Rafiq Tağı

Avropa və biz

“Şərq-Qərb araşdırmaları” silsiləsindən

Avropa coğrafi məkan kimi də yox, mənəvi-əxlaqi areallıq baxımından, bəşəriyyəti həmişə düşündürüb. Çünki Avropa dəyərləri əslində bütün bəşəriyyətin uğurudur və heç də avropalıların təkəbbürünə səbəb olmamalıdır. Hərçənd əfsus, bu təkəbbür vaxt-bivaxt özünü göstərir, hətta cisimləşərək faşizm timsalında, ya militarizələşmiş aqressiv millət tərzində ortaya çıxır.
Əlbəttə, faşizm Avropanın bağışlanmaz səhvi idi.
Azadlıq və humanizm ideyaları, sən de-demə, Avropada yaranmış, yalnız burada işlək və realdır. Mənəvi postulatları bu ideyalarla üst-üstə düşdüyündəndi ki, xristianlıq Avropada oturuşmuş hala gəlib. Başqa heç bir din Avropada yeriməz, intişar tapa bilməz. Avropa başqa dinlərin, o cümlədən islamın yalançı humanist ideyalarını həmişə rədd edib və edir. Islamda əxlaq hoqqabazlıqdır; ondakı humanizm inandırıcı deyil. İslam humanizmi meyarları hətta əzbərlədiyimiz-öyrəşdiyimiz dialektik materialist tənqidlərə də tab gətirmir. İslam Şərq despotizmi tipindədir və yalnız despotizmin modifikasiyalarından biri sayıla bilər. Islam Avropada heç vaxt mənəvi imperativə çevrilməz; buna qadir deyil. Onu Ottoman imperatorluğunun çiyinlərində bütün Avropada tabut kimi gəzdirdilərsə də, qoymağa yer tapmadılar. Yenə gətirib Şərqdə - üzü qibləyə yerləşdirdilər. Isa Peyğəmbərə tapınan kəs heç vaxt Məhəmməd Peyğəmbərə burun silməz. İsa Peyğəmbərlə müqayisədə müharibə fətvalarının atası Məhəmməd Peyğəmbər, sadəcə, qorxunc bir məxluqdur. İslam Avropada olsa-olsa xırda demoqrafik addımlarla irəliləyər. Bəlkə elə də ölkə olar ki, orada islamı tək-tək fiziki şəxslər, ya inkoqnito yaşayan terroristlər təmsil edər.
Avropa Şərqin əlindən çıxmış imkanıdır. Şərq insan azadlığını dərk etmədi, yaxud bunu istəmədi. Şərqdə insan azadlığı bir problem olaraq ən axırıncı yerlərdə sürünür. Ictimai-sosial azadlıqları əlindən alınmış insana qaranlıq islam təriqətləri səviyyəsində illüzor xoşbəxtliklər vəd edilir. Fəlakətlərlə süslü cənnət yolu sosial bataqlıqlardan çıxış yolu kimi göstərilir. Islam Şərq ölkə strukturlarında riyakar iş prinsipləri doğurmuşdur. Tabular sistemi Şərqi büsbütün fiaskoya uğradır, ondakı olan-qalan işıqlı ictimai ideya və fikirləri də yararsız hala salır. Baxın, islam dünyasında din alimliyi bu tabuların ancaq çoxaldılması və onların getdikcə təkmilləşdirilməsindən ibarətdir.
Qərb həmişə dialektik, Şərq isə metafizik durumdadır. Şərq metafizik ictimai durumunda ancaq yalançı tərəqqi görüntüləri mümkündür. Qərbin irəli sıçrayışları fonunda Şərq geriyə hoppanırmış kimi görsənir.
Azərbaycanın dünyəvi dövlət quruculuğundakı bütün cəhdləri Avropa təsirindəndir. Bu səmimi cəhdlərində Azərbaycan xalqı Avropa ailəsinin həqiqi üzvü olduğunu tam sübut edir. Islam ölkələriylə dövləti münasibətlərimizsə darıxdırıcı və candərdidir, diplomatikcə-saxtakarcadır. Düşünər insanlarımız tərəfindən islam Azərbaycanda məcburi-zəruri bir Şərq əlaməti, zor qalığı olaraq qavranılır. Tarix boyu, ən azı ən yeni tariximizdə, Azərbaycan dövlət başçılarının islama “səmimi” münasibətləri də əksərən qeyri-səmimi “taxt-tac” maraqlarından irəli gəlib. Onlar üçün müsəlmanlar daim aşılması vacib əngəllər sırasında olub və sadəcə, seçici təbəqəsi kimi əhəmiyyət kəsb edib.
Mən nə qədər Roma Papasıyamsa, Azərbaycan dövlət başçıları da bir o qədər müsəlman olublar.
