BABƏKİN AD GÜNÜ URMİYADA GÖYƏ FİŞƏNGLƏR ATILIB

İran rejimi Azərbaycan türklərinə xalq qəhrəmanı Babəkin doğum günü münasibətilə Bəzz qalasına yürüş keçirməyə imkan verməsə də, iyunun 30-da Babəkin ad günü Güney Azərbaycanın əsas şəhərlərindən olan Urmiyada özünəməxsus şəkildə qeyd olunub: həmin gün Təbriz vaxtıyla saat 21-də Urmiyada göyə fişənglər atılıb.

Bundan başqa, şəhərdə azərbaycanlıları hüquqlarının təmin olunması uğrunda mübarizəyə çağıran vərəqələr də yayılıb.

 

 

---------------------------------------------------------------------------------------------------------------------------------------

 

BABƏKİN AD GÜNÜ BAKIDA DA QEYD OLUNUB

Azərbaycanın xalq qəhrəmanı Babəkin ad günü iyunun 30-da Bakıda da qeyd olunub. Güney Azərbaycan Milli-Azadlıq Hərəkatına Dəstək Komitəsinin təşəbbüsü ilə iyunun 30-da axşam saatlarında sinəsində Babəkin şəkli olan ağ köynəkli şəxslər Bakıda Şəhidlər Xiyabanını ziyarət ediblər.

Aksiya iştirakçıları son həftələrdə Güney Azərbaycanda həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, sonra Şəhidlər Xiyabanında məzarların üstünə gül qoyublar.

Daha sonra aksiya iştirakçıları dağüstü parkdan keçməklə milli parka – dənizkənarı bulvara eniblər. Milli parkda aksiyaçılar şeir və mahnılar oxuyub, gəzinti keçiriblər.

 

---------------------------------------------------------------------------------------------------------------------------------------

 

BAKIDA ŞÜBHƏLİ İRANLILAR

MTN(Milli Tehlukesizlik Nazirliyi)-in həbs etdiyi şəxslər Fransa səfirliyini lentə alırmış

 

Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları özünü şübhəli aparan iki İran vətəndaşını yaxalayıb. Məlum olub ki, 1947-ci il doğumlu Bəhruz Zülfüqar oğlu Dərgah və onun qohumu, 1981-ci il doğumlu Sabir Əsgər oğlu Məhəmmədi Fransanın Azərbaycandakı səfirliyinin binasını videolentə alırmış. İranlıların bunu nə üçün etdiyi qaranlıq qalır.

Yeri gəlmişkən, Nəsimi Rayon Polis İdarəsi 20-ci bölməsinin əməkdaşları da Q.Quliyev küçəsi, 137 ünvanında 1964-cü il təvəllüdlü İran vətəndaşı Əlirza Vəkilini yaxalayıb. Ondan nömrəsi pozulmuş «Baykal» markalı tapança götürülüb. Silahdan hər hansı cinayətdə istifadə olunub-olunmadığı araşdırılır.

 

---------------------------------------------------------------------------------------------------------------------------------------

İranda Azərbaycan dilində çıxan qəzet və jurnallar bağlanıb

İran Azərbaycanında Əhər şəhəri yaxınlığındakı Bəzz qalasına illik yürüş cəhdinin qarşısının alınmasından sonra Azərbaycan dilində dərc edilən bütün mətbuat orqanlarının fəaliyyəti qadağan edilib. Dilmanc, Araz, Nəvide-Azərbaycan, Yarpaq, Yaşmaq, Avaye-Ərdəbil və Şəmsi-Təbriz kimi jurnal və qəzetlərin bağlandığı bildirilir. Farsdilli mətbuata da Azərbaycan məsələsinə toxunmaq qadağan edilib. Xəbərlərə görə, bu, ruhani rəhbər və yüksək səlahiyyətli hökumət nümayəndəsi Ayətullah Məhdi Kəhrubinin xüsusi göstərişi ilə həyata keçirilir.

