TÜRKÜN
QARA KİTABI

“Taxt-taca
yiyələnməyə hazırlaşan vəliəhdə
29 yaşına qədər səfeh və xoşbəxt
uşaq həyatı sürməyə icazə
verən imperiya,
təbii
ki, dağilmağa, yoxa çıxmağa məhkum idi.”
“Ey məğlub olmuşlar! Ey alçaldılmışlar!
Ey lənətlənmişlər! Ey unudulmuşlar!
Ey
heçnə olanlar! Qorxmayın,
heç
kim özü ola bilməz, heç kim!
Həmçinin
krallar, xoşbəxt padşahlar,
məhşur
adamlar, kinoulduzlar,
yerlərində
olmaq istədiyiniz zənginlər.
Onlardan
xilas olun! Onlar yox olan kimi
sizə
“sirr” kimi təqdim etdiklərini tapacaqsınız.
Öldürün
onları! Öz sirrlərinizi yaradın,
öz
tapmacalarınızı tapın!”
O.Pamuk.
“Qara kitab”
«Özbək, türkmən, azər, qazax - hamısı
bir soydur...»
Türk mahnısından
Bəşəriyyətin “rəngli” kitabları az
deyil, məsələn, “Qırmızı Kitab”, “Yaşıl
Kitab”, “Sarı Kitab”, “Ağ
Kitab”, “Türkün Qızıl Kitabı” və s. Sadaladıqlarımdan
birinci üç kitab qədim
xəzər-yəhudi tarixi
əlaqələrindən gedir (bax: M. Paviç “Xəzər sözlüyü”).
1939-cu ildə müstəqil Fələstin dövlətinin yaradılması
məsələsi ilə bağlı “Ağ kitab” adlı
sənəd ortaya çıxmışdı. “Türkun
Qızıl Kitabı” türklərin qədim tarixdə yaratdığı
dövlətlər, imperiyalar, həmçinin türk xaqanları Güntəkin,
Tonyikuk, İltereş, Hun sərkərdəsi Atilla, Mete, Çingiz
xan, Əmir Teymur, Batu Xan, Toğrul Xan kimi şəxsiyyətlərin
tarixdəki fəaliyyətləri haqdadır. “Qara kitab”
isə “at çapıb, qılınc oynadıb, ad qazanan” bu
şəxsiyətlərin el-obalarının
aqibətindəndir.
Müasir türk ədəbiyyatinin ən mübahisəli və
populyar əsəri sayılan “Qara kitab”, 90-cı illərin
əvvəllərində Qərb ədəbi dünyasının
kəşfi sayılan türk yazarı Orxan Pamukun 4-cü romanıdır.
Mürəkkəb, qarma-qarışıq, eyni zamanda
dəbdəbəli yazi tərzinə malik olan bu əsərdə
yazar, erudisiyasını nümayiş etməklə bərabər
Avropa oxucusunun əksəriyyətinə tanış olmayan bir
sıra tarixi faktlar üzərində, özünün etirafına görə,
“yüksək səslə düşünür.”
Müsahibələrinin birində Pamuk, “...Sizi intellektual,
çoxplanlı, keyfiyyətli ədəbiyyat maraqlandırırsa,
“Qara kitab”ı oxuyun”,—söyləmişdi. Əsərinin
adını niyə “Qara kitab” qoyması ilə bağlı
suala, bunun əsla səbəbini bilmədiyini demişdi. Onun sözlərinə
görə, “kitabın hazır olmasına baxmayaraq, adı müəyyən
deyilmiş və xanımı ilə söhbətdə bu ad
təsadüfən ortaya çıxmışdır.” Lakin bu
kitabın adının təsadüfi qoyulmasına inanmaq, məncə,
avamlıq olardı.
“Qara kitab”da müxtəlif aşkar və gizli, sətiraltı
və sətirüstü qatların bir-birinə dolaşdırılması,
qarışması, lakin əsərə xələl
gətirməməsi, əksinə əsas
ideyaya xidmət etməsi səbəbiylə bəzi
tənqidçilər Orxan Pamuku
“yazıçı-simfonist”, “böyük forma ustası”, əsərini
isə “ronam-xartiya”, “roman-sivilizasiya” adlandırmışlar.
İlk öncə O.Pamukun “Mənim Adım Qırmızı”,
“Qar” romanları kimi “Qara kitab”ın da Röyaya ithaf edildiyinə
diqqətinizi yönəltmək istərdim. Kimdir Röya? Və ya
nədir bu Röya? Bunun cavabını anladığım
qədər sonda verəcəyəm...
Müəllifin başqa məhşur romanları kimi,
“Qara kitab”da da
vətəninə, keçmiş tarixinə,
islama qarşı neqativ baxış vardır.
Nədəndir bu münasibət? “Güldürənin yanına
yox, ağladanın yanına get” Azərbaycan atalar sözünü
yada salıb, yazarın bu antipatiya səbəblərinin,
motivlərinin bəzi uclarından tutmağa çalışaq.
“Qara kitab” dünyada ilk uğurlu türk detektivi kimi tanınmaqdadır.
Yoxa çıxmış sevimli həyat yoldaşı Röyanı
axtaran Qalib, İstanbulda axtarışlara
başlayır. Bu axtarışların hər epizodu mətnin
əlvan süjetinə yeni naxışlarla toxunulur: sufi alimanə
poeziyasının çoxsaylı alleqorik metaforaları,
dinsizlik, kafirlik motivləri, hürufi
firqəsi və bəktaşilər qardaşlığı,
sufi fəlsəfəsi, dövlət çevrilişləri, Şərq-Qərb
problemləri və s. Müəllif, irfan-təsəvvüf görüşlərinə
bələd olmadığını, bunları ancaq ruhuyla yaşadığını,
hiss etdiyini vurğulamışdı.
Roman, hekayə içində hekayə üsulu ilə yazılıb.
