Əziz vətəndaşlar;

 

MÜRACİƏT:                    BMT-NİN İNSAN HAQLARI ALİ KOMİSSARLIĞI İLƏ GÖRÜŞ

 

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsindən (DünAzHak) bir qrup "Birləşmiş Millətlər Təşkilatı İnsan Haqları Ali komissarlığı" ilə görüşmək üçün  Yanvar ayının 9-11 arası Cenevrə şəhərində olmuşdur.  Bu təşkilatın müxtəlif işçi qrupları ilə "Güney Azərbaycan Milli Hərəkatı" haqqında, orada pozulan milli və insani haqlar və başqa məsələlər barədə geniş müzakirələr aparılmışdır. Gözləniləndən daha artıq səmimi və səmərəli keçən bu görüşlər və dəyərli nəticələri haqqında yaxın gələcəkdə E-mail qrupları, sitə vəya paltalk otaqlarında geniş məlumat veriləcəkdir. Ancaq bu vasitə ilə bu qurumun məsullarına öz təşəkkür və minnətdarlığımızı və Güney Azərbaycanda bugünkü ağır şəraitdə mübarizə apararaq işgəncələrə məruz qalan, zindanlarda zəncirə çəkilən, məhkəmələrdə süründürülən, işindən qovulan, iqtisadi çətinliklərə məruz qoyulan soydaşlarımızın tək olmadığını bildirmək niyyətindəyik.

 

Məzlum, amma məğrur millətimizin balaları bilməlidirlər ki, xaricdə oturmağa məcbur qalan mübarizlərin tək-təki qollarını çırmalayaraq daxildəkilərlə çiyin-çiyinə hərəkət edir və onların haqq səsini dünyaya çatdırır. Özəlliklə Xurdad ayının dirçəlişindən sonra ortaya çıxan müsbət durumdan yararlanmaq üçün daxil və xaricin əl-ələ verərək bu dirçəlişin davamını sağlaması "gələcək bizimdir" şüarının gerçəkləşməsinə yol açmaqdadır.

 

Cenevrə müzakirələrinə hazırlıq mərhələsində, onlara göndərdiyimiz 10 səhifəlik ingilis dilindəki raport sancaqlanaraq  hüzurlarınıza təqdim edilir. Müzakirələrdə bu raportun böyük faydalarını nəzərə alaraq dostlarımızın mütaliəsinin yararlı olacağı düşünülməkdədir.

 

Hörmətlə : DünAzHAK