İsveç parlamentinin üzvü Holger Qustafsson Abbas Lisaninin azadlığa buraxılması xahişi ilə Mahmud Əhmədinejada müraciət edib

[ 03 Fevral 2007 12:12  ]

İsveç parlamentinin Xarici əlaqələr komissiyasının üzvü, Xristian-Demokrat Partiyasının xarici məsələlər üzrə katibi Holger Qustafsson İran azərbaycanlılarının hüquqları uğrunda mübarizə aparan Abbas Lisaninin azadlığa buraxılması xahişi ilə İran prezidenti Mahmud Əhmədinejada müraciət edib.


Abbas Lisaninin Hüquqlarını Müdafiə Komitəsinin üzvü Nərgiz Nedainin APA-ya verdiyi məlumata görə, müraciətdə H. Qustafsson A. Lisaninin işgəncələrə məruz qaldığını, onun səhhətində problemlər yarandığını və müalicəyə ehtiyacı olduğunu bildirilib. N. Nədai deyib ki, siyasi məhbusların qeyri-siyasi məhbuslarla bir kameraya salınması İran hakimiyyətinin siyasi məhbuslara qarşı təzyiqləri artırmaq üçün istifadə etdiyi yollardan biridir: “Hazırda Abbas Lisani heç bir qızdırma sistemi olmayan, gecələr temperaturu mənfi 10 dərəcəyə çatan çox kiçik və təkadamlıq kamerada saxlanılır. Bütün bunlar Abbas Lisaninin həyatı üçün narahat olmağa əsas verir”.
A. Lisaninin həyat yoldaşı Ruqəyya Lisani isə APA-ya açıqlamasında bildirib ki, hökumət siyasi məhbusun tələblərinin yerinə yetirilməsi istiqamətində heç bir addım atmayıb. O, A. Lisaninin ağrılarının artdığını da söyləyib: “Abbasın həbsxanada qalması həyatı üçün təhlükə yaradır. Biz onun azadlığa çıxmasını tələb edirik və bununla bağlı beynəlxalq təşkilatlardan dəstək istəyirik. Abbas İran qanunlarını pozmayıb. Onun tələbləri İran qanunvericiliyinə uyğundur. O, dövlətin ana yasasında qeyd olunan müddəalara əsasən azərbaycanlıların milli hüquqlarının təmin olunmasını tələb edir”. /APA/

İSVEÇİN XRİSTİAN-DEMOKRAT PARTİYASI ƏHMƏDİNEJADDAN ABBAS LİSANİNİ AZADLIĞA BURAXMAĞI TƏLƏB EDİR
2007-02-02 - 18:29:00

 

Holger
Qustafsson

İsveç parlamentinin üzvü, İsveç Xristian-Demokrat Partiyasının xarici məsələlər üzrə sözçüsü Holger Qustafsson Güney Azərbaycan milli fəalı Abbas Lisani ilə bağlı İran prezidenti Mahmud Əhmədinejada məktub yazıb. Abbas Lisaninin Hüquqlarının Müdafiə Komitəsinin üzvü Nərgiz Nedainin «Media forum»a verdiyi məlumata görə, məktubda H.Qustafsson A.Lisaninin həyatına görə narahat olduğunu bildirib.

H.Qustaffson aclıq aksiyası keçirən A.Lisaninin işgəncələrə məruz qaldığını, onun səhhətində problemlər yarandığını və müalicəyə ehtiyacı olduğunu deyib. «Bundan başqa, cənab Lisani yanvarın 16-da təkadamlıq kameradan Ərdəbil həbsxanasının 1 saylı korpusuna köçürülüb. Burada o, bəzilərinin narkoman olduğu qeyri-siyasi məhbuslarla eyni kameraya salınıb. Məlumatlara görə, Abbas Lisani kamera yoladaşları tərəfindən təzyiqlərə və hədələrə məruz qalıb və ona qarşı bu metoddan yenidən istifadə ediləcəyi istisna deyil. Siyasi məhbusları qeyri-siyasi məhbuslarla bir kameraya salınması İran hakimiyyətinin siyasi məhbuslara qarşı təzyiqləri artırmaq üçün istifadə etdiyi yollardan biridir. Yanvarın 18-də Abbas Lisani yenidən təkadamlıq kameraya qaytarılıb. Hazırda o, heç bir qızdırma sistemi olmayan, gecələr temperaturu mənfi 10 dərəcəyə çatan çox kiçik və təkadamlıq kamerada saxlanılır».

H.Qustafsson qeyd edib ki, bütün bu baş verənlər A.Lisaninin həyatının təhlükədə olması barədə nəticə çıxarmağa əsas verir: «Bütün bu yuxarıda qeyd edilənlər mənə cənab Lisaninin həyatı üçün qorxu keçirməyə əsas verir və mən cənab Lisaninin həyatına görə birbaşa məsuliyyət daşıyan İran rejimini bütün lazımi addımlar atmağa çağırıram. Cənab Lisani dərhal tibbi yardım almalı və ona öz vəkili və ailə üzvləri ilə görüşməyə icazə verilməlidir».

Məktuba H.Qustafsson bildirir ki, A.Lisani dərhal azadlığa buraxılmalıdır, çünki o, İrandakı azərbaycanlıların mədəni hüquqları uğrunda keçirilən dinc nümayişlərdə iştirak edib. «Birləşmiş Millətlər Təşkilatı İran azərbaycanlılarının sayını 30 milyon civarında dəyərləndirir, halbuki İranda Azərbaycan dilini tədris edənə bir dənə də olsun məktəb yoxdur. Mən həmçinin rejimi inandırmaq istəyirəm ki, mən cənab Lisaninin və İrandakı azərbaycanlıların məsələsini gələcəkdə də davamlı şəkildə izləyəcəm».