«AZADLIQ»
BLOKUNUN HƏMTƏSİSÇİLƏRİ AŞ PA-nın MƏRUZƏÇİLƏRİ
İLƏ GÖRÜŞÜB
Oktyabrın
30-da «Azadlıq» siyasi blokunun həmtəsisçiləri Avropa
Şurası Parlament Assambleyasının Azərbaycan üzrə
məruzəçiləri Andreas Herkel və Toni Loydla görüşüb.
Bu haqda AXCP Mətbuat Xidmətinə verdiyi açıqlamasında
AXCP sədri Əli Kərimli bildirib ki, görüşdə AŞ
PA-nın yanvar sessiyasında Azərbaycanla bağlı
qəbul edilmiş qətnamədən sonra mövcud
vəziyyət və ölkədəki siyasi durum müzakirə
olunub. «Xüsusilə AŞ PA qətnaməsinə uyğun olaraq
demokratik seçkilərin keçirilməsi üçün Azərbaycanda şəraitin
yaradılıb-yaradılmaması, o cümlədən AŞ PA-nın
Seçki Məcəlləsi ilə bağlı tövsiyələrinin,
həmçinin seçki saxtakarlığına yol verən şəxslərlə
bağlı tövsiyələrin icra qaydaları, insan hüquq
və azadlıqlarının təminatı, siyasi partiyaların
fəaliyyət imkanları, mətbuat azadlığının
vəziyyəti, siyasi məhbusların taleyi geniş müzakirə
olunub. Söhbət zamanı son vaxtlar «Azadlıq» qəzetinin
binasının əlindən alınması istiqamətində
hökumətin atdığı addımlar, ümumiyyətlə bu
qəzetin dayandırılması üçün edilən səylər,
bütövlükdə müstəqil KİV-ə qarşı olan hücumlar
ətraflı müzakirə mövzusu olub».