Qatlarının çoxluğu əsərə müxtəlif
səpkili faktların daşınılmasından
irəli gəlir. Professional jurnalist Pamuk informasiyanı
sevir, bunun hamısının
məna və dəyərinin olduğunu söyləyir. Mətnlərin
əlaqə tipləri -- intertekst, paratekst, metatekst, hipertekst,
arxitekstuallıq, Pamuk yaradıcılığında
geniş realizə edilir. M.
Hotdinerə görə, “məhz intertekstlə təmas prosesində
müasir mədəniyyət üçün dəyəri devalvasiyaya uğramış,
konnotasiyaların, başlanğıcı itirilmiş
mənaların mədəni qavrama reaktuallaşdırması,
yəni “itirilmiş mənaların təzədən kəşfi”
imkanı açılır.”
“Mistika
və panteizm ilə dolu dünyada əsas
yarasalar,
qızılgül suyu və nəşədir, itmiş
sevgili isə əsas deyil ...”
“Yolgetmə gedilən
səmtdən daha önəmli idi”
“Oxucu kütləsinə hansısa bir ideyanı təlqin
etmək istəyən yazıçı gərək əsrlər
boyu Qara dənizin dibində yatan fəlakətə uğramış
gəmi qalıqlarını suyun üzünə qaldırma kimi, onu
oxucu yaddaşının dərinliklərindən çıxarda”.
O.Pamuk da türk tarixində təsadüfən və ya qəsdən
diqqətdən kənarda qalan, əksəriyyətin romantik
idealizəyə bürüdüyü faktları
üzə çıxarır, təhlil edir.
İslamdan qopub, qeyri-ortodoksal olmuş, sonra yenə də
islama qayıdan, ortodoksallaşan təzadlı
panteizmi, təsəvvüfü tənqid edənlərin sırasında
duran O.Pamuk da görünməkdədir.
Avropanın İntibah və Aydınlanma çağlarının mütəfəkkirlərindən
fərqli olaraq, cəmiyyəti dəyişmək, xilas
etmək planlarından
məhrum olan sufilər, siyasi fəlsəfə və hüquq
sistemləri ortaya qoymadılar. Təsəvvüf sayəsində
islam Şərqində güclü fərdlər yetişsə
də, ümumiyyətdə islam dünyası inkişaf etmədi.
Təsəvvüf bütün toplumu dəyişdirəcək və
gəlişdirəcək zehniyyət yarada bilmədi və hüquq
planında fiqh (ənənəvi islam hüququ) sisteminə
yuvarlandılar. Bu həqiqəti daha parlaq nümayiş etmək
üçün müəllif, İslam və təsəvvüf fikrinin
zirvəsi sayılan Mevlanə Cəlaləddin Ruminin həyatından
bəzi qəribə faktlara üz tutur: “23 oktyabr 1244-cü ildə
ilk görüşdən sonra Mevlana Cəlaləddin Rumi və Şəms
Təbrizi mədrəsədə düz 6 ay tək qalıblar, bir
dəfə də olsun oradan çıxmayıblar...
Şəms Təbrizinin müəmmalı yoxa çıxmasından
sonra axtarışlardan yorulan Mevlana
bir gün “Sən demə mən — oyam! Onda niyə mən onu
axtarıram?”— deyir... Şəms Təbrizidən sonra Mevlanə
çox adi bir zərgərlə yaxınlıq edir. İkinci “yaxın
dost” öləndən sonra onun yerini elə yenə adi bir adam
tutur... Bu fakt Mevlanənin öz mənəvi halına işarə
edir, bütün araşdırmaçıların sübut eləməyə
çalışdığı Təbrizli Şəmsin güclü
təsirinin göstəricisi deyil... Şəms Təbrizini öldürməyi
Mevlanənin özü əmr edib... Bu ölümdən ən çox Mevlanə
qazanırdı: sıravi hacılar cərgəsindən böyük
mistik şairlər dəstəsinə düşür, deməli, bu
ölümü ən çox o arzulaya bilərdi... Mistika və panteizm
ilə dolu dünyada əsas yarasalar, qızılgül suyu və
nəşədir, itmiş sevgili
isə əsas deyil. ... Axtarış və məqsədə
doğru hərəkət, sevgilinin tapilmasından daha vacib idi...”
— bu qənaətə,
romanda jurnalist araşdırması yapan Cəlal gəlib çıxır.
Lakin qeyri-populyar münasibətinə və “böyük din xadimi
Mevlanəni təhqir etdiyinə görə” Cəlal,
məktəb müəllimi tərəfindən küçədə güllələnir.
Fikir verək — məktəb müəllimi tərəfindən.
Zahirən sekular, lakin mahiyyətcə müsəlman ölkəsi
olan Türkiyyədə müəllimin hətta aqressiv fanatiklik nümayiş
etdirməsi savadsız qara camaatın hansı psixoloji
səviyyədə olmasından xəbər verir. İslamın
ruh zirvəsi sayılan sufilikdə axtarış,
axtardığını tapmaqdan, yol getmə isə
gedilən səmtdən daha önəmli olduğundan, tarix boyu
müsəlman dünyasının irəliləməməsinə,
bəşəriyyətə yeni töhfə verə
bilməməsinə və, deməli, geriliyin parlaq rəmzinə
dönüşməsinə xidmət etmişdi. Axtarış
məqsədə dönəndə, proses nəticədən vacib
olanda, cəmiyyət yerində saymaqda qalar, praqmatizmin çatışmazlığından
millət də, dövlət də
itirər, qazanmaz...
“Görünür
ki, sifətlərimizə məna vermək üçün
yeni
sistem yaratmaq, yeni üsul kəşf etmək lazımdır...”
“Hürufilərin
sirri, varlığın mahiyyətini ifadə edirdi.”
