AZƏRBAYCAN İRANA QARŞI EMBARQO SİYASƏTİNDƏ...

 

 

İran şirkətlərinə qarşı sanksiyalara başlayan rəsmi Vaşinqton bəyan edir ki, Tehrana ən aqressiv vasitələrlə təzyiq göstərəcək

 

ABŞ Azərbaycanın quru və dəniz əraziləri vasitəsilə qanunsuz yolla daşınan hərbi təyinatlı yüklərə nəzarəti daha da gücləndirəcək. Məqsəd İranı raket komponentləri ilə təmin edən ölkələrin dairəsini müəyyənləşdirmək və bu istiqamətdə hər hansı fəaliyyətin qarşısını almaqdır. "Ayna"ya daxil olan məlumatlara görə, "Ağ ev"in bu siyasəti İranla əlbir olan şirkətlərə qarşı həyata keçirilən embarqo çərçivəsində aparılır.
Artıq ABŞ İranın iki şirkətinə qarşı sanksiyalar tətbiq edib. "Ria-Novosti"nin yaydığı məlumata görə, ABŞ-ın maliyyə nazirliyinin yaydığı bəyanatda bildirilir ki, İranın Müdafiə Nazirliyinin nəzarətində olan iki şirkətin - Sanam Industrial Grour və Ya Mahdi Industries Grour raketlərin yayılması ilə bağlı işdə əli var.
Sanam Industrial Grour və Ya Mahdi Industries Grour Aerosrace Industries Organization (AIO) qurumunun planı əsasında fəaliyyət göstərir. Bu qurum isə öz növbəsində İranın müdafiə nazirliyinin strukturu kimi qeydiyyatdan keçib. Qurum İranın raket proqramlarının koordinasiyasını həyata keçirir və bütün raket sənayesinə nəzarət edir", - deyə bəyanatda qeyd edilir.
Sənəddə bildirilir ki, Sanam Industrial Grour AIO-nun adından raketlərin yayılması üçün milyon dollarlıq avandanlıq alıb və Ya Mahdi Industries Grour isə bu qurumun adından raket texnologiyaları və mallarının alınması üçün beynəlxalq ticarət sövdələşmələrində iştirak edir.
"ABŞ bütün vasitələrlə kütləvi qırğın silahı əldə etməkdə İrana mane olacaq", - deyə maliyyə nazirinin terrorçuluq və maliyyə kəşfiyyatı üzrə müavini Stüart Livi sanksiyaları şərh edərkən bildirib.
"Bu gün üçün biz İrana raket sahəsində yardım edən 13 təşkilatı izolə etməyə nail olmuşuq. Bunun üçün biz gələcəkdə belə təhlükəyə qarşı daha aqressiv fəaliyyət göstərəcəyik", - deyə o vurğulayıb.
Bütün bunların fonunda ABŞ ilə əməkdaşlıq xəttini özü üçün prioritet götürmüş Azərbaycanın İranın raket istehsalı üçün nəzərdə tutulmuş avadanlıq və malların ərazilərindən keçirməsinə göz yumması xeyli çətin olacaq.
Çünki rəsmi Bakı artıq ABŞ NATO ilə əməkdaşlıq edən ölkələrlə kütləvi qırğın silahlarının komponentlərinin daşınmasına nəzarət edəcək qurğuların ərazilərində yerləşdirilməsi ilə bağlı müzakirələr aparıb və bu istiqamətdə üzərinə öhdəliklər götürüb. Bu barədə ABŞ dövlət katibinin silahlanmaya nəzarət üzrə müavini Stiven Rademeyker ötən il vermişdi.
"Bu sahədə bir sıra tərəfdaş ölkələrlə kütləvi qırğın silahlarına aid komponentlərin daşınmasına nəzarət edəcək qurğuların onların ərazilərində yerləşdirilməsi üçün ikitərəfli müzakirələr aparmışıq", - deyə S. Rademeyker vurğulamışdı.
S.Rademeykerin sözlərinə görə, ABŞ-ın İranın raket təhlükəsinə qarşı aparacağı fəaliyyət NATO ilə partnyor ölkələrlə müzakirə edilir. Raydmerker vurğulamışdı ki, onlar NATO üzrə müttəfiqləri ilə və tərəfdaşları ilə problemin həlli ilə bağlı işləyirlər. Onun sözlərinə görə, İran raketlərinin NATO ilə tərəfdaşlıq edən ölkə əhalisi üçün yaratdığı təhlükənin azaldılmasına çalışırlar.