Azərbaycan türkü hətta İrandakı qatı şiə-islam rejimində belə avropalı olaraq qalır. Basqılar və hər tür aşındırmalar, ümmətçi assimilyasiya çabaları fars şovinizminə heç cür uğur gətirmir. Fikir verin, Güneydən mühacirətimiz də əsasən Avropayadır. Bu psixoloji özünütanıma sübutsuz-izahsız özü hər şeyi deyir; ondan maksimum bəhrələnmək gərək. Açığı, xarakterindəki Şərq ünsürləri mahiyyətcə avropalı olan azərbaycanlıda yabançı bir şey, mən deyərdim, qüsur kimi gözə girir.
Şərqliliyi azərbaycanlının dəyərlər sisteminə heç nə əlavə etmir.
Rusiya da özünü Qərbdən ayırmaq istəmədi; Qərbdən mütəmadi hərbi təcavüzlərə məruz qalsa belə. I Pyotr gah nala, gah mıxa vurmadan, sözünü inamla və qəti dedi. Onun Avropanı Rusiyaya calaq cəhdləri tam baş tutub. Rus mədəniyyəti, rus ədəbiyyatı büsbütün Avropanın yetirməsidir.
Dünya dövlətlərinin hamısı, axtarsan, bu, ya digər dərəcədə azadlıq interpretasiyalarıyla məşğuldur. Onlarda insan haqları problemi Avropanı düşünərəkdən, onun nümunəsində müzakirəyə qoyulur. Çünki yalnız Avropa dəyərləri qaçılmaz tərəqqi faktorudur. İnsan haqları bir ictimai Avropa ixtirasıdır və yalnız Avropa modelində məqbuldur.
Avropa mədəniyyəti bəşər xislətindəki vəhşilikləri rəf etməyi bacarıb. Cinayətlər minimuma endirilib; artıq bu yaşam amilinə ehtiyac qalmayıb. Insan Avropa məkanında ilk öncə özünə qalib gəlib, Şərdən maksimum uzaqlaşa, Xeyirə maksimum yaxınlaşa bilib. Keçməyinə Avropa da qanlı inqilablardan keçib, lakin artıq təcrübələnərək hamıdan əvvəl, yenə ilk olaraq özü onlara yox deyir.
İnqilablardan imtina Qərbin Şərqdən üstünlüyüdür.
Yalnız sosial-siyasi inqilablara ehtiyac qalmayan cəmiyyətlər gözəldir.
Yeri gəlmişkən, Amerika və Cənub-Şərqi Asiyadakı elmi-texniki sıçrayışlar da Avropa elminin törəməsidir. Avropa olmasaydı, dünya bəlkə hələ yenə bu qənaətdə olacaqdı ki, Günəş Yer ətrafında fırlanır. Şərq bəlkə yenə elə hesab edəcəkdi ki, Yer öküz üzərində bərqərardır.
Avropa ağrılı mənəvi-etik, tarixi-fəlsəfi araşdırmalarını artıq yekunlaşdırmış, onları lazımi-layiqli, faydalı kondisiyaya çatdırmağı bacarmışdır. Bu gün Avropa insanı çoxəsrlik axtarış və düşüncələrinin bəhrəsini görməkdədir. Çünki bu axtarış və düşüncələr həmişə daha çox praktik yönlü, realistik və məntiqli olmuşdur. Insanın real həyatı yalnız məntiqi əməllərlə var olur. Qeyri-məntiqilik ağıldan kəsirlik və gərəksizlikdir. Məntiq ağlın ən vacib atributudur. Şərq insanının düşüncələri sanki yaşam üçün deyil; bilmək olmur da nə üçündür. Avropa filosofu Şərq filosofu kimi oyunbazlıq etmir, özünü sufiliyə, yaxud gicliyə-səfehliyə vurmur. Bəli, Şərq filosofu təmizcənə aktyordur, onun bütün fəaliyyəti ideya adına uydurmalarla miniatür naxışlıdır. Şərq filosofu söz demək xatirinə söz deyir. Məqsəd-yol ya məlum deyil, ya da hədsiz mücərrəddir. Hər halda, məram insanın ağzını axirətə dirəməkdir. Şərq filosoflarının məktəbi islamdaxili məhdud düşüncələr sistemidir. Şərq filosofu olsa-olsa islam missioneri rolundadır. Demək gərək, islamla bağlılıq filosof üçün hələ heç də fəzilət deyil.
F. Nitsşe yaradıcılığı məhz dindən uzaqlığında gözəl idi. Fyodor Dostoyevskidəsə dinlə bağlılıq nə qədər cazibədar görünürsə də, bu onda vacib deyildi. Xristianlıqdan kənar Dostoyevski daha maraqlı, daha fundamental olacaqdı.
...Şərq-Qərb müqayisəli təhlilləri əksərən qısqanclıq və dözümsüzlüklə, bəzən də şiddətli basqı və təpkilərlə qarşılanır. Qəflətən qurtardığım bu yazı da bütün basqı və təpkilər göz önünə gətirilərək yazıldı. Üstəlik, deyirəm: hələ ardı var.

