Moskvadakı diasporumuzun fərsiz «milliliyi»

 

TEYMUR HÜSEYNLİ

 

Moskva şəhəri

 

    Tarix qəhrəmanları yaradır deyirdilər. Mən Moskvada şahidi olduğum bir hadisədən sonra bunun əksini düşünməyə başladım - sən demə, qəhrəmanlar tarixi yaradırmış. Mayın 1-də Moskvada Rusiya Xalqlar Dostluğu Universitetində təşkil olunmuş bayram şənliyində ermənilərin təhriki ilə bir neçə il əvvəl Macarıstanda Ramil Səfərovun başına gələnlərə bənzər bir hadisə baş verdi. Qürbətdə yaşayan qeyrətli həmvətənimiz Ağəli Alışov universitetdə düzənlənmiş tədbirdə qondarma «Dağlıq Qarabağ Respublikası» «bayrağı»nı qaldırmalarına etiraz olaraq bir neçə dığanı yaxşıca əzişdirdi.

Ağəliyə əllə güc gələ bilməyəcəyini anlayan düşmənlərimizdən biri tapançadan atəş açaraq onu yaraladı. Ağəli qanı bahasına da olsa, onlarla dövlətin nümayəndəsinin iştirak etdiyi tədbirdə, minlərlə insanın gözü qarşısında qondarma «bayrağ»ın yığışdırılmasına nail oldu, əsl qəhrəman kimi millətin şərəf və namusunu qorudu.

Ağəli bir əsgər kimi bizim hər birimizin üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirdi. Ağəli bu hərəkəti ilə,- eynilə Ramil Səfərov kimi,- hər bir azərbaycanlıya nümunə oldu.

Moskvadakı Azərbaycan diasporu üçün bu olay bir imtahan oldu. Ayrıca demək istəyirəm ki, Moskvada yaşayan sadə azərbaycanlılar bu sınaqdan alnıaçıq, üzüağ çıxdılar. Ağəlinin müalicə aldığı Moskvadakı 64 saylı xəstəxana soydaşlarımızın ziyarət yerinə çevrilmişdi, hər gün onlarla vətəndaşımız ona baş çəkməyə gəlir, bununla özlərinin milli həmrəyliyini ifadə edirdilər.

Mən Ağəlini ona görə qəhrəman adlandırıram ki, Ramil Səfərov necə qürbətdə özünün ömürlük həbsi bahasına milli şərəf nümunəsi göstərmişdisə, o da eyni şücaəti sərgiləmiş, ermənilərin sayca üstün olduğu bir ortamda düşmənə təkbaşına müqavimət göstərmiş və istədiyinə də nail olmuşdu. Məncə, bu, əsl qəhrəmanlıqdır.

Yəqin çoxunun xatirindədir, Ramil Səfərov olayının qızğın vaxtlarında, Budapeştdə məhkəmə çəkişmələrinin getdiyi bir vaxtda Bakıda təşkil olunmuş dünya azərbaycanlılarının qurultayında maraqlı, eyni zamanda utandırıcı bir hadisə baş verdi. Dövlətin pulu ilə Macarıstandan qurultaya dəvətli olaraq təşrif gətirmiş diaspor nümayəndəsi Ramil Səfərovun kimliyindən xəbərsiz olduğunu demişdi. “Ramil Səfərov kimdir?” deyə jurnalistin sualına sualla cavab vermişdi, onun dünyaya səs salan bu hadisə barədə məlumatsız olması ortaya çıxmışdı. Bu kiçik epizod Azərbaycan rəsmi diaspor nümayəndələrinin iç üzünü göstərir. Ramil Səfərovu müdafiə edə bilməməyimizin, onun ömürlük həbs cəzası almasının səbəblərini də, əziz oxucular, elə bu kiçik epizodda axtarmalıyıq.

Hələ bu yaxınlarda Rusiyada nəşr olunmuş “Böyük Rusiya Ensiklopediyası”nda Dağlıq Qarabağın müstəqil respublika kimi göstərilməsinin səbəbi də uzaqlarda deyil.

Əlbəttə, Ağəli varlı-karlı adam deyil. Rusiyadakı xəstəxana xərclərinin nə qədər ağır olmasını da özünüz təsəvvür edə bilərsiniz. Pulsuzluq üzündən Ağəlini ümumi şöbədə yerləşdirmişdilər, özündən başqa burada daha 4 xəstə müalicə olunurdu. Başqa mərtəbədəki ikinəfərlik palatanın həftəlik qiyməti 500-600 dollar olsa da, bizim şanlı Moskva diasporumuz bu pulu tapmaqda acizlik çəkirdi. Diaspor liderliyinə iddialı birisinin Ağəliyə yardımı sizcə, nə qədər olsa yaxşıdır? Cəmi 230 dollar.

Nəzərinizə çatdırım ki, həmin xəstəxananın baş həkimi və Ağəlini müalicə edən həkimlərdən biri də erməni idi. İki gün əvvəl Ağəlini ziyarətə getdiyim zaman rəsmi diaspor nümayəndələrindən onu kimlərin yoluxduğunu və nə qədər maddi yardım göstərildiyini soruşdum. Məlum oldu ki, zəng edib nəyə ehtiyacı olduğunu soruşan çox olub, ancaq 230 dollardan ziyadə yardım göstərən bir kimsə olmayıb.

Onu da deyim ki, Ağəli Moskvada professional boksla məşğul olur, qazandığı az məbləğdə maaşla həm öz başını saxlayır, həm də vətəndəki ailəsini - valideynlərini dolandırır. Bu hadisədən sonar Ağəli öz sponsorundan da məhrum oldu, əlavə aldığı 600 dollar məbləğdə müavinəti də artıq ona verməyəcəklər. Durum böylədir. Milli şərəfimizin müdafiəçisi Ağəli Alışov ciddi sıxıntı içindədir. Diaspor nümayəndəliklərindən isə ona zəng vurub kefini xəbər almaqla kifayətlənirlər. Axı o, sıradan birisi deyil, bütün millətin iftixarıdır, əsl qəhrəmandır. Ona məşqləri davam etdirmək lazımdır. Ağəli beynəlxalq səviyyəli boksçudur.

Bir də axı müharibə hələ sona çatmayıb…