MTN-in TUTDUĞU DƏSTƏ HAQDA ŞOK XƏBƏRLƏR
Qrupun İran kəşfiyyatına bağlılığı barədə məlumatlar üzə çıxır


http://www.musavat.com/

Dəstə başçısı kimi tanınan Səid Dadaşbəylinin vəkili “Yeni Müsavat”a danışdı Ötən həftə Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində ələ keçən 16 nəfərlik dəstənin üzvlərinin kimliyi barədə ictimaiyyətə heç bir rəsmi məlumat verilmir. İndiyədək mətbuata sızan informasiyalar bundan ibarətdir ki, saxlananlar hansısa dini qüvvəyə bağlı olublar və onlar silahlı dəstə yaratmaqda, dövlət çevrilişinə cəhddə ittiham edilirlər. Araşdırmalarımız nəticəsində bu məsələ ilə əlaqədar ilginc xəbərlər əldə etmişik. Məlumatlı mənbənin bildirdiyinə görə, MTN-in saxladığı dəstə üzvlərinin dövlət üçün təhlükəli addımlar atmağa hazırlaşmaları barədə informasiyalar tam əsaslıdır.
Qaynağın deməsindən aydın oldu ki, qrup üzvlərinin konkret hansı dini qüvvəyə bağlı olması istiqamətində də istintaq orqanı tərəfindən araşdırmalar aparılır: “Mətbuatda, ictimaiyyət arasında belə söz-söhbətlər də dolaşırdı ki, heç bir dövlət çevrilişinə cəhd olmayıb, sadəcə, kimlərsə nüfuzunu artırmaq xatirinə belə bir plan qurublar. Amma saxlanılan şəxslər arasında həqiqətən də Azərbaycan dövlətinin əleyhinə fəaliyyət göstərənlər mövcuddur. Fakt üzrə qanunsuz silah saxlama, dövlət çevrilişinə cəhd maddələrilə cinayət işi başlanması doğrudur”.
Mənbə vurğuladı ki, qrupun aşkarlanması təsadüf nəticəsində baş verib: “MTN əməkdaşları tamamilə başqa cinayətlə əlaqədar hələlik kimliyi açıqlanmayan bir şəxsi saxlayıblar. Onun dindirilməsi zamanı məlum olub ki, bu adam hansısa cinayətkar şəbəkənin üzvüdür. Bundan sonra məsələ ciddiləşib və onu daha ətraflı sorğu-sual ediblər. Nəticədə məlum olub ki, Bakı şəhərində xarici ölkə kəşfiyyatı ilə əlaqəli dəstə mövcuddur. Məhz həmin adamın ifadəsindən sonra əməliyyat planı qurulub və qrup zərərsizləşdirilib”.
Qaynağın sözlərinə görə, dəstə üzvləri hansısa bağ evində, yaxud şəhər ətrafında deyil, paytaxtın mərkəzində ələ keçiblər: “Onları ayrı-ayrı yerlərdə saxlayıblar. Düşünürəm ki, əməliyyat planı peşəkarlıqla hazırlanıb həyata keçirildiyindən dəstə üzvlərini asanlıqla tutublar”.
Qrup üzvlərinin konkret hansı dövlətin kəşfiyyat orqanları ilə əməkdaşlıq etməsinə gəlincə, mənbə qeyd etdi ki, onun əldə etdiyi bilgilərə görə, məsələdə daha çox İranın adı hallandırılır: “Bir az da konkret desək, ilkin araşdırmaların nəticəsinə görə, dəstə üzvləri uzun müddət İran casusları ilə əməkdaşlıq edərək, onlar tərəfindən təlimatlandırılıblar. Əsas məsələ ondan ibarətdir ki, İran rejiminin planlarının Azərbaycan dövlətçiliyinə qarşı yönəldiyi aşkarlanıb. Yəni burada söhbət hakimiyyət dəyişikliyinə cəhddən getmir, məsələ daha ciddi şəkildə qoyulubmuş. Mətbuatda bu versiyaya da rast gəlinmişdi ki, saxlanılan şəxslər Rusiya kəşfiyyatı ilə əlaqədə şübhəli bilinirlər. Bu versiya da istisna olunmur. Çünki bu kimi məsələlərdə İranla Rusiyanın maraqları hər zaman üst-üstə düşüb”.
Mənbə həmçinin söylədi ki, əslində Azərbaycanın təhlükəsizlik orqanları dövlət əleyhinə fəaliyyət göstərən və xarici ölkələrin kəşfiyyat orqanları ilə əməkdaşlıq edən qrupun mövcudluğu barədə xeyli öncədən məlumatlı olub və müxtəlif əməliyyat planları qurulub: “Lakin qrup üzvləri çox məxfi fəaliyyət göstərdiyindən uzun müddət təhlükəsizlik orqanları üçün başağrısı olublar. Onlara qarşı müxtəlif şübhələr olsa da, saxlanmaları üçün kifayət qədər əsaslar və mötəbər sübutlar tapılmayıb”.
ABŞ-İran münasibətlərinin kəskinləşdiyi bir dövrdə Azərbaycanda fars rejimi ilə bağlılıqda şübhəli bilinən qrupun yaxalanmasında ABŞ kəşfiyyatının da rolunun olduğunu düşünmək olar. Bu barədə sualımızı cavablandıran mənbə: “Hər halda mümkün ola bilən variantdır. Əlbəttə, Amerika çalışır ki, fars rejiminin Azərbaycandakı təsir dairələri tamamilə məhv edilsin. Bu, Qərbin sonrakı planları üçün əhəmiyyətli sayıla bilər. Fikir verirsinizsə, bu qrup saxlanıldıqdan sonra ölkə boyunca dindarları, daha dəqiq desək, İranla hər hansı bir formada bağlılığı olan müəyyən bir kəsimi nəzarətə götürüblər. Ehtimal edilir ki, MTN tərəfindən yaxalanan şəbəkə daha böyükdür və bir çox dairələri əhatə edir”, - dedi.
