İlahi Öpüş və ya Söz Azadlığı

Abbas Atilay

Demokratiyanın Medikratiya terminiylə əvəzləndiyi Qərb ölkələrindən Azərbaycana baxanda içərisi siqaretin boz tüstüsüylə dolu bir otaq görsənir. Otağın tən ortasında stulda oturmuş qoca bir kişi, əlində təsbeh, gözü harasa dikilib, dərin xəyala gedib - bəlkə də xəyalsızlğa. Divardakı İrəvan istehsalı divar saatı dingildəyir, qoca - kardır deyəsən - eşitmir. Otaqda ölümcül bir sükut, saatın əqrəbləri dayanmır, saat dingiltisi əcəlin ayaq səsləridir. Qoca mürgüləyir - bəlkədə ölüb...

İnqilabi gənclik enerjim olsaydı "68, may" fransız solçu tələbələrinin fəaliyyətini bir-bir olduğu kimi, heç bir koorrektə etmədən yaşamağa çalışardım. Media nəzəriyyəçilərinin ahıl çağında dərk etdikləri "Medianı idarə edən cəmiyyəti idarə edər" prinsipinin həqiqiliyini bu devrimçi gənclər 20-25 yaşlarında dərk etdilər. Qəzetçiliyi öz layından çıxarıb istədikləri formaya salmaqla 68-ci ilin mayında medianı güc strukturuna çevirib qaranlıq, boz tüstülü otaqda tənha dayanıb əcəlini gözləyən təfəkkürə qarşı yönəltdilər. Onlar inqilabi dalğanı gənclərə çatdırmaq üçün yalnız dövlət nəzarətindən çıxa bilməyən qəzet və jurnallardan deyil, divar yazılarından, divar qəzetlərindən, afişalar, karikaturala, fəhlələrə ünvanlanan bülletenlərdən, bildirişlərdən, hətta qaçaq radiodan da səmərəli istifadə edirdilər.

“68,May” hərəkatı əsasən fransız gənclərinin məhsulu olsa da 60-cı illər də ABŞ-da insanların ədalət və bərabərlik mübarizəsinin, Afrikada millətlərin azadlıq və müsteqillik uğrunda çarpışmalarının, Şərqi-Avropalıların Moskvaya yaşatdıqları “Praqa baharı”-nın məntiqi nəticəsi idi. Belə bir şərait yeni fikirlərin səpilib cücərdilməsinə, yayılıb genişlənməsinə əlverişli olan bir azad dünya yaratdığı üçün onlar həm o zaman, həm də ondan sonrakı 38 il ərzində media sahəsində əhəmiyyətli uğurlar qazandılar. Bu qrupu təmsil edən gənclərin çıxardıqları “Liberation” bir çox uğurlar qazanaraq bu günün Fransasında ən nüfuzlu 2-ci qəzetdir (“La Monde”-dən sonra).

Sonralar bu dalğa Fransanın hüdudlarını aşaraq ABŞ-da “Village Voice”, Ispaniyada “El Pais”, Italiyada “La Republica ”-nı çıxarmağa nail oldu. Bir güclü tufan kimi “68,May” şərqə, xüsusilə da Azərbaycana heç cür yaxınlaşa bilmədi və hal-hazırda da aradakı bu məsafə çox böyükdür. Çünki, şərq cəmiyyətlərində, eləcə də ölkəmizdə toplumun mentalitet adı altında sahib olduğu dəyərlərlə, yeni çağın oyanışından çəkinən avtoritar-bürokratik hakimiyyətlərin həyata keçirdikləri siyasətin dərin harmoniyası mövcuddur.

Bizim cəmiyyətdə fərqli düşünmənin hardasa “ayıb” sayıldığı, hamı tərəfindən qeyd-şərtsiz qəbul olunan və tabulaşmış kultlara qarşı müxalifətçilik etmənin pozuculuq və "mənəvi terrorçuluq" olaraq qiymətləndirildiyi bir ölkədə səmərəli fikir alış-verişi və “informasiya əldə etmək azadlığı” “0” nöqtəsində dayanmaqdadır.