2006, oktyabr
rafiqtaqili@mail.ru

“RAFİQ TAĞINI ŞALLAQLAMARIQ”
Hacı Əbdül İslam peyğəmbərini təhqir edən yazıçını tövbə etməyə çağırdı


Bu yaxınlarda “Sənət” qəzetində Məhəmməd Peyğəmbəri təhqir edən Rafiq Tağı barədə nardaranlı dindarlar ölüm hökmü çıxarıblar. Eyni zamanda, bu fakt üzrə artıq Respublika Prokurorluğunda həm qəzetin baş redaktoruna, həm də yazı müəllifinə qarşı cinayət işi qaldırılıb. Qafqaz Müsəlmanları Ruhani İdarəsinin başçısı Hacı Allahşükür Paşazadə isə məsələ ilə bağlı Mətbuat Şurasına müraciət ünvanlayıb.
“Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül isə bizimlə söhbətində R.Tağını tövbə etməyə çağırdı: “Əvvəla onu qeyd etməliyəm ki, Rafiq Tağının hansı dinə, məzhəbə qulluq etdiyi hələ də bəlli deyil. Bütün hallarda o, səhv yoldadır. Böyük bir xalqın mənəviyyatını, dinini təhqir etmək olmaz. Kimliyindən asılı olmayaraq, heç kəsə belə bir haqq verilməyib. Rafiq Tağı hər hansı bir yolla öz günahını yumalıdır. Yaxşı olar ki, gəlib tövbə etsin”.
Hacı Əbdül tövbə edəcəyi zamanı R.Tağıya şallaq vurulmayacağını da qeyd etdi: “Bu məqamda şallaqsız da keçinmək olar. Ən əsası odur ki, o, öz səhvini başa düşüb tövbə etsin. Açığı, şallaq daha çox ideoloji məsələdir. Yəni biz şallağı hər adama vurmuruq”.
Rey KƏRİMOĞLU

336 dəfə baxılıb

http://www.musavat.com/site/shownews.php?news_id=7183

Nardaranlılar ölüm hökmü çıxardılar

QƏSƏBƏ SAKİNLƏRİ MƏHƏMMƏD PEYĞƏMBƏRİ TƏHQİR EDƏN YAZI MÜƏLLİFİNİ ÖLDÜRƏCƏKLƏRİNİ BİLDİRİRLƏR


"Sənət" qəzetində çap olunan "Avropa və biz" məqaləsinə etiraz olaraq Nardaranda mitinq keçirilib. APA-nın məlumatına görə, aksiyada Məhəmməd peyğəmbəri təhqir edən məqalə müəllifi Rafiq Tağının əleyhinə şüarlar səsləndirilib. Kənd sakini, İslam Partiyasının keçmiş sədri Hacı Əlikram Əliyev çıxışında islamyönümlü partiyaları hadisəyə laqeydlikdə qınayıb. Kənd sakini Hacı Əli Hüseynov Nardaran əhalisinin Rafiq Tağı haqqında ölüm hökmü çıxardığını deyib: "Rafiq Tağının başı boynunun arxasından kəsilməlidir". O, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin bu məsələdə yerlibazlıq etdiyini deyib: "Allahşükür Paşazadə Rafiq Tağı ilə eyni regiondan olduğuna görə onun bu cinayətini ört-basdır etməyə çalışır. Amma o dinsiz-imansız Rafiq Tağı bilməlidir ki, biz onu sağ buraxmayacağıq". Digər aksiya iştirakçıları da məqalə müəllifini öldürəcəklərini bəyan ediblər. Yazı müəllifi Rafiq Tağı onunla bağlı Nardarandakı mitinqdə çıxarılan ölüm hökmünü qeyri-qanuni hal kimi qəbul etdiyini deyib: "Artıq bununla bağlı baş prokurorun müavini Rüstəm Usubov bizi sabah (bu gün - red.) prokurorluğa dəvət edib. Digər tərəfdən isə Azərbaycan hüquqi dövlətdir və burada belə qərarları ancaq məhkəmə verə bilər". Qəzetin baş redaktoru Samir Sədaqətoğlu isə baş verənlərlə bağlı Azərbaycan müsəlmanlarından üzr istəyib: "Mən baş verənlərə görə Azərbaycan xalqından üzr istəyirəm. İstəməzdim ki, belə vəziyyət yaransın. Yazı müəllifi olmasam da, baş redaktor kimi məsuliyyətimi boynuma alıram". Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadə isə Azərbaycan Mətbuat Şurasına müraciət edib. MŞ-dən verilən məlumata görə, Şeyx müraciətində "Sənət" qəzetinin 01-14 noyabr tarixli sayında gedən "Avropa və biz" başlıqlı yazıda İslam dininin təhqir olunduğunu bildirib. Məqalədə Məhəmməd Peyğəmbərin (s.) ünvanına təhqirlərin səsləndiyini bildirən A.Paşazadə MŞ-dən qəzet barəsində müvafiq ölçü götürməyi xahiş edib. MŞ sədri Əflatun Amaşov isə sözügedən qəzetdə həqiqətən də İslam dininin dəyərlərinə hörmətsizliyin edildiyini bildirib. Qəzetlə bağlı qərarı MŞ-nin İdarə Heyətinin verəcəyini bildirən Ə.Amaşov yaxın günlərdə şikayət ərizəsinin müzakirəyə çıxarılacağını bildirib. Ə.Amaşov KİV-i ölkə ərazisində yaşayan bütün millət və xalqların dinlərinə heysiyyətlə yanaşmağa və bu məsələdə xüsusi ehtiyatlı olmağa çağırıb.

