Güntay
Cavanşir
Modern
mədəniyət
və
Güney
Azərbaycan Milli Məsələsi
Trotski,
Ölkədə
sosial inqilaba imkan yoxdursa, o zaman elm və mədəniyyət
sahəsində inqilab etmək lazımdır, deyir. Bu gün
bizim davamız modern millət olma baxımından Azərbaycanın
əfkari-ümumisində fərqli bir baxış açısı
yaratmaq, Azərbaycanı tarixin qaranlığından çağdaş
dünyaya sövq etməkdən ibarətdir. Azərbaycan insanının
davranışlarına hakim olan zehni, siyasi, dini istibdadı
və ideolojilərin yönləndirməsini ortadan qaldırmaq
milli mübarizənin əsas amacıdır. Azərbaycanın
milli həyatında fiziki zaman məfhumu ilə psikolojik zaman
məfhumları örtüşməməkdədir. XXI yüzillik özgürlüklər,
modernizm və postmodernizm əsri ikən, gəlişmiş
millətlər bu psikolojik davranış və yaşayış
içindəykən, Azərbaycan milli kimlikdən məhrum edilmiş,
insan haqlarının inkarı normal görülən, qadınları
adi xəta üzündən daş-qalaq edilən orta çağ üsul-idarəsi
ilə yönətilməkdədir. İnsanlıq demokrasinin,
təməl haq və özgürlüklərin nemətindən
bərxurdar olduğu bir ortamda, Azərbaycan tam bir köləlik
psikolojisi içində burxulub qalmışdır. Demək ki, insan
kimi yaşamaq üçün mədəniyət və düşüncə
planında ya bir inqilab gerçəkləşməlidir, ya da zaman
axışı içində millət olaraq tarixdən silinib yox
edilməliyik. Bu baxımdan öz bətnində və mətnində
milli yazqını (aqibəti) yetişdirən yeni
fəlsəfəyə ehtiyac hiss edilməkdədir. Çünkü bugünkü
faciəvi durumda oluşumuzun səbəblərindən birisi
də modern milli-siyasi fəlsəfəmizin,
zehniyətimizin olmayışıdır. Bu günün yaradıcısı
tarixdir. Tarixdəki əksikliyimiz nə olmuşsa, həm
iqtidarı əlimizdən qapdırmışıq, həm
də milli-siyasi statusumuzu itirmiş duruma düşmüşük.
Şübhəsiz ki, bunun ən böyük səbəbi düşüncə
ürətməmə, durğun zehni durumla razılaşmaq və
sonra da bu durğunluğun bataqlığında batmaq olmuşdur.
Əslində bütün İslam Şərqi zehni durğunluğun
bataqlığında fanatizmə yuvarlanmaqda, düşüncə
pluraziminə qısıtlama gətirməkdədir. Ancaq bizim
vəziyyətimizə bir də milli dilimizin, iqtisadiyatımızın
özgə əlində olması əklənmişdir. Bütün bu
təcrübəni bu gün insanlıq zehniyətinin və ictimai,
iqtisadi, siyasi təkamülün hərəkət verici qüvvəsini
təşkil edən Qərb ölkələri də çox uzaq keçmişdə
yaşamışdır. Özəlliklə XVI əsr Renesans dönəmindən
başlayaraq düşüncədə, mədəniyətdə başlatılan
inqilablar nəticəsində Avropa millətləri hər tür
dini, ideolojik, sünnəti istibdadın zülmündən qurtarmağa
özəndilər. Bu yolda böyük fədakarlıq edildi, böyük düşüncə
devrimləri gerçəkləşdi, millətlər və
fərdlər özgürlüklərinə, öz talelərini həll etmə
nemətinə çatdılar. Emanuel Kantın Bilmək
cəsarətin olsun! mesajı qaranlıq çağın ortadan
qalxmasına təkan verdi. Qaranlıqlar ağlın gücü
ilə ortadan qalxa bilər. Bilgi gəlmiş və hər növ
dini əfsanələrə, toplumun ruhu üzərində olan dini
hakimiyətə son qoymaq üçün insanların beynini təsxir etmişdir.
Bunun nəticəsi olaraq da Avropa əsrdən əsrə yeni
zehni həyəcanlarla, yeni fəlsəfələrələ
və iqtisadi irəliləyişlərlə girmişdir. İslam
Şərqi isə Əvvəl nə idiksə, yenə
də şimdi həmanız qaranlığında və
bataqlığında zincir və sinə vurur, böyük müctəhədlərdən
təqlid edir, öz insan və millət haqlarının nə
olduğu haqda düşünməyi heç ağlına da
gətirməmişdir. Bunlar
ümumşərq problemidir. Bu küllün içində biz də varıq.
Elə tarixi bir durumdayıq ki, ya əskidən olduğu kimi bu
küllün problemləri ilə məşğul olub özümüzü
məhv etməliyik, ya da yolumuzu ayırıb və başqa bir
küllə, mədəni bir küllə həmahəng olaraq özümüzü
qurtarmalıyıq. Son yüz ilin təcrübəsi, özəlliklə
Türkiyə timsalında və Atatürkün zorla sekularlaşdırma
və modernləşdirmə örnəyində göstərdi ki,
yolunu, yazqısını, aqibətini İslam Şərqindən
ayırıb və çağdaş dünyaya girmək
istəyənlər xəta etməmişlər. Bu gün bütün
İslam ölkələrinin aydınları
məmləkətlərinin Türkiyə kimi olmasını
istəməkdədirlər. Lakin olma şansları yoxdur. O kültürü,
o dini qaranlığı zorlayacaq Atatürkü yetişdirə
bilmədilər. Quzey Azərbaycan və Türkistan Cümhuriyətlərindəki
örnəklər də göstərir ki, o tarixdən ayrılıb
və modern tarixi yaşamaq daha insani və əxlaqidir. Bu gün Türkistan
Cümhuriyətləri demokrasi, insan haqları, qadın haqları
baxımında gələnəksəl İslam ölkələrindən
daha irəlidədirlər. Baxmayaraq ki, ciddi iqtisadi və ictimai
problemlərlə də qarşı-qarşıyadırlar,
lakin bu cümhuriyətlərdəki sekular durum və Qərb dünyası
ilə həmahəng olma fərqli bir gələcək müjdələməkdədir.
Önəmli olan odur ki, bir millət sadəcə və sadəcə
öz tarixini yaşamaqla kifayətlənməsin. Yalnız öz
tarixini yaşayan millətlərdə heç bir gəlişmə
və təkamül olmamışdır, etnos öz içində burxulub
qalmışdır. XVI əsrdən Almaniya öz tarixi ilə
vidalaşıb fərqli bir gələcək anlayışını
təsəvvür etdiyi üçün alman milləti, alman
fəlsəfəsi, alman dəqiqliyi, alman iqtisadi möcüzələri
kimi məfhumlar ortaya çıxdı. Martin Lüter almanları inanc
baxımından da Vatikanın köləliyindən ayırdı.