---------------------------------------------------------------------------------------------------------------------------------------

 

GÜNEY AZƏRBAYCAN TÜRKLƏRİ İKİ HƏFTƏDƏN SONRA BƏZZ QALASINA YÜRÜŞ EDƏCƏK

 

 

BAKI/03.07.06/TURAN: Rəsmi Tehran ordu və polis gücünə Güney Azərbaycan türklərinin Bəzz qalasına yürüşünə imkan verməyib. Bu xəbəri Turana Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Bakı bürosu İrandakı mənbələrə istinadən verib.
Mənbənin bildirdiyinə görə, iyunun 29-da başlayacaq yürüşdən də bir neçə gün öncə rəsmi Tehran qalaya yürüşün əsas marşrutu olan Əhər-Kəleybər yolunu nəzarətə götürüb. Xəbərə görə, cəmi 35 min nəfər əhalisi olan Kəleybər qəsəbəsi ətrafına 50 minə yaxın polis, hərbi, xüsusi təyinatlı qüvvələr yerləşdirilib, Bəzz qalası ətrafında xüsusi təyinatlı dəstələr cəmləşib, qala üzərində vertolyotlar keşik çəkərək ətrafı və ehtimal edilən hərəkətləri nəzarətdə saxlayıb, qalaya gedən cığırlar belə nəzarətə götürülüb. Kəleybər qəsəbəsində avtomobil hərəkəti qadağan edilib. Bundan əlavə Güney Azərbaycan şəhərlərindən giriş-çıxış yasaqlanıb. Hərəkatın mərkəzi olan Təbrizdə isə mayın 23-dən tətbiq edilən qeyri-rəsmi komendant saatı qüvvədə saxlandığına görə şəhərdən çıxış mümkün olmayıb.
Qaynağın məlumatına görə, yürüşə imkan verilmədiyi üçün milli hərəkatçılar Təbriz, Ərdəbil, Zəncan, Urmiyə şəhərlərində Babəkin ad günü münasibətilə havaya fişənglər ataraq atəşfəşanlıq düzəldiblər. May ayında baş vermiş hərəkat zamanı həlak olanların 40 mərasiminin Bəzz qalasında keçirilməsi nəzərdə tutulub, amma buna imkan verilmədiyi üçün bu mərasimlər ayrı-ayrı şəhərlərdə keçib və Sulduz şəhərində bu ən möhtəşəm olub.
Qaynaq son olaraq bildirib ki, bu heç də qalaya yürüşdən geri çəkilmək deyil, sadəcə milli qüvvələr yenidən toplanır və yaxın bir-iki həftə ərzində qalaya yürüş olacaq.
* Xatırladaq ki, Bəzz qalası Təbriz mahalı yaxınlığındakı Kəleybər qəsəbəsindən aralıdakı dağlarda yerləşir və sərkərdə Babək 815-837-ci illərdə bu qaladan ərəb istilasına qarşı döyüşlərə başçılıq edib. Bəzz qalasına yürüşə gəlincə isə yürüş 1999-cu ildən başlanıb. Yürüşün ideya rəhbəri görkəmli tarixçi mərhum Məhəmməd Təqi Zehtabi olub. Həmin vaxtdan Güney Azərbaycan türkləri Babəkin ad gününü qeyd etmək adı altında bu qalaya yürüş edir. Bu il isə rəsmi Tehran zor gücünə bu yürüşə imkan verməyib.

---------------------------------------------------------------------------------------------------------------------------------------

"İranda jurnalist qoyun kimidir"

 

Azərbaycanlıların təhqir etdiyinə görə qapadılan "İran" qəzetinin redaktoru "bu yaxınlarda işimizi bərpa edəcəyik" deyir

İranın ən çoxtiraжlı qəzetlərindən biri olan "İran" ötən ay azərbaycanlıların mənlik və şərəfini təhqir etmişdi. Qəzetin cümə əlavəsində 4 karikatura və bir səhifəlik yazı dərc olunmuş, şəkillərlə yazılarda soydaşlarımız "ayaqyolunda yaşayıb nəcis yeyən tarakanlar" adlandırılmışdı.
Bunca ağır aşağılanmaya dözməyən yüz minlərlə soydaşımız İranda küçələrə çıxaraq kütləvi etiraz aksiyaları keçirmiş, polis və hərbçilərlə toqquşmalarda onlarla azərbaycanlı həlak olmuş, yüzlərlə soydaşımız yaranlanmışdı. Həbs olunanların sayı isə minlərlədir.
Bütün bu olayların rəsmi baiskarı sayılan "İran" qəzetinin baş redaktoru Musaye Nəini isə "bizim bir suçumuz yox" deyir.
İran rəhbərliyi "İran" qəzetini mayın 23-də bağladığını, baş redaktorla bədnam karikaturaları çəkən rəssamın həbs olunduğunu demişdi.
Fəqət, Nəini azadlıqdadır və vəzifə səlahiyyətlərini də uğurla yerinə yetirir.
Bu azmış kimi, baş redaktor əmindir ki, Tehran İnqilab Məhkəməsi qəzetə qoyulmuş həbsi ləğv edəcək.
Gündəlik ümumi tiraжı 250 min nüsxə, aylıq gəliri 1,5 milyon dollar, işçilərinin sayı 2300 nəfər, жurnalistlərinin maaşları isə 400-2000 dollar arasında olan "İran"ın baş redaktoru deyir ki, İranda heç bir senzura yoxdur və hazırda qəzet məlum olaylardan dolayı yalnız fars dilində çıxmır.
"Hər şey yaxşı olacaq. Məhkəmədə sübut etdik ki, karikaturaların müəllifi azərbaycanlıları - biz onlara "türk" deyirik - təhqir etməyə çalışmayıb. Karikaturaları çəkən rəssam türkdür və bizdə xeyli türk işləyir. O rəssam indi həbsdə olsa da, azadlığa çıxacaq - onun üçün yaxşı vəkil tutmuşuq", - Nəini bildirib.
Onun sözlərinə görə, İran parlamentinin 80 deputatı artıq qəzetin fars dilindəki əsas versiyasının çapının bərpasını istəyir, yerdə qalan 190 millət vəkili də buna etiraz etmir.
"14 ildir ki, çalışırıq. Jurnalist işi belədir, təhlükədilir. Müqayisə üçün bağışlayın, amma İranda jurnalist qoyun kimidir. Onu toyda da kəsirlər, yasda da. Karikaturalarla bağlı iğtişaşlara gəldidə isə, əminəm ki, o olayları İranın düşmənləri, xaricdəki qüvvələr təşkil etmişdilər", - "İran"ın baş redaktoru bildirib.