Ötən gün apardığımız araşdırmalar nəticəsində saxlanılanlardan birinin vəkilinin kimliyini də öyrənə bildik. Müdafiəçi Rəsul Yusifbəyli ilə söhbətimizdən aydın oldu ki, o, Səid Dadaşbəyli adlı şəxsin vəkilidir. Hansı ki, qrupla bağlı mətbuata ötürülən ilkin məlumatlarda saxlanılan şəxslər “Səidin dəstəsi” kimi göstərilmişdi. Rəsul bəy isə bizimlə söhbətində məsələnin tamamilə başqa cür olduğunu bildirdi. Onun sözlərinə görə, hüquqlarını müdafiə etdiyi S.Dadaşbəylinin saxlanılan dəstə ilə heç bir bağlılığı yoxdur: “Mən vəkildən öncə vətəndaşam və təvazökarlıqdan uzaq olsa da, vətənimi canımdan artıq sevirəm. Ona görə də hər hansı bir şəxsin hüquqlarını müdafiə edərkən, ilk növbədə onun dövlət əleyhinə cinayətdə iştirakı olub-olmadığını dəqiqləşdirməyə çalışıram. Səidlə söhbətimizdən və özümün topladığım informasiyalardan sonra bu qənaətdəyəm ki, onun bu qrupa heç bir aidiyyəti yoxdur. Sadəcə, onu tutulan şəxslərdən birinin verdiyi ifadə əsasında saxlayıblar. İfadə də bundan ibarətdir ki, “Səid Dadaşbəylini tanıyıram, münasibətimiz var”. Münasibəti olmaq hələ onun cinayətdə iştirak etməsi demək deyil".
“İlkin məlumatlarda qrup “Səidin dəstəsi” adlandırılmışdı. Bunun səbəbi sizə məlumdurmu” sualına müdafiəçi “bu məsələlər hələ ki bizim özümüzə də aydın deyil. Səidin nə dəstəsi olub, nə də qrupu. Görünür, kimlərsə məlumatın bu cür yayılmasında maraqlı olub” deyə cavab verdi.
İstintaqın gedişinə gəlincə, R.Yusifbəyli diqqətə çatdırdı ki, hələ onun özünün də bir çox məsələlərdən dəqiq xəbəri yoxdur: “Ola bilsin ki, digər şəxslərlə bağlı konkret faktlar, dəlil-sübutlar var və onun əsasında istintaq hərəkətləri həyata keçirilir. Lakin konkret olaraq, Səid Dadaşbəyliyə gəlincə, onunla bağlı ortada heç nə yoxdur. Mən yalnız Səidin vəkili olduğumdan onunla bağlı istintaq hərəkətlərindən məlumatlı ola və bu barədə danışa bilərəm. Digər məsələlər haqda heç nə deyə bilmərəm. Sadəcə, ümumi şəkildə bir söz söyləmək olar ki, bu çevriliş məsələsi olduqca maraqlı və sensasiyalı məqamlarla zəngindir. İstintaqın sonrakı gedişində yəqin ki, Azərbaycan ictimaiyyəti bunlarla tanış ola biləcək”.
“Ümumiyyətlə, saxlanılanların arasında doğrudan da dövlət çevrilişinə cəhd etmək istəyənlər olubmu” sualına isə Rəsul bəyin cavabı belə oldu: “Əlbəttə ki, əsaslı həbs edilənlər var. Axı, qeyd etdim ki, bu məsələdə olduqca maraqlı nüanslar var. Lakin hər hansı bir cinayətdə kimin günahı varsa, onu məsuliyyətə cəlb etmək lazımdır. Günahsız insanları həbs etmək heç kimə fayda və başucalığı gətirmir”.
Yazımızı çapa verərkən təkrar əlaqə saxladığımız mənbə verdiyi bilgilərə aşağıdakıları əlavə etdi: “Bu əməliyyat  MTN tarixində bəlkə də ən parlaq, ən gözəl və irimiqyaslı əməliyyatdır. Faktiki olaraq, qonşuluqdakı bir dövlətin Azərbaycanı tam işğal etmək, üstəlik də daxilimizdəki qüvvələrin dəstəyi vasitəsi ilə dövlətçiliyimizi çökdürmək, müstəqilliyimizə son vermək planı ciddi sübutlarla, faktlarla aşkarlanıb. Lakin məsələ o dərəcədə böyükdür ki, faktı geniş ictimaiyyətə açmayaraq, yekunda iki, bəlkə də üç-dörd dövlət arasında sadəcə, bazarlaşma gedə bilər və tutulanları nələrinsə qarşılığında buraxa bilərlər. Tarixdə belə hadisələr çox olub və uzağı, həmin sıraya daha biri də əlavə olunacaq. Çoxlarının bilmədiyi bir faktı da qeyd edim ki, hələ 5 il bundan öncə İran dövləti və rəsmi Azərbaycan arasında məxfi bir saziş imzalanb. Həmin sazişə görə, hər iki ölkənin xüsusi xidmət orqanları bir-birinin ərazisində dövlətçiliyə qarşı kəşfiyyat və təxribat fəaliyyəti aparmamağı öhdəlik olaraq götürüblər. Ola bilər ki, bu sazişə yenidən və daha yaradıcı şəkildə qayıtsınlar. Lakin hadisələrin inkişafının bu cür istiqaməti az ehtimallıdır...”
Mövzunu diqqətdə saxlayacağıq.
ORXAN