Azərbaycan xalqının sərvətinə yox, probleminə sahib çıxan gərəkdir!

 Kamran Nərimanoğlu

Bu yazının sonunda sizə təqdim edəcəyimiz filmə baxanda fikirləşmək olar ki, üstündən müəyyən illər keçib. Amma fikri izah etmək üçün bəzən zamanın özünə də üz tutmalı olursan. Elə sizlə etmək istədiyim söhbətdə Azərbaycan xalqı və zamanın olaylarında  onun başına gələnlərdəndir.  Beləki, indiki iqtidar öz təbliğat aparatında müxalifəti bir balaca qrup şəklində görür və eyni zamanda özünün bütün kütləvi informasiya vasitələrində  onu dağıdıcı müxalifət və bu kimi damğalarla damğalayıb gözdən salmağa çalışır. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanda olan  dövlətin kütləvi informasiya vasitələri bir tərəfli işləyir və orda nəinki müxalifət pislənir, həmçinin   dövlətə məxsus olan televiziya ekranlarından, radio dalğalarından,  qəzet səhifələrindən də  onun istifadə etmək haqqı yoxdur. Bir sözlə, dövlət hər sahəni olduğu kimi  kütləvi mətbuat orqanlarını da tam özününkü bilir və ordan  dövlətdə yüksək pilləyə sahib olmuş məmurun səhvini demək qəbahət hesab olunur.Təkcə qəbahət yox, mən deyərdim günah sayılır və kimsə belə cəsarəti edərsə, onu elmarların, bahəddinlərin, sakitlərin və s. kimilərin aqibəti gözləyir. Amma qeyd edək ki, aqibətinə işarə vurduğumuz jurnalistlər  öz sözlərini heç də dövlət  mətbuatından deməmişdirlər.  Xalqın gücünə yaranan mətbuatdan demişdirlər. Amma demokratik ölkələrdə müxtəlif siyasi partiyaların  kütləvi informasiya vasitələrindən istifadə haqqı bərabərdir. Biz də öz mətbuatımızdan dönə - dönə eşidirik ki bizdə demokratik quruluşdu və belə olan zamanda  dərk edirik ki,  adını saydığım  informasiya orqanlarından elə hamımızın istifadə hüququ var.Çünki bu xalqa məxsusuq, burda işləyib dövlətə vergi ödəyirik, uzağa getsək günlərlə meydanda yatıb müstəqil dövlət qurmaq üçün canımızdan keçmişik və rusun, yaxud digərinin qoltuğunda yaşamağın nə dərəcədə ləyaqətsizlik olduğunu başa düşmüşük və həmçinin bilməyənlərə başa salmışıq ki, bizim müstəqil olmağa gücümüz çatar. Əlbətdə, bu xülya deyil. Xalqı öz gücünə inandırma və bu inamla da güclü dövlət qurmaq , ona sahib olmaq  və enerjimizi lazımı yerə sərf etmə istəyi idi.

