Rejim Mirzə Sakiti şərləyir


"Azadlıq"ın əməkdaşı Mirzə Sakit dünən gecə həbs olundu

 

Dünən axşam saat 10:00 radələrində redaksiyadan çıxan Mirzə Sakiti bir neçə saatdır ki, güdən naməlum şəxslər həbs edərək Narkobiznesə Qarşı Mübarizə İdarəsinə aparıblar. Orada əməkdaşımızın cibindən guya 10 qram narkotik maddə çıxararaq ona qarşı cinayət işi qaldırıblar. Gecə saat 12:30-da Mirzə Sakiti Nərimanov rayon Polis İdarəsinin İstintaq Təcridxanasına aparıblar. Bu gün onun həbsinin məhkəmə qaydasında sanksiyalaşdırılması gözlənilir. Bu hadisə bir daha onu sübut edir ki, Elmar Hüseynovun öldürülməsindən indiyə qədər jurnalistlərə qarşı törədilmiş bütün vəhşiliklərin arxasında birbaşa mövcud hakimiyyət dayanır. Onlar öldürmək, mənəvi və fiziki terrora məruz qoymaq əməliyyatlarının bundan sonra da təkrar edilməsinin daha ağ olacağını bilərək, Mirzə Sakiti şərləmək yolu ilə zərərsizləşdirmək xəttini tutublar.
"Azadlıq" qəzeti bütün yerli və beynəlxalq təşkilatlara müraciət edərək bu rəsmi həyasızlığın layiqli qiymətinin verilməsi üçün əlindən gələni əsirgəməyəcək. Biz bütün həmkarlarımıza ictimai-siyasi təşkilatlara, eləcə də beynəlxalq təşkilatlara üzümüzü tutub, bəyan edirik: uzun illər ərzində Hacı Məmmədovun bandası və buna bənzər cinayətkar qruplaşmalar vasitəsilə vətəndaşlara qarşı öz cinayətkar niyyətlərini həyata keçirən hakimiyyət dairələri indi ölkə vətəndaşlarına qarşı şər və böhtan atmaq yolu ilə əsl mənəvi terrora başlayıblar və bu hadisə mütləq öz qiymətini almalıdır. Bu gün saat 14:00-da ?zadlıq?qəzetinin redaksiyasında bu məsələ ilə bağlı qəzet redaktorlarının və bütün ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə geniş müzakirə təşkil olunacaq.

---------------------------------------------------------------------------------------------------------------------------------------

BU GÜN TÜRKLÜK BAYRAMIDIR

 

Əbülfəz Elçibəyin doğum günü yürüşlə qeyd olunacaq

 


 

Tədbiri giriş sözü ilə açan KAXCP sədri Mirmahmud Mirəlioğlu bildirdi ki, Türklük bayramı ərəfəsində keçirilən tədbir Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyi anım mərasimi olmaqla yanaşı, həm də Elçibəy ideyalarına daha bir baxış  toplantısıdır. Elçibəyin çağdaş Azərbaycan siyasətinə bir çox siyasi layihələr gətirdiyini deyən M.MirəlioğluBütöv Azərbaycanideyasının bunun ən möhtəşəmi olduğunu vurğuladı.

 

Professor Almaz Əliqızı söylədi ki,

 

 XX əsrin I yarısında Rəsulzadə türk müsəlman aləmində ilk demokratik respublika qurmuşdusa, XX əsrin sonlarında Elçibəy Bütöv Azərbaycan ideyasını siyasi gündəmə gətirib: «Çoxları bu ideyanı utopiya adlandırırdı. Ancaq zaman göstərdi ki, Elçibəy prosesləri əvvəlcədən görə bilir. Güneydə baş verən proseslər Elçibəyin ideoloq və millətinin böyük oğlu olduğunu bir daha isbatladı».

 

Ədalət Partiyasının sədri İlyas İsmayılov Elçibəyi 1957-ci ildən tanıdığını dedi: «Biz universitetə eyni ildə qəbul olunmuşduq. Sonralar sosial vəziyyət bizi dəyişsə də, münasibətlərimiz əvvəlki kimi qalırdı. Bu fakt Əbülfəz bəyin böyüklüyü ilə bağlı idi».