Hürufilərin peyğəmbəri, Quranın görünən
həqiqi mənasına yox, görünməyən sirli
mənasına inandığına görə öldürülən
Fəzlullah Nəimi və onun davamçısı, etiqadına görə
diri-diri dərisi soyulan hürufi şair Nəsimi fəlsəfəsindən
ətraflı söz açan Pamuk bunu, Mevlanəyə şübhələrlə
dolu münasibətdən fərqli olaraq, böyük hörmət, simpati
və önəm verməklə edibdir:
“Hürufilərin Tanrının insan sifətində təzahür
etməsi inancına layiqli qiymət verilməməsi, bu
təlimin unudulması, sifətlərimizdə mənanın, dünyada
isə sirrin itməsi deməkdir... İndi sifətlərimiz boşdur,
onları əvvəlki kimi oxumağa imkan yoxdur, qaşlarımız,
burnumuz, gözlərimiz, baxışlarımız, sifətimizin
ifadələri mənasızdır... Dünyanı sadə,
birmənalı, sirsiz görənlər
məğlubiyyətə, və bunun qaçınılmaz
nəticəsi olan köləliyə məhkumdurlar... Hürufilərin
sirri, varlığın mahiyyətini ifadə edirdi.”
Sivilizasiyanın dünya sirrini unutmasını O.Pamuk,
təfəkkurün əsaslarından məhrum olma sayır.
Romanda hürufilik ideyalarını tədricən şişirdən
yazar, inancları fanatikcə ifrata, absurda yuvarladanlara, bayağılaşdıranlara
bir mesaj yollayır sanki. (Son zamanlar Amerika yaxınlığında
guya dənizlərdə tutulan bəzi balıqların, eləcə
də meşələrdəki bəzi ağac yarpaqlarının
üstündə təbiətin “əli ilə” ərəb
hərflərilə “Allah” sözü “yazılması” haqda
şayiələr, siyasi “xal” qazanmaq üçün Qərb ölkələrinin
xüsusi qurumlarının islamçıların
mühavizəkarlıqlarını, və, deməli,
fanatikliklərini, cahilliklərini artırmaq məqsədiylə
bu cür “tədqiqatlara“, “oyunlara” əl atmaları yeni
kəşf deyil...) Dini cərəyanların, inancların
siyasətçilərin əlində
bir növ kütləşdirici kütləvi silaha,
vasitəyə çevirmələri müasir dünyada sakrallıq (müqəddəslik)
anlayışının itirilməsinə,
ideyaların çökməsinə, oğurlanmasına gətirib çıxarır.
Müəllifin nəzərincə, bu, Şərqin Qərbə
uduzması anlamına gəlməkdədir: “Fəzllullah
“Cavidannamə”də üstüörtülü
yazmış ki, Qərb və Şərq arasındakı toqquşma
dövrləri təsadufi deyil, qanuna uyğunluqdur. Bu toqquşmalarda
həmin o tarixi məqamda dünyanı sirlərlə və
ikimənalı tapmacalarla dolu görən qalib gəlirdi.”
“Bir
zamanlar bütün mövcudluğun özü şeir
idi...”
“Yuxunun
yaxşı cəhətlərindən biri
can atdığımız
idealdan nə qədər
uzaqda olduğumuzu unutmağa imkan verir.”
“Oxşatdıqlarının
hamısını özündə birləşdirən bir şəxsiyyət”
olduğunu etiraf edən Pamuk, Dostoyevski,
Bredberi kimi yazıçı-mütəfəkkirlərin bir fikrini
“Qar”da olduğu kimi, “Qara
kitab” romanına da daşıyır, bəşəriyyətin
ilkin, qədim çağlarının şərtiliklərdən,
süniiliklərdən, çərçivələrdən azad olmasını,
ümumiyyətlə bütün mövcudluğun şeir
olduğunu vurğulayır,
o çağların gizli həsrətini çəkir: “O dumanlı
səhər çağlarında yuxudan oyananlar yuxunu gerçəklikdən,
poeziyanı həyatdan, insanları adlarından ayıra
bilmirdilər. O zamanlar həyat və tarix o qədər
həqiqi idi ki, həyat nədir, tarix nədir soruşmaq heç
kimin ağlına belə gəlmirdi. Yuxular yaşanılırdı,
həyat yozulurdu. O zamanlar ətrafda olan hər şey kimi
insanların da sifətləri mənalı idi.” (Burada Dədə
Qorqudun həddi-buluğa çatmış
Alpan elinin gənclərinə ad qoyması yada düşür,
o zamanlar ad hər fərdin
özəl xüsusiyyətlərinə görə, məharətinə
görə verilirdi, qazanılırdı, və, demək ki,
Pamukun da qeyd etdiyi kimi, insanları adlarından ayırmaq
olmurdu... )
“Yuxuların
və boşluğun rəngi qaradır”
“Özü
ola bilməyə qadir olmayan xalqlar,
özünü
başqa sivilizasiyalara oxşadan sivilizasiyalar,
başqalarının
tarixi ilə kifayətlənən millətlər iflasa,
nəslin
kəsilməsinə və unudulmağa məhkumdurlar...
Skiflər,
kalmıklar, midiyalılar özləri olmaq
istəmədiklərindən
yoxa çıxmışlar.”
“Həyatda hər şey olanların təkrarı,
oxşatması, yansılamasıdır” deyən yazar, tarixin,
bəşəriyyətin bir
yerdə saymasına, irəliləməməsinə,
yetkinləşməməsinə və bununla da belə
taleimizin heç dəyişməməsinə
işarə edir. Romanda
vəliəhdin nağılı, türklərin şöhrətli
igidliklərindən, “qızıl çağlarından” sonra
“qara günlərə” üz tutmalarının,
fəlakətlərə uğrama səbəblərini yada salır,
gələcək aqibətimizdən üstüörtülü xəbər
verir: “Tarix, növbə ilə dəyişilən eyni mənalı
dövrlərdən ibarətdir, və bu bir aksiomadır. Ona görə
də indi biz bədbəxtliklər zolağına hazır
olmalıyıq, və bu, düz xoşbəxt həyatın sürdüyü
zaman qədər sürəcəkdir...”