Bildirək ki, 2005-ci ilin avqustunda ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş Astarada radar stansiyasının qurulduğunu bəyan etdi. Ardınca isə ABŞ-ın Azərbaycanın Xəzər sahili boyu ərazilərində analoji radar stansiyalarının qurulacağı ilə bağlı məlumatlar yayıldı. Məqsəd birdir: Rusiya və digər Xəzəryanı ölkələrdən İrana hər hansı hərbi təyinatlı komponentin daşınmasının qarşısını almaq. Onsuz da ABŞ Rusiyanın sənaye müəssisələrinin İrana nüvə silahını yaratmaqda kömək etməsindən çoxdan şübhələnir.
Bütün bunlar göstərir ki, İran üzərində halqa daralır və bu antiiran kampaniyasına Cənubi Qafqaz və Mərkəzi Asiya regionu cəlb edilməsi faktoru reallaşır.
ABŞ dövlət katibinin müavininin bəyanatı onu göstərir ki, raketdən müdafiə qurğularının yerləşdirilməsi ehtimalı Azərbaycandan da yan keçmir.
Xatırladaq ki, 2004-cü il okytabrın 9-10 da ABŞ-ın İran körfəzindəki "Kennedi" aviadaşıyıcısında keçirilən görüşdə Azərbaycan və Gürcüstan müdafiə nazirləri də qatılmışdılar. Bura onları ABŞ-ın müdafiə naziri Donald Ramsfeld dəvət etmişdi. Həmin görüşün təfərrüatları açıqlanmadı. Bu qapalı görüşdə bu mövzuda söhbətin aparılması istisna edilmir.
ABŞ müdafiə naziri D.Ramsfeld Azərbaycanda 2005-ci ildəki səfəri zamanı bəyan etmişdi ki, o, rəsmi Bakı ilə beynəlxalq terrorizm, kütləvi qırğın silahlarının yayılması ilə mübarizə sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edib.
İranın nüvə planı ilə bağlı danışan Ramsfeld qeyd etmişdi ki, İranın nüvə silahları hazırlanması qonşu dövlətlər üçün təhlükə törədir və problem ondadır ki, nüvə silahları terrorçuların əlinə düşə bilər.
İranın beynəlxalq terrorçu şəbəkəsilə əlaqələrinin olduğunu bəyan edən Ramsfeld "bütün dünya və region ölkələri həyəcanla bu prosesləri izlədiyini" demişdi.
Bununla yanaşı ABŞ İrana qarşı sanksiyaları sərtləşdirmək niyyətindədir. MAQATE-nin bəyanatından sonra BMT-nin Təhlükəsizlik Şurasında İrana qarşı sanksiyalar mövzusu müzakirəsi planlaşdırılır.
Bir sıra məlumatlara görə, Pentaqon artıq ABŞ-ın İrana qarşı aparacağı siyasətin komponentlərini müəyyənləşdirib. Bu siyasətin bir ucu da gəlib Azərbaycana çıxır. Rəsmi Vaşinqton İranla sərhəddə yerləşən ölkəmizi bu ölkə əleyhinə yaranacaq koalisiyaya qatıldığı barədə danışmaq olar.
Hazırda ABŞ BMT səviyyəsində İrana qarşı sanksiyaların tətbiqinə nail olmaq üçün əlləşir. Buna qədər isə artıq rəsmi Vaşinqtonun Tehrana qarşı iqtisadi embarqo siyasəti davam edib. Bu embarqoya görə, ABŞ İranla 20 milyon dollardan çox ticarəti olan korporasiyalarla heç bir iqtisadi əməkdaşlıq etmir.
"Ağ ev"in strateqləri hesab edirlər ki, bu iqtisadi embarqonun sərhədlərini daha çox genişləndirmək vacib amilə çevrilib.
Artıq bu sanksiyalara razılıq verməsi üçün Vaşinqton bir sıra Avropa ölkələri ilə qapalı müzakirələrə başlayıb. Belə təklifin Azərbaycan hakimiyyətinə də ediləcəyi istisna deyil. Belə olan tərzdə Azərbaycan da müttəfiq ölkə kimi İrana qarşı aparılacaq sanksiyalara qoşulmalıdır. İndiki halda bunun nə ilə nəticələnəcəyi bəlli deyil.

