyi və s. bacarması gərəkdir. Qustav le Bon (Fransa) böyük liderlərin başlıca rolunu məhz inanc yaratmaqda görürdü.

         Bəlli bir məfkurəyə inanan insanlar özlərində bu məfkurəyə inanc yaratmış, yaxud mövcud inanclarını daha da möhkəmlətmiş liderin ətrafında birləşərlər. Bu insanların birləşməsində məfkurə amili ilə yanaşı, həm də liderə inam və lider ətrafındakı kadrların fəaliyyəti mühüm rol oynayır. Doğrudur, lider məsələsinə münasibət toplumdan - topluma fərq edər. Çünki hər toplum təkcə sosial-psixoloji özəlliklərinə görə yox, həm də təkraredilməz etnik özəlliklərinə görə seçilən bir etnososial varlıqdır. Örnək üçün, ingilis toplumundan fərqli olaraq, alman və türk toplumlarında lider amili çox ciddi önəm daşıyır (Əhməd bəy Ağaoğlu bunu həm almanların, həm də türklərin tarix boyu cəngavər, hərbçi bir etnos olmasına bağlayırdı). O zaman, mümkündür ki, ingilis (bütövlükdə, anqlo-sakson) zehniyyətinə məxsus partiya sistemləri üçün lider amili təməl məsələlərdən sayılmasın. Lakin həm alman, həm də türk zehniyyətlərinin partiya sistemlərində təməl uzlaşma məsələlərindən biri məhz lider və onun komandası amilidir. Təsadüfi deyil ki, Şah İsmayıl Xətayi buyururdu: Mürşidsiz yollar aşılmaz!

         Bəlli bir məfkurə üzrə və müəyyən bir lider ətrafında birləşmiş insanların bir-biri ilə münasibətlərini (özəlliklə, siyasi münasibətlərini) tənzimləyəcək və onları bir arada tutacaq bir mexanizm gərəkdir. Adətən, siyasi münasibətləri tənzimləyən mexanizm mütləq bəlli bir siyasi qurum (dövlət, partiya və s.) daxilində formalaşar. Insanların siyasi mədəniyyətindən, özəlliklə də siyasi şüurundan asılı olan prinsip və hüquqi normalar üzərində qurulmuş bu mexanizm idarəetmə sistemi, yaxud siyasi rejim adlanır.

         Siyasi rejim mütləq ədalətli olmalı və hər kəs tərəfindən haqlı sayılıb qəbul edilməlidir. Yalnız bu halda bir araya gəlmiş insanların bir-biri ilə siyasi münasibətləri doğru tənzimlənə və onlar arasında sıx uzlaşma yarana, yaxud davam etdirilə bilər. Məhz ona görə də, siyasi rejim və onun başlıca prinsipləri, hüquqi normaları partiya sistemlərində təməl uzlaşma məsələlərindən sayılır. Hətta bir az da irəli getsək, bir çox hallarda üzvün partiyada öz fəaliyyətini davam etdirib-etdirməməsi məfkurə və lider məsələlərindən daha artıq partiyadaxili siyasi rejimdən asılı olur.

         Məhz bu üç məsələ: 1. məfkurə, 2. lider və onun komandası, 3. siyasi rejim amilləri üzrə yaranan baxış birliyi müəyyən siyasi uzlaşma modeli kimi partiya sisteminin varlıq səbəbini təşkil edir. Başqa sözlə, bir partiyanın təməl uzlaşma məsələləri dedikdə məfkurə, liderin başçılıq etdiyi avtoritetlər və siyasi rejim məsələləri anlaşılmalıdır. Sabit və istiqrarlı bir partiya sistemi üçün partiya üzvlərinin ən azı yüzdə 75 %-i məhz bu üç məsələdə baxış birliyinə malik olmalı və uzlaşmalıdır.

         Yeri gəlmişkən, Xalq Cəbhəsi üzvləri içərisində geniş yayılmış “Hədəf bəlli, təşkilat bəlli, lider bəlli!” deyimi məhz göstərdiyimiz üç təməl uzlaşma məsələsini nisbətən obrazlı şəkildə əks etdirməkdədir...