 

---------------------------------------------------------------------------------------------------------------------------------------

Bəzzə yürüş alınmadı

  Qalaya aparan yolda 10-15 adamın bir yerə toplaşmasına belə imkan verilməyib

İranda azərbaycanlıların kompakt yaşadıqları şəhərlərin çıxışlarında insanların Bəzz (Babək) qalasına yürüş etmələrinin qarşısını almaq üçün hərbi postlar qurulub. Qalanın yerləşdiyi Kəleybər şəhərinin 150 km-də artıq üç gündür ki, qeyri-rəsmi fövqəladə vəziyyət elan olunub". Bunu İrandan yürüş iştirakçısı Əli Qoşaçaylı deyib.
  Əli Qoşaçaylı srağagün səhər saatlarından Tehran-Təbriz-Əhər və Ərdəbil-Kəleybər avtomobil yolunun hərbi birləşmələr, həmçinin xüsusi xidmət orqanları tərəfindən nəzarətdə saxlandığını deyib. Onun sözlərinə görə, postlarda insanlar yoxlanılır, getdikləri məkan dəqiqləşdirilir, həmin yerin adı göstərilməklə möhürlü icazə vərəqəsi verilir. "İcazə vərəqəsində göstərilməyən istiqamətə getməyə yasaq qoyulur".

  Ə.Qoşaçaylı bir neçə gün öncədən İran xüsusi xidmət orqanlarının qalaya yürüşün qarşısını almaq üçün profilaktik tədbirlər gördüyünü də deyib. Onun sözlərinə görə, dünən də qalaya yürüşün baş tutmasına imkan verilməyib, 10-15 adamın bir yerə toplaşmasına belə mane olunub.
Qoşaçaylı xüsusi xidmət orqanlarının şübhələndikləri azərbaycanlıların telefonlarının xüsusi mobil rabitə vasitələrinə qoşularaq dinlənildiyini, ölkədən kənara vəziyyətlə bağlı məlumat verənlərin və koordinasiya işi aparanların dərhal polisə aparıldığını da bildirib.

  Yürüşün digər iştirakçısı Abbas Nəimi isə bildirib ki, axşam saatlarında İranın azərbaycanlılar yaşayan şəhərlərində vəziyyət daha da gərginləşib. O, azərbaycanlılar yaşayan bütün şəhər və qəsəbələrdə əhaliyə təzyiq göstərildiyini söyləyib. A.Нəimi bildirib ki, Təbriz, Urmiya, Ərdəbil, Zəncan, Əhər və digər şəhərlərdən qalaya istiqamətlənən yürüş iştirakçılarının qarşısı kəsilərək tutulub. Onların sayı bəlli olmasa da, dünən təkcə Xoy şəhərində 30 nəfərdən artıq şübhəli bilinən azərbaycanlı polis bölməsinə çağırılıb. Şəhərin çıxışında "Eloğlu" üçyolunda silahlı polis nəfərlərindən ibarət post qurulub. Qalaya getmələrinə imkan verilməyən hərəkat iştirakçıları qırmızı köynəklərdə şəhərin mərkəzində aksiya keçirməyə başlayıblar. Mərənd, Marağa, Sulduz, Xiyav, Maku, Salmas, Miyana, Bunab, Xalxal, Ənzəli, Astara, Heydar və Əbhər şəhərlərində də vəziyyət gərgindir.

