Dinlədiyimiz Musiqi

 ABBAS Atilay

Çox nadir toplum tapıla bilər ki, bizim qədər musiqini iliyinin dərinliklərinə hoptursun, həyatını onunla qursun,onunla ritmik hərəkət etsin, onunla doğulsun, onunla yaşasın, onunla ağlasın, onunla gülsün, onunla evlənsin, onunla boşansın, onunla sevişsin,onunla döyüşsün, nəhayət onunla ölsün. Bu fikrin qərəzsizliyinə inanmaq üçün vətəndən kənarda olmanız və ordan ölkəmizə maneəsiz bucaqdan nəzər salmanız məncə kifayət edər. Həyatımızın musiqi nüfuz etməmiş elə bir sahəsini axtarmağa dəyməz, çünki tapmaq çox çətindir. Məktəbdən tutmuş məscidlərə, doğum evlərindən tutmuş qəbirstanlığa, uşaq evlərindən tutmuş şadlıq evlırinə, yüksək və bir o qədər də anormal urbanizasiyaya malik paytaxtımızdan tutmuş Şərurun ilan mələyən şoran torpaqlarına qədər mövcud olan musiqimiz və manıslarımız bizi dünyada YEK edən ikinci vasitədir (1-ci korrupsiyadır). Əgər belə olmasaydı NASA orbitə əgər varsa digər planetlərin sivilizasiyaları ilə kantakt yaratmaq üçün Azərbaycan muğamını və qaboyunu göndərməzdi. Kosmosa NASA başqa xalqların elmi ixtiralarını, NİSBİLİK Nəzəriyyəsini, KVANT Fizikasını, Pifaqor teoreminin notlarını göndərəndə bizim də musiqi alətlərimizi göndərir. Çünki O, bizi bizdən daha yaxşı tanıyır. Amma NASA başa düşmür ki, heç kosmosda belə bizə bənzər cəmiyyət tapılmayacaq ki, cavab siqnalları ötürsün. Kosmosu kənara qoysaq heç Afrika sivilizasiyalı ölkələrdə də belə görə bilməzsiniz ki, yol qraqlarında, metro stansiyalarının ətrafında, ictimai iaşə obyektlərində, sərnişin daşıyan marşrutlarda, şəxsi ovtomobil və s-də yüksək tonda musiqi müşayətində insanlara “keyfiyyətli xidmət” göstərilə. Bəzi dostlarımız bu cür “xidmət” formasını “Culture Genocide” termini daxilində araşdırmağı məsləhət görürlər. Bu minvalla deyə bilərik ki, “2O Yanvar” və “Əzizbəyov” stansiyaları nasist Almaniyasının “Osvensim” ölüm düşərgəsi qədər bəşəriyyətə zərərli, bəlkə ondan daha artıqdır. Bu uzun və asan həll edilə bilən problem olmadığı üçün çox dayanmadan fikrimin “mustafası”-na kecirəm.

İnsafla yanaşsaq Qafqaz, o cümlədən, Azərbaycan musiqi ənənələri və səviyyəsi çox yüksəkdir. Dahi Üzeyr bəydən bəri dunya musiqi məktəbində kifayət qədər tanınmış bəstəkarlarımız, drijorlarımız mövcud olmuşdur. İnkar etmək olmaz ki, Azerbaycan klassik və caz müsiqisi Qərb ölkələrində yaşayan azerbaycanlıların qürur mənbəyidir. Avropa ölkələrində Azerbaycan musiqisi dedeyinizdə ilk növbədə bir o qədər də Azərbaycanda tanınmayan Əzizə Mustafazadə, Firəngiz Əleyevanın, muğam ustası Alim Qasımovun adını eşidəcəksiniz.

 Təəssüflər olsun ki, oxunan mahnıların cansıxıcı tərəfi onların cılız və dar mövzular üzərində köklənməsidir. Bununla yanaşı bu mövzuların orta əsrlərin kücə aşıqlarından tutmuş dövrümüzün “ulduz”larına qədər dəyişilmədən, qeyd-şərtsiz istifadə edilməsi bir mövzu bütünə çevrilmiş və son dərəcə musiqiyə mübtəla olan xalqımizin rəngsizliyinə və çalarsızlığına “öz töhvəsini” vermişdi. Təəssüflər olsun ki, mahnılarımızın mövzuları sevgi, məhəbbət, eşq, ayrılıq, vüsaldan uzağa gedə bilmir. Fikir versək asanlıqla görə bilərik ki, biz bütün formasiyalarda, qurluşlarda, rejimlərdə oxudugumuz mahnılar bir-birindən fərqlənmir. Məsələyə irfanla yanasaq deyə bilərik ki, bizim mahnların mətni “laməkan” və “lazəmandır”.

Amerikan neo-conservatizminin banisi Leo Strauss “ideologiyaların mövcud olmadığı cəmiyyətdə qorxu və rəngsizlik hakim olur” deyirdi. Bu, hal-hazırda ABŞ-da rəhbərlikdə olan hakim ideologiyanın yaradıcısının gəlişigözəl sözü deyil, bir reallıqdır. Heç bir ideologiyanın hal-hazırda mövcud olmadığı Azərbaycan cəmiyyəti filosof mütəfəkkirin fikirlərinin əyani güzgüsüdür. Cəmiyyətimizdə “qorxu” qədər “rəngsizlik” də son dərəcə müdhiş problemdir. Cəmiyyətimizi normal olaraq təbəqələrə və qruplara bölən ideologiyalar olmadığı üçün yaşlı ilə cavan azərbaycanlı eyni formada yaşayır, eyni stildə geyinir, eyni cür hərəkət edir, eyni musiqiyə qulaq asır və nəhayət eyni formada ölür. İnkişaf etmiş Qərb dünyasında isə ideologiyalar cəmiyyəti “parçalayır” və müxtəlif ideologiyalar arxasınca gedən qruplar fərqli formalarda inkişaf edir, digər qruplardan hər mənada fərqlənirlər. Bu da cəmiyyətin inkişafına və rəngarəngliyinə gətirib çıxarır. Biz də isə toplumu birləşdirən, ona hakim olan vahid ideologiya var. Adı “ideologiyasızlıq”-dır. Belə olmamış olsaydı, eyni mahnıya fanatikcəsinə qulaq asan susqun qoca ilə “dinamik” gənci birləşdirən ortaq zövq üzə çıxmazdı…

 Fərqli dövlətlərdə mahnılar inqilabın, ictimai aktivliyin, “kütləvi partlayışın” lokomotivi olduğu halda bizim ölkədə susqunluğun, ətalətin mütiliyin sitimuludur. 2-ci dünya müharibəsindən zəif çıxmış Fransada yenilikçi gənclərin qarşısında sədd kimi dayanmış dövrün yaşlı təbəqəsinə, sümükləşmiş tabu, büt ənənələrə qarşı gənc inqilabçı tələbələrin təkcə Fransaya deyil, Avropaya və bütövlükdə dünyaya yaşatdıqlar “68,may, Paris baharı”-nın əsas ilham vericisi müğənni Rolling Stonesin “Satisfaction” mahnısı olmuşdu. Yenə fransız inqilabçı müğənni RENAUDun 1991-ci ildə cıxardığı “Daş alverçisi” adlı albomu özü ilə 90-cı illərin Avropasına yeni inqilabi dalğa gətirmişdi. Bu misalları daha da artırmaq olar.

Düşünəndə ki, biz də özbaşınalığa, ədalətsizliyə, sosyal bərabərsizliyə, cəmiyyətdəki hakim ətalət və səssizliyə, bu ətalətin baisi mentalitet adı altında cəmləşən “zəif insanlar kodeksi”-nə, tabulara, bütlərə qarşı mübarizə aparırıq və hansı növ mahnılardan, nə kimi mövzulardan istifadə edəcəyik, təbii ki, pessimist olmamaq əldə deyil. Postmodernist bəstəkar Firudin Allahverdi bu günlərdə Almaniyada verdiyi konsert ərəfəsində dediyi bir cümlə ilə Azərbaycan mühitini tam xarakterizə etdi: “Bizdə “Satisfaction”, “İt is Time” olmadığı üçün görünür bizim də bəxtimizə pambıq ustası Sürəyyaya həsr edilmiş “Sürəyya” mahnısı ilə düşüncələrdə inqilab etmək düşüb”.

Sayğıdəyər oxucular, həyatımızın hər bir sahəsinə asanlıqla daxil ola bilən bu güclü qüvvənin-musiqinin yuxarıda sadaladığım dar çərçivəli və kifayət qədər dövrümüzün tələbləri ilə ayaqlaşa biləyən mövzularla donatılması onu nəinki gənc cəmiyyətin dinamizminin dinamitinə cevirir, əksinə qarşısında bir aşlmaz sədd çəkir.

Daimi qibtə ilə baxdığımız Qərb insanının düşüncə tərzi ilə bizim təfəkkürümüz arasında olan fərqlilikləri və uçurumun dərinliyini dinlədiyimiz və xitə çevirdiyimiz mahnıların məzmunlarında daha tez hiss edə bilərik.Müqaisə üçün Avropada məşhur çoxsaylı mahnılardan 2-i sizin üçün tərcümə etməklə fikirlərimi yekunlaşdırıram. Tərcüməsi aşağıda verilmiş mahnıların məzmununu analitik təfəkkürlə təhlil etməyi öz ixtiyarınıza buraxıram. Aşağıdakı mahnı mətnlərini oxuduqdan sonra lütfən indi Azərbaycanda daha çox dinlənilən və sevilən mahnıların məzmunu ilə müqaisə edin...

 

1. Fransız inqilabçı müğənni RENAUD-un 1991-ci ildə Marchand de Cailloux  (Daş alverçisi) adlı SD-sindən

                                                Akvarium

 

Əsəbdən dəli oldum

Müharibədən sonra bir gecə

Dözməyib fırladıb atdım televizoru

Pəncəreden aşağıya

Bir az kobud bir uşaq olduğum üçün

Dedim ki, öz-özümə

Əgər bir azcıq da olsa bəxtim varsa

Düşər bu televizor

Düz başının ortasına

Aşağıdan keçən bir  Polis Generalının.

Nəisə, azadlığa çıxdı gözlərim

Baxdım akvariumun kiçik balıqadamına

O da ala-bula balaca qayaların arasında

Axtarırdı gizli bir xəzinəni, Biçarə...

 

Propoqanda və zəhərli radio stansiyaları

Əsəblərimi iflic etdi

Səbrimi artıq daşırdı bu FM-lər

Dözməyib fırladıb atdım radionu

Pəncərədən aşağıya

Başladım dua etməyə dərhal

Ki, düşməsin aşağıda akordeon çalaraq

Pul dilənən uşaqcığın başına

Nəisə, azadlığa çıxdı qulaqlarım

Qulaq asdım akvariumun qızıl balığına

Yalnız olduğu üçün xoşbəxt idi

Bir az qaş-qabağını tökmüşdü

Bəlkə də yalandan edirdi...

 

Əsəbləşdirdi Allah baba məni

Mənə elə gəlir O, çox təhlükəli

Fırladıb atdım köhnə İncilimi

Pəncərədən aşağıya

Sağlam düşüncəli bir uşaq olduğum üçün

Dua ederek dedim özüm-özümə

Əgər bir azcıq da olsa bəxtim varsa

Düşər bu İncil düz başının ortasına

Aşağıdan keçən bir rahibin (molla da demek olar)

Nəisə,azadlığa çıxdı ruhum

Ve getdi girdi akvariumun dibinə

Pak və tər-təmiz suyun içinə

Nüvə-atom stansiyalarından uzaqda

Insanlardan uzaqda...

 

Əsəblərimi oynadır bu saxta siyasətçilər,qəzetçilər

Onsuz da artıq olublar yekəqarın kişilər

Baxa bilməyib atdım qəzeti

Pəncərədən aşağıya

Saf bir uşaq olduğum üçün mən

Nişanlamışdım konalizasiya deşiyini zatən

Bulaşmalı idi orda bir-birinə cürbəcür nəcislər

Və qəzetdə şəkilləri olan boynuyoğun məmurlar, siyasətcilər

Nəisə, azadlığa çıxdı başım

Və getdi akvariumdakı balıq adamın yanına

O da ala-bula balaca qayaların arasında

Axtarırdı gizli bir xəzinəni, Biçarə...

 

Pəncərənin üstündəki akvariumun

Balıq adamı bir az da mənəm

Bəlkə də o qızıl balıq elə mən özüməm

Bu əslində çox sevindirici bir şey

Mən də gizli bir xəzinəni axtarıram

Yəni “hürriyət” “azadlığı”

Yer üzünün kiçik ala-bula qayaları arasındakı

Gizlənmiş O “Böyük Eşqi”.

Nəisə, azad oldu yer kürəsi

Rahiblərdən, bütün din xadimlərindən,

Boşboğaz qazetçilərdən, yekəqarın siyasətcilərdən,

Sifətindən zəhrimar tökülən kütbeyin, taxtabaş polislərdən

Peşman deyiləm

Onsuz da onlar mənim zəhləmi tökmüşdülər...

               

2. Turkiyəli Rok müğənnisi  Haluk Ləvəntin “Aç pəncərəni” albomundan populyar antiqlobalist mahnı

                                                                    “George Bush”

 

Cənnətdən deyilsən bilirəm

Hönkürtüyə səbəbsən duyuram

İçimdə böyüyür qorxum, nifrətim

Qəribe, dözülməz sancım

Sən yadıma düşəndə.

Sınıq-salxaq qapımdan

Çək əllərini süfrəmdən

Sadə-fəqir dünyamdan

Get bir an əvvəl...

 

Verməmiş, almağa can atdın

Zərərini kim çəkər zənn etdin?

Dövran dönərsə ya bu gün, ya sabah

Boğulma çalış

Okean suyu yüksələndə.

Sınıq-salxaq qapımdan

Çək əllərini süfrəmdən

Sadə-fəqir dünyamdan

Get bir an əvvəl...

 

(Gurultulu raket, silah səsləri ilə yanaşı ingilis və türk dillərində xəbər yayan bir neçə jurnalstin səsi eşidilir: “Bağdad vuruldu. Dünən axşam Ağ Evin verdiyi son tarix başa çatdı...”, “Arxanızda gördüyünüz bu uçuq bina dünən 5 mərtəbəli universitet idi...”, “Gecəyarısı kameralar qarşısında dayanan Pentagon başçısı Donald Ramsfeld gülümsəyərək İraqın bütövlüyünə nəzarət etdiklərini bildirdi...”... Mahnı yenidən davam edir.)

 

Mən düşmənəm, çünki səndən deyiləm

Qan qusmadım, cünki olmayıb heç vaxt neftim.

Evimə girdin palçıqla

Amma nə çətinliklə təmizləmişdim

Rədd OL !!!...

Sınıq-salxaq qapımdan

Çək əllərini süfrəmdən

Sadə-fəqir dünyamdan

Get bir an əvvəl.