Dinləmədiyimiz
mahnılar
ABBAS Atilay
Siz
əgər Azərbaycanlısınızsa və Qərb ölkələrinin
birində yaşayırsınızsa sizin 2 dəfə
həyati depressiyaya düşməyiniz qaçınılmaz
xəstəlikdir: 1) Azərbaycandan bu ölkələrin birinə
yeni gəldiyinizdə; 2) Həmin ölkədən Azərbaycana
ilk addımınızı qoyduqda...
Depressiyanın
tək səbəbi yeni zaman paralellərinə uyğunlaşa
bilməməkdir. Necə ki, “Sehirli
Xalat” filmindəki Şahın yeni zamandakı situasiyaya uyğunlaşa
bilməməsi və hər şeyə qeyr-adi yanaşması
olduqca gülünc vəziyyət yaratmışdı.
Mövzu
mahnılar olduğundan köhnə və yeni zaman və məkan
paralellərində dinlədiyimiz mahnılara göz yetirək.
Kimsə bizi Azərbaycan musiqi məktəbinin aliliyinə
qərəzli olmaqda günahlandırmasın. Ötən yazımızda
olduğu kimi yenə qeyd etməyi özümüzə borc bilirik ki,
dahi Üzeyir bəyin əsasını qoyduğu klassik musiqi
ənənəsi və Vaqif Mustafazadənin yaratdığı
caz məktəbi xaricdə yaşayan azərbaycanlıların
qürur mərkəzidir. Amma bizi narahat edən bütün formasiyalarda,
bütün zaman kəsimlərində, müxtəlif rejimlərdə
oxunan mahnıların mövzularının eynilik təşkil
etməsidir. Orta əsrlərin küçə aşıqlarından
tutmuş müasir qloballlaşan dünyadan təcrid olunmuş
vəziyyətdə görsənən cəmiyyətimizdə
dinlənilən, sevilən və arzu edilən müğənnilərin
yaradıcılığına və repertuarlarındakı
mahnıların mövzularına baxdıqda heç bir mahiyyət
dəyişikliyini hiss etməyəcəksiniz. Dəyişilən
mahiyyət deyil xarici görünüşdür, formadır. Musiqiyə son
dərəcə bağlı bir millətin düşüncəsinə,
davranış qaydasına təsir vasitələrinin kultlaşması,
tabulaşması, hər vəchlə toxunulmaz olaraq qalması
qlobal dünya axınından bizi məhrum edir və lokallaşdırır.
Mahnılar
insan yaradıcılığının bir hissəsi olduğu
və insan təfəkkürünə maneəsiz olaraq direkt ünvanandığı
üçün onların insan həyatının bütün sferalarını
əhatə etməsi gərəkir. Keçən “Dinlədiyimiz
mahnılar” yazısında
Qərb ölkələrində sevilən bir çox mahnılardan
yalnız ikisini tərcümə edib siz, əziz oxuculara ünvanlamaqda
məqsədimiz də elə bu – mahnıarın insan
həyatının bütün sferalarını necə əhatə
etməsini sizlərə göstərmək idi. Amma bizim əsrlərdən
bəri sevə-sevə dinlədiyimiz mahnıların bir mövzusu
var – “sevgi”,
“məhəbbət”, “ayrılıq”, “vüsal” və bu
kimi həyatımızı əhatə edən sadəcə
zərrəciklər. Halbuki, insan həyatını formalaşdıran
və gündəlik həyatda daim üzləşdiyimiz hədsiz
problemlər və mövzular da mövcuddur. Keçən yazımızda
təqdim etdiyimiz fransız müğənni RENAUD-un 1991-ci
ildə “Marchand de Cailloux” (Daş
alverçisi) adlı SD-sindən “Akvarium”
mahnısına bir də nəzər yetirin, bir insan
təfəkkürünün bir mahnıda nə qədər inqilabi,
yenilikçilik, etiraz, protest və s mövzulara toxunduğunu rahatlıqla
görə biləcəksiniz. Siz bu kimi qlobal və hər
dəqiqə yeniləşən dünya proseslərini bir çox
Qərb müğənnilərinin repertuarlarında rast gələ
bilərsiniz. Yuxarıda qeyd etdiyimiz depressiyanın da
səbəblərindən biri budur: Qərb ölkələrində
dinlədiyiniz rəngarəng mahnıları Azərbaycanda
dinlənilən və sevilən dar çərçivəli və dar
görüşlü “ağ-qara”
mahnılar elə hava limanındaikən əvəz
edəcək və sizi depressiyaya sürükləyən
fərqliliklərin birinə çevriləcək.
Bizim
dinlədiyimiz mahnılar həyatı kompilə olaraq
əhatə etmədiyi üçün həmin mahnılarda “daş”,
“silah”, “müharibə”, “aclıq”, “fəlakət”,
“korrupsiya”, “rüşvət”, “özbaşınalıq”,
“etiraz”, “protesto”, “intihar”, “inqilab”, “qiyam”,
“qətl”, “Xeyir-Şər”
“cinayət”,
“tətil”, “təbliğat”, “YOX”, “Rədd ol”, “söyüş”
və başqa həyatımızı formalaşdıran
və gündəlik qarşılaşdığımız
problemlər və mövzulara rast gələ bilmərik. Bizi tanımayan
olsa və dinlədiyimiz mahnılara nəzər yetirsə “bu
xalqın həyatı yalnız sevməkdir” deyə düşünər.
Halbuki oxunası və insanlara səslənəsi nə çox mövzulara
sahibik.
Aşağıda
sizin üçün missal olaraq təqdim etdiyimiz mahnıdan fərqli
olaraq bizim mahnıların mahiyyətində köləlik,
susqunluq, “Bəli-başüstə”, “qadan alım, başına
dönüm” məntiqi dayanır. Halbu ki, Azərbaycan kimi
məmləkətlərdə həyatın hər bir
sahəsində, o cümlədən mahnıların və
musiqilərin də mahiyyətində inqilab, haqsızlığa
qarşı qiyam, etiraz, protest, ayaqlanma, dirçəliş, “YOX
demək” məntiqi durmalıdır.
Sözləri
və musiqisi gənc bəstəkar Firudin Allahverdiyə aid aşağıda
verilən bu mahnını heç bir yerdə dinləyə
bilməzsiniz, çünki bu cür mahnılara bizim müğənnilərdən
kimsə sahib durmur, baxmayaraq ki, bu mahnı əhatə
dairəsinə görə Azərbaycanda yaşayan bir
azərbaycanlının gündəlik həyatını daha geniş,
əhatəli formada təhlil edir.
“YOX”
Deyək
Həqiqətin
yaşamağa, yaratmağa haqqı var,
Haqqımızı
əlimizdən alanlara “YOX” deyək !
Haqsızlığa
dözdük, yetər, qanımızı içdilər,
Qorxaqlığa,
rəzilliyə, yaltaqlığa “YOX” deyək !
“YOX”, “YOX”, , “YOX” deyək !!!
Qanımızı
içənlərə “YOX” deyək!
Başımızı
əzənlərə “YOX” deyək!
Şərəfsiz
yaşamağa “YOX” deyək!
“YOX”,
“YOX”, “YOX” deyək!
Torpağının
sərvətindən xalqına pay qalmadı,
Bu
sərvəti yabancıya satanlara “YOX” deyək!
Təhsil
vermək əvəzinə bizdən rüşvət aldılar,
Millətinin
iradını qıranlara “YOX” deyək!
“YOX”,
“YOX”, “YOX” deyək !!!
Qanımızı
içənlərə “YOX” deyək!
Başımızı
əzənlərə “YOX” deyək!
Şərəfsiz
yaşamağa “YOX” deyək!
“YOX”,
“YOX”, “YOX” deyək !!!
(Bu
arada ümümmilli lider Məmməd Əmin Rəsulzadənin
səs yazısı eşidilir:
Sən
bizimsən, bizimsən durduqca bədəndə can
Yaşa,
yaşa, çox yaşa ey şanlı Azərbaycan.)
“YOX”,
“YOX”, “YOX” deyək!
Qanımızı
içənlərə “YOX” deyək!
Başımızı
əzənlərə “YOX” deyək!
Şərəfsiz
yaşamağa “YOX” deyək!
“YOX”,
“YOX”, “YOX” deyək !!!
Bizim
cəmiyətin öz zövqlərini bayağı mahnılar və
mövzular üzərində kökləməsində əsas
məsuliyyəti paytaxtımızdan yayımlanan radio FM-lər
daşıyır. Xatırlayıram ki, Norveçin NRK 1 kanalında
jurnalist “siz
hansı mahnılara qulaq asırsınız ?” sualına qarşı
tərəf hikmət dolu bir cavab vermişdi: “hansı mahnıları
verirsiniz biz də ona”. Bu məntiqlə yanaşsaq asanlıqla
deyə bilərik ki, qeyd etdiyimiz bayağı dar çərçivəli
mahnıları hər gün dinləyiciyə məcburi
dinlədən və onu dinləyicinin beynində həkk
etdirən Bakı FM-ləri insanların yeniləşmə zövqlərini
məhv edən zəhərli aparatlardır. RENAUDun “Akvarium”
mahnısındakı aşağıdakı bənd hiss
edirsinizmi nə qədər sərrast nişanlanaraq FM-lərə
ünvanlanıb?
“Propoqanda
və zəhərli radio stansiyaları
Əsəblərimi
iflic etdi
Səbrimi
artıq daşırdı bu FM-lər
Dözməyib
fırladıb atdım radionu
Pəncərədən
aşağıya...”
90-cı
illərin əvvəllərində sevilən məşhur rok
qrupu “Yuxu”- nun bizim radio stansiyalarında eşidə
bilərsinizmi? Halbuki, “Yuxu” qrupu “Mən Şərəm”
deyərək çılğın rokk sədaları ilə
gənclərə səslənirdi. Amma indi bu qrupdan
xəbər-ətər yoxdur. Çünki artıq “Yuxu”-nun
səslənəcəyi gənclik də yoxdur. Nə üçün
Baloğlanları, “N Brothers”ləri, Namiq Qaraçuxurluları,
Hüseyn Dəryaları hər gün dinləyiciyə
dinlətdirən, dinləyicinin zövqünü, düşüncəsini,
həyata baxışını zəhərləyən
RENAUD-un dediyi kimi “zəhərli stansiyalar – FM-lər” niyə
“Yuxu” kimi əfsanəvi və gənclik rokk qrupunun mahnılarına
yer vermir, 25 yaşında qocalan Azərbaycan gəncliyini
gənclik dinamizminə itələmir...
Gün
ərzində Radio kanallarında səslənən mahnıların
moniyorinqini aparsanız bu mahnıların nə qədər
cəmiyyətə zəhərli olduğunu hiss
edəcəksiniz. Aşağıda verilən “Balıq” mahnısını
da siz radio kanallarında dinləyə bilməzsiniz. Halbuki, bu
mahnı ingilis dilinə tərcümə edilərək Norveçin
məşhur müğənniləririnin diqqətini özünə
asanlıqla cəlb edib. Mahnının sözləri yenilikçi
dramaturq, şair Samir Sədaqət oğlunundur.
Onu
da qeyd edim ki, bu mahnı son dərəcə tük ürpədən
notlar üzərində bəstələnsə də kimsə
üçün cəlb edici deyil. Buna görə də mahnını
bəstələyən Firudin Allahverdi elə mahnının
ifaçısıdır da.
“Balıq”
Ay
dənizdə üzən balıq,dənizin dibində nə var?
Dənizin
dibi sakitdir bəs onun qəlbində nə var?
Ay
dənizdə üzən balıq, o əzəlki dənizdirmi?
Bu
dünya yaman kirlənib, barı dəniz təmizdirmi?
Ay
dənizdə üzən balıq, keyfin əhvalın necədir?
Bizim
diyar qarışıqdır, sənin diyarın necədir?
(Balıqdan
umduğu cavbları ala bilməyən şair bir az daha
hirslənərək içində yaşadığı iyrənc
cəmiyyətin paxırını açır, “söz”, “mətbuat”,
“fikir” azadlığının olmadığı, yalnız
qocaların yaşadığı bir dövlətdən balığa
şikayət edir. Şairin aşağıdakı balığa
ünvanladığı monoloqun məntiqi “indi cəmiyyətdə
yaşlılığa, sümükləşmiş tabulara, insanı
ətalətdə saxlayan mentalitetə, ənənələrə
qarşı QİYAM vaxtıdır” mahiyyətini ön plana çıxarır.
Şairin monoloqu:
Yəqin
yerin yaxşı olar,
suların
dibi görsənmir,
barı
istədiyin yerə üzüb gedə bilirsənmi?
İnanma
ki, əcəlimlə yaşayıb ölərəm bir gün,
qaçıb
bu daş adamlardan
yanına
gələrəm bir gün. )
Ay
dənizdə üzən balıq, keyfin əhvalın necədir?
Bizim
diyar qarışıqdır, sənin əhvalın necədir?
Xoşuma
gəlmir bu dünya
mən
sürgün olsam yaxşıdır.
Burda
ömür sürməkdənsə
sənə
yem olsam yaxşıdır...
Bizim
mahnılarda “bir az da döz”, “dayan”, “səbr et”
məntiqi var. “Partlamaq”, “haykırmaq” zamamanında “bir
az da döz” məntiqi cəmiyyətimizdə onsuz da olmayan iradə
alovunun üstünə su səpməkdədir.