---------------------------------------------------------------------------------------------------------------------------------------

VHP İRAN REJİMİNİN BƏZZ QALASINA YÜRÜŞÜN QARŞISINI ALMASI İLƏ BAĞLI BEYNƏLXALQ TƏŞKİLATLARA MÜRACİƏT EDİB

 

Vətəndaş Həmrəyliyi Partyiasının Bakı, Sumqayıt, Abşeron və işğal edilmiş rayonlardan olan yerli təşkilatlarının Məşvərət Məclisinin növbəti toplantısında Güney Azərbaycanla bağlı bəyanat qəbul edilib.

VHP mətbuat xidmətindən «Media forum»a verilən məlumata görə, VHP xalq qəhrəmanı Babəkin doğum günü ərəfəsində Bəzz qalasına ənənəvi yürüşün qarşısının fars rejimi tərəfindən vəhşicəsinə alınmasını pisləyir və bunu İranda yaşayan 30 milyonluq Azərbaycan türkünün hüquqlarının kobud sürətdə pozulması kimi qiymətləndirir.

VHP baş verənləri təkcə İranda yaşayan türklərə qarşı deyil, bütövlükdə dünya azərbaycanlılarına qarşı təhqir kimi dəyərləndirir.

Toplantı iştirakçıları fars rejiminin apardığı «klassik fars şovnizmi» siyasətinə qarşı bəyanat qəbul ediblər və İrandakı molla rejiminin azərbaycanlıların hüquqlarını kobud sürətdə pozması ilə bağlı bütün beynəlxalq təşkilatlara müraciət ünvanlayıblar.

---------------------------------------------------------------------------------------------------------------------------------------

"İRAN" ADLANAN CƏNUBİ AZƏRBAYCANDA YENƏ NƏLƏR BAŞ VERİR?

Cənub qonşumuz başqa xarici maraqlar içində dolaşan Azərbaycanı həmişə ən yaxın məsafədən vurmağa cəhdlər göstərib

 

Proloq

Son günlər mənə Cənubi Azərbaycandan xeyli məktublar gəlir. Əslində bu məktub müəllifləri...öz milli kimlik davalarında "niyə bizimlə deyilsiniz" sualı əvəzinə "bizə edilən vəhşilikdən xəbərdarsınızmı? Xəbərdarsınızsa, niyə susursunuz?" deyə sadəcə, bizdən qan doğmalığı umurlar. Bu umulmaq indi mənə utanc gətirsə də, dərk edirəm ki, bu və ya digər atılan müdafiə addımı bir başqa sualtı oyunların əvvəldən hesablanmış nəticəsinə də xidmət etmiş olar.
Əvvəldən düşünülmüş reaksiyanı göstərərək onların strateji məqsədlərinə xidmət etmiş olarıq.
...Amma bütün bunları dərk etsək də, biz axı susa bilmərik!

CƏNUBDAKI SOYDAŞLARIMA...