Osmanlı sultanlarının hakimiyyət çəkişmələri
dəhşətli səhnələrlə dolu olubdur. Yalnız
torpaqlarının (və deməli, varidatlarının) artırılmasını
düşünən fatehlər, padşahlıq
taxtına çıxar-çıxmaz, yerdə qalan qardaşlarını
öldürür, sonra da etdiklərindən əzab çəkdiklərindən
rahat yaşaya bilmir, dəli olurdular. “Taxt-taca
yiyələnməyə hazırlaşan, öz dövlətinin
tarixini bilməyə məcbur olan hər vəliəhd
tarix kitablarından oxuya bilərdi ki, babalarından biri, III
Mehmed, padşah olduğunda, içlərində südəmər körpələr
də olmaqla, 12 qardaşını öldürtdürmüşdü. Sonralar
sui-qəsd kimi qələmə verilən boğulma,
zəhərlənmə və ya başqa cür qətl gözləyərək
yaşamaq dözülməzdir... Belə vəziyyətdə
“mən oyundan çıxıram” mənasında olan dəli
olma, əlbəttə ki, taxta yiyələnməyi gözləyən
(ölümünü gözləməyə bərabər olan taxta
yiyələnməyi) vəliəhdlər üçün qurtulmanın
ən asan yolu idi... “Dəli olmaq” padşahın
xəbərçilərinin nəzarətindən, intriqaçı
siyasətçilərin qəsd və tələlərindən
qurtulmaq anlamında idi. “Dəli olmaq”, taxt-taca
yiyələnmək kimi dözülməz xəyallardan xilas olmaq
idi... İmperiya xəritəsinə nəzər salan hər
bir padşah olmaq istəyən vəliəhd, bütün
məsuliyyəti üzərinə gətürəcəyi və
idarə edəcəyi torpaqların nəhəng və sonsuz
olduğunu anlayırdı. Gələcək məsuliyyətin
miqyasının dərkindən qorxmayan vəliəhd
dəli sayılmaya bilməzdi...”
İmperator taxtını gözləyənlərdən
üçüncü olan vəliəhd Osman
Cəlaləddin Əfəndi, kitabların köməyi ilə padşahlığın
öhdəsindən daha yaxşı gələ biləcəyini düşünür,
6 il dünyanın məhşur
kitablarını oxuyur. Lakin sonra 10 il onlardan canını
qurtarmaq istəyir, onlarla döyüşür. O, kitablardakı
səslərin, fikirlərin və hadisələrin yerinə öz
səsini, fikrini və hadisələrini qoymaq istəyir, düşünür
ki, “özü ola bilməyə qadir olmayan xalqlar, özünü
başqa sivilizasiyalara oxşadan sivilizasiyalar, başqalarının
tarixi ilə kifayətlənən millətlər iflasa,
nəslin kəsilməsinə və unudulmağa
məhkumdurlar... Skiflər, kalmıklar, midiyalılar özləri
olmaq istəmədiklərindən yoxa çıxmışlar.” (Ərəbləşən,
farslaşan, ruslaşan, çinləşən türklərə
də aiddir bu fikir...)
Özü olmağın mümkünlüyü və ya qeyri-mümkünlüyünü
düşünən bu gənc və ağıllı
vəliəhdin yuxuda yatdığı yerdə ölməsi
simvolik məna daşımaqdadır. Bu simvol, sekular dövlət
olan (vəliəhdin Volteri, Şopenhaueri və s. Avropa müəlliflərini
mütaliə etməsi buna işarədir) Türkiyyənin də “yata-yata”
(və ya “yatırıla-yatırıla”)
gələcəkdə dünya xəritəsindən yoxa çıxma
təhlükəsini ehtimal edir. (Türkiyyəni nədən bu
aqibət gözlədiyini soruşanlara cavabı növbəti
abzaslarda verməyə çalışacağam.) Hərəmxana
eyş-işrətindən, ətrafdakı cahillikdən bezmiş,
yalnız millətini necə xoşbəxt və dövlətini
necə idarə edəcəyini düşünən vəliəhdin
vaxtsız ölümündən sonra taxt-taca,
uşaqlıqda şillə vurduğu qardaşı
Məmməd Rəşad Əfəndi oturur. Osman imperatorluğunun
bu son hakimi, ölkəsini bəlalara sürükləmiş, böyük müharibəni
uduzaraq, çökdürmüşdür. Çünki “taxt-taca
yiyələnməyə hazırlaşan vəliəhdə 29
yaşına qədər səfeh və xoşbəxt uşaq
həyatı sürməyə icazə verən imperiya, təbii
ki, dağilmağa, yoxa çıxmağa məhkum idi.” Türklərin
bəxti heç gətirmir düşüncəli
padşahlardan: XIX əsrdə Qacar imperatorluğunda da şahzadə
Abbas Mirzanın vaxtsız ölümü səbəbi ilə də Güney
Azərbaycanın o zamankı Avropa mədəniyyətinə
yaxınlaşma cəhdləri əngəlləndi.
Nəticədə milli şüurdan məhrum və soyca türk olan
Qacar imperatorluğunun şahları ölkəni ağıllıca
idarə etmədiklərindən, dövlət çökdü, başqa,
şovinist millətin, farsların əlinə keçdi, 1925 ci
ildə İran adlı dövlət yarandı, o böyük
ərazidə mövcud olan tarixin siyasi və mədəni varisi
farslar oldu.Çünki türklərin gələcəklə bağlı
heç bir planları olmamışdır. Dünənin idarəçisi,
bu gun kölə olmuşdur. “Bugün—indiki
zaman” — tarixin yaratdığı
durumdur. Cənubi Azərbaycan öz-özünə əsarətə keçməmişdir.