Həyatından məmnun olan insan və ya sinif,
tarixirindən məmnun olan millət düşünə bilməz.
Hər düşüncə bir qopuşdur.[1]
Daha doğrusu cəhalətindən məmnun olanlar düşünə
bilməzlər. Finlandiya öz
keçmişi ilə büsbütün ayrıldığı üçün modern
bir millət oldu. Finladiyanın keçmişi tam bir köləlik
tarixidr. Öz törələrinin, kötü alışqanlıqlarının
köləsi omuşdu Finlandiya. Yüz illər boyunca öz ana
dillərində yazmaqdan utanmış, fin dilini kəndli dili
saymışlar. Bu zehniyətdən tam olaraq ayrılma
zərurətini hiss etdikləri andan etibarən millətləşməyə
başlamışlar. XIX əsrdən etibarən Japoniya öz
tarixindən, demək olar ki, vidalaşmış və
Qərbləşməyə başlamışdır. Japon
ruhu və Qərb elmi ilə başlayan Japoniya bu gün dünyanın
ən demokratik, mürəffəh ölkələri içində yer
almaqdadır. Dünyada ən güvənilir teknoloji Japon
zehniyətinə aiddir. Qərbin 400 il müddətində əldə
etdiyi modernizm təcrübələrini Japoniya təqribən bir
əsrdə mənimsədi. XVI əsr Renesansdan etibarən başlayan
tarix, sadəcə Qərbin tarixi deyildir. Qərbin öz
tarixindən vidalaşma başlanğıcıdır. İnsan
ağlının tarixidir. Qərb də öz tarixindən ayrılıb,
sekular zehniyəti mənimsədikcə dini istibdadın hakim
olduğu tarixdən uzaqlaşıb və ağlın hakim olduğu
tarixi mərhələyə girmişdir. Bu tarix Qərb coğrafiyasında
oluşsa da, lakin gələnəksəl Qərb tarxinin davamı
deyildir. İnsan haqları, milli haqlar, qadın haqları,
fərdi azadlıqlar, liberalizm kimi nemətləri insan ağlı
anlamağa başlamışdır. Bu dönəm, azad vicdanların
kəşfi və bu kəşfiyatın yayğımlaşma,
dərinləşmə, gəlişmə sürəci kimi
təzahür etmişdir. Türkiyənin də bu gün İslam ölkələri
içində yaşanılır məmləkət olmasının
səbəbi öz tarixini davam etməsi üzündən deyildir, tarixə
baxış şəklini dəyişdirdiyi üçündür. Davranış
və sosial psikoloji olaraq Türkiyə Osmanlının uzantısı
deyildir, tam antitezidir. Quzey
Azərbaycanın da müstəqil dövlət olması tarixi basqılardan
sıyrılıb, gələnəksəl tarixin əsarətindən
qurtulub başqa tarixi mahiyəti yaşaması ilə gerçəkləşmişdir.
Bəlkə Quzey Azərbaycanın bu şəkildə bir yazqını
yaşamasına modernləşmək istəyən rus
imperatorluğunun da təsiri olmuşdur, ancaq hər halda Quzey
Azərbaycan minillik dini, siyasi təcrübəyə varis olan bir mühitdən
qopduğu üçün, gələcək haqqında fərqli düşüncəyə
və davranışa sərgiləmişdir. Bəzi
tarixlər səadət doğurmazlar, o tarixi zehniyət davam
etdikcə, bədbəxtlik və əsarət duyğuları
toplumun ruhundan ayrılmaz. Bir çox bilim adamları
millətlərin gəlişməsində və sıçrayış
göstərməsində sosial psikolojinin dəyişməsinin böyük
rol oynadığını örnəklərlə isbatlamaqdadırlar.
Bəzən millətlər başqalarının deyil, öz daşlaşmış
törələrinin, öz mənasız tarixinin köləsi olur.
Azərbaycanda tarixin basqısından sıyrılıb,
fərqli gələcək və talei yaşamanın
təməlini M. F. Axundov qoymuşdur. Bu gün Quzey Azərbaycanda
bəzi mühafizəkar-mürtəce milliyətçilər yenidən
millətin ağlını qaranlıqlara gömüb onu tarix heyranı
etmək istəyirlər. Modern millət və insan
gələcəkdə nə olacağının
həyəcanını yaşarkən, mühafizəkar və mürtəce
zehniyətlər keçmişin nostaljisi içində duyğulanıb
durarlar. Tarix heyranlığı qaranlıq ümmətçi çağ
hissiyatını gündəmdə tutmaqdan başqa heç bir şeyə
xidmət etməmişdir. Quzey Azərbaycanda irtica və mühafizəkarlıq
son zamanlar 2 istiqamətdə ortaya çıxmaqdadır: 1. İranın,
Ərəbistanın və digər İslam ölkələrinin
körüklədiyi islami irtica. 2. Fəqirlik. Azərbaycandaki iqtisadi
böhran üzündən dini irtica özünə tez yer etməyə başlamışdır.
Azərbaycan dövlətinin modern dini projesinin olmaması da bu
problemi get-gedə dərinləşdirir. Zatən dini fanatizmi
doğuran ən böyük faktor da yoxsulluqdur. Yoxsulluq üzündən bu
dünyaya gəlməsindən peşman olan insanlar o dünya əfsanəsinə
inanmağa sürüklənirlər.
***
Yuxarıda söylədiklərim ümumi mövzulardır. Müşəxxəs
(konkret) şəkildə Güney Azərbaycan qurtuluşunu
bəzi qiyaslarla və modern mədəniyətin
fəlsəfəsi ilə analiz etməyə çalışaq.
Millətlər bir çox mədəniyyətləri və
dinləri təcrübə etmişlər. Dünyada başlayan
modernizasion bütün millətlər üçün keçmişlərdən
fərqli gələcək və`d etmiş və bu vədini
də bir çox millətlər timsalında gerçəkləşdirmişdir.
Bu gün ən səyyal və dialektik tutuma sahib olan modernitə
və ya modern mədəniyyət qavramıdır. Əlbəttə
ki, bu mədəniyyətin fikir dinamikləri Avropada daha çox
fəaldır. Lakın modernitə, söyləmi və
mahiyyəti etibari ilə bir millətə, bir ölkəyə,
bir qitəyə (qarrəyə) xitab etməməkdədir.
Əski mədəniyətlərin tərsinə olaraq bütün
millətlərə və insanlara xitab edər. Əski
mədəniyətlər yalnız ona inananlara xitab etmişdir.
Məsələn, Musəvilik yəhudilərə, İsəvilik
xristianlara, İslam isə müsəlmanlara xitab etmişdir.