Normal inkişaf etmiş ölkələrdə...dövlətlər bu və ya digər məsələyə baxışı 3 istiqamətdə reallaşdırır.
1-ci baxış: Dövlət rakursu (rəsmi münasibət).
2-ci baxış: Elmi baxış (tarix, etnoqrafik, qanun, ədəbiyyat).
3-cü baxış: İctimai baxış (xalq, sərbəst çoxluq düşüncəsi).
Gəlin təsdiq edək ki, bizdə Dövlət baxışı o biri baxışları gündəmdən çıxarıb öz mövqe və xəttini diktə edir ki, bu da tapşırığa, mütləq yerinə yetiriləcək bir işə çevrilir. Yaxud da bunu elə tapşırıq kimi başa düşürlər. Beləliklə, tarixin səhvlərindən azad düşüncənin gəldiyi qərarlar, cəhdlər, tələbat çox dərin, əlçatmaz olur. Halbuki, dövlətin, yəni rəsmilərin dünyaya nümayiş etdiriləcək mövqeyinin xalqın tarixi, istəyi ilə üst-üstə düşməsi o qədər də vacib deyil.
Əsas odur ki, arxa planda bu işlərin getməsi norma olsun. Sabah tarixin və millətin tələb və istəyi beynəlxalq təzyiqlər üçün qalxan rolunu oynayacaq. İnkar edilməsi, qəbul edilməsi mümkün olmayan istəklər, iradələr dünyanın güclü dövlətlərini diktədən imtinaya, ən azı sövdələşməyə gətirib çıxara bilər. Çünki bu istək və iradənin arxasında XALQIN tarixi, etnik düşüncəsi, etnoqrafiyası durur. Bunu dağıtmağa kimsə cəsarət etməyəcək. Öz rəsmi mövqeyi ilə ölkə rəsmiləri də baş verənlərə ictimaiyyətin öz münasibət və qiymətini bildirməyə ən azı "icazə" verəcəklər...
Ruzigar, tarixin yarımçıq saxlanılmış səhifələrini təkrar yenə qarşımızda açdı. Ən azı son iki əsrdə fars-sayağı dostluq və qardaşlıq şüarını əlində saxlayaraq "balta sapı" obrazında bizi mat qoyan İRAN, bizim düyünlü durumumuzda da öz dəsti-xəttinə sadiq qaldı. Belə ki, Azərbaycana olan iddialarını indi də bir başqa formada təzahür etdirməkdən çəkinməyən İRAN (qeyd edək ki, İran bu al-qırmızı sifətli istəklərini faş etməkdən və böyük kürsülərdən, özü də qəfildən səsləndirməkdən heç də çəkinmir) bu dəfə də xələflərinə xilaf çıxmadı. İlk baxışda onlar da eynilə ermənilər kimi gülməli iddialarla çıxış etdilər. Özlərini ali irq kimi, yaxud öz milli kimliklərində yetərincə problemlərini dərk etdiklərindən, onu ört-basdır etməkçün nədənsə bizə, azəri türklərinə təhqir və həqarətlə baxırlar.
Onlar, yəni FARSlar torpaqlarımızın böyük hissəsini mənimsədikdən sonra bir başqa iddialara da həvəsləndilər.
Belə ki, 410 kv.km ərazisi olan bütöv Azərbaycan 1828-ci ildə İran və Rusiya arasında bağlanmış TÜRKMƏNÇAY müqaviləsindən sonra cənubdan 280 min kv.km, şimaldan isə 130 min kv.km ərazisi işğal edildi. "Cənubi Azərbaycan" dediyimiz vətənimiz İRAN adlanır. İslam dövləti deyilən İRANDA bu gün 30 milyon Azəri türkü də yaşayır. Hətta müasir dövrdə belə İRANDA, hakimiyyətin nəzarət etdiyi coğrafiyada Bütöv Azərbaycan zamanında olduğu kimi, öz özəl TÜRK adını daşıyan mahal və regionlar bu gün də var. Baxmayaraq ki, farslar cənubu da, şimalı da farsların tarixi vətəni güman edirlər. Eynilə xəstə erməni arzularına bənzəyir, deyilmi?
İndiyə qədər farsların istər 1918-1919, istər 1920-1922, istərsə 1941-1946, istərsə də 1990-2000-ci illərdə yetərincə aydın görünən əməl və tələbləri çox adi qəbul edilən, fars bicliyi ilə bayağı sözlər arxasında böyük iddialar anlaşıqlı idi. İRAN tərəfindən Azərbaycanın hava sərhədləri, su sərhədlərinin kobudcasına pozulma faktı, onların izahatlarında olduğu kimi, "elə-belə" deyildi. Bu, görünən aysberqin görünməyən iddialarının təzahürü idi. Hər dəfə ikibaşlı açıqlama və qardaşlıq təklifi ilə məsələlərin qabardılmasına nail olsalar da, "düşmən ocaq başında" deyərək, köksümüzü ötürməkdə, deyəsən, axı səhv etməmişik...
Yaxın tarixdə hələ, 1919-cu ildə...Birinci Dünya müharibəsini yekunlaşdığı bir vaxtda, ADR adlı bir müstəqil məmləkət mövcud olduğu halda, İran Azərbaycan ərazilərinə olan iddialarını bildirməkdən belə çəkinmədi. Bəlli tarixdə erməni quldurların aramsız hücumları qarşısında qalan Azərbaycanın taleyi böyük təhlükə qarşısında olan bir vaxtda, Versal Sülh Konfransında rəsmi Bakıdan alınan məlumat və sənədlər əsasında, erməni silahlı dəstələrinin Azərbaycan ərazisində ilk növbədə Zəngəzur, Naxçıvan, Qarabağda törətdiyi vəhşiliklər, qətl və qırğınları, həmçinin onlara qarşı edilən üsyanları konfrans iştirakçılarına, dünya xalqlarına çatdırmaq mütləqiliyində, təbii ki, həm də çətinliyində olanda İranın Versal Sülh Konfransı vasitəsiylə Şimali Azərbaycanın Naxçıvan, Zəngəzur ərazilərinə bir daha yiyələnmək cəhdini hələ unutmamışıq. M.Ə.Topçubaşovun yazdığı 1919-cu il 8-9 iyul tarixli məlumatında İran tərəfinin konfransa təqdim etdiyi memorandumda İran Şimali Azərbaycana iddia etdiyi halda, bunun tarixi sübutunun əsassız olduğunu, farsların tarixi birlik dəlilinin gülünc olduğunu sübut edir.
O vaxt da, elə indi də maraqlı məqam odur ki, İRAN ermənilərə həmişə dəstək olmuşdur. Azərbaycanın cənub ərazisi ilə kifayətlənməyən farslar, unutdular ki, ermənilərin "Böyük Ermənistan" arzularının içində, indiki İran - əslində isə Cənubi Azərbaycan əraziləri də var. Erməni lobbisi, ABŞ senatoru Lodc tərəfindən 1918-ci il dekabrın 10-da senata təqdim olunmuş "Böyük Ermənistan" layihəsində məhz Cənubi Azərbaycanın da şimal-qərb torpaqları (Ərdəbil, Xoy, Urmiya, Təbriz və s...) da vacib ərazi kimi göstərilmişdi.
İRAN başqa xarici maraqlar içində dolaşan Azərbaycanı ən yaxın məsafədən bir də vurmağa cəhd etdi. İran hökuməti ADR-ə qarşı ərazi iddiasında qalaraq Naxçıvan bölgəsini ya özü əldə etməyə, pis halda ermənilərin əlinə keçməsində xeyli işlər gördü.
M.Mirbabayev ADR XİN-ə göndərdiyi 20 dekabr 1919-cu il tarixli məktubunda qeyd edir ki, rəsmi Tehran ingilis və ermənilərin təhriki və təzyiqi ilə Naxçıvan və onun ətrafında 60 mindən çox əhalini İrana köçürərək, bölgəni zəiflədərək, daşnakların bəlli planlarının reallaşması üçün müvafiq şərait yaratmağa müvəffəq olmuşlar.
Daha sonra 1941-ci ildə yenə də Rus İmperiyasının işğalçılıq məqsədini danılmaz şəkildə özündə daşıyan Sovetlər Qərblə anlaşaraq Azərbaycanın Şimal və Cənubunun birləşməsini bir addımlığında dayandırdı.