 

 

                             İran parlamenti təhlükəli qanun qəbul edib

Qanun xaricdə İran dövlətçiliyi əleyhinə fəaliyyət göstərən insanların aşkarlanıb məhv edilməsini nəzərdə tutur

Əldə etdiyimiz məlumata görə, İran parlamenti bir müddət öncə yeni qanun qəbul edib. Bu qanun İran dövləti və onun ərazi bütövlüyünün əleyhinə xaricdə fəaliyyət göstərən insanların yaşadıqları, işlədikləri yeri müəyyən və onları fiziki cəhətdən məhv etməyi nəzərdə tutur. Belə bir qanunun qəbul edilməsi ciddi siqnal deməkdir və bu mürtəce qanun təbii ki, birbaşa soydaşlarımıza qarşı yönəlib. Çünki Avropada və digər yerlərdə yüz minlərlə güneyli mühacir yaşayır, mövcud rejimin əleyhinə ciddi iş aparır.

Güney Azərbaycan İnformasiya Mərkəzinin təmsilçisi Siruz Azadi «Gündəlik Azərbaycan»a açıqlamasında bildirdi ki, onda İran parlamentinin bu cür mürtəce qanun qəbul etməsi ilə bağlı dəqiq informasiya yoxdur: «Mən inanmıram ki, rejim belə bir qanun layihəsini parlamentə çıxarsın. Çünki bu, bir qədər ciddi məsələdir. Zənnimcə, belə bir məsələ İranın Təhlükəsizlik Şurasının toplantılarında qaldırıla, müzakirə oluna və müvafiq qərar verilə bilər. İran dövlətinin əleyhinə xaricdə fəaliyyət göstərən görkəmli şəxslərin müəyyən edilərək məhv edilməsi əslində gizli şəkildə indiyə qədər baş verib. Rejimin bu işdə kifayət qədər təcrübəsi var. Parlamentdə belə bir qərarın qəbulu İranın beynəlxalq səviyyədə terrorla məşğul olması faktını üzə çıxara bilər. Ancaq indiyə qədər Türkiyə, Avropa və digər yerlərdə rejimin xüsusi xidmət orqanları ciddi fəaliyyət göstərərək əslən Güneydən olan insanları qətlə yetirib. Əlirza Təvəsüm adlı şəxs təxminən 5-6 il öncə İranı tərk edərək Azərbaycana gəlmişdi. İran rejimi onu gecə ikən buradan götürərək Tehrana apardı. Bu mənada dedikləriniz olduqca ciddi məsələdir və onun araşdırılmasına ehtiyac var. Biz bu məsələni Güneydəki mənbələrimizlə dəqiqləşdirəcəyik».

BAB sədri Aqil Səmədbəyli isə xatırlatdı ki, belə bir qanun artıq Rusiyada qəbul edilib. Onun sözlərinə görə, bu cür qanunlar dövlətin təhlükəsizliyi ilə bağlıdır: «Adətən bu səpkili qanunlarda dövlətçilik əleyhinə ölkə hüdudlarından kənarda fəaliyyət göstərən elementlərin aradan qaldırılması nəzərdə tutulur. İran rejimi qeyri-qanuni olsa da, bu cür işlərlə məşğul olurdu. Sadəcə olaraq Güney Azərbaycanda baş verən son proseslər rejimi daha ciddi addımlar atmağa məcbur edib. Xaricdə soydaşlarımızın göstərdikləri fəaliyyət rejimi ciddi şəkildə narahat edir. Təbii ki, bu qanunun qəbulu İran xüsusi xidmət orqanlarının əl-qolunu açacaq və onlara geniş imkanlar yaradacaq. Ancaq nə qədər sərt qərarlar qəbul edilsə də, mübarizə davam etdiriləcək və uğurla başa çatacaq. Belə bir qanun layihəsinin hazırlandığı barədə məndə məlumat var idi. Ancaq onun qəbul edilməsini ilk dəfədir ki, eşidirəm».

 

 

                "İstəyirəm ki, Azərbaycanla birləşək"

 

"Vaşinqton Tayms" Güney Azərbaycandan reportaj hazırlayıb

Qəzet yerli sakinlərə istinadən son hadisələrdə 100-dən çox dinc sakinin öldürüldüyünü yazır

 