Türk tarixindəki qəflət və cəhalət bu
milləti əsarətə sövq etmişdir, indi isə onun düşünən
qız-oğulları farsın zindanında can verməkdə,
ya da milli kimliklərini dərk etdiklərindən yurdlarını
tərk etmək məcburiyyətindədirlər.
Sui-qəsd tariximizlə bağlı bir sirr açacaq.
Boğazlarda
yeni dövlət qurulacaqdır.
O.Pamuk
“Prinsip
kimi, plüralizm biganəliyə doğru, hər cür
dərinliyin
itirilməsinə doğru
deqradasiya edir,
mənasızlığa,
yanlışlıqlar və yalanlar plüralizminə axıb dönür.”
Soljenicın
İstanbulun və ümumiyyətlə Türkiyyənin
qeyri-qənaətbəxş durumunundan oxucusu ilə
“dərdləşən”müəllif,
bunun səbəblərini dini fanatizm, milli laqeydlik, siyasi
dayazlıqda görür. Yazarın fikrincə, bu siyasi dayazlıq,
qədimlərdə kahinlər tərəfindən aşkar,
indi isə pərdə arxasında dünyanı idarə
edən transmilli korporasiyaların dəyirmanına su tökməkdədir.
2 min illik təcrübələrə dayanan, uzaq
gələcəyə hesablanan, dövlətləri, dinləri
və millətləri məhvetmə və əsarətdə
saxlama planları, O. Pamukun fikrincə, gizli hazırlanan fiziki
və mənəvi terror, zor və manqurtlaşdırma yolu
ilə həyata keçir. Bu qəsdi Türkiyyədə
hazırlayanların əksəriyyəti özgələşməyə
meylli olan türklərin elə özləridir: “Yad ölkənin
dilində yazılan çağrışları tərcümə
edir, camaata paylayırlar, inandıqları ideya uğrunda çalışır.
Əslində isə bu cavanlar sadəcə başqa cür olmaq
istəyirlər. Gizli təşkilatlardan yeni, qondarma adlar,
pasportlar alıb istifadəetmə, dəyişilmə,
yeniləşmə macəraları xoşlarına gəlirdi.
Lakin dəyişildikdən sonra təzədən
əvvəlki vəziyyətə qayıtmaq mümkün deyil...” Özgələşmə
fəaliyyətinə dəhşətli meyl, türklərin
bir zaman kütləvi şəkildə öz Göy Tanrısından
ayrılıb, ərəblərin dininə fanatikcə üz
tutmalarına səbəb deyilmi? Fanatik üçün
fəaliyyət, nəticədən daha vacibdir. Praqmatiklər
üçünsə əksinə... Tarix göstərir ki, fanatiklik də,
praqmatiklik də ayrı-ayrılıqda bəşəriyyətə
xələl gətirir. Ta qədimdən fanatikliyi
praqmatizmlə ahəngdar birləşdirməyi bacaran xalq, düşünürəm
ki, dünyanın ən ağıllı sayılan millətidir...
Türklərin yəhudilərlə
tarixi qohumluğunu xatırladan Pamuk, “müasir era yəhudi erası,
XX əsr isə yəhudi əsri” olduğuna görə,
yəhudiləşməməyimizə bir növ təəssüflənir:
“Avropa və Amerika yəhudilərinin əksəriyyəti min
illər boyu Qafqaz və Volqa çayı arasındakı
ərazidə yerləşən yəhudi-xəzər dövlətindən
çıxmışlar. Bilirdik ki, xəzərlər iudaizmi
qəbul etmiş türklərdir ... İki qardaş tayfaların
inkişaf tarixini izləmək olduqca maraqlıdır. İyirmi
əsr müddətində köç edib bir-birilə daima təmasda
olaraq, sanki hansısa bir duyulmaz musiqi sədası altında
siam ekizləri tək rəqs
ritmlərində fırlanırdılar. Bir yerdə yaşamağa
məhkum olan bu iki tayfa birləşmədi ki birləşmədi...”
Bu genetik yaxınlığı təsdiqləmək üçün
Pamuk, jurnalist Cəlalla Eduard Robinsonun uzaq qohumlar kimi
bir-birilərinə bənzəmələrini qeyd edir. Dünyaya
ən çox elm, incəsənət, siyasət, iqtisadiyyat
sahələrində dahi şəxsiyyətlər bəxş
edən yəhudilərin hər cəhətdən
supermillət olmasını etiraf etməmək
müəllifə çətindir... Bununla
bərabər, yazar demək istəyir ki, özü olmaq
istəməyən türklər, heç olmasa islam adı altında
ərəb tarixi ilə kifayətlənmək yerinə, öz soy
qohumu olan Şərqi Avropa yəhudilərinin inancına
meyllənsə idi, indi daha uğurlu bir talehi yaşayardı.
Rus atalar sözündə olduğu kimi, “iki şərdən daha kiçik
olanı seçərlər”.
“Boğazlarda
yeni dövlət qurulacaqdır. Bu dəfə min illər boyu bir
neçə dəfə olduğu kimi, bu yeni dövlətdə
gəlmələr az olacaq...” Görəsən bununla Qərb
dəyərlərinə, siyasətinə bir mənalı yanaşmayan
Pamuk nəyə işarə edir? Müasir Türkiyə
üzərində yeni dövləti az saylı
gəlmələrlə necə qurmaq olar? Bu müəllif
təxəyyülüdür, yoxsa ədəbi formaya bürünmüş
tarixi-siyasi proqnozdur? Cavabı,
“iudeylərin türk olduğu qədər də türklərin
iudey olduğunu bilmirdik” cümləsində
axtarmaq gərəkdir. Bu ifadə, Türkiyə vətəndaşlarının
pasportlarında milliyət qeydi üçün ayrılan
sətrdə erməninin də, yəhudinin də, lazın
da, kürdün də, və s. milli azlıqların siyasi
“səhv” (ya suç?) ucbatından “türk” yazılması
səbəbilə də gələcəkdə baş verə
biləcək siyasi duruma işarə
deyilsə, bəs nədir?... “Yeni gələnlər indiki
sakinləri “yeni adamlara”, qulluqçulara döndərəcəklər.
