STOKHOLMDA GÜNEY AZƏRBAYCANA DƏSTƏK AKSİYASI KEÇİRİLİB
2006-07-10 - 13:13:00

İyulun 9-da İsveçin paytaxtı Stokholmda Güney Azərbaycandakı etiraz aksiyaları zamanı həlak olanların 40-cı yas günü anılıb. Bu məqsədlə Stokholmda yaşayan azərbaycanlıların iştirakı ilə etiraz aksiyası keçirilib.

Aksiyada Güney Azərbaycanda həbs olunanların dərhal azadlığa buraxılması tələb olunub. Aksiyanın qətnaməsi İsveç ictimaiyyəti arasında Azərbaycan, ingilis və İsveç dillərində yayılıb.

Qətnamədə İranda güney azərbaycanlılarının təhqir olunduğu, öz dillərində təhsil ala bilmədikləri vurğulanır. Qətnamədə həmçinin Güney Azərbaycanda keçirilən kütləvi aksiyalara toxunulur: «Kütləvi aksiyalar, bütün Güney Azərbaycan şəhərlərində -o cümlədən, Təbriz, Urumiya, Ərdəbil, Miyana, Sulduz, Qoşaçay, Zəncanda baş tutdu. Amma həmin mitinqlər zamanı fars şovinizminin hərbi qüvvələri və polisi soydaşlarımıza qarşı vəhşicəsinə zor tətbiq etdi. Çoxsaylı soydaşlarımızın yaralandığı, onlarca insanın öldürüldüyü, on bir min fəalın isə həbs olunduğu bildirilir».

Sənəddə 150 nəfər fəalın indiyədək həbsdə saxlanıldığı qeyd olunur.

Qətnamənin sonunda deyilir: «Stokholmda yaşayan azərbaycanlılar olaraq, bugünkü etiraz aksiyamız vasitəsilə Güney Azərbaycandakı xalqımızla öz həmrəyliyimizi bəyan edir, fars şovinist rejiminin 30 milyonluq azərbaycanlılara qarşı apartheid siyasətinə etirazımızı bildirir, onu pisləyərək tutlanların ən qısa müddətdə azad olunmasını tələb edirik. Dünya ictimaiyyətınə, insan haqlarının aliliyinə inanan hər bir kəsə müraciət edərək, azərbaycanlıların Güney Azərbaycanın azadlığı uğrunda mübarizəsinə dəstək vermələrini rica edirik».

 

 

 

 

 

 

«Media forum»