 

AMİP lideri Etibar Məmmədov bildirdi ki, Bütöv Azərbaycan ideyası Elçibəyin həyatının böyük mənası idi: «Əbülfəz bəy bu ideyanı heç kimin inanmadığı bir zamanda irəli sürüb. Bizim birləşmək üçün bir neçə tarixi imkanımız olub. Ancaq bu imkanlar düzgün qiymətləndirilməyib və biz itirmişik. Biz Güneyə dəstəyi lazımi şəkilə gətirəndə, azad dünya bu məsələyə dəstək verəndə Elçibəyin ruhu şad olacaq».

 

MDP sədri İsgəndər Həmidov da qeyd etdi ki, Elçibəyi dərk etmək üçün onun bacarığının, qabiliyyətinin, düşüncələrinin 20 faizini bilmək lazımdır: «Elə insanlar var ki, ondan tarix yaradırlar. Ancaq Elçibəy tarix yaratdı və yazdı».

 

Əslən Güney Azərbaycandan olan Nəbi Soytürkün fikrincə, Elçibəy quzeydən günəş kimi parladı və zehinlərə nur saçması sayəsində Güney Azərbaycanda vəziyyət dəyişdi: «Güneydə baş verən proseslərin səbəblərindən biri də budur. Elçibəyin göstərdiyi yol sayəsində Güney Azərbaycan çağdaşlığa uyğun şəkildə öz siyasi xəttini müəyyən etdi».

 

Şair Rüstəm Behrudinin dediyinə görə, Elçibəylə yalnız Mahatma Qandini müqayisə etmək mümkündür.

 

AXCP Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli maraqlı məqama toxundu: «Hərəkat başlayarkən hamımız bir-birimizə bəy deyə müraciət edirdik. Ancaq bəy sözündən öncə müraciət etdiyimiz şəxsin adını çəkirdik. Ad çəkmədən «Bəy» deyə çağırdığımız yalnız Əbülfəz Elçibəy idi».

 

Qeyd edək ki, bu gün saat 12.00-da Əbülfəz Elçibəyin tərəfdarları, dostları, rəhbərlik etdiyi təşkilatların üzvləri və bütövlükdə müxalifət düşərgəsi eks-prezidentin məzarını ziyarət edəcək. Saat 15.00-da isə Xətai adına Mədəniyyət Sarayında Türklük bayramı münasibətilə konsert keçiriləcək. Tədbirdə müğənnilər, mədəniyyət adamları iştirak edəcəklər. Bu gün həmçinin Türklük bayramı münasibətilə «ELÇİBƏY-68» xüsusi buraxılış cəmiyyətə təqdim olunacaq.

 

Nemət HÜSEYNLİ

 

------------------------------------------------------------------------------------------------------------------------------------

"ƏBÜLFƏZ BƏYDƏN SONRA MILLI-DEMOKRATIK DÜŞƏRGƏ BÖYÜKSÜZ QALDI"

 


Əli Kərimli: "Xalıqını təmənnasız, dəlicəsinə sevmiş bu insan Azərbaycanda layiq olduğu qiyməti almır"

"Yaşasaydı, Azərbaycan cəmiyyətinə Güneydə baş verənlərə bugünki qədər biganə yanaşmağa imkan verməzdi"

Sabah Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, Azərbaycanın demokratik yolla seçilmiş ilk və hələ ki, son prezidenti, Azərbaycan Xalq Cəbhəsi Partiyasının mərhum sədri Əbülfəz Elçibəyin 68-ci doğum günüdür. Artıq 6 ildir dünyasını dəyişmiş Əbülfəz bəylə bağlı düşüncələrini öyrənmək üçün onun yaxın silahdaşlarından olmuş AXCP sədri Əli Kərimli ilə söhbət etdik.