Bu dünən idi...

Zaman-zaman daxilindəki əsəbi natamamlığını ört-basdır etməkçün, hətta din düşmənləriylə qardaş sazişini bağlamağa razı olan İRAN (İran İslam dini ölkə olmağı ilə fəxr edir?!) bu taydakı ərazilərə belə sahib çıxmaq istəyindən əl çəkmir. Nə qədər qüsurlu olsa da, biz din qardaşı və çəpər qonşumuza düşmən kimi baxa bilmirik. Ağlımızdan, ya da maarifli olmağımızdan bizə onlardan fərqli olaraq bəllidir ki, əslində kənarda dişlərini qıcıyıb bizi diqqət mərkəzində saxlayan böyük düşmənlər də bunu gözləyir. Bir-birimizi taqətdən salandan sonra bütövlükdə ərazilərə yiyələnmək nəticəsini. Elə buna görə də "karlik" oyunçular nə qədər ürək bulandırsa da, dözmək zorundayıq. Bunu qətiyyətsizlik kimi də qiymətəndirmək olar, qorxaqlıq kimi də, torpaqlarını mənimsəyən tərəflə savaş apara bilməmək kimi də. Amma qoy nə İRAN, nə Ermənistan, nə də böyük düşmənlərimiz 8 milyonluq, ya da 30 milyonluq xalqın deyil, 50 milyonluq xalqın ruhunu, qürurunu sındırmağa cəsarət etməsinlər. Bunun sonu olacaq, özü də pis olacaq.
İranda İRAN adlı bir dərgidə azəri türkləri bir daha, yenə də təhqir edildi. Dövlət qəzeti olan "İran"da çap edilmiş təhqiredici karikaturalar Təbriz, Zəncan, Urmiyada etiraz dalğası oyatdı... Bu günə qədər etiraz etməli sayğısızlıq və həqarət çox idi. Lakin dalğaya çevrilməsi üçün məharətlə düşünülmüş addım da atıldı. Qeyd edək ki, ən azı yaxın tarixdə Fransada Məhəmməd (ə) peyğəmbərin çap edilmiş karikaturaları farslar üçün nəticəsi bəlli, effektli nümunə idi.
Bu karikaturada isə azərbaycanlılar tarakan kimi təsvir edilmiş... və onları məhv etməyin yolları da təqdim edilmişdi. İlk dəfə, özü də sadəcə etiraz Təbriz Universitetinin tələbələri tərəfindən təşkil edildi. Daha sonra bu etiraz dalğası bütün şəhəri bürüdü. Azərbaycanlılar, on minlərlə insan küçələrə çıxaraq "Yaşasın Azərbaycan!", "Faşizmə ölüm!" deyərək İranda yaşayan azərbaycanlıların şərəf, ləyaqətinə hörmət və ehtiramla yanaşma tələbində israrlı olduqlarını bəyan etdilər. Beləliklə, etiraz aksiyaları şəhərlərə, kəndlərə alov kimi yayılaraq, daha söndürülməsi mümkün olmayan yanğına çevrildi. Guya ki, bu ehtiyatsız və sayğısız münasibəti ilk dəfə görürmüş kimi, 30 milyonluq azəri türkləri etiraz aksiyalarına başladılar. Və artıq "Babək həlak olsa da, Təbriz hələ sağdır", "Azərbaycan xalqı bu həqarətə dözməyəcək!", "Türklərin dili fars dili olmayacaq" kimi şüarlarla iştirakçılar tam ramedilməz bir hala gəldi. Polis onların qarşısını ala bilmədi. Bizə yetərincə aydın olan İRAN təxribatı yenə işə düşdü. Aksiya iştirakçılarını daha da qızışdırmaq üçün bir neçə maşın yandırıldı.