Musəvilik istisna olmaqla bu xitablarda millətsiz mücərrəd
insan növü nəzərə alınmışdır. Lakin
modernitə və ya modern mədəniyət bütün
millətlərə və insanlara xitab edər. İnanc, irq
və cinsindən asılı olmayaraq bütün insanlara xitab
etməkdədir. Həm də modernitənin xitab etdiyi insan
millətsiz deyildir. Modern mədəniyətin ən böyük
kəşfi millət məfhumudur. Modernitə, fərdi
millətə mənsub edərək, onun həyatına
dərin məna qazandırır. Modernitə
bütün bəşəriyyəti millət olma əsasında
birləşdirir. Millət olmadan modern dünya camiəsinin bir parçası
olmaq mümkün deyildir. Əski mədəniyətlərin ümmətçilik
çağrılarında hər zaman bir üst, bir də alt
kimliklər olmuşdur. Üst kimliyin dili və digər kimlik ünsürləri
alt qatda olan kimlikləri sömürmüş, hətta bəzi
məkanlarda məhv etmişdir. Modernitə bütün
millətlərə bərabər olaraq mədəni, siyasi haq
tanımaqdadır. Modernitənin (modern mədəniyətin)
siyasi şəkli dövlət-millət məfhumudur.
Həm də məşruiyətini dindən, əfsanədən,
mitolojidən, gələnəklərədən (sünnətdən),
ideolojilərdən alan dövlət deyil, məşruiyətini
millətin şüurundan, bilgisindən, məlumatından alan dövlət.
Ona görə də bütün millətləri eyni statusda görmək
modern mədəniyətə məxsus bir olqudur. Bütün
millətləri eyni statusa qaldırmaq üçün modern
mədəniyətin eyitim projeləri də var. Fərdin seçim
haqqına sahib olması üçün camiədə siyasi, dini və düşüncə
pluralizmi olmalıdır. Pluralizm, azad və düşünə
bilən, seçim qabiliyəti olan vətəndaş tərbiyə
etmənin, diktatorluğun əngəllənməsinin ən uyğun
yoludur. Seçimin fəlsəfəsi bu gün islam ölkələrində
olduğu kimi. Seçim, şüurlu tərcih məsələsidir.
Şüurlu tərcih üçün demokrasi bir metod və vəsilədir.
Bu tərcihin arxasında duran mərifət libralizm və siyasi
pluralizmdir.
Zehni
və ideolojik istibdadı inkar edən modernitə dil,
güc və azadlıq qavramlarını bir yerdə
təqdim etməkdədir. Azadlığın alt qatı gücdür.
Iqtisadi, mədəni, siyasi və elmi güc. Gücün alt qatı
isə dildir. Yəni azadlıq da dilin üstündə
bərqərardır. Çünkü azadlıq fəlsəfəsi
fikirdə ortaya çıxır. Fikir isə həm dillə şəkillənir,
həm də dillə ifadə olunur. Söz, fikirdən öncədir.
Bir fikir nə qədər ki, dil şəklinə dönüşməmiş,
sözülərə bürünməmişsə onun görünən
tərəfi yoxdur demək ki. Firkir söz yolu ilə ürətilir,
palyşılır. Modernitənin uzantısı olan
postmodernitəni dilin öz üzərində, öz kökü üstündə
dərinləşməsi, böyüməsi üçün fikir gimnastiyi
olaraq anlayanlar da var. Jak Derida, qramatoloji həyatın bütün
sahələrini içinə almaqdadır, deyir. Bu
səbəbdən də milli dillər anlayışları
modern mədəniyətin kəşfidir. Modernitə azad vicdanın
kəşfi isə, milli dil və milli dövlət qavramları
da modernitənin kəşfidir. Bəlkə teoridə digər
dinlər və əfsanələr bərabərlik iddiasında
bulunmuşlar. Lakin əməldə bunu göstərə
bilməmişlər. Məşruiyətini dinlərdən alan
o teorilər əslində cahil və qafil millətləri
məhv etmək üçün saxta müqəddəslikdən başqa bir
şey olmamışdır. Anlaşıldığı kimi
modern mədəniyətin ehtiva edicilik təlaşı da göz
önündədir. Bu ehtiva ediciliyi dünyadaki əsarət altında
yaşayan xalqların millət olma iradələri və mübarizələri
daha da yayğınlaşdırır. Modernitə bütün dünyanı
içinə alan ilk tarixi mədəniyətdir. Modern həyatın
heç bir alternativi yoxdur. Yer üzündə yaşayan bütün
millətlər əsarətdən qurtulmalıdırlar. Modern
mədəniyətin əsas məzmunu bundan ibarətdir ki,
insanlar, sadəcə qərizələri (instinktləri)
ilə yaşamamalıdırlar. Heyvanlar sadəcə içgüdü (qərizə)
ilə yaşar. İnsanlar, içgüdünün ötəsində (fövqündə)
öz hissiyatlarından, davranışlarından bir anlam çıxarmağa
çalışarlar. Çıxarılan bu anlamlar millət tarixinə
yüklənər və millət tarixində bir məna ifadə
edərək bütün dünya üçün faydalı olar. Modernizm öncəsi
tarix içgüdülərin tarixidir sanki. Modernitə tarixi içgüdülər
axarından çıxarıb düçüncə planına sövq etmişdir.
Bəşəriyətə faydalı olmanın yolu, mənsub
olduğun millətin dilinə, kimliyinə böyük sevgi və
sayqıdan keçməkdədir. Necə ki, Orhan Pamuk türk dilinin
dərinliyinə enərək Nobel ödülünü ala bildi. İçgüdüsəl
(Qərizi) istəklər nədir? İçgüdüsəl
istəklər o ehtiyaclar bütünüdür ki, əgər təmin
olunmasa canlı ölər. Məsələn, yemək-içmək
kimi. Şovinist zehniyətlər və faşist rejimlər bir
millətin mənəviyatını, dilini məhv etmək,
onun təkamülünü durdurmaq üçün o milləti içgüdüsəl
ehtiyaclara məhkum edirlər ki, düşüncə ürətmə,
kitab oxuma, kimliyini dərk etmə fürsətini tapa bilməsin. Mənəviyyat
içgüdüsəl deyildir, təmin olunmasa insan ölməz. İnsan ölməz, ancaq təkamül də olmaz, insan heyvan
səviyəsində ilişib qalar, heç bir mədəni
hadisədə iştirak edə bilməz. Bu gün Güney
Azərbaycanın təbii coğrafiyasının sömürülüb
fars məntəqələrinə daşınması da bu
siyasətdən, bu faşist zehniyətdən qaynaqlanmaqdadır.
Modern mədəniyət eyni zamanda öz tarix metodolojisi
və elmi ilə dünya ərsəsinə çıxmışdır.
Bu baxımdan ictimai, tarixi vaqiə olaraq bilinən milli
hərəkəti təhlil etmək, dini və ideolojik metoda
dayanmaz, fərqli metoda əsaslanar. Modernitənin insan ağlında,
insan vicdanında oyandırdığı insan haqları və
təbii haqlar məntiqinə dayanar. Modern mədəniyət,
vətəni və milləti olmayan mücərrəd mömin insan
tərbiyə etməz, modernitəyə görə bu dönəm
qapanmışdır. Modern mədəniyət milli dövlətinə
tabe olan, öz coğrafiyasında öz ağlını əməli
həyatda gerçəkləşdirən, ürətgən, çalışqan
vətəndaş tərbiyə edər. Öz milli dilində
elmini və ədəbiyatını gəlişdirən
vətəndaş. Bunun ibtidai bir örnəyinə Şimali
Azərbaycanda tanıq olmaqdayıq. Şimalda M. F.Axundovla başlayan
düşüncədə ibtidai modernizasion sürəci tədricən
nisbi genişləməyə tərəf irəliləmişdir.