         Adətən, təməl uzlaşma məsələləri ilə bağlı partiya üzvlərinin ən azı yüzdə 75%-i arasında baxış birliyinin əldə olunması partiya qurultayında gerçəkləşər. Qurultayadək özünü lider kimi təsdiqləmiş şəxs, belə biri yoxsa, mövcud kadrlar içərisindən lider ola biləcək başqa birisi partiya sədri seçilər; məfkurə və partiyadaxili siyasi rejim isə qəbul olunan partiya mərəmnamə və nizamnaməsində təsbit edilər.

         Qurultayda təməl uzlaşma məsələləri ilə bağlı baxış birliyi yarandığı kimi, partiya həyatının digər uzlaşma məsələlərinin də ən ümumi əsasları müəyyənləşdirilər və nizamnaməyə salınar. Partiya həyatının digər uzlaşma məsələləri sayca daha çoxdur və günün reallıqlarına uyğun dəyişə biləndir. Buraya partiyanın ölkədaxili və ölkəxarici siyasi xətti, taktiki gedişləri, mübarizə üsulları, təşkilati strukturu, başqa partiyalarla siyasi münasibətləri və s. daxildir.

         Təbii ki, partiya həyatının digər uzlaşma məsələləri ilə bağlı üzvlər arasında baxış birliyi ola biləcəyi kimi, zaman-zaman baxış fərqliliyi də yarana bilər. Ancaq bu baxış fərqliliyi nə qədər ciddi olur-olsun, təməl uzlaşma məsələlərinə təsir göstərmirsə, bir siyasi uzlaşma modeli kimi partiya sistemi üçün elə bir təhlükə törətməz. Sadəcə, baxış fərqliliyinin yaranması artıq partiyadaxili münasibətlərdə siyasi toqquşmanın başlaması deməkdir. Çünki baxış fərqliliyi siyasi toqquşmanın əsas qaynağıdır.

b) Qruplararası siyasi toqquşma

         “Oliqarxiyanın dəmir qanunu”** səbəbinə istənilən (özəlliklə, çoxsaylı üzvlərə malik) partiyada daxili qruplaşmalar yaranır və qruplararası baxış fərqliliyi siyasi toqquşma törədir. Siyasi toqquşmanın əsas qaynağı olan baxış fərqliliyi bir tərəfdən insanın bioloji, digər tərəfdən isə, psixo-sosial özəlliklərindən irəli gəlməkdədir. Fikrimizi açıqlayaq.

         Insanın ruhi aləmi tarazlıqdan yaranan rahatlığa meyllidir. Anadangəlmə instinktiv istəklərin hər hansı biri müəyyən oyadıcı refleks səbəbinə ortaya çıxarkən insanın ruhi aləmində qeyri-tarazlıq yaranır. Tarazlığın pozulması nəticəsində bir fərqliləşmə meydana çıxır və bu fərqliləşmə psixoloji baxımdan bir gərginlik doğurur. Insanı rahatsız edən həmin gərginlik özünün aradan qaldırılması üçün gərək olan ehtiyacı ortaya qoyur. Əgər ehtiyac təmin edilməzsə, onda qeyri-tarazlıq ləğv edilə bilməz və insanın rahatsızlığı artar. Ona görə də, ehtiyacın təmin edilməsi məqsədə çevrilir və insanı davranışa itələyən motiv olur.

         Insanın hər hansı bir partiyaya üzv olma davranışı onun öz ehtiyacını təmin etmək məqsədi ilə bağlıdır. Özü kimi eyni məqsədli, yəni baxış birliyinə malik partiya üzvləri ilə birgə olmaq insanın ruhi aləmində bir tarazlıq yaradır. Lakin bəzilərinin partiya daxilində hamı üçün rahatlıq gətirən baxış biliyinə zidd davranışları bu tarazlığı pozur, müəyyən fərqlilik ortaya çıxır. Fərqliliyin yaranmasında insan fəaliyyətinə yön verib onu bu və ya digər davranışa sövq edən şüuraltı sahədəki instinktiv istəklərin şiddətlilik dərəcəsi mühüm rol oynayır.

