DEMOKRATİK DÜNYA AZƏRBAYCANLILARI KONQRESİNİN

MARTIN 26-da BMT-nin İNSAN HAQLARI ŞURASINDA KEÇİRİLƏN TOPLANTIDA AZƏRBAYCAN  HAKİMİYYƏTNİN TUTDUĞU MÖVQEYİNƏ ETİRAZ

 

B Ə Y A N A T I

Məlum olduğu kimi martın 26-da BMT-nin İnsan Haqları Şurasında keçirilən toplantısında şura  İran və Özbəkistanda insan hüquqlarının pozulmasına dair araşdırmanı dayandırmaq haqda qərar verib.  

Bu təklifin təşəbbüskarları və dəstəkciləri icərisində Azərbaycan Respublikasının da olması dünya azərbaycanlılarının haqlı narazılığına səbəb olmuşdur.

Biz tarixi faciə nəticəsində iki yüz ilə yaxın bir müddətdə ikiyə bölünərək farsların və rusların əsarəti altında yaşamağa məhkum olunsaq da bir millətik. İkiyə bölünmüş vətənimizin güneyində və quzeyində yaşayan millətimizin dərdləri, faciələri də hamımız üçün eynidir. Fəxr ediləsi haldır ki, millətimiz ayrılmağa məhkum edildiyi gündən bir an belə dayanmadan birləşmək uğrunda milli mübarizə aparır.

Bu mübarizənin nəticəsi olaraq, Azərbaycanın quzeyi müstəqilliyinə qovuşduğundan, hələ də, fars molla rejininin əsarətində yaşayan və heç bir insani haqlara malik olmayan, türk olduqları üçün dili, mədəniyəti, mənəviyyatı, tarixi təhqirlərə məruz qalan soydaşlarımızın yeganə ümid yeri məhz Azərbaycan Respublikasıdır. Elə buna görə də, 35 milyonluq Güney azərbaycanlılar Azərbaycan dövlətçiliyinin yaşaması üçün əllərindən gələni edir və beynəlxalq təşkilatlarda onların haqlarını müdafiə edəcək bir dövlətin dayaqlarının möhkəmlənməsinə çalışır.

Lakin bütün gözlənilənlərin əksinə olaraq, Azərbaycan Respublikası hakimiyyətinin fars sovinizminin şəriki kimi çıxış etməklə molla rejiminin soydaşlarımıza qarşı cinayətlərini dəstəkləməsi bizdə təəccüb doğurur.   Hakimiyyətin kimin əlində olmasından asılı olmayaraq biz bir millət olduğumuzu unutmamalıyıq.

Çünki hələ də orta əsr qanunları ilə idarə olunan İran İslam dövlətində haqlarını tələb edən milyonlarla soydaşımızın qanı hələ də məhz Azərbaycan türkü olduğu üçün axıdılır, səbəbsiz təzyiq və təqiblərə, həbslərə məruz qalır. Bütün insani, bəşəri hüquqlardan mərum olan soydaşlarımızın yeganə güvənc yeri Azərbaycan dövləti olduğu halda ona birinci zərbənin ozümüzdən gəlməsi, soydaşlarımızın haqq səslərinin batırılması, bizim ücün daha dəhşətli faciədir.

Ötən ilin noyabr və dekabr aylarında da Azərbaycan İranda insan haqlarının pozulmasıyla bağlı Avropa Parlamentində kecirilən səsvermədə İran dövlətinin xeyrinə səs vermişdi. Bu biabırcılığın növbəti dəfə təkrarlanması onu göstərir ki, Azərbaycan iqtidarı öz millətinin haqlarını qorumaq marağında deyil.   

Biz, diasporumuzun təşkilatlanmasını və onların Azərbaycan problemlərinin həlli istiqamətində mubarizəyə cəlb olunmasını qarşısına məqsəd qoymuş bir təşkilat olaraq soydaşlarımıza qarşı saygısızlığı soyuqqalnıqla müşahidə edə bilmərik.   

Demokratik Dünya Azərbaycanlıları Konqresi olaraq Azərbaycan hakimiyyətindən millətinə qarşı biganəlikdən əl çəkməyə və millətimizin taleyində ciddi əhəmiyyət kəsb edən məsələlərdə qətiyətli olmağa çağırırıq.  

 

DEMOKRATİK DÜNYA AZƏRBAYCANLILARI KONQRESİNİN

İDARƏ HEYƏTİ

Demokratik Dünya Azərbaycanlıları Konqresinin

BMT  Insan Haqları Şurasının 26 mart tarixli qərarına etiraz

                                          B Ə Y A N A T I  

Məlum olduğu kimi martın 26-da BMT-nin İnsan Haqları Şurasında keçirilən toplantısında şura  İran və Özbəkistanda insan hüquqlarının pozulmasına dair araşdırmanı dayandırmaq qərarı verib.  Belə bir qərarın məhz BMT İnsan Haqları Şurası tərəfindən verilməsi bütün beynəlxalq insan haqları təşkilatlarında təəccüb və təəssüf doğurur, biz azərbaycanlılar isə bunu anlaşılmazlıq hesab edərək izahat vermıyinizi xahiş edirik .

Hələ, ötən ilin noyabr və dekabr aylarında BMT Baş Assambleyasının İranda insan haqlarının pozulmasıyla bağlı qəbul etdiyi qətnamələrin mürəkkəbi qurumamış birdən-birə BMT tərkibində fəaliyyət göstərən başqa bir qurum tərəfindən İranda insan haqlarının pozulmasına dair araşdırmanı dayandırması qərarı istər-istəməz müəyyən şübhələr və suallar yaradıb. 

Biz,  Demokratik Dünya Azərbaycanlıları Konqresi adından, beynəlxalq təşkilatların monitorinq qruplarının siyahılarında ölkələrində insan haqlarının pozulduğuna görə öndə gedən, bəşəri dəyərlərin tapdalandığı bu dövlətlərin insan haqlarıyla bağlı hər hansı bir qərar çıxarmasının məntiqsizlik hesab edirik. Xatırladaq ki, bu qərarların çıxarılmasında insan haqları ən çox tapdalanan Azərbaycan Respublikası, Banqladeş və Zimbabve kimi ölkələrin adları öndə gedir. Belə bir məsul işin bu kimi ölkələrin ixtiyarına verilməsi BMT kimi bir təşkilatın nüfuzuna xələl gətirir, onun verdiyi qərarların ciddililiyini şübhə altına alır.

Hesab edirik ki, BMT məsulları çıxarılan qərarla bağlı insan haqlari ilə məşğul olan beynəlxalq təşkilatların, nüfuzlu şəxslərin açıqlamalarına ciddi yanaşmalı, bu qərarın çıxarılmasından təəssüflərini bildirməkdənsə, baş verən haqsızlığın qarşısının alınmasına çalışmalıdırlar.

Biz,  BMT  İnsan Haqları Şurasını onun nəzdində fəaliyyət göstərən komissiyanın çıxardığı məlum qərara bir daha qiymət verib bu haqsızlığa  dəstək olmaqdan əl çəkməsini və İranda haqqı tapdalanan milyonlarla qeyri fars millətindən olan insanların taleyinə biganə qalmadan insan haqlarının pozulmasıyla bağlı quruma daxil olan sənədlərə qiymət verib bir daha araşdırma qrupunu hər iki bölgəyə göndərilməsini istəyirik.   

Demokratik Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyəti 

4 aprel 2004 il