   Amma dövləti qurub müstəqil olandan sonra nə gördük ? Bir totalitar rejimin hakimiyyəti altından çıxıb digərinin hakimiyyəti altına düşmə.Bu günki iqtidarsa, xalqa münasibətdə, müxalifətlə davranışında, ona qara yaxmasında, xalqa dəstək durmamasında, bir sözlə, sözə gələn və gəlməyən yüzlərlə əməlindən açıq - aydın görünür ki, demokratik deyil və bu idarəçilik üsul - idarəsindən də çox uzaqdır. Əgər belə olmasaydı ona müxalif  mövqeydə duran qüvvələrin sözünü deməyə imkan verərdi və qanuna dayanıb azad şəkildə fəaliyyət edərdi. İndiki iqtidar ona qarşı güclü müxalifətin olmasını danır. Əgər 2003 -cü ildə  prezident  seçkiləri ilə bağlı minlərlə insan müxalifətin çağrışı ilə meydanlara çıxırdısa və bu gün qiymətlərin qalxması ilə bağlı yenə xalq ayağa qalxıb narazılığını bildirirsə, indi nə deyir ? Amma bütün bunları danmağın çıxış yolunu da yenə heç bir demokratik ölkə mətbuatının düşünə bilmədiyi şəkildə düşünüb tapdıqları üçün üzləri ağdı. Beləki ya aksiya baçlamamışdan gedib 3- 5 nəfəri çəkirlər, ya da aksiya geden zaman tam meydanı yox künc - bucaqı göstərib” dağıdıcı müxalifət  100 nəfər mitinqə adam yığa  bilmişdi” deyir. Birinci soruşan yoxdu, bu müxalifət haranı yıxıb və niyə yıxıb ? Ümumiyyətlə, iqtidarın sübut etmək istədiyi bir şey var ki, müxalifətin xalq içində köklü dayağı yoxdur. Bu gedişlə, yəni artıq xalq içində siyasi mövqeyini çoxdan itirmiş və müxalifətə dağıdıcı deyən Azərbaycan höküməti öz hakimiyyətini  və eyni zamanda  xalqın taleyini havadan aslı vəziyyətə salıb.Unutmaq lazım deyil ki, dövləti hakimiyyətə əmanət verirlər.Dövlət heç kəsin dədəsinin deyil. Və onlar heç cürə düşünmürlər ki, bu gedişat ,yəni gecə-gündüz müxalifətdə olan demokratik qüvvələrin əleyhinə şantaj siyasəti aparmaq, onlara böhtan atmaq səbəb olarki, demokratik qüvvələrin millətin içində nüfuzu azalar və boşluq yaranar.Və bundan dağıdıcı və qeyri -demokrat  qüvvələr istifadə edib və sosial - siyasi narazıları öz tərəflərinə çəkələr, bunula da Azərbaycan dövlətçiliyini təhlükə altına alarlar. Xüsusən də əcnəbi dövlətlətlərin də bu işdə marağı ola, onda gedişat vətəndaş müharibəsinə də aparıb çıxara bilər. Bu baxımdan demək olar ki, indiki iqtidar odla oynayır. Bu odun alovu çoxalıb təkcə müxalifəti yox, onun özünü də yandıra bilər.

 Keçək yenə öz mətləbimizə.O mətləbə ki, müxalifətə boyunu gostərməyə imkan vermirlər.Amma  bu gün texnika elə inkişaf edib ki, bir sahədə monopol varsa, digər bir tərəfdən kimliyini göstərməyə meydan var.Bu da Internet ! Elə götürək ABŞ - İraq müharibəsini, məgər onu təkcə BBS, SNN və yaxud digər böyük beynəlxalq  xəbər agentlikləri  yayırdı ?  Evində oturmuş ayrı - ayrı şəxslər vaxtı - vaxtında ictimaiyyət üçün maraqlı olan məlumatları yayırdı. Elə bu yazının sonunda sizə təqdim etmək istədiyim filmi də iqtidarın dövlət  tele -radio kimi kütləvi mətbuat  opqanlarının operatorları çəkməyiblər.Bu milləti sevən və millətinə urəklə sahiblik etmık istəyən bir kəsin hakimiyyətini görmək istəyən şəxs çəkib. Elə bir şəxs ki, o prezidentinin ağzindan eşitmək  yox, əməlindən bunu görmək istəyir : ”Mən Azərbaycan xalqının sərvətinə yox, onun probleminə sahib çıxmağa gəlmişəm  !” - deyəni arzulayan.

  O beləsini artıq tanıyır : İSA QƏNBƏR!

   

 

 Buyurun , 12 oktyabr 2003 - cü il prezident seçkilərindən 3 gün əvvəlki mitinqə baxın.Xalq demokratik seçkilərin nəticələrinin saxdalaşdırılması ilə barışa bilmir.

Aşağıdakı şəkli yükləyin.

Birinci filmdə yüz  minlərlə insanın müxalifətin dəvəti ilə mitinqdə iştirakını gördünüz. Amma millətin bu mədəni toplantısına indiki iqtidar seçimdə saxtakarlıqla və saxtakarlığa etiraz edənlərə küçə -  bazarda vəhşicəsinə divan tutub , vurub, yaralayıb və cinayət ittihamı ilə həbsə aparıb.

 İkinci filmə baxmaq üçün aşağıdakı şəkli yükləyin.