Birmənalı Postmodernist yazıçı: Orxan Pamuk

                                                                                     

Orxan Pamuk en sevdiyim yazıçıdır. Bunu bu günlərdə İsveç Krallığı Akademiyasının ədəbiyyat sahəsi üzrə qalibi Orxan Pamuk olduğu üçün deyil, sadəcə onun indiyə qədər yazmış olduğu bütün əsərləri ac gözlüklə oxuduğum üçün deyirəm. Bu günlərdə hamı ondan danışır, hətta sensasiyaya meyilli acımasız türk mediası da Onun nailiyyələrindən bir ağız dolusu yazır ki, sanki bizim 4-5 ay öncə ona “türkçülüyü təhqir”-də günahlandırılaraq haqqında cinayət işinin açılmasını, həmin mediyada “Vətəni satan orospu” başlıqlı yazını oxumadığımızı vəya tez unutduğumuzu fikirləşirlər. Öz işləridir. Bizim mediyamız da onun şəxsiyyətini birmənalı qarşılamır. Türk olduğumuzdandır. Mən də onun haqqında bir şeylər desəm türk olduğum üçün hesab etməyin, sadəcə onu kosmopolit, özümü də bir dünya vətəndaşı hesab edirəm...

Azərbaycan yazıçılarının əsərlərini oxuyanda, inanın mənə, istirahət etmək yerinə mənfi emosiyalarla dolur, özünün axmaq yerinə qoyulduğunu hiss edir, depressiyaya uğrayır, “bu əsər ədibin həyatındandırsa demək o nə qədər də tufeyliimiş” deyə öz-özünə düşünürsən. Əsərin sonuna çatanda isə suallara yeniləri də əlavə olunuraq “bu əsəri niyə oxudum, niyə vaxtımı buna, mənasız yerə xərclədim?” deyə fikirləşir, fikirlərinin də sonuna dərin bir “ah” çəkərək nöqtəni qoyursan. Hələ sizə bizim yazıçıların əsərlərindəki söz oyunlarından danışmıram. Yazıçılarımızdan biri sevdiyi bir əsərdə belə yazır: “Əhməd (ad yazıçını məlum edər deyə şərtidir) susurdu, belə vəziyyətdə o, qəzəbindən cilov gəmirən aslana bənzəyirdi...” Yazıçı zorla adamı xəyallar məngənəsinə salır, düşüncələr dəyirmanında üyüdür. Hey fikirləşirsən, “görən güləyən, şən aslan da olur???”

Ədəbiyyatçı deyiləm, amma ədəbiyyatın insan psixologiyasına ən təsirli vasitə hesab edirəm. Əsər insan üçün yazılırsa deməli insan həyatının hər sahəsini əhatə etməlidir. Yalnız sevgi, ayrılıq, vüsal, Kolxoz, Sovxoz, Sovetlər, Lenin, Stalin, Heydər baba və s cılız mövzular bizim bədii ədəbiyyatımızın nüvəsidir. Siz bizim yazıçıların əsərlərində əxlaqsız bir səhnə ilə rastlaşmısınızmı, və ya dioloq zamanı söyüşlərdən istifadə edilməsinin şahidi olmusunuzmu? Siz Azərbaycan yazıçılarının əsərlərində intihar səhnələri ilə neçə dəfə rast gəlmisiniz? Cavab acınacaqlıdır. Bizim əsərlər sadəcə xəyallar və illuziyalar məhsuludur. Həmid Herisçinin “Nekroloq”, Əli Əkbərin “Gotenin məktubları” və bəzi gənc yazıçıların əsərləri istisna olmaqla 60-cı illərdən bəri yazılmış əsərləri oxuyanda “ya biz çox əxlaqlıyıq, ya da dünya çox fahişələşib” kimi suallar adamın kifayət qədər vaxtını alır. O. Pamukun əsərlərini oxuyanda Azərbaycan ədəbiyyatına nifrətim bir az da artır.

İnanın səmimiyyətimə, O. Pamukun əsərlərini oxuyanda mən özümü həmin əsərin künc-bucaqlarında gizlin qalıb üzə çıxmayan bir surət kimi hiss edirəm. Əsəri oxumuram, həm də onu yaşayıram. “Mənim adım Qırmızı” əsərini originaldan oxuyun və istirahət edin, heç Soçiyə getməyinə dəyməz. Söz oyunları, fərdin həyatını komplə əhatənin necə qurulmasına rast gələ bilərsiniz. Eşitmək, oxumaq istədiyiniz bir çox şeylə yanaşı, bu əsərlərdə rastlamadığımız səhnələr də kifayət qədərdir. Misal: “Mənim adım qırmızı”əsərində Qaranın dilindən (əsər qırmızı, qəhrəman qara – bu da yazıçının zarafatlarından biri) yazıçı deyir: “Hava birdən məni elə ürpətdi ki, ürəyimdən otağın küncünə çəkilib “31” etmək fikri keçdi”. Bu cümlə ortaya atılmış aidiyyatı olmayan bir cümlədir. Oxuyanda fikir bir xətt üzrə hərəkət edərkən bu cümlə xətti qırır, sonradan yenidən fikir davam edir və fikir xəttinin əvvəlini xatırlamaq üçün dirənirsən. Bir növ yazar “insanlıq mübarizə içində üzə çıxıb, daimi sabitlik onu məhv edər” deyəcəyini düşünürsən. Bəlkə də yanılırsan, çünki o O. Pamukdur, nə demək istədiyini yalnız özü və professionallar dəqiq bilir. Bununla yanaşı oxucu həmin “31”-in bir kişinin gənc yaşlarda etdiyi suni intim səhnəsi “yaradıcılığı” olduğunu və gənclərin bunu tez-tez etdiyini yaxşı bildiyi üçün bu fikirə normal yanaşır. Bir növ yazar “31” və bu kimi metodlarla doğrudan da oxucunu sadəcə əsəri oxumağa deyil, həm də onu əsər içində yaşamağa, əriməyə vadar edir.

O. Pamukun Şərq yazıçılıq ənənələrini baltalaması, mövzu tabularını sındırması, postmodernist yanaşmalarla insan həyatnın gözlə görülə bilinməyəcək dərinliklərinə nüfuz etməsi “Mənim adım Qırmızı” ilə yanaşı “Qar” romanında da üzə çıxır. Bu əsərlər melankolik ruhda olsa da Şərq-Qərb insanının həyatı, düşüncə tərzi, davranış etikası, ailə qruluşları və tərbiyə mexanizmi və s. dərinliyə varılaraq müqaisəli formada təhlil edilir. Ümumiyyətlə, bu iki əsər O. Pamukun Nobel mükafatını başı üstünə qaldırması üçün səbəb hesab olunur. Avropada məşhur “Newsweek” jurnalı sonuncu buraxılışında manşetdə yazıçı haqqında belə yazır: “İndiyə qədər heç bir yazıçı Qərb-Şərq arasındakı “bölünmə”-ni onun “Mənim adım Qırmızı” və “Qar” romanlarında olduğu kimi üzə çıxarıb təhlil edə bilməyib.”

Türk olduğumuz üçün O.Pamukun Nobel almağını bir mənalı qarşılaya bilmirik. Bəziləri Nobelə gedən yolu onun dissidentliyində, bəziləri Erməni və Kürdlərə qarşı türk politikasının etdikləri səhvləri bəyan etməsində görür. Həqiqətdir ki, demokratik olmayan, söz, fikir, vicdan azadlıqlarının təmin olunmadığı bir ölkədə O, bir dissident dir, amma onun dissidentliyi ədəbiyyat sahəsi üzrə Nobel almasına səbəb ola bilməz. Bir şeyi xatırlamağımız gərəkir ki, Şərq aləmində həyatda olan yazarlar içində yalnız O. Pamukun kitabları təkcə Avropada 40 mil. tirajla satılır, dünya “bestseller”-i içində onun “Qar” Romanı 16-cıdır. “Mənim adım Qırmızı”, “Qara Kitab”, “Yeni həyat” romanları da ilk 50 kitab arasındadır. Onun dissident olması Qərbin yüksək kürsülərində əyləşənlər üçün həlledici ola bilər, amma Qərb insanı üçün dissident yox, Postmodernist yazıçı Orxan Pamuk tanınır və sevilir. Və O, Almaniyanın məşhur “Frankfurter Allegemeine” dərgisinin də dediyi kimi dünyaya necə roman yazılacağını öyrədir...

                                         ABBAS Atilay...OSLO abbasatilay@yahoo.com