Elə həmin gün də mətbuata, guya, "mitinqçilər Şərqi Azərbaycan vilayətinin hökumət binasını ələ keçirməyə cəhd ediblər" kimi məlumat ötürüldü. Azərbaycanı İranla bölüşən rusların ən böyük sərkərdəsinin ifadəsiylə desək "fars bicliyi" özünü burada da təsdiq etdi. Belə ki, bu binada 1946-cı ildə ADR parlamenti yerləşirdi. Beləliklə, aksiya keçirilən ən böyük meydan olan "SAAT meydanına" ordu yeridildi. Ordu da əvvəlcə gözyaşardıcı qaz, daha sonra adamlara atəş açdılar. Bu addımı atan İRAN hakimiyyətinin azərbaycanlılara olan sayğısızlığına etiraz kimi Təbriz, Xoy, Marağa, Zəncan və digər şəhərlərdə etiraz dalğalarının daha da geniş vüsət almasını da nəzərə almamış deyildi. 200 minə yaxın azərbaycanlının iştirak etdiyi bu aksiyaların rəsmilər tərəfindən dəfələrlə təxribatla qidalandırılmaq cəhdinə rəğmən azərbaycanlılar hökumətdən baş verənlərə aydınlıq gətirilməsini tələb edirdilər. İRAN hakimiyyəti çox gec olsa da, "İran" qəzetinin bağlandığını bəyan etdi. Prinsip etibarilə bunun növbəti bəhanə, mərhələ olması sirr deyil. Belə ki, indi bağlanmış qəzetin nəşrinin bərpası haqqında söhbətlər əslində daha növbəti vəsilələrin hazırlığından xəbər verir.
30 milyon azərbaycanlının öz tarixi torpağında, ancaq İRAN rejimində zaman-zaman necə yaşaması hər halda bizə - 8 milyon azərbaycanlıya bəllidir. Düzdür, indi PƏHLƏVİ sülaləsi hakimiyyətindən fərqli olaraq öz ana dili - azəri türkcəsində danışmağa qoyulmuş yasaq götürülüb. Amma rəsmi Tehran azərbaycanlıları "türkləşdirilmiş farslar" sayır, ancaq bu halda onlara "rəhm edir", həmişə, İranda ancaq "vahid İran milləti" olduğunu hər yerdə bəyan edir. Azərbaycanlılara bu cür münasibət göstərən İran Azərbaycana da daha çox, tez-tez "ehtiyatsız, əhəmiyyət vermədən münasibət" göstərməkdə davam edir. Gah 1828-ci ildəki Rus-İran sövdələşməsindən sonrakı TÜRKMƏNÇAY müqaviləsini, yəni Azərbaycanın cənubunu mənimsədiyini danır, gah Xəzərə olan iddiasını müxtəlif cür bildirməkdən özünü çəkindirə bilmir, gah Azərbaycanın şimalını Tehranın nəzərindən kənarda qaldığını bildirir...
Dəfələrlə İran İslam Respublikasının Bakıdakı səfirliyi (diqqət yetirin - Azərbaycandakı deyil, Bakıdakı!) ağına-bozuna baxmadan "...Yuxunuzda belə görə bilməyəcəyiniz Böyük Azərbaycan", "Cənubdan danışmaqdansa gedin Qarabağınızı alın!", "Bakı deyil, Badi-Kubə (fars tarixçilərinin verdiyi addır) farsların vətənidir", İranın inzibati-ərazi xəritəsində Xəzəri Mazandaran, Azərbaycanı Qafqaz Azərbaycanı kimi və s... guya, sözarası sıçrayışlar edir. Bu uydurulmuş ifadələrin mənasını soruşanda isə bunların qeyri-rəsmi, özü də əhəmiyyətsiz söz birləşməsi olduğunu bəyan edirlər. Bizə axı bəllidir ki, bu, İran İslam Respublikasının sırf mövqeyidir və zaman-zaman qəsdən atılmış bu siyasi addımların yetərincə cavab verilməməsi əminliyindən atılır.
İran İslam Respublikası - müsəlman ölkəsi Ermənistanı bütövlükdə ən çox ehtiyacı olan ərzaq və başqa mallarla təmin edir (Nəzərinizə çatdıraq ki, bu, İran İslam Respublikasının özünün çoxəsrlik tarixindən miras götürdüyü mövqedir). Bir zamanlar Ter-Petrosyan deyirdi: "Əgər bircə gün İranla Ermənistan arasındakı ticarət müqaviləsi pozulsa, Ermənistan diz çökər". İRANIN bu nəcib addımını və təbii ki, köməyini Azərbaycan heç bir zaman unuda bilməz. Uzun illər Ermənistanı dəstəkləməsi, dönə-dönə Xəzərə iddialarını utanmadan bildirməsi, ən azı Azərbaycanın müstəqilliyinə etinasızlığı, kobud desək, saymamasıdır.