         A.H. Maslounun (Amerika) “Ehtiyaclar iyerarxiyası nəzəriyyəsi” nə görə, “...insan davranışlarına təsiri görülən ehtiyaclar iyerarxik bir düzən içində yer alırlar. Bu, bir önəm və güc sıralanmasıdır. Güclü olan istəklər digərlərindən daha əvvəl ortadan qaldırılma imkanına sahibdirlər...ehtiyaclar arasında ən şiddətlisi fərdin diqqətinə hakim olacaq, bunun əvəzində daha az önəmi olan ehtiyaclar isə kiçiləcək, hətta unudulacaqdır”.

         A. H. Maslou şiddətlilik dərəcəsinə görə ehtiyaclar iyerarxiyasını 1. fizioloji;        2. təhlükəsizlik; 3. sosial; 4. sayğı; 5. özünü gerçəkləşdirmə şəklində sıralamış və bu sıranı mütləqləşdirmişdir. Lakin ehtiyaclar iyerarxiyasında sıralanmanın mütləqləşdirilməsi digər araşdırmalarda özünü doğrultmamışdır.

         Siyasi partiya üzvü olan insanlarla bağlı bizim irəli sürdüyümüz “Dəyişkən ehtiyaclar iyerarxiyası” anlayışında ehtiyacların şiddətlilik dərəcəsinə görə sıralanmasının ümumi durumu belədir:

         1. Mənəvi-psixoloji ehtiyaclar (milli, ideoloji, siyasi, dini...hədəflərin təmin olunması istəyi);

         2. Təhlükəsizlik ehtiyacları (təhlükə qarşısında tək qalıb əzilməmək, başqaları ilə birləşib daha güclü olmaq və təhlükəyə qarşı birlikdə durmaq, özünü güvəndə hiss etmək...istəyi);

         3. Mənlik ehtiyacları (sayğı görmək, nüfuz qazanmaq, layiqli bir status sahibi olmaq, hörmət, etibar görmək, təqdir olunmaq, özünü göstərmək, qalib gəlmək, şəxsiyyətə çevrilmək...istəyi);

         4. Sosial ehtiyaclar (yalnızlıqdan qurtulub bir qrupa üzv olmaq, insanlarla münasibət qurmaq, sevinc və kədərlərini paylaşmaq, başqalarından dəstək almaq, başqaları tərəfindən qəbul edilmək...istəyi);

         5. Maddi ehtiyaclar (qazanclı bir iş əldə etmək, iqtisadi baxımdan təmin olunmaq...istəyi).

         Təbii ki, göstərdiyimiz bu iyerarxik sıralanma mütləq xarakter daşımır və həm insandan - insana, həm partiyadaxili qrupdan - qrupa, həm partiyadan - partiyaya, həm də toplumdan - topluma ehtiyacların şiddətlilik və önəmlilik dərəcəsi dəyişdiyinə görə, həmin sıralanma da dəyişə bilir. Məsələn, bu gün (1990-cı illərin ortaları nəzərdə tutulur – A.R.) AXCP üzvlərinin böyük bir çoxluğu üçün mənəvi-psixoloji ehtiyacların (özəlliklə, məfkurənin) önəmlilik dərəcəsi daha yüksəkdir və digər ehtiyacların hamısından öz şiddətliliyinə görə seçilir. Lakin  AXCP-də maddi ehtiyaclara, yaxud mənlik ehtiyacına daha çox önəm verən insanların varlığı da danılmazdır. Bu ikincilər məfkurəni əsas görənləri fanatik sayaraq qəbul etmir və onlar kimi davranmağı bəyənmir, əksinə, onlardan fərqli – özləri demişkən, daha konstruktiv davranmağa üstünlük verirlər.

         Yaxud AXCP üzvlərinin mühüm bir qismi sadəcə öz sosial ahtiyaclarını ödəməyə özəl diqqət yetirdikləri halda, başqa bir qismi də təhlükəsizlik ehtiyaclarını gerçəkləşdirməyi üstün tuturlar. Təbii ki, şiddətlilik səviyyəsi yüksəlmiş hər ehtiyac özünə uyğun davranış ortaya qoyacaq və nəticədə, fərqli davranışlar ortaya çıxacaqdır. Şübhəsiz, davranış fərqi məhz baxış fərqini əks etdirməkdə, bu baxış və davranış fərqi isə partiyadaxili siyasi toqquşmaya yol açmaqdadır.

         Yeri gəlmişkən, partiya daxilində baxış və davranış birliyinin uzun müddət yüzə-yüz eyni ilə qorunması, heç bir fərqliliyin yaranıb siyasi toqquşmaya yol açmaması əksliklərin vəhdəti və mübarizəsi qanuna ziddir. Belə bir durum partiyaya hərəkətlilik gətirən, ona dinamizm verən daxili enerjinin tükənməsi və son nəticədə, partiya sisteminin içəridən çürüyərək məhv olması deməkdir. Yaşama qabiliyyətinə malik bütün partiyalarda daxili siyasi toqquşma olar ki, bu da partiyanı içəridən dinamikləşdirərək onu topluma yönəlik daha canlı, daha enerjili fəaliyyətə sövq edər və apardığı mübarizədə daha da aktivləşdirər.

         Qeyd edək ki, partiyadaxili siyasi toqquşma subyektləri içərisində elita və əks-elita kadrları özəl yer tutur. Əslində, məhz bu kadrlar arasında başlayan toqquşma genışlənib dərinləşdikcə partiyanın tabanasına – sıravi üzvlər içərisinə yayılır və partiyadaxili çıxar qrupları əmələ gətirir. Partiyanın ümumi baxış birliyi içərisində müəyyən fərqə malik olub bir-biri ilə toqquşan çeşidli baxış birliyi qütblərinin və onları əks etdirən qruplaşmaların yaranması daha çox həmin kadrların adı ilə bağlıdır (Maraqlıdır ki, Vilfredo Pareto və Gitano Moska toplum daxilindəki mübarizəni də elita və əks-elita arasında gedən toqquşma sayır).

         İstər partiyalararası siyasi toqquşma, istərsə də partiya daxilində qruplararası siyasi toqquşma xaraktercə yumşaq və sərt olar. Fiziki zoraklılığa dayanmayan yumşaq xarakterli siyasi toqquşma A.T. Kışlalının göstərdiyi kimi, daha çox dörd vasitə ilə aparılır:

         1. pul;

         2. təşkilat;

         3. KİV;

         4. üzvlərin sayı.

         Çoxsaylı üzvlərə malik kütlə partiyasında bu yumşaq toqquşma vasitələrinə daha çox yiyələnən partiyadaxili qrup digər qruplarla müqasiyədə nisbətən güclü olar. Lakin pulu olan, bir qrup kimi partiya daxilində ayrıca daha yaxşı təşkilatlanan və KİV-ə (= Kütləvi informasiya vasitələrinə) yiyələnən qrup***, adətən, üzvlərinin sayını çox da artıra bilməz. Çünki üzvlərinin sayı çox olarsa, o zaman həmin qrup partiyadaxili qrup olmaqdan çıxar və mahiyyətcə, elə partiyanın özünə çevrilər. Daha onun ayrıca təşkilatlanmasına ehtiyac olmaz və partiyanın ümumi baxış birliyindən fərqlənən ayrıca baxış birliyi yarana bilməz. Ona görə də, pulu olub ayrıca yaxşı təşkilatlanmış və KİV-ə yiyələnmiş qrup istəsə də, istəməsə də, üzvlərinin sayına görə azlıqda qalmağa məhkumdur. Özəlliklə, bu qrup çoxsaylı üzvləri olan kütlə partiyası daxilində siyasi iqtidara yiyələnmişsə, o zaman qapalı idarəedici qrupa çevrilmələri**** və siyasi qatılmanı məhdudlaşdırma xətti yürütmələri ehtimalı daha yüksək olur. Həmin ehtimalın tam gerçəkləşməsi halında çoxsaylı üzvlərə malik kütlə partiyası kiçilərək azsaylı üzvləri olan kadr partiyasına çevrilər (daha doğrusu, qapalı idarəedici qrupun bir ovuc kadrından ibarət kiçik bir partiya yaranar).