1930-cu illərdən başlayaraq kommunistlər
tərəfindən modernitə dalğaları durdurulmuş,
məhv edilmişdir. M. F. Axundov, M.Ə. Sabir. Hüseyn Cavid, Ü.
Hacıbəyli, Cəfər Cabbarlı, Y.V. Çəmənzəminli
modern mədəniyəti dərk etmənin nəticəsi kimi
ortaya çıxdılar. Onların hədəfləri millət inşa
etmək idi. Kommunizm diktatorluğunun kontrolu altında daha sonra
ortaya çıxan ədəbiyatın hədəfi millət inşa
etmək deyildi, ideoloji inşa etmək idi. Ona görə də heç
bir böyük əsərlər ortaya çıxmadı. Yenidən
modern mədəniyət dalğaları Şimali Azərbaycana
girdiyində o dönəm yazılmış ədəbiyatların
bir çoxu zibil qablarına töküldü. Dünyadan qopuq və öz kökü üstündə
gəlişməyən saxta dilçilik bilgisi, məddahlıq
ədəbiyyatına cəhanşümul modern zehniyətdə
yer olmadı. 1000 ildən artıqdır ki, İran adlanan mühitdə
camidləşmiş, daşlaşmış zehniyət özünə
məxsus ədəbiyat və sosial zövq atmosferi oluşdurmuşdur.
Modern mədəniyət bütün daşlaşmış
zehniyətləri dağıtdığı bir ortamda
millətlərin haqqını görmək istəməyən
İranda hakim olan zehniyət modern mədəniyətin qarşında
dirənməkdədir. Ancaq onun dirəniş gücü tükənəcək,
çünkü nə Roma imperatorluğu, nə Sovetlər Birliyi İmperatorluğu
modern mədəniyətin qarşısında dirənə
bilmədi. İran adlandırılmış
cəhənnəmdə yaşayan millətlərin haqlarını
tələb etmə məntiqini modern mədəniyətin bu
qaranlıq və çürük zehniyətə qarşı hücumunda görmək
lazım. Modern mədəniyət millət haqları,
qadın haqları, insan haqları, çocuq haqlarını
hayqırırkən, fars faşizmi mərkəzli islam anlayışı
millətlərin haqqını inkar, qadınları daş-qalaq
edir və yeni yetmə çocuqları xürafatın və
cəhalətin uydurduğu Mehdi axiri zamanın əsgərləri
adı ilə dəstə-dəstə ölümə göndərir.
Ya da milli haqlarını istəyən gənc insanları islam
düşmənləri adı altında qaranlıq zindanlarda işkəncə
altına alır. Şah İsmail Səfəvidən başlayib
günümüzə qədər davam edən Mehdi İmam zaman xürafatı
Azərbaycan xalqını farsların mənafeyinə yem etmişdir.
Əbəttə ki, modern mədəniyət bu zehniyəti
qəti şəkildə rədd edər. Modernitəyə görə
insanın qurtarıcısı onun öz içində olan imkanlardır.
Bu imkanlar kollektiv şəklini aldığı zaman ortaq milli
ağıl ortaya çıxır. Bütün güc də bu ortaq işbirliyində,
ortaq çalışmada, ortaq ağıldadır. Dekart,
İnsanın ən böyük səadəti ağlını
doğru qullanmasına bağlıdır[2]
deyir. Qurtarıcı bəkləmək hər zaman bir ovuc yalançı,
fitnəkar cinayətkarların mənafeyinə xidmət etmişdir.
Modern mədəniyət millətlərin inanc sistemində özünə
yer edib camidləşən, daşlaşan bu kimi çirkin və
qeyri-əxlaqi gələnəklərlə barışa
bilməz. Modern mədəniyət, camidləşmiş, daşlaşmış,
tabuya dönüşmüş bütün gələnəkləri əridib
yox etməyə çalışar. Şahnaməçiliyə, Şah
İsmayılşılığa modern dünyada yer olmaz. Psikoanalizdə introjection adında bir
nəzəriyə var. Bu teoriyə görə insan bəzən
qeyri-şüuri olaraq bir təsəvvür və ya ideolojini, bir
əqidəni öz psikolojik sisteminə, şəxsiyyətinə
daxil edir. Fərdin şəxsiyət sisteminə daxil olan o
təsəvvür, gerçəyi və ya müəyyən bir fərdi
tanıma meyarına çevrilir. Əslində öz inanclarını,
dinlərini, məzhəblərini və bunların ardıyla
da fərdi və ictimai şəxsiyətlərini din
xadimlərinə tapşıranlar, bu teorinin qurbanlarıdır,
bu xəstəliyə yaxalanmışlar. Bu psikolojik hadisə
sadəcə fərd üçün keçərli deyildir. Millət üçün
də keçərlidir. Millətin də inanc sisteminə bu
xəstilk girdiyi zaman onun mədəniyətdən uzaqlaşmasına
və bəzən də məsxərə işlər görməsinə
şahid olunur. Məsələn, Şah İsmayıl dönəmindən
etibarən bu xəstəlik millətin inanc sisteminə elə
yerləşmiş ki, o öz gələcəyini düşünmək,
kimliyini dərk etmək yerinə əlinə bir zincir alıb,
öz canına qıyır, başını yarır, sinəsini
dəlik-deşik eləyir. Öz iradəsini, ağlını, düşüncəsini
bir mollanın iradısinə tapşırır. Öz imamını
kəşf etməmiş, tanımamış ölənin yeri
cəhənnəmmiş! Bu xəstəliyi təqib edən
digər bir xəstəlik də var ki, daha da böyük
bədbəxtlik gətirir. Nə imiş bu xəstəlik? Ona agnosia
deyirlər. Bu xəstəliyə tutulanlar əşyanı öz
normal hissləri ilə təşxis edə bilmirlər. Bu üzdən
də hissi baxımdan xəstədirlər. Səfəvilik bütün
toplumu bu xəstəliyə uğratmışdır. Yəni
heç bir fərdin hissiyatı imamınkı qədər
dəqiq, dərin və doğru ola bilməz. Hər kəs
imamla və naib-ul imamla hesablaşmalıdır,
çünkü o, məsum və xətasızdır. İran adlanmış
bu millətlər zindanındaki toplumların çoxu, o cümlədən
bizim millətimiz də aqnosia xəstəliyinə yaxalanmışdır.
Bu xəstəliyə yaxalanan insan qorunmaq üçün öz hisslərinə
qətiyən güvənməməli, öz hisslərini və
mənliyini inkar etməlidir. Müctəhidlərin təliminə
görə öz hisslərinə güvənmək yerinə məsum
olan imamın hisslərinə və ağlına güvənilməlidir.
