Bildiri
şDəyərli soydaşlar!
2006-cı il May (Xordad) hərəkatının birinci ildönümü tamam olur. Bir il bundan qabaq millətimizin şərəfli övladları öz tökülən qanları ilə Azərbaycanın güneyində milli tariximizin yeni bir qutsal səhifəsini yazdı. Bu qutsal səhifəni yalnız bir karikaturaya cavab kimi qələmə vermək onun mahiyyətini doğru-düzgün açıqlaya bilməz. May (Xordad) hərəkatının başladığı gün fars şovinizminin on illər boyu dövlət səviyyəsində yürütdüyü üzdəniraq antitürk siyasətin iflasa uğraması və Azərbaycan türklüyünün öz milli kimliyinə sahib çıxaraq var səsi ilə Haray, haray, mən Türkəm! deyə hayqırdığı əzəmətli bir gündür. Bu gün Azərbaycan türklüyünün öz türklüyü ilə qurur duyduğu və açıq, uca səslə fars şovinizminə Türk dili ölən deyil, fars dilinə dönən deyil! deyə xəbərdarlıq etdiyi möhtəşəm bir gündür. Bu gün əlli milyonluq Azərbaycan türklüyünün yüksəlişə yönəldiyi ulu bir gün qutsal türklük bayramı günüdür.
Ürəyində Azərbaycan sevgisi olan hər bir insanımızın şərəf borcudur ki, bu ulu günü ortaya qoyanları qürurla anıb şəhidlərimiz önündə baş əysin. Harada yaşamağımızdan asılı olmayaraq, Azərbaycan türklüyünün bu qutsal türklük bayramı gününə dəyər verməli, ona millət səviyyəsində sahib çıxmalı və Azərbaycan gerçəkliklərini dünyaya duyurmaq üçün bu qutsal günü hər il dünya üzrə qeyd etməliyik.
Dəyərli soydaşlar!
Biz Azərbaycan Xəzər Yanar Dərnəyi (Norveç, Oslo) əlli milyonluq Azərbaycan türklüyünü bu qutsal türklük bayramı günü münasibətilə təbrik edir və bildiririk ki, 26 may 2007-ci il tarixdə saat 14.00-dan 17.00-dək Oslo şəhərində Norveç Milli Məclisi qarşısında May (Xordad) hərəkatının birinci ildönümünə həsr edilmiş sərgi keçiriləcək və Norveç rəsmi məqamlarına məktub təqdim ediləcəkdir.
Dəyərli soydaşlar! Güney Azərbaycan gerçəkliyini həm Norveç rəsmilərinə, həm də Norveç toplumuna duyurmaqda hamımızın aktiv iştirakı üçün Sizi bu sərgiyə dəvət edirik.
Azərbaycan Xəzər Yanar Dərnəyi
Norveç, Oslo 19 may 2007.