Bundan ötrü yaddaşımızı alıb bizi soysuz, zamansız,
keçmişsiz və tarixsiz bir məxluqlara çevirəcəklərini
təxmin etmək üçün hətta
İbn Həldunu oxumağa belə, ehtiyac yoxdur... Yaddaşımızı
məhv etmək üçün əvvəl onlar türk uşaqlarına
İstanbul missioner məktəblərində açıq-bənövşəyi
rəngində mayyə içizdirməyi planlamışdılar.
Lakin sonra Qərbin “humanist” qanadı bu radikal addımı
kimyəvi maddələrin zərərli olduğundan təhlükəli
saymışdı. Bundan sonra daha yumşaq, amma daha uzun müddətə
hesablanmış kino və musiqi üsulu tətbiq edilmişdir...
Şübhəsiz ki, bu üsul, sanki göydən düşmüş gözəl
qadın sifətlərinin nümayişi, gözəl musiqi, ilahi qüdrəti
xatırladan təbiət mənzərələri, parlaq,
içkilərlə dolu əlvan şüşələr, silah,
təyarələr və indiyədək görünməmiş
paltarlar—bunlar, missionerlərin Latın
Amerika və Afrikada sınaqdan keçirilən üsullardan daha
effektli nəticələr verir.... Adamlar ekrandakılar kimi yaşamaq,
geyinmək, sevmək istəyir, özlərini
kinoqəhrəmanların yerində təsəvvür edir. İstanbulun
mənəvi-maddi çöküşü və kino uğurları arasındakı
birbaşa əlaqəni dövlət xadimlərimiz
həqiqətən mi görmür? Ölkəmizdə fahişəxanaların
və kinoteatrların eyni küçələrdə açılması
təsadüfüdürmü?” Əhalinin iqtisadi problemlərini, yoxsulluğu
ortadan qaldırmadan mənəviyat, əxlaq problemlərinin
də ortadan qalxmayacağı şübhəsizdir.
Bunları düşünən
yazarın “türk düşməni” olmasına inana bilmirəm...
(Amerika yazarı Çarlz Bukovskinin də Meksikanın acınacaqlı
gerçəkliyi haqda “Səfeh
İsalar” adlı kiçik hekayəsində də bu açıq-bənövşəyi
rəng Latın Amerikasının simvolu kimi görünməkdədir...)
Bir zamanlar taxt-taca, hakimiyyətə yiyələnmək
xatirinə ən yaxın qohumlarını qəddarca
qətlə yetirən padşahları düşünərkən,
siyasi niyyətləri dövlət bayrağında öz
rəmzi ifadəsini tapan etnosun da, modern üsullardan, yəni
çağdaş kütlə psixologiyası, sosial mühəndislik
elmlərinin, şüur manipulyasıları nailyyətlərini
geniş istifadə edib, pambıqla
baş kəsib dünya
hakimliyini ələ almaq istəyən qüvvələrin, özü
olmaq istəməyənlər üçün “tərəqqi” və
“plüralizm” tələlərinə düşmək heç də
çətin deyil.
Heçkəsə
gizli deyil ki, bütün dünyada mason xofu dolaşmaqdadır. Bu xof, yaxın
gələcəkdə cəmiyyətin iki sinfə bölünəcəyi
fikirlərinə söykənir. Siniflərdən birinin yeni dövrün
(unikal bilgi və sosial şəbəkə təşkil
etmək bacarığıyla birlikdə) bütün əsas
resurslara hakim olacağı, digərinin isə yeni elita nümayəndələri
tərəfindən utanmazca, və, ola bilsin ki, qəddarca
manipulyasiya obyekti olacağı ehtimalıdır. Bu
manipulyasiyaların plüralizm, liberalizm adları altında keçirilmələri
haqda V.Soljeniçınin düşüncələrinə
üz tutaq: “Plüralizmi onlar tarixin ali nailiyyəti,
fikrin ali xeyiri və indiki qərb həyatının ali
keyfiyyəti sayırlar. Bu prinsipi onlar çox zaman belə
formulə edirlər: nə qədər çox müxtəlif
fikirlər olsa, o qədər yaxşıdı. Əsas odur ki,
heç kəs öz fikrinin həqiqiliyini ciddi israr etməsin... Prinsip
kimi, plüralizm biganəliyə doğru, hər cür dərinliyin
itirilməsinə doğru
deqradasiya edir, mənasızlığa,
yanlışlıqlar və yalanlar plüralizminə axıb dönür...
Beləliklə adamlar meşədə azmış kimi
azacaqlar; hal-hazırki dünya, acizcə bu paraliçə düçar
olubdur: həqiqi və yalan müddəaların, mütləq
Xeyirlə mütləq Şərin, mərkəzdənkənar
nifaq, fikir entropiyasının arasındakı fərqlərin
itirilməsi göz qabağındadır.” Bu sözlər üzərində
düşünmək bəlkə də hələ gec deyil...
“Başını
dik tutan jurnalisti dövlət hesabına basdırarlar”
“Görünən
dünyanın arxasında sadə sirr
gizlənibdir.
Bu sirrin açılması insanı azad edir.”
O.Pamukun etirafına görə, bu romanın yazı
tərzi, “daha çox müəllifin qəribəliyi ilə
bəzədilmiş” zəmanəmizin
intellektual tükənməsi haqda “yüksək səslə fikirləşmədir”.
“Hekayəsinə diqqət edənlərin qayğısına
qalmayan” Pamuk, romanın 3-4 yerində “kənaraçıxmalara”
yer verir, oxucuya öz yazıçı “mətbəxinin”
pərdəsini biraz açır:
“Adamların əksəriyyəti bəzi şeylərin
mahiyyətini gözünün qabağında olduğundan görmür...
İkinci dərəcəli xüsusiyyətləri isə, gözə
tez çarpmadığına görə tez diqqət
mərkəzinə alırlar. Ona görə də mən əsas
ideyanı açıq demirəm, onu gizlədirəm,... əsas
olan, tamam yeni bir əsər yaratmaq deyil, min illər boyu yaradılan,
sonralar unudulan o dahi əsərləri üzə çıxarmaq
və onların əsasında öz sözümü deməyi vacib sayıram.”
Fəlsəfi özünüdərkin sərgisi üçün
sətirarası məna, ikinci mənaların sirrli dünyasına
keçməyə çalışan, “yeni işi köhnə, çox köhnə
tarixlərin, hadisələrin yeni nəqlindən ibarət”
olan Pamuk, özünün də elə bu romandaca etiraf etdiyi kimi, yüksək
bədiyyatçılıq yox, daha çox publisistliyini nümayiş etmişdir.
Bəzi özündən əsassız razı yazarlardan fərqli
olaraq, istedanını
obyektiv qiymətləndirməyi bacaran Pamuk bu haqda yazır: “Əgər
bədbəxt bir jurnalist yox, əsil professional, istedadlı yazıçı
olsaydım, əmin olardım ki, “Röya və Qalib”
hekayəsi ağıllı və həssas oxucunun
qəlbində hələ çox
illər yaşayacaq. Lakin kitabımı və bacarığımı
aydın qiymətləndirməyim
bu əminliyi mənə vermir.”
Romanda,“başını dik tutan jurnalisti dövlət hesabına
basdırarlar” cümləsində yazar, hakim
dövlət siyasətinə, ideologiyasına “tən
gəlməsə gen gərək” gəzəsi üsyankar
qələm sahiblərinə fərqli
fikirlərinə görə qəsd edilmələri, sonra da,
nə qədər qəribə
olsa da, məhz həmin dövlətin
hesabına dəfn olunması faktları, görünür, yarımmolla,
yarımdemokrat Türkiyyədə özünün də qeyri-populyar düşüncələrini
bildirməsinin nə ilə bitəcəyi
Orxan Pamuku düşündürür. “Başını dik
tutan”Azərbaycanın jurnalisti Elmar Huseynovun da dövlət hesabına
dəfn edilməsini burada xatırlamamaq çətindir...
İstanbul, çöküşün başladığı ilk, sınaq
daşıdır.
“Burada
Marsel Prustu və
əsərinin qəhrəmanı
Albertinanı
anlayanlar yarananda, bəlkə
küçələrdəki
bədbəxtlər daha yaxşı yaşayacaq,
dəli
qısqanclıqdan bir-birilərini bıçaqlamayacaqlar.”
“Qara kitab”da İstanbul şəhəri “baş
qəhrəmanlardan” biridir. Şəhərin qədimliyi,
tarixi və s. haqda geniş, açıq yazan müəllif, onun müassir
durumunu xırda, lakin lakonik cizgilərlə verir: “Burada
nəinki yaşamaq, hətta ayaq qoymaq məğlub olmaq
deməkdir... Bu dəhşətli
şəhər indi əvvəllər yalnız qaranlıq
kinoteatrlarda gördüyümüz iyrənc səhnələrlə
doludur... İstanbull isə həminki kimi kasıb qalacaqdır...
Məscidlərin içi, həmişə olduğu kimi lampaların
bir hissəsi oğurlandığından, qəribə görünürdü.”
Lampaların hətta məscidlərdən oğurlanması
faktı özü-özlüyündə çox şeylərdən — kasıblıq,
fəqirlik, idealsızlıq, dini məbədlərin və
qanunların əhali arasında ehtiramını
itirməsindən və s. xəbər verməkdədir.
Bəyoğlu adıyla tanınan
quldurların İstanbulda “Klassik türk incəsənətinin
dəstəyi klubu” rəsmi adı altında fahişəxana
açmaları da bu şəhərin çöküşünün
rəmzlərindəndir. Romanda, İstanbulu öz nüfuz
dairəsinə almış Bəyoğlu quldurları,
bu nəhəng şəhərin “qurdlar
süfrəsi” olmasının səbəblərindən
biri kimi görünməkdədir.
Müsəlman ölkələrində kitaba tapınanlar, mütaliəni
sevənlər təbəqəsinin
hansı mənəvi faciələr yaşadığını
Azərbaycan ədəbiyyatının Kefli İskəndər
obrazından yaxşı tanıyırıq. “Qara kitab”da
İstanbullu bir qoca tənha jurnalist Avropanın
məhşur yazarı Marsel Prustun “İtirilmiş
zamanın axtarışında” romanını oxuduqda, din
və cahillik qaranlığına düşmüş əhali içində
fikirlərini bölüşmək üçün özündən başqa bu
dərin əsəri oxuyana rast gəlmir, kitaba maraq göstərən
tapmır. Jurnalist, ölkəsinin belə kasıb və
bədbəxt olmasına, bu ölkədə Prust və onun
Albertinasını tanıyan olmadığına görə
kədərlənir. Düşünür ki, “burada Prustu və
Albertinanı anlayanlar yarananda, küçələrdəki
bədbəxtlər bəlkə daha yaxşı yaşayacaq,
dəli qısqanclıqdan bir-birilərini bıçaqlamayacaqlar...”