EPİLOQ


Son olaraq onu deyək ki, biz İrandan fərqli olaraq, İRANIN daxili məsələlərinə qarışmırıq, amma soydaşlarımızın döyülməsi, qətlə yetirilməsi İRANIN deyil, artıq bizim işimiz olduğunu onlara bildirmək;
Dilimizə sayğısız münasibət göstərib, az qala 3 növ millətin dili kimi rəftar etmək;
Səfəvilər dövrünə aid olan xəritələrdəki Böyük Azərbaycanı Dünyanın yaddaşından qoparıb atmaq istəyinə;
Hər hansı bir tərəfə, hər hansı fikrini bildirməkçün məhz azərbaycanlılardan istifadəsinə ETİRAZ ETMƏK... və cavab vermək vaxtıdır!
Bəlkə biz nəhayət ki, bunu onlara bəyan edək, azərbaycanlılar?

                                                                                                                           Mehriban ƏLƏKBƏRZADƏ

 

---------------------------------------------------------------------------------------------------------------------------------------

Soydaşlarımızın Bəzz qalasına yürüşünə yenə imkan verilməyib

 

"İranda azərbaycanlıların kompakt yaşadıqları şəhərlərin çıxışlarında insanların Bəzz (Babək) qalasına yürüş etmələrinin qarşısını almaq üçün hərbi postlar qurulub. Qalanın yerləşdiyi Kəleybər şəhərinin 150 kilometrliyində artıq üç gündür ki, qeyri-rəsmi fövqəladə vəziyyət elan olunub". Bunu APA-ya İrandan yürüş iştirakçısı Əli Qoşaçaylı deyib. Ə.Qoşaçaylı srağagün səhər saatlarından Tehran-Təbriz-Əhər və Ərdəbil-Kəleybər avtomobil yolunun hərbi birləşmələr, həmçinin xüsusi xidmət orqanları tərəfindən nəzarətdə saxlandığını deyib: "Postlarda insanlar yoxlanılır, getdikləri məkan dəqiqləşdirilir, həmin yerin adı göstərilməklə möhürlü icazə vərəqəsi verilir. İcazə vərəqəsində göstərilməyən istiqamətə getməyə yasaq qoyulur". Ə.Qoşaçaylı bir neçə gün öncədən İran xüsusi xidmət orqanlarının qalaya yürüşün qarşısını almaq üçün profilaktik tədbirlər gördüyünü də deyib. Onun sözlərinə görə, dünən də qalaya yürüşün baş tutmasına imkan verilməyib, 10-15 adamın bir yerə toplaşmasına belə mane olunub. Ə.Qoşaçaylı xüsusi xidmət orqanlarının şübhələndikləri azərbaycanlıların telefonlarının xüsusi mobil rabitə vasitələrinə qoşularaq dinlənildiyini, ölkədən kənara vəziyyətlə bağlı məlumat verənlərin və koordinasiya işi aparanların dərhal polisə aparıldığını bildirib.

---------------------------------------------------------------------------------------------------------------------------------------