         Çoxsaylı üzvləri olan kütlə partiyası daxilindəki əks qruplaşmaların siyasi toqquşmada ən böyük silahı məhz sayla bağlıdır. Pulsuz, ayrıca tam yaxşı təşkilatlanmamış və geniş surətdə KİV-ə yiyələnə bilməmiş (pulsuzluqdan) bu əks qruplaşmalar partiya daxilində pozulan tarazlığı daha çox say üstünlüyü səbəbinə bərpa edə bilərlər. Unutmayaq ki, demokratiyadan danışan bir partiyada həlledici mübarizə yolu seçkidir və hər bir üzvün də səsvermə hüququ vardır. Lakin bunun  üçün partiya üzvləri mütləq bilgiləndirilməli və siyasi toqquşmanın gerçək mahiyyəti, toqquşma subyektlərinin pərdəarxası qrup mənafeələri və s. Ilə bağlı onlarda aydın, dəqiq, hərtərəfli təsəvvür yaradılmalıdır (buna sosiologiyada bilincləndirmə “şüurlandırma” deyilir). Əks qruplaşmalar tərəfndən bilgiləndirilmiş və bilincləndiririlmiş çoxsaylı partiya üzvləri ayağa qalxıb daha güclü bir təşkilatlanmaya yiyələnərək, daha doğrusu, bütövlükdə partiya təşkilatını hərəkətə gətirərək öz sözlərini deyir və bununla da, pozulmuş partiyadaxili tarazlıq təmin edilmiş olur. Deməli, KİV-ə yiyələnmiş pullu və təşkilatlı məhdud qrupa qarşı dura bilmənin ən optimal yolu ümumpartiya təşkilatını hərəkətə gətirmək və çoxsaylı partiya üzvlərini aktivləşdirməkdən keçir. Bu işi görmüş hər hansı bir partiyadaxili qrup partiya ilə bütünləşir və mahiyyətcə, partiyadaxili sosial iqtidara yiyələnir. Sosial iqtidara yiyələnmiş qrupun isə siyasi iqtidara gəlmə şansı daha artıqdır (Eyni fikir xalqla bütünləşmiş partiyaya da aiddir).

         Qeyd edək ki, yumşaq toqquşma kəskinləşdikcə qruplararası təbliğat, təşviqat və əks-təbliğat məsələlərinə psixoloji savaşın şayiə, dedi-qodu, şantaj, böhtan, iftira, təxribat, bölücülülük və s. ünsürləri də əlavə olunur. Nəticədə, sərt toqquşma üçün addım-addım şərait hazırlanır.

         Fiziki zorakılığa dayanan sərt xarakterli siyasi toqquşmaya əlbəyaxa dalaşmadan tutmuş silahlı vuruşmayadək hər cür savaş vasitələri daxildir. Lakin sərt siyasi toqquşma hər zaman baş verməz və o, daha çox partiyadaxili siyasi toqquşma obyektindən asılı olaraq ortaya çıxar. Araşdırıcılara görə, rejimiçi siyasi toqquşma ilə rejimə yönəlik siyasi toqquşma bir-birindən fərqləndirilməlidir.

         Partiya sisteminin sabitliyi və istiqrarlılığı partiyadaxili güclər nisbətinin idarəetmədə necə əks olumasına bağlıdır. Unutmayaq ki, partiyadaxili güclər nisbəti dəyişkəndir və bu gün üstün olan bir güc sabah zəifləyə, yaxud əksinə, bu gün zəif görünən sabah güclənə bilər. A.T. Kışlalının yazdığı kimi, siyasi iqtidarın dəyişilməsi və ya ona təsir göstərilməsi  güclər nisbətinə uyğun olmalıdır. Çünki ən güclünün təmsilçiləri siyasi iqtidarda olursa, həm nüfuz boşluğu yaranmır, həm də rejimin legitimliyi (məşruluğu) qorunur və buna görə də, sistemdə sabitlik, istiqrar pozulmur.