ABŞ-ın nüfuzlu "Vaşinqton Tayms" qəzeti Güney Azərbaycan haqqında maraqlı bir məqalə dərc edib. Məqalənin müəllifi İran hökumətinin icazəsi olmadan reportaj hazırladığı üçün öz adını anonim saxlayır.
Məqalənin əvvəlində deyilir: "Ətrafı yamaclarla örtülmüş, 8 illik İran-İraq müharibəsi zamanı həlak olanların cəsədlərinin bastrıldığı Urumeh şəhər qəbristanlığında 3 gün bundan öncə İraqdan gələn kürd qaçaqmalçılarla döyüşdə həlak olmuş əsgərin qəbri var. Ancaq müalicəvi mineral gölü ilə məhşurlaşan bu şəhərdə rejim əleyhinə etiraz edərkən öldürülmüş şəxslər burada basdırılmayıb. Onların qəbrinin yeri məlum deyil".
Müəllif Güney Azərbaycanlıların etiraz aksiyalarından danışır: "Baxmayaraq ki, İran azərilərinin mədəniyyətinin Azərbaycanın mədəniyyətindən üstün olduğunu düşünürəm, mən istəyirəm ki, Azərbaycanla birləşək" deyir Əli adlı şəhər sakini: "Bu rejim bizə hörmət etmir".
Məqalədə fikirlərinə yer ayrılmış şəxslər rejimin qorxusundan adlarını tam açıqlamayıblar. "Vaşinqton Tayms" hesab edir ki, Güney Azərbaycanda baş qaldırmış etirazların əsas səbəbi hökumətin etnik azlıqlara etinasız yanaşmasıdır. "Vaşinqton Tayms" məşhur karikatura olayından da bəhs edir: "May ayında hökumətin nəzarətində olan qəzetlərdən birinin azərbaycanlıları tarakan kimi təsvir etməsindən sonra ziddiyyətlər Kürdüstandan Güney Azərbaycana yayıldı". Yerli sakinlərə istinad edən qəzet hadisələr zamanı 100-dən çox dinc sakinin təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyünü yazır. Məqalədə daha sonra Musatafa adlı sürücünün fikirlərinə yer verilir: "Farsların zarafatlarından yorulmuşuq. Türkələr bütün seriallarının və lətifələrin klounu, idiotu və axmağı olurlar. Bəsdir!".
Fərrux adlı soydaşımız isə "Vaşinqton Tayms"ın müxbirini oteldə qalmağa qoymayıb. Jurnalisti öz evinə qonaq edən fabrik direktoru bunun səbəbini belə açıqlayıb: "Onlar xarici axtarırları ki, son hadisələrə görə günahlandırsınlar". Fərrux deyib ki, bu şəhər Türkiyə, İraq və Azərbaycanla həmsərhəd olduğu üçün xüsusi xidmət orqanları tərəfindən nəzarətdə saxlanır.
Azərbaycanlılıarın İranın ictimai siyasi həyatında rolundan danışan müəllif onların yüksək vəzifələr tutduğunu yazır: "Buna görə də Tehran keçən aykı iğtişaşlara Xuzistan, Kürdüstan, Sistan və Bəlucistan kimi digər həssas sərhəd zonalarındakı etnik gərginlikdən daha ciddi yanaşdı".
Müəllif hətta rəsmi Tehranın Ayətullah Əli Xameyninin azərbaycanlı olmasından da çəkindiyini bildirir. Məqalədə yer alan maraqlı məsələlərdən biri də kürdlərlə azərbaycanlılar arasındakı münasibətlə bağlıdır. İki etnik qrup arasındakı əlaqələrin tarixən gərgin olduğunu bildirən qəzet bu barədə yazır: "Azərbaycanlı əsgərlərin kürd partizanlar və qaçaqmalçılarla döyüşmək üçün Kürdüstana hərbi xidmətə göndərilməsi halları geniş yayılıb". Bunu hökumətin məqsədyönlü siyasəti kimi qiymətləndirən müəllif budəfəki etiraz aksiyasında kürdlərin aəzrbaycanlılara köməklik göstərdiyini bildirir.
Sonda isə azərbaycanlıların ayrılmaq perspektivinə toxunan müəllif Mərkəzi Kəşifiyyəat İdarəsinin keçmiş agenti Mark Gerextin "Öz düşmənini tanı: casusların İran səyahəti" kitabından sitat gətirib: "İran Azərbaycanı sürprizlərlə doludur. Türkiyə və Azərbaycana çıxışı olan, Bakıdakı milliyyətçilərin gözündən qaçmayan, İranın digər ərazilərilə müqayisədə Qərbə daha yaxın görünən və nəhayət iqtisadi cəhətdən heç bir perspektivi olmayan İranın ən varlı kənd təsərrüfatı rayonu gizli əməliyyatlar üçün ideal səhnədir".
Məqalə Braun Universitetinin professoru Uilyam Bimənin bu sözləri ilə bitir: "Bir balaca tarix oxuyan hər kəs bilir ki, Azərbaycan həmişə inqilabın mərkəzi olub. Ancaq azərbaycanlılar hər yerdə təmsil olunurlar. Onların hökumətdə vəzifələri var. Buna görə də azərbaycanlıların öz maraqlarına qarşı hərəkət edəcəkləri ideyası şübhəlidir".