- Əbülfəz bəylə həm Hərəkatda, həm ondan sonrakı proseslərdə çiyin-çiyinə olmusunuz. Onun yoxluğu bir siyasətçi kimi sizin həyatınızda və partiyanın fəaliyyətində hansı boşluqları yaradıb?
- Allah Əbülfəz bəyə rəhmət eləsin. Əbülfəz bəy həqiqətən böyük şəxsiyyət idi. Mən bütün siyasi fəaliyyətim boyu Əbülfəz bəylə bərabər olmuşam. Uzun müddət onun müavini kimi çalışmışam. O rəhmətə gedəndə də, bildirmişdim ki, bunun ən ağır zərbəsi Azərbaycan Xalq Cəbhəsi Partiyasına dəyir. Doğurdan da, Əbülfəz bəy rəhmətə gedəndən sonra Xalq Cəbhəsini sarsıtmaq üçün ciddi səylər göstərildi. Hətta, bir müddət Əbülfəz bəyin adından istifadə etmək cəhdləri də oldu. Amma sonda Əbülfəz bəyin müdrikliyi qalib gəldi. Dillər əzbəri olan bir kəlamını xatırlatmaq istəyirəm "Hər şeyin zamana ehtiyacı var". Görünür, Əbülfəz bəyin itkisindən sonra baş verənlərin də, zamana ehtiyacı var imiş. Zaman hər şeyi yerbəyer etdi ki, kimlər həmin mərhələdə Əbülfəz bəyin adından istifadə edirdilər, kimlər onun yanında olduqların bəyan etdikləri halda, əslində, başqa maraqlarını təmin etmək barədə düşünürdülər. Ötən illər ərzində Xalq Cəbhəsi üçün kifayət qədər çətin dövr yaşandı. Amma sonda bütün bulanlıq sular duruldu və həqiqətlər meydana çıxdı. Bu gün də, Xalq Cəbhəsi yeganə təşkilatdır ki, Əbülfəz Elçibəyin irəli sürdüyü ideyaların gerçəkləşməsi uğrunda yekdil mübarizə aparır, onun adını yaşadır, mübarizəsini davam etdirir. Əbülfəz bəy Azərbaycan tarixində çox böyük yeri olan şəxsiyyətdir. Azərbaycanın ikinci dəfə müstəqilliyini bərpa etməsi, ölkədə böyük demokratik hərəkatın başlanğıcı bilavasitə bu şəxsin adı ilə bağlıdır. Əbülfəz bəyin Cənubi Azərbaycanla bağlı bir neçə il əvvəl irəli sürdüyü ideyalar hələ indi reallaşmağa başlayır. O, bu məsələdə də zamanı qabaqlayan ideyalarla çıxış edirdi. Çox təəssüf ki, xalıqını bu qədər təmənnasız, özü dediyi kimi dəlicəsinə sevmiş bu insan Azərbaycanda layiq olduğu qiyməti almır. Azərbaycanın yeni tarixi saxtalaşdırılır. Əbülfəz bəyin rolunu süni şəkildə kiçiltməyə, tarixi opponentlərinin rolunu isə böyütməyə cəhd göstərirlər. Əminəm ki, bu, müvəqqəti səylərdir. Belə səylər dünyadakı avtoritar hakimiyyətlərin əksəriyyəti tərəfindən olub. Amma tarix axan çay kimidir. O, ləkəni, qaranı özündə saxlamır, hər şeyi yerbəyer edir. Bir gün gələcək ki, Əbülfəz bəyin xidmətlərinə adekvat qiymət veriləcək.
Onun ideyaları reallaşacaq və o zaman gələcək nəsillər bu şəxsiyyətin miqyası haqqında daha aydın təsəvvürə malik olacaqlar.

- Əbülfəz bəyin vəfatından keçən bu 6 ildə Azərbaycanın ictimai-siyasi həyatında hər hansı hadisə baş verərkən - istər mənfi olsun, istər müsbət - belə bir sual ortaya çıxıb: "Bəy sağ olsaydı, bu məsələyə necə reaksiya verərdi". Növbəti sualımızı da məhz bu aspektdən cavablandırmağınızı istərdik. Bu gün Güney Azərbaycanda baş verən proseslərə münasibət baxımından...
- Əbülfəz bəyin olmadığı 6 il ərzində onun yeri çox açıq şəkildə görünüb. Yüzminlərin fikrindən keçib ki, "bