Modern qəzetçilk

Abbas Atilay

Qəzetlər, jurnallar digər ictimai varlıqlar kimi bir az da insanlara bənzəyir.Bəziləri qalstuklu, qaşqabaqlı, bəziləri cins şalvarlı, uzun saçlı, pota saqqallı. Sarışını, qumralı, ağı, hətta zəncisi də var. Gəvəzələri ve boşboğazları qalın, səssiz, amma devrimçiləri isə incədir.

Hər kəs bunların içindən özünə bənzərini seçər. “Hər ölkə layiq olduğu medianı yaradar” deyimi heç də təsadüfi deyilməyib. BBC ancaq İngiltərə kimi dərin sağlam adət-ənənələrə sahib bir ölkədə üze çıxa, “Liberation” də yalnız fransız inqilabçı gənclərinin “68,May” hərəkatının Parisində meydana gələ bilər. Buna baxmayaraq hər bir qəzetin mövcud olmaq, varlıq səbəbi var. Yəni hər qəzet əsas olaraq bir ictimai-ideoloji təməl üzərində yüksəlir.

Misal 1. Fransız “Le Monde” qəzeti 1946-cı ildə dünya müharibəsindən yenicə çıxmış Fransanın qurduğu “5-ci respublikanın” siyasi elitasının və dövlət administrasiyasını təlimləndirmək və hətta istiqamətləndirmək məqsədi ilə yola çıxmış reformist və intellekt qəzetidir. “Liberation” isə “68,May” hərəkatının məhsuludur. Postmodernist gəncliyin bu ilk mübarizə-savaş bülleteni toplumun alt-üst olmasından sonrakı yeni, sağlam fikir və yanaşmalarının məcmusu olmuşdur.

Misal 2. İngiltərədə 1980-ci illərdə “Times” qəzeti başqa sahibkar tərəfindən  satın alındıqdan sonra kifayət qədər sağa meyl etməyə başladı, yəni həmin dövrün Baş naziri Marqaret Tetçerə bir mətbu orqan kimi yaxınlaşmağa başladı. Bunu görən “Leyboristler”-ə (işçi partiyası) yaxın “Guardian” qəzeti də yeni sağa qarşı cəbhə yaratmaq istəyərkən özü də bilmədən kifayət qədər sola çəkildi. Belə vəziyyətdə “Times” və “Guardian” –ın ənənəvi oxucu kütləsinin böyük bir hissəsi qəzetlərindən uzaqlaşdılar. Elə bu zaman yaranmış boşluğu yaxşıca görən “Independent” qəzeti üzə çıxdı ve onların itirdiyi oxucu kütləsini özünə çəkə bildi.

Çox vaxt qəzet köşklərində “yeni” görünən qəzetlər gözümüzə dəyir. Əlimizə alıb vərəqləyəndə yeni olmadığı üzə çıxır. Aydın olur ki, baş redaktor eyni, şeflər, redaktorlar, köşələrdə “duran kəsik” başlar, reportajlar, fotoşəkillər, hamısı eyni. Bu “yeni” qəzetin son səhifəsinin küncündəki ünvan da bir özündən əvvəl ki, qəzetin ünvanı.

Yeni deyilən və çıxarılan qəzet ölkənin siyasi, iqtisadi, ictimai və mədəni xəritəsini dəqiqliklə öyrənməli və məhsulu təqdim edəcəyi ictimai boşluğu tapmalıdır. Məsələn: Milli Azadlıq Hərəkatı dövründə bu yaranmış informasiya boşluğunu dolduran “Azadlıq”, sonrakı illərdə isə “Yeni Müsavat” həmin dövrün uğurlu addımlari idi. Amma bu qəzetlərin də siyasi-ideoloji, iqtisadi-maliyyə baxımından azad olmaması və bir növ siyasi partiyaların propaqanda maşını rolunu oynaması onların keyfiyyətli informasiya axtaran səviyyəli oxucu kütləsindən məhrum etdi. Və bu boşluğu doldurmaqda “Gundəlik Azərbaycan”, “Zerkalo”, “Exo” və s. əlindən gələni etsələr də tam nail oldular demək çətindir. Çünki bu gün Azərbaycanda informasiyanı mətbuat vasitəsi ilə almaq istəyən qrup belə qəzet almağa cox da həvəsli deyil. Çünki müasir Azərbaycan qəzetçiliyində dərin köklü problemlər mövcuddur. Ölkəmizdə KİV-in bir növü kimi mətbuat özündə bəzən özü  də bilmədən bir neçə ideologiyanı təmsil etdiyi üçün hazirladığı “məhsulu” da bu ideologiyalara məxsus insanlara və cəmiyyətin bütün kəsiminə təklif edir. Buna görə da Azərbaycan media-mətbuat bazarı alıcısız qalır. Məsələn: Qəzetin “təcrübəli” (yaşlı) yazarı qəzetin əvvəl səhifələrinin birində “Yaşlılara hörmət” adlı bir yazı yazır və həmin qəzetin başqa bir postmodernist əməkdaşı isə başqa bir səhifədə dərc olunan yazısında öz fikirlərini oxucuya belə çatdırır: “Bizə rüşvətdən istifadəni, yaltaqlığı, qorxaqlığı, mütiliyi, susqunluğu öyrədən yeniləşəbilməyən yaşlı təfəkkürün hakim olduğu ailə tərbiyə sistemidir”. Bu kimi hadisə, yəni eyni qəzetdə bir neçə ideologiyanın cəmləşməsi qəzetin daimi oxucularını qəzetdən uzaqlaşdırır və boşluqdakı oxucu kütləsini genişləndirir. Və bəzən biz buna plüralizm naminə haqq qazandırmağa çalışırıq. Amma yenə də bu informasiya axınının səmərəli qurulmaması və düzgün ünvanlanmamasından irəli gələn kifayət qədər böyük problemdir.

Dünya praktikasından fərqli olaraq bizim media bütün ideologiyaları təmin etməyə çalışır. Bir qəzetdə istəsək həm liberal, həm sosial-demokrat, həm anarxist, həm postmodernist, həm dini, həm milli və s. yazılar göre bilərik. Bu da ölkə qəzetçiliyində ideoloji boşluqlar və çatlar yaradır. Media ideologiyaları təmsil etməli olduğu halda siyasi qütbləri təmsil edir və bir neçə ideologiyanı özündə birləşdirən (?!) partiyaların maraqlarını təmin etməyə çalışır. Normal cəmiyyətlərdə iqtidar-müxalifət qəzetləri yoxdur, liberal, mühafizəkar, postmodernist-inqilabi, dini və s. qəzetlər var.

                                                                                                                                                

                                                                                                                “Dağıdıcı” qəzetçilik.

Yaxın tariximizin ən əhəmiyyətli və nadir dağıdıcı hadisələrindən biri olan “68,May” tələbə hərəkatının 2003-cü ildə yaranmasının 35 illiyi qeyd olundu. 2-ci dünya müharibəsindən sonra həyatın hər bir sahəsində yaşlılara və gerilikçilərə qarşı qiyam qaldıran fransız gənc tələbələrinin bu hərəkatı yenidən təhlil edilərek Qərb KIV-də bir daha manşetləri işğal etdi. Fürsətdən istifadə edən bir italyan rejissorun çəkdiyi və “68,May” gənclərinin aksiyalarından kiçik bir hissıni reklam çarxına salaraq kifayət qədər populyarlaşmağı da bacardı. Belə ki, 2 sevgili Eyfel qülləsində polislərin fikirlerini üzərlərinə çəkməmək üçün öpüşürlər və əllərinə düşən ilk fürsətdən istifadə edib böyük bir plakatı Eyfeldən asırlar. Və sonra yenidən əvvəlki vəziyyətə qayıdırlar. Bu zaman “N” adlı saqqız reklam olunur. Amma bizim diqqətimizi çəkən reklam olunan saqqız deyil, plakata yazılmış şüardır: “Polisin mediaya nəzarəti evimizə və ailemizə  nəzarətdir”.

Bu devrimçi gənclər hələ o zamandan medianin əhəmiyyətini lazımınca dərk etmişdilər. Onlar mübariz fikirlərini xalqa, xüsusən də gənclərə çatdırmaq üçün yalnız dövlət nəzarətindən çıxa bilməyən qəzet və jurnallardan deyil, divar yazılarından, divar qəzetlərindən, afişalar, karikaturala, fəhlələrə ünvanlanan bülletenlərdən, bildirişlərdən, hətta qaçaq radiodan da səmərəli istifadə edirdilər.

“68,May” hərəkatı əsasən fransız gənclərinin məhsulu olsa da 60-cı illər də ABŞ-da insanların ədalət və bərabərlik mübarizəsinin, Afrikada millətlərin azadlıq və müsteqillik uğrunda çarpışmalarının, Şərqi-Avropalıların Moskvaya yaşatdıqları “Praqa baharı”-nın məntiqi nəticəsi idi. Belə bir şərait yeni fikirlərin səpilib cücərdilməsinə, yayılıb genişlənməsinə əlverişli olan bir azad dünya yaratdığı üçün onlar həm o zaman, həm də ondan sonrakı 35 il ərzində media sahəsində əhəmiyyətli uğurlar qazandılar. Bu qrupu təmsil edən gənclərin çıxardıqları “Liberation” bir çox uğurlar qazanaraq bu günün Fransasında ən nüfuzlu 2-ci qəzetdir (“La Monde”-dən sonra).

Sonralar bu dalğa Fransanın hüdudlarını aşaraq ABŞ-da “Village Voice”, Ispaniyada “El Pais”, Italiyada “La Republica ”-nı çıxarmağa nail oldu. Bir güclü tufan kimi “68,May” şərqə, xüsusilə da Azərbaycana heç cür yaxınlaşa bilmədi və hal-hazırda da aradakı bu məsafə çox böyükdür. Çünki, şərq cəmiyyətlərində, eləcə də ölkəmizdə toplumun mentalitet adı altında sahib olduğu dəyərlərlə, yeni çağın oyanışından çəkinən avtoritar-bürokratik hakimiyyətlərin həyata keçirdikləri siyasətin dərin harmoniyası mövcuddur.

Bizim cəmiyyətde fərqli düşünmənin hardasa “ayıb” sayıldığı, hamı tərəfindən qeyd-şərtsiz qəbul olunan və tabulaşmış kultlara qarşı müxalifətçilik etmənin pozuculuq və terroristlik olaraq qiymətləndirildiyi bir ölkədə səmərəli fikir alış-verişi və “informasiya əldə etmək azadlığı” “0” nöqtəsində dayanmaqdadır.

Postmodernist gənc yazaraların neşr etdirdiyi “Alatoran” jurnalına, digər devrimçi gənclərin cıxardıqları “Bakı Bulvar” ictimai, satirik qəzetinə Azerbaycanın yaşlı nəslinin və yaşlı təfəkkürlü, dinamizmdən məhrum insanlarının qeyr-adi “məhəbbəti” yuxarıda qeyd olunan abzasa bariz nümunədir. Əgər ata öz övladını devrimçi yazıçı Əli Əkbərin “Mən Əclafam” kitabına görə döyür və təhqir edirsə onda bu nəticəyə asanlıqla gəlmək olar ki, “Azad düşünmək”, “Azad danışmaq”, “Azad informasiya əldə etmək” azadlığına bizim cəmiyyətdə qoyulan qadağa avtoritar rejimin qanlı qadağasından daha qəddar və daha acımasızdır.

Sayğıdəyər oxucular. Son günlər Qərb mediasının gözləri məşhur postmodernist türk yazarı Orxan Pamuka qarşı Türkiyədə başlayan və davam edən məhkəmə prosesinə dikilib. O.Pamukun “bu ölkədə deməyə hamı qorxur, amma mən deyirəm: Türkiyede 30 min kürd, 1 milyon erməni öldürülüb” ifadəsi cəmiyyətdə nifrətlə qarşılanmaqla yanaşı , “türkçülüyü təhqir” maddesi ilə ona qarşı cinayət işinin açılmasına  səbəb olmuşdur. Bir çoxlarının və o cumlədən mənim fikrimcə onun bu sensasiyalı sözlərinin arxasında başqa mənalar dayanır. Erməni məsələsinin onun yox, tarixçilərin işi olduğunu yaxşı bilən O.Pamuk əslində bu cür demək istəyir: “Müsəlman Şərqində hər kəs qorxur. Sərbəst düşünən və düşündüyünü yazmaq istəyən bir jurnalist Iranda asılır, Özbəkistanda yox olur, Azərbaycanda ağzından güllələnir, Türkiyədə isə həbs edilir. Bu azmış kimi “dövlət sirri”, “şəxsi həyata müdaxilənin yolverilməzliyi”, “istintaq sirri” və s.- lərlə insanların “informasiya əldə etmək azadliğı”-nı məhdudlaşdırır. Artıq mən qorxmuram və qorxmadığımı da dövlətin indiki dövrdə ən zəif və ən qəliz yerinə toxunaraq sübuta yetirirəm, hansı ki, Əkbər Gənci bunu Iranda, Elmar Hüseynov isə Azərbaycanda etmiş. “Təsadüfi deyil ki, “New York Times” qəzeti bu məhkəmə prosesinə toxunaraq belə yazır: “Türkiyədə dünyəvi demokratiya məhkəməyə düşüb”.

P.S.      Yeriglmişkən, bir neçə gün əvvəl xüsusi sifarişlə terror edilmiş unudulmaz jurnalist Elmar Hüseynovun doğum günü olacaq. Cox maraqlıdır ki, seçkilərdən öncə “siyasətci”-lərimizin, bəzi maraqlı qrupların dilindən düşməyən, qanı ilə Azərbaycan jurnalistikasının ən uca, başqalarının çətin çata biləcəyi zirvəsinə adını yazdıran şəhid jurnalist Elmar Hüseynov bu gün çox az hallarda xatırlanır. Sanki O, unudulub. HAQQ NAMINE yazılan hər bir yazıda onun adı çəkilsin ki, xalqımızın unutqanlıq vərdişinə qalib gələk.