JURNALİST-SATİRİK SAKİT ZAHİDOVUN İŞİ ÜZRƏ HAZIRLIQ YIĞINCAĞI KEÇİRİLİB

 

BAKI/18.08.06/TURAN: Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azər Orucovun sədrliyilə "Azadlıq" qəzetinin yazarı, satirik-jurnalist Sakit Zahidovun (Mirzə Sakit) işi üzrə hazırlıq yığıncağı keçirilib. Hakim məhkəmə zalında KİV nümayəndələrinin (ANS telekanalının 3 dəqiqəlik çəkilişi istisna olmaqla) səs yazmasına, foto və video çəkiliş aparmasına icazə verməyib.
S.Zahidovun vəkili Vüqar Xasayev vəsatətlə çıxış edib. Vəsatətdə videoçəkiliş aparılması, 23 iyun 2006-cı il tarixində S.Zahidovun əl telefonuna gələn zənglərin çıxarılması və həmin şəxslərin şahid kimi məhkəməyə gətirilməsi, protokolda qeyd olunan Arzuman adlı (vəkilin bildirdiyinə görə familiyası Məcidovdur) məhkəməyə dəvət olunması, taksi sürücüsünün kimliyini araşdırılması tələb olunur.
Vəsatət qismən qəbul olunsa da, məhkəmə zalında səs yazılmasına, video və fotoçəkiliş aparılmasına icacə verilməyib.
S.Zahidovun hüquqlarını Müdafiə Komitəsinin sədri Emin Hüseynov məhkəmə iclaslarının KİV tərəfindən işıqlandırılması barədə hakimə əvvəlcədən məktub ünvanlandığını bildirsə də hakim bu barədə hər-hansı məktubu almadığını bildirib.
Məhkəmə avqust 29-na təyin edilib.-20B-