         Təbii ki, bu durumda siyasi toqquşma ortadan qalxmayacaq, sadəcə, rejimiçi müstəvidə cərəyan edəcəkdir. Rejimiçi siyasi toqquşma partiya həyatının digər uzlaşma məsələləri (hətta bəzən təməl uzlaşmanın məfkurə və lider məsələləri) üzərində özünü göstərir. Bu zaman partiya daxilində çeşidli çıxar qrupları, fraksiyalar yaranar, lakin siyasi toqquşma yumşaq xarakterdən çox da uzaqlaşmaz. Doğrudur, bu yumşaq toqquşma şəraitdən irəli gələrək (özəlliklə, təməl uzlaşma məsələlərinə aiddirsə), zaman-zaman kəskinləşə də bilər. Həmin kəskinləşmə ayrı-ayrı şəxslərin, hətta bəzi kiçik qruplaşmaların partiyadan ayrılması ilə sonuclansa belə, o sonuc partiya sisteminin sabitliyinə, istiqrarlılığına, bütövlüyünə ciddi zərbə sayılmır.

         Zaman keçdikcə siyasi iqtidarda olan güc öz nüfuzunu itirir və əks qruplaşmalar güclənərək partiyadaxili ən böyük gücə çevrilirsə, bu yeni üstün güc labüdən siyasi iqtidarda təmsil olunmalı, yaxud ona təsir göstərə bilməlidir. Əgər partiyadaxili siyasi rejim buna müsaiddirsə, o zaman siyasi toqquşmanın rejimiçi müstəvisi dəyişməyəcək və partiya sisteminin istiqrarı qorunacaqdır. Yox, əgər partiyadaxili siyasi rejim buna müsaid deyilsə və siyasi iqtidar – idarəedici qrup qapalı bir idarəetmə sistemi yaradaraq öz qruplaşmasından olmayan bir kimsəni yaxına buraxmamaq üçün ciddi cəhdlə çalışırsa, o zaman rejimə yönəlik siyasi toqquşma meydana çıxacaqdır. Artıq təməl uzlaşmanın siyasi rejim məsələsi gündəliyə gəlmiş və partiya rejiminə yönəlik toqquşma başlamışdır. Bu toqquşma yumşaq xarakterdə başlasa belə, qısa müddətdə kəskinləşər və çox keçmədən, sərt toqquşmaya çevrilər. Başqa sözlə, rejimiçi toqquşmadan fərqli olaraq, rejimə yönəlik siyasi toqquşmanın sərtləşmə ehtimalı daha böyükdür. Çünki rejimə yönəlik siyasi toqquşmada partiya sisteminin sabitliyi, istiqrarı pozulur və onun bütövlüyü təhlükə altına düşmüş olur.

         Siyasi toqquşmanın istər rejimiçi müstəvisində, istərsə də rejimə yönəlik müstəvisində təməl uzlaşma məsələlərinin toqquşma obyektinə çevrilməsi partiya sistemi üçün ciddi nəticələr doğura bilər. Belə ki, məfkurə məsələsinin (və onunla sıx bağlı lider məsələsinin) toqquşma obyekti olması partiyadaxili çıxar qruplaşmalarını daha köklü və daha dərin bir qruplaşmaya – fraksiyaçılığa yönəldəcəkdir. Həmçinin siyasi rejim məsələsinin toqquşma obyekti olması da labüdən partiya sisteminin sabitliyini pozacaq və fraksiyaçılığı dərinləşdirəcəkdir.

         Fraksiyaçılığın yaranması ilə partiya sistemində təməl uzlaşma (konsensus) ortadan qalxır və pozuşma (dissensus) yaranır, pozuşmanın getdikcə dərinləşməsi səbəbinə toqquşan tərəflər bir-birindən daha çox təcrid edilir, bir-birinə yadlaşmağa başlayır və siyasi toqquşma sərtləşir. Nəticədə, siyasi münasibətlərin toqquşma qütbü üstünlük qazanıb önə çıxır. Faktlar göstərir ki, partiya daxilində siyasi toqquşmanın siyasi uzlaşmanı üstələdiyi zaman partiya sisteminin mövcud şəkildə qorunub yaşadılması sual altına düşür. AXCP-nin tarixi məhz bu gerçəkliyi bariz şəkildə əks etdirməkdədir.