İmam gələnə qədər isə onun təmsilçilərinin
hissiyatına inanılmalıdır. Bu təlimat da
təqlid məfhumunu doğurmuşdur. Vilayəti-fəqih
zehniyəti də burdan doğmuşdur. Yəni imamın
təmsilçisi insanların vicdanına, canına, malına,
namusuna hakim olma haqqına sahibdir, o hər şeyi biləndir.
Əbəttə ki, bu inanış içində nə millət
haqları ortaya çıxa bilər, nə qadın haqları,
nə insan haqları, nə də heyvan haqları doğrular.
(Avropa Birliyi heyvan haqlarını qoruma dərnəklərinin Türkiyəyə
ilətdiyi şətrlərdən biri də bu idi ki, Qurban
bayramında heyvanları çox incidərək başını
kəsirsiniz. Bu boğazlama metodunu dəyəşdirməlisiniz
dedilər. Heyvan öldürüldüyündə çox inciyir.) Bu
xəstəlikdən millət olaraq qurtulmanın bir yolu var, o
da hissi və əqli bağlamda modern mədəniyətə
keçişdir.
Bilgisayardan faydalanmaq, televiziona baxmaq, bu kimi modern
teknolojidən bərxurda olmaq modern millət olmaq anlamına
gəlməz. Bunlar modernizmin teknolojik tərəfidir. Yəni
məsələn, 1789-cu il Böyük Fransa inqilabı zamanında
bu teknolojik imkanların heç biri yox idi. Lakin insan haqları,
millət haqları, qadın haqları, vicdan azadlığı
və sekularizm kimi modernitənin təməl qavramları o
zamandan etibarən ortaya çıxmışdır. Modernitə,
teknoloji və ağır sənayelərlə irtibatda olsa da
daha çox və daha çox düşüncə məsələsidir.
Millətlər özünü milli sitəmlərdən qurtarmalı
və insanlar da xürafatın canlar alan basqısından xilas
olmalıdır.
Modernitənin təcrübələrindən yola çıxaraq
bəzi tarixi hadisələri də dəyərləndirmək
mümkündür. Baxmayaraq ki, modernitə tarix heyranı olmaz, bütün
planlarını indiliyə və gələcəyə görə
əyarlar, ancaq tarixin də mədəni
hadisələrindən vaz keçməz. Bu baxımdan Təbriz
mərkəzli məşrutəni hərəkətini
dəyərləndirəlim. Məşrutə, sürəc və
nəticə etibarı ilə modern hərəkət deyildi,
ola bilməzdi, çünkü nə sekular bir təcrübəsi, nə
sekular musiqisi, ədəbiyatı, nə də milli
hədəfi var idi. Nəticə etibarı ilə komik və
məsxərə görünən məşrutə əslində
tam modernizm qarşıtı olaraq ortaya çıxmışdır.
Çünkü hər bir hadisəni, sadəcə fəaliyət sürəcinə
görə deyil, həm də nəticəsinə görə
dəyərləndirmək lazımdır. Məşrutə
təzadlı düşüncələr mühitində ortaya çıxmadı.
Fəaliyət və nəticə arasında münasibət çox
şeyləri üzə çıxara bilər. Fəaliyət yaxşı
imiş, nəticəsi yaxşı olmadı deyə bir şərt
yoxdur. Nəticə fəaliyətə və fellərin
mahiyətinə, hədəflərinə görə şəkillənir.
Fel və neticə arasında bir qanuna uyğunluq var. Məşrutənin
nəticəsi Pehləvi faşizmi olmuşdur. Demək ki, bütün
o qəhrəmanlıqlar yanlış nəticə doğurmuşdur.
Fəaliyətin arxasında hansı fədakarlıqların
durması önəmli deyil. Önəmli olan nəticədir. Həm
Təbriz mərkəzli məşrutə və həm də
1979-cu il İslam İnqilabı nəticə etibarı ilə
modernitə düşmənliyi cəbhəsində yer almışdır.
Məşrutə sadəcə nəticə etibarı ilə
fəlakət doğurmamışdır. Həm də tarixdə
ilk dəfə olaraq ayət-ullahlıq terminini ixtira
edərək, dini və siyasi lüğətnaməyə soxmaqla
da böyük xəta etmiş, daha sonra gələn suçsuz insanların
da başını dərdə soxmuşdur. Məşrutə
və Xumeynizm timsalında Səfəviyət özünü yenidən
canlandırmışdır. İslam tarixində nə Höccət-ül
İslamlıq (Tanrının dəlili), nə də
ayət-ullahlıq (Tanrının nişanəsi)
terminləri olmuşdur. Tarixdə, sadəcə Selcuqlar zamanı
Nizamiyə mədrəsəsinin müdərrisi olan
Məhəmmd Qəzzaliyə (1058-1111) fəxri Höccət-ül
İslamlıq ləqəbi verilmişdir. Ondan başqa
belə dini rütbə islam tarixində olmamışdır.
Ayət-ullahlıq rütbəsi məşrutə inqilabı
(1905-1906) zamanı ortaya çıxdı. O zamanın siyasi
atmosferində məşrutəni dəstəkləyən
Seyid Məhəmməd Təbatəbai və Seyid Əbdülla
Behbehani adında iki axund var idi. Məşrutə ilə müxalif
olan Şeyx Fəzlullah Nuriyə qarşı bu iki axundu
qoymaq üçün onlara ayət-ullahlıq ləqəbi verildi.
Ayət-ullahlıq institutu o zamankı siyasi mühitin doğurduğu
bir hadisədir və islamla da heç bir əlaqəsi yoxdur. İslamın
yalnız bir dəqiq ayəti və höccəti var, o da
Qurandır. Göründüyü kimi, məşrutə
hərəkətinin ortaya qoyduğu qavramlar da modern
mədəniyətin fəlsəfəsi ilə uyğun
gəlməməkdədir. Modern mədəniyət səyyaldır,
durğun və yorğun deyildir. Gündən-günə dəyişən
və gəlişəndir. Bu üzdən də fikri, siyasi,
iqtisadi əsarəti kəsinliklə qəbul etməz.
Qəbul etməməklə qalmaz, bir millətin həm xarici
əngəllərini tanıdar, həm də onu əsarətdə
qalmağa zorlayan öz törələrinin iç üzünü ifşa
edər.
Modern
mədəniyyət şifahi millət[3]lər
üçün özəlliklə qurtuluş vəd edir. Şifahi
millətləri kətbi millət olmağa zorlayır.
Qələmi verir millətin öncüllərinin əlinə və
deyir ki, dədələrinizdən qalan şifahi kültür
yetərli deyildir, yetərli olsaydı kölələşməzdiniz,
kitab yazmalısınız. Tör-töküntülü, düzənsiz şifahi
şüurun bəlləyi (yaddaşı) zəifdir, bunlar da
kitablaşmış şüura dönüşməlidir. Ərbabani-şəmşir
müzəxrəf və anlamsız termindən başqa bir şey
deyildir. Qılıncın yanında kitab da olmalıdır. Türkün
qılıncını yönləndirən milli kitabı olmamışdır.