Devrimçi gənc yazaraların neşr etdirdiyi “Alatoran” jurnalına, onlardan bir az loyal gənclərin cıxardıqları “Alma” qəzetinə Azerbaycanın yaşlı nəslinin və yaşlı təfəkkürlü, dinamizmdən məhrum insanlarının qeyr-adi “məhəbbəti” yuxarıda qeyd olunan abzasa bariz nümunədir. Bu faktlara baxanda asanlıqla demək olar ki, “Azad düşünmək”, “Azad danışmaq”, “Azad informasiya əldə etmək” azadlığına bizim cəmiyyətdə qoyulan qadağa avtoritar rejimin qanlı qadağasından daha qəddar və daha acımasızdır.

Bergen şəhərində fəlsəfə təhsili alan dostum Reginaya "Ölkəndə Kral olmaq istəyirsən, ya media maqnantı?" deyə sual verəndə mənim üçün yeni bir fikir dedi: "Normal cəmiyyətdə media maqnantı olmaq güc strukturlarına, geniş oxucu ordusuna sahibsən demekdir. Bu ordu cəmiyyətin "parazit"i deyil, əksinə könüllü arxadaşdılar"

Oslo şəhərində eyni adlı aylıq jurnal dərc olunur. Bələdiyyə büdcəsindən ayrılan vəsait kar etmədiyindən onun oxucuları insanların sıx istifadə etdiyi yerlərdə, metro, ovtobus dayanacaqlarında, stadionlarda, bir sözlə hər yerdə bu məcmuəni könüllü satırlar, "satırlar" demək çətindir, insanlara dil tökərək jurnalı aldırır, səslərini yaşadırlar. Əgər təsəvvür etsəniz ki bu mətbu orqan Norveç cəmiyyətində az təminatlıların, üzürlülərin, narkomanların, bomjların dərd-sərini gün işığına çıxarır, indi fikirləşin həmin təbəqənin jurnalın yaşaması üçün göstərdiyi zəhmət sizcə inqilabdır, ya yox?

Fransiz gəncləri üçün media idarəçilik aparatından əlavə həm də namus-qeyrət idi. Keçənlərdə yazmışdım bu misalı: İki sevgili həmin illərdə Eyfel qülləsinə çıxır. Polisin güclü nəzarətini üzərlərinə çəkməmək üçün başlayırlar öpüşməyə. Polisin fikirlərini yayındırdıqdan sonra anında Eyfelden bir plakat asırlar. Sonradan heç nə olmamış kimi yenidən sevişirlər. Plakatın üstünü isə özünüz oxuyun: "Polisin mediaya nəzarəti evimizə və sevgimizə nəzarətdir".

Bizi normal cəmiyyətdən ayıran məsafə işıq surətiylə ölçülür. Bəli, nə vaxta qədər ki biz namus-qeyrəti, şərəf-heysiyatı fərdin düşüncəsinə maneəsiz təsir edən amillərdə deyil, qadının bəkarətində, örpəyində, anti-freeloveda görəcəyik həmişə də modern dəyərlərə həsrətlə baxıb siqaretin boz tüstüsü içində qaranlıq otaqda saatın dingiltisini - əcəlin ayaq səsini sayacağıq.

Diqqət: Bakıda bir-birini sevən 2 sevgili var - CASPER və DEMON. Eşitdiyimizə görə bu sevgililər maraqlı bir aksiya keçirib diqqəti Azərbaycanda beşiyindəcə həbs edilmiş qazetçiliyin, medianın problemlərinə yönəltməyə çalışacaqlar. Deməli onlar Qız Qalasına qalxıb öpüşəcək, əllərinə düşən ilk fürsətdə Qaladan Bakı Bulvarına açılan mənzərəyə böyük plakat yapışdıracaqlar. Plakatdakı söz çox sadədir: "Oyanın insanlar, Namus ("azad söz") əldən gedir". Sonra yenidən öpüşəcəklər, yenidən öpüşəcəklər, həmişə öpüşəcəklər...

abbasatilay@yahoo.com   Norway / OSLO