* Sosioloqlara görə, siyasi qatılma – siyasi yaşamın əsas anlayışlarından biri olub, siyasi sürəcləri izləmə marağından tutmuş siyasi sürəclərə yönəlik bilgi əldə etmə, bəlli bir siyasi davranışda bulunma və siyasi qərarların alınmasına birbaşa təsir göstərməyədək uzanan geniş bir fəaliyyətlər bütünüdür.

** Siyasət sosiologiyasının qurucularından olan alman sosioloqu Robert Mixels hələ 1911-ci ildə aydınlaşdırdı ki, çoxsaylı üzvləri olan partiyalarda əksəriyyətin siyasi qərarvermə sürəcinə birbaşa qatılması imkansızdır. Ona görə də, partiyada labüdən iyerarxik struktur yaranır və bu iyerarxik strukturda getdikcə üst qatla aşağı qatlar arasında bir uçurum ortaya çıxır. Uçurumun bir yanında partiyanın siyasi qərarvermə sürəcinə qatılmaqdan məhrum olmuş idarəedilən çoxluq, o biri yanında isə hər şeyi öz hökmü altına alan, yaxud almağa çalışan bürokratik azlıq – partiya oliqarxiyası durur. Adətən, partiya oliqarxiyası partiyada öz hakimiyyətini daim qorumağa çalışar, bunun üçün də yuxarıdan aşağı yalnız özlərinə sədaqətli şəxslərdən ibarət bir daxili qruplaşma yaradar və bu qruplaşmaya daxil olan üzvlər bir-birləri ilə ayrıca uzlaşaraq partiyanın digər üzvlərini, özəlliklə “fərqli” kadrları siyasi qərarvermə sürəcinə yaxın buraxmamağa çalışar. R.Mixels bu sürəci partiyaların çoxunda müşahidə etmiş və onu “Oliqarxiyanın dəmir qanunu” adlandırmışdır.      

*** Sosiologiyada hər yığva (dəstə) qrup sayılmaz. Bir yığvanın qrup sayılması üçün bəlirli şərtlər var ki, onlardan aşağıdakıları göstərə bilərik: yığva üzvləri arasında 1. ortaq məqsəd və hədəflər olmalıdır;          2. dayanışma və qarşılıqlı təsir olmalıdır; 3. qrup mənsubluğu şüuru özünü göstərməlidir; 4. ortaq norma, dəyər və standartlar olmalıdır; 5. özümlü iyerarxik quruluş olmalıdır vb. 

**** İstər dövlət, istərsə də partiya siyasi sistemin institutlaşmış ayrı-ayrı qurumlarıdır.Dövlətdə siyasi iqtidar hökumət adlanırsa, partiyada siyasi iqtidara idarəedici qrup adı verilir.Öz xarakterinə görə, idarəedici qrup açıq və qapalı idarəedici qruplara bölünər. Qısaca vurğulayaq ki, açıq idarəedici qrupda kadrların idarəediciliyə cəlbi daha çox “Hər kəsə qabiliyyətinə görə!” ilkəsi (prinsipi) üzrə həyata keçirilər, qapalı idarəedici qrupda isə daha çox “Şəxsi sədaqətinə görə!” ilkəsi əsas götürülər və partiya üzvü olan bir insanın kadr kimi dəyərləndirilməsində onun biliyi, bacarığı, qabiliyyəti yox, yuxarıdakılara şəxsi sədaqəti başlıca meyar olar. Bununla da partiyanın bir sıra qabiliyyətli kadrları idarəediciliyə yaxın buraxılmaz və partiyada siyasi qərarların verilməsinə onların qatılma imkanları məhdudlaşdırılar.