 http://www.525ci.com/aze/2006/11/11/read=5174

PEYĞƏMBƏRİ TƏHQİR EDƏN YAZARI QANDALLADILAR
Məhkəmə Rafiq Tağıya və qəzet redaktoruna iki ay həbs cəzası kəsdi


“Sənət” qəzetində dərc olunan “Avropa və biz” məqaləsində Məhəmməd Peyğəmbəri təhqir edən yazıçı Rafiq Tağı və sözügedən qəzetin baş redaktoru Samir Sədaqətoğlu dünən həbs olundular. Əvvəlcə Respublika Prokurorluğuna çağrılan hər iki şəxs axşam saatlarında Nəsimi Rayon Məhkəməsinə gətirildilər. Qeyd edək ki, R.Tağının qolları artıq qandallanmışdı. Biz məhkəmənin qarşısında olanda 25 nəfərə yaxın polis əməkdaşı təhlükəsizliyin təmin olunması üçün ərazidə keşik çəkirdilər. 21:25-də hakim Tapdıq Mahmudovun sədrliyi ilə R.Tağı ilə S.Sədaqətoğlunun məhkəməsi başladı. Ancaq hakim bizim prosesdə iştirakımıza imkan vermədi.
Prosesdən öncə isə S.Sədaqətoğlu bildirdi ki, onda olan məlumat görə, hər iki şəxs barəsində həbs qəti-imkan tədbiri seçiləcək və onlar Bayıl təcridxanasına göndəriləcəklər: “Amma biz Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasına aparılmağımızı istəyirik. Çünki Bayıl təcridxanasında saxlanılan şəxslər arasında dindar insanlar çoxluq təşkil edir”.
Təxminən 25 dəqiqə çəkən məhkəmə başa çatan kimi R.Tağı ilə S.Sədəqətoğlu qolları qandallı, polislərin müşayiətilə avtomobilə əyləşdirilərək təcridxanaya aparıldılar.
Hakim T.Mahmudov isə bizimlə söhbətində bildirdi ki, onların hər ikisi barəsində 2 ay müddətində həbs qəti-imkan tədbiri seçilib. Ancaq hakim onların hansı təcridxanaya aparılacağı haqda heç bir məlumat vermədi.
Baş verən hadisəyə münasibət bildirən Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlu hesab edir ki, R.Tağı ilə S.Sədaqətoğlunun barəsində həbs qəti-imkan tədbirinin seçilməsi yaranmış böhranı aradan qaldırmaq üçün ən optimal variantıdır: “Bu həbsləri söz azadlığının məşdudlaqdırılması kimi təqdim etmək düzgün olmaz. Cəmiyyət bu prosesləri bir kənara qoyaraq, diqqəti redaktorların aclıq aksiyasına yönəltməlidir”.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə bu addımı həmin şəxslərin təhlükəsizliyinin təmin olunması istiqamətində atılan addım kimi qiymətləndirdi: “Həmin şəxslər böyük səhv etdikdən sonra üzr istədilər. İslamda ən gözəl məqamlardan biri də insanları bağışlamaqdı. Bu baxımdan bir insan kimi onları da bağışlamaq və hüquqlarını müdafiə etmək olar”.
Qeyd edək ki, “Sənət” qəzetində çap olunan məqaləyə görə dünən Azərbaycanın Təbrizdəki Konsulluğunun qarşısında aksiya keçirilib. Bu gün isə belə bir aksiyanın Türkiyədə keçiriləcəyi gözlənilir.
Samir KAZIMLI

http://www.musavat.com/site/shownews.php?news_id=7235