Modern mədəniyyət bunu oluşdrumalısınız
deyir. Kitablaşmayan şüur, ölkələri fəth edib başqalarına
buraxmışdır. Bu şəkildə də türklər başqa
millətlərin yüksəlişi üçün katalizor rolunu oynamışdır.
Yəni özün əriyib yox ol ki, başqası yüksəlmiş
olsun. Bu da milli bir inanc projesinin olmamasından qaynaqlanmaqdadır.
Güney Azərbaycan Milli Hərəkəti şifahi millət
olmaqdan kətbi millət olmağa doğru eyləmlər bütünüdür.
Ana dildə öz düşüncəsini, hissiyatını,
xatirələrini yazan millət, yəni yazmağa,
qələmə adət edən millət. Bütün Osmanlı,
Səfəvi, Səlcuq saraylarından bir yarpaq kağız
mənsur əsər olaraq türk dilində qalmadı. Qalanlar da
toplumu qaranlıqlara gömən, insan düşüncəsini xürafatın
məhbusu edən şeirlərdir. Şah İsmayılın
və Sultan Səlimin şeirləri kimi. Modern
mədəniyyət şifahi kültürə güvənməz. Çünkü
düşüncə, yalnız eşitməklə döllənə
bilməz, şəkillənməz, dərinləşməz.
Gərək gözlərini zilləyəsən kitaba və
oxuyub-yazasan, eleştirib-dəyərləndirəsən. Elmi
və modern zehniyət, yalnız bu yolla dərinləşər.
Qərb dünyasının özgürlüyə qovuşması şifahi
kültürlə, folklorla filan olmamışdır. Modern Qərb
mədəniyyəti kitablarla, tədqiqat və təhqiqatla inşa
edilmişdir, edilməkdədir. Güney Azərbaycan Milli
Hərəkəti də mahiyəti etibarı ilə modern olduğu
üçün kitablarla inşa edilməlidir. Kitabsızlıq, milli dildə
təfəkkürdən məhrum olma məşrutəni və ya
ən son Şəriyətmədari macərasını doğurdu.
Heç birisinin millətə yol göstərəcək bircə kitabı
yox idi. Şəriyətmədarinin şəkkiyat, xums,
zəkat, qadınla kişi arasında seksual münasibətlər
haqqında yazdığı risaləyə kitab demək mümkün
deyil. Zatən o risalələr kitablaşma süuruna qarşıdır.
Dini risalələr tarixin təkamülü qarşısında
əngəl olaraq ortaya çıxmışdır. İslamın
da mahiyətini anlamağa əngəl olmuşdur. İslamın
əsas kitabı bir yana durmuş və risalələrlə
toplum qaranlıqlara gömülmüşdür. Hamısı da bir-birini
təkrar etmişdir. Güney Azərbaycan Milli Hərəkəti
bunların heç birinə bənzəməz və heç birinin
davamı və uzantısı deyildir. Bu üzdən də
tədricən öz kitablarını ortaya qoymalıdır.
Hərəkət böyüdükcə, öz əsərləri ilə
bir yerdə təzahür etməkdədir. Modern
mədəniyyət, bütün fəlsəfəsi, təcrübələri,
insan və millət haqları məntiqi ilə bizim yanımızdadır.
Çünkü bizim hərəkətimiz modernitənin
həqiqətlərinə tamamı ilə uyğundur.
Bir
qala, gözəl bir saray təbiətin məhsulu deyildir, insan
iradəsinin məhsuludur. Lakin bu qalanın, bu sarayın
materialları təbiətdə dağınıq şəkildə
mövcuddur. O dağınıq materiallardan böyük mümari əsərlər
təsis etmək olur. Millət də təbiətin məhsulu
deyildir. Milli düşüncənin, iradənin, hədəfin və
milli duyğuların nəticəsidir. Millətin də maddi
materilları təbiətdə mövcuddur. Bu üzdən də
millət olqusu əbədi bir oluşum sürəcidir. Millət,
milliyətə mənsub olan fərdlərin təfəkkürlərinin,
iradələrinin, istəklərinin, çalışmalarının
ortaq məhsuludur.
Millətlər
basqı altında olanda daima təpkisəl olaraq bir oyanış
hərəkəti içinə girərlər. Hər şey yox
olmaq ərəfəsində özünə dönər. Yetər ki,
yox olmanın şüuruna varılsın. Bu şüura varıldığı
zaman yeni həyəcanlar, yeni enerjilər ortaya çıxmağa
başlar. Arnold Toynbiyə görə, bir millət güclü
təzyiqlərlə qarşı-qarşıya qaldığı
zaman, onun özünü savanma ehtiyacı maddi və mənəvi planda
yeni enerji ortaya qoyar. Alim bu şəkildə bir ictimai dialektik
məntiqini ortaya qoymuşdur: Həmlə-tez, müdafiə-antitez,
mədəniyyət-sintez. Bunu bu şəkildə öz durumumuza
görə təfsir edə bilərik: fasr faşızmi bütün gücü
ilə Azərbaycan türklərini tarixdən silməyə
qərarlıdır. Onun bu hərtərəfli hücumuna (tezinə)
qarşı Güney Azərbaycan müdafiə sistemi (antitez) özünü
şəkilləndirmişdir. Etnosun özünü qoruma sistemi get-gedə
böyüyür. Bu özünü müdafiənin kəmiyət və keyfiyət
durumunun şəkillənməsi üçün azad dünyada
cərəyan edən modernitə əsintiləri də müsbət
təsir göstərir. Bu tezin və antitezin toqquşmasının
nəticəsi (sintezi) gələcəkdə ortaya çıxacaq.
Bu sintez yeni bir mədəniyət doğuracaq. Bu
mədəniyət milli istiqlal məfkurəsini Azərbaycanın
siyasi gerçəkliyinə çevirəcəkdir. Bu gün ortaya çıxacaq
olan o sintezin əlamətlərini müasir ədəbiyatda,
musiqidə, elmi məqalələrdə və cəmiyətin
dərinləşən milli şüurunda görürük.
Eyni zamanda modern mədəniyət özünü dərk edə
bilməyən, özünü dərk etməkdə aciz olan bütün kültürləri
inkar edər. Sadəcə öz bətnində törəyən
və digər kültürlərlə irtibata keçərək böyüyə
bilməyən kültürlər etnosların öz içində məhbus
qalıb, boğulub yox olarlar. Modernitə bu kültürlərə
həyəcan və can vermək istər. Yeni həyəcanları
yaxalaya bilməyən kültürlər və etnoslar bəlli bir sürədən
sonra yox olub gedərlər. Bu gün Güney Azərbaycanda böyük bir
həyəcana şahid olmaqdayıq. Hətta ana dilində
məktəb, dərgi olmamasına baxmayaraq, milli dildə ortaya
çıxan əsərlər lokal deyildir. Ana dilində
məktəb olmaması üzündən dil qramatik özəlliyi
və gözəlliyi ilə bəlkə tam olaraq özünü göstərə
bilmir. Ancaq bütün dünyayla qucaqlaşmağa can atan bir yaradıcılıq
həyəcanına, zehniyətinə şahid olmaqdayıq.
Modern mədəniyət bu həyəcanı alqışlamaqdadır.
Modernitənin
ən böyük kəşfi yeni gələnək olmuşdur.
Dəyişim və təkamül gələnəyi. Modern
mədəniyət, təkamülü bir gələnək halına
dönüşdürmüşdür. İndiki zamanda yaşamaq
istəyən millətlər üçün modern mədəniyyət
yol göstərməkdədir. Lakin keçmişdə taxılıb
qalan, saxta və uyduruq müqəddəsatın heyranı olan
millətlərə də yaxın düşməz. Modernitə,
dini və inacı sosial sahədən, fərdi və vicdan
sahəsinə sıxışdırar. Fərdlə Tanrı
arasındaki sirli münasibəti sosial plana daşımaq xətadır.
Sosial plana daşındığında ayətullahlar və müctəhidlər
toplum və Tanrı arasında əlaqələndirici rol üzərlərinə
alırlar. Sonra da bir müctehidin, din xadiminin din anlayışı
bütün topluma zorla qəbul etdirilir. Allahın bütün
məsuliyətini üzərinə alan ayətullahlıq sistemi,
məşruiyətlərini də Allahdan aldıqları üçün
hər növ cəza, vəhşilik, cinayət və qətl törətməkdə
mütləq sərbəstliyə sahib olurlar. Tarix boyu düşünən
insanların dərisinin soyulması və bu gün də din adı
altında Azərbaycan millətinin milli mübarizəsinin
səsini boğmaq da bu zehniyətdən qaynaqlanır. Yalnız
bu dəfə Allah da farslaşmışdır. Bu,
modernitənin metodu olan demokrasiyə və pluralizmə ziddir.
Modernitə təkamül tarixini inkar etməzkən bu növ tarixi kökündən
inkar edər, onu vəhşilik sayar. Modern mədəniyətin
ən böyük kəşflərindən biri də
dialektikadir. Bu baxımdan K. Marksın çox böyük aydınlatıcı
rolu olmuşdur. Dialektik olayların kökünə enib,
səbəblərini, təzadları, fəaliyət prosesini,
nəticəsini bir yerdə bir bütün şəklində
təhlil edər. Bu səbəbdən də modern
mədəniyət, tarixi xürafatlara dayanmaz, daha çox elmidir.
Modern mədəniyətin keşfi olan dialektik sürəc
millətləri öz tarixlərini və
gələcəklərini inşa etməyə sövq edər.
Məsələn, biz tarix yaratmırıq, mənəviyyat ürətmirik.
Çünkü mənəviyat milli dildə ürətilər, o dildə
də yazıb-oxuya bilmirik. Demək ki, biz ahistorik (tarixin içində
olmayan) bir millətik. Yəni tarixin içində deyilik, ya haşiyəsindəyik,
ya da xaricində. Modernitə milli sitəm altında olan
millətləri də tarixin içinə çəkmək istər.
Ancaq biz indiki durumumuzla tarixə sadəcə kənardan şahid
oluruq. Öz coğrafiyamızda gerçəkləşən tarixdə
öz rolumuz yoxdur. Fasrların hədəfləri əsasında türk
torpaqlarında onların tarix planları gerçəkləşir.
Bu plana görə də yalnız bir hədəf var: türklərin
bu coğrafiyalardan sökülüb atılması. Modern
mədəniyyət bunu qəbul etməz. Lakin modern olmayan
mədəniyyət və tarix bunu böyük məmnuiyyətlə
qəbul edər. Necə ki, modern olmayan bu tarixin qurucusu biz olsaq
da bizim məfkurəmiz onun omurqasını təşkil
etməmişdir. Ona görə də modern mədəniyyət bu
tarixlə savaşar. Atatürkün etdiyi kimi. Atatürk, Osmanlı-ümmətçi
zehniyətinin düşməni idi. O üzdən də o tarixi və
zehniyəti Anadolu türklüyünün yazqısından kənarlaşdırdı.
Bu gün özəlliklə Quzey Azərbaycanda mürtəce-mühafizəkar
kəsim Səfəviyətin mahiyətini anlamadan, Böyük Nadirin
çökərtmək istədiyi o qaranlıq çağı idealizə
edərək, insanların düşüncəsini orta çağ
Səfəvi qaranlığına sürükləməyə çalışırlar.
Burada özəlliklə İran Şiə rejiminin böyük rolu var.
Səfəviyətə sürüklənmək İrançılığı,
İrani kimliyi gücləndirir. Yalnız dünyada dalğalanan
modern mədəniyət bu mürtəce kəsimin başarılı
olmasını əngəlləməkdədir. Quzey
Azərbaycanın Avropa Şurasına girməsi gerçəkdən
də irticai fikirləri əngəlləmək baxımından
böyük bir şansdır. Bunun nəticəsi zaman axışı
içində Azərbaycanda şəkillənəcək olan hüquq
dövlətində görüləcəkdir. Avropa Şurası olmadan,
Avropa hüquq sisteminin nəzarəti olmadan Şərq ölkələri
demokratik-hüquq dövləti qura bilməzlər, bilməmişlər.
Onların tarixləri, tarix heyranlıqları və
tarixlərindən qaynaqlanan irtica buna mane olar. Atatürk bütün
zahiri və batini tərəfləri ilə tam çağdaş
bir dövlər adamı idi.
Modernitə
həm dışa yayılma, həm də içə yayılma
səciyəsi ilə əski mədəniyyətlərdən
fərqlənir. Dışa yayılma sürəcində BMT, insan
haqları örgütləri kimi uluslararası quruluşları,
təbiəti və heyvan haqlarını qoruma kimi
dərnəkləri doğurdu. İçə yayılmada isə
fərdə seçim haqqı tanıdı. Onun düçüncəsini dar
qəliblərdən, xürafələrin və dinlərin əsarətindən
qurtarmağa çalışdı. Modern toplumu təqlidə,
sinə vurmağa, naxırlar şəklində bir yerə yığıb
yas saxlamağa, ağlaşmaya zorlamaq olmaz. Modern insan daha çox
kitabxanalarda, universitələrdə, teatrlarda, idman klublarında
və digər bu kimi yerlərdə həyatını
dəyərləndirir. Mənbərdəki mollanın oyunbazlığı
ilə oğlu ölmüş adam kimi mələyən adam heç
bir zaman modern insan ola bilməz.
Bu dəyərləndirmədə modernitə və
Qərbçilik anlayışları bir-birinə yaxın qavramlar
olaraq istifadə edildi. Şübhəsiz ki, hər millətin öz
modernitəsi var. Lakin modernitənin doğum yeri Qərbdir. Bütün
millətlər də oradan alıb, öz şərtlərinə
görə mənimsəyirlər. O üzdən də indiki zamanda
Qərb mədəniyəti və demokrasisi yüksək
məqamdadır. Şərqin Qərbə verəcəyi bir
mesaj yoxdur. Məsələn Şərq Qərbə: Get
Vilayəti-fəqih mərkəzli hökumət qur, Ərəbistan,
Əfqanistan kimi dövlət qur! mu deyəcək. Şərq
ölkələrindən hər hansı nə qədər
qərbləşmiş və ya qərbləşirsə bir o
qədər də yaşanılırdır. Avropada modernizasion
sürəci başladığı andan etibarən Şərqdən
Qərbə doğru siyasi, mədəni mühacirət başlamışdır.
İstibdadın zülmündən qaçanlar, fərqli düşüncəyə
sahib olanlar canlarını qurtara bilmək üçün Qərbə qaçmışlar.
Qərb olmasaydı Şərq daha da bədbəxt durumda
olacaqdı. Heç olmasa Qərbin teknolojik ixtiraatından faydalanılır.
Avropa Birliyinə girmə sürəcində Türkiyənin nə
qədər demokratikləşdiyi gözlər önündədir. Güney
Azərbaycan Milli Hərəkəti,
düşüncə və hissiyat olaraq öz ana dilimizdə
Qərbi anlamaq, Qərbsayağı milli və demokratik hüquq dövlətindən
bərxurdar olmaq anlamındadır. Türkçülük və Türk Dünyası
Birliyi qavramlar da Qərbdəki modernitənin bizim şüurumuzdakı
inikasından başqa bir şey deyildir.
Modernitə eyni zamanda insandaki ruhi fəqirliyi, yoxsulluğu
ortadan qaldırır. Hər bir fərdin etiraz haqqı var. Ruhi
yoxsulluq dolayısıyla fərd müxtəliflik və təkamül
doğuracaq etiraz haqqını öz içində məhbus edir.
Şərq dünyasındaki ictimai xaos və
fərdlərdəki komplekslər bu səbəbdən olsa
gərək. Bu üzdən də İslam Şərqində mövcud
olan sosial psikoloji qatildir, qatillik psikolojisi ilə yüklüdür.
İslam Şərqinin ən böyük təcrübəsi qatillik
sahəsindədir. Şərqin dini tarixinin mirası olan
qatilliyi və ya ölüm cəzasını Avropanın
tələbləri üzərinə həm Quzey Azərbaycan,
həm də Türkiyə anayasalarından çıxardılar. Güney
Azərbaycan bu sosial və tarixi mühitdən ayrılmağa çalışdığı
qədər, öz siyasi, iqtisadi və zehni istiqlalını əldə
etməkdə uğur qazanacaqdır. Bu gün Avropa modernizmi
bizim milli şüurumuzun şəkillənməsinə həm Türkiyədən,
həm də Quzey Azərbaycandan daha çox təsir göstərməkdədir.
Qərb modernizminin verdiyi millət və insan haqları
mesajını heç bir soydaş ölkəmizdən görmürük. Bizim
öz tarixmizə müdaxilə haqqımızı yalnız modern
zehniyət rəsmiyətə tanımaqdadır. Bu dünya, o dünyanın
tarlasıdır zehniyətinin basqısı altında şəkillənmiş
olan minillik tariximizdən də gərəkən yardıma
rastlanmırıq. Bu minillik tarixin təlqin etdiyi iki məfhum
var: cənnət və cəhənnəm. Allah da rəhman
və rahim olduğu üçün, yalnız cənnət insanları gözləməkdədir.
Şübhəsiz ki, bu zehniyət heç bir tərəqqiyə
və yeniliyə yol aça bilməz. Necə ki, açmamışdır
da. Millət olaraq, həyat duyğularından qoparılmış
bu zehniyətin əsarətindən qurtulmalıyıq. Milli
hərəkət, əslində bu ruhi əsarətdən
qurtulmaq mənasındadır. Bu əski zehniyətdə
təfsir, hədis, fiqh və dini meyarlar həyatın bütününü
qucaqlayır, düşüncəyə ehtiyac buraxmır.[4]
Bunun tərsinə olaraq modernitə çağdaş insanın
yolunu aydınlatacaq ən arxayın və güvənilir projedir.
Modern mədəniyətin gətirdiyi olqulardan biri də
açıq toplum məfhumudur. Modernitənin açıq toplum
olaraq bilinən siyasi fəlsəfəsini İrana tətbiq
etmək mümkün mü? İran açıq cəmiyət olursa müxtəlif
millətlər demokrasi və referendum kimi sivil yollarla fars faşizmi
istilasından qurtarmağı sınayar. Açıq toplumda,
cəmiyətin öncülləri öz millətlərini aydınlatmaq
üçün heç bir təzyiqlə rastlanmırlar. İran, tarixi
və mövcud kültür antropolojisi ilə açıq toplum ola
bilməz. Açıq toplum olması ilə dağılması
eyni ola bilər. Açıq toplumun özəlliyi siyasi və iqtisadi
iqtidarı ölkədə yaşayan bütün etnosların ortaq malı
etməkdən ibarətdir. Farslar bunu bilirlər. Qapalı
sistemlər də öz içindən çökməyə, dağılmağa
məhkumdur. Demək ki, hər iki halda İran dağılacaqdır.
Bu dağılmanı isə Güney Azərbaycan Milli
Hərəkəti daha da sürətləndirəcəkdir.
Güney Azərbaycanda Milli Hərəkətin toplumun daha da
dərinliklərinə enməsi üçün milli burjuazinin inkişaf
etməsi lazımdır. Bu, o deməkdir ki, Azərbaycanlı
öz coğrafiyasının imkanlarına güvənərək,
modern dünyanın kapital qazanma təcrübələrindən
faydalanmalı, çağdaş sənaye və teknolojik əsərlərdən
bərxurdar olmalıdır. Modernləşmənin ilkin şərtlərindən
birisi ölkədə milli sərmayənin inkişaf etməsidir.
Fars kimliyi və fars hədəfləri mərkəzli
rejimlər anlamışlar ki, milli burjuazinin inkişafi ilə
milli şüurun gəlişməsi bir tənasüb təşkil
etməkdədir. Dünydaki modernizasion təcrübələri bunu
isbatlamışdır. Bu üzdən də Azərbaycanda
sənayeləşmənin qarşısını almaqdadırlar.
***
Güney Azərbaycan insanının ağlı və
hissiyatı oyanmışdır. Onun aydınları
modernizasionu və modernitəni kəşf etmişdir. Bu bir
aqibətdir. Yaşanması, gerçəkləşməsi
gərəkən bir taledir. Bunu əngəlləmək mümkün
deyildir. Bütün dünyaya hakim olan çağdaşlaşmanın
dinamikləri bizi də bu istiqamətə doğru sövq
etməkdədir. Bu da istiqlal və özgürlük taleidir.
21.10.2006