Bu nəticəni Azərbaycan reallıqlarına da aid etmək
gərək. Kütlədə mütaliə alışqanlığının
olmamasından kitab oxuyanların da ətrafındakılara
yaranan münasibətini Pamuk çox yerində tutmuşdur: “Heçkəsin
oxumadığı Qərb kitabını ləzzətlə
oxumuş hər bir türk bir müddətdən sonra nəinki bu
kitabı ləzzətlə oxumağına, hətta bu kitabı
özü yazdığına səmimi inanmağa başlayır.
Və sonra da ətrafdakılara yalnız bu kitabı oxumadıqlarına
görə yox, onların bu cür yazmağa qadir olmamalarına görə
onlara nifrət və həqarətlə baxmağa başlayır.”
(1992-ci ilin nüfuzlu statistik məlumatına
görə, hər bir Japoniya vətəndaşı ildə
ortalama 25 kitab oxuyur. Türkiyədə isə hər 6 türk
ildə 1 kitab oxuyur (!). Nə qədər qorxunc bir
məlumat... Yaponiyanın və Türkiyənin fərqi bu
statiskadan açıqca görünür. Azərbaycan da kitabçılıq kültürü
baxımından Türkiyəyə bənzəməkdədir.)
Mütaliə kültürünün yayğın olmaması toplumun ümumi
geriləməsinə gətirib çıxarır, adamları yalnız
maddi nemətlər istifadəçisi səviyyəsində saxlayır,
ruhları kütləşdirir. Rusiyada son ilin məhşur
“Duxless” romanının müəllifi Serqey Minayevin fikri burada
yerinə düşür: ”Ağıllı istehlakçı hər
kəsə maraqlı deyil, küt istehlakçı isə
hamı üçün — dövlət, istehsalçı, falçılar üçün
idealdır. Əlbəttə, küt auditoriyadan yeni Eynşteynlər
doğmayacaq, lakin eyni zamanda yeni Çe Qevaralar da doğmayacaq. Bu
isə ümümi “təhlükəsizlik” üçün
daha vacibdir...”
Həyatdan möcüzəli heçnə yoxdur. Sözdən savayı.
Romanda qəhrəmanların adları da məna yükü daşımaqdadır.
Osmanlının ən düşünən vəliəhdinin adı
da Mevlanənin əsil adı kimi Cəlaləddin idi, bunların
hər ikisi də fəaliyyətini, fəaliyyətin
nəticəsinə deyil, fəaliyyətin özünə yönəltmişdi,
güclü fərd olduqları qədər də
passiv idilər. Passiv olduqlarından isə
cəmiyyəti dəyişməkdə heç bir iş görmədilər.
Romanın qəhrəmanı Qalib, Röyanı
axtardığı kimi, biz türklər də, bir zaman dünyaya qalib
gələn fateh ulu babalarımızın Turan röyasının
axtarışlarındayıq... Təsəvvüfdəki kimi,
axtaranla axtarılan eyniləşib, biz tapmaqdan çox axtarış
ləzzətini yaşamaqdayıq, son nəticə üçün
isə, hiyləgər düşmənlərə sinə
gərən, bütöv və deməli, güclü Türk
Dünyası ideyasını, idealını gerçəkləşdirmək
üçün ciddi proqramlar, projektlər ortaya qoya bilmirik, bəlkə
də istəmirik... Bizlər, torpaq payımızı
qoruya bilməyib, itirəndən sonra
axtarışlara düşürük və sufi əxlaqına
(estetikasına) uyğun olaraq, sonralar axtarış, tapmaqdan bir
növ daha vacib məqsədə
dönüşür...
Mütaliə,
başqasının şüurunu tədricən
dərk
etmək deyilsə, bəs nədir?
“Deyilənlərin
hamısı özü-özlüyündə həqiqət deyil,
lakin
artıq deyilənə və hələ deyilməyənə
işarə edir.
Yalnız
deyilməyənlər deyilənlərlə uyğunlaşdırılanda,
bütün
mülahizələr aydınlaşır.”
Qadamer
“Deyilməyənlə
deyiləni uyğunlaşdırıb”, bunu
anladım: “Qara kitab” ın adı təsadüfi deyil. Qara
rəng bu günümüzün və gələcək aqibətimizin
rəngidir. Boşluq, yuxu
və ölümün rəngidir qara. “Türkün Qızıl kitabı”,
türk ulularının “Özün ol! Özün olanda böyük olursan!”
çağrışını yada
salır. “Özü olmaq istəməyən xalqlar yoxa çıxacaqlar!”
xəbərdarlığını
da türkün “Qara kitab”ı edir.
Əsərin önündəki “Röyaya ithaf edilir” cümləsi
də, məncə, türklərin
ifratçı dinçiliyindən və təqlidçiliyindən
oyanmaq istəmədiyi böyük röyasına, ölümə
bərabər yuxusuna həsr edilibdir. Bütovlükdə “Qara
kitab” xəbərdarlıqdır, bəlkə də
mərsiyə... Pamukdan daha öncə Böyük Hüseyn Cavid də bu
mesajı
“Türk
ordusu daim qoşaraq ölkələr almış,
Ən
sonra siyasətdə basılmış və bunalmış”
şəklində vermişdir. Bu misralarda siyasət
bilgi anlamındadır və türklər bilgisizcə ancaq
inanaraq ölkələr almış, sonra da tarixdə inancın
yerinə bilgi yerləşdiyi zaman aldığı ölkələri
saxlaya bilməmişdi.
Roman çox planlı olduğundan onun təhlilini davam
etmək olardı. Lakin R.Bartrın “Oxucu,
mətni təşkil edən bütün cəhətləri bir
yerə yığan adamdır. Lakin heç kim, hətta ən “nümunəvi”
oxucunun da mətnin bütün mənalarını tuta bilməsi
qeyri-mümkündür, çünkü mətn, sonsuz dərəcədə
sonsuzluğa açıqdır” fikri
ilə razılaşdığıma görə “Qara kitab”ın
təhlilini burada bitirirəm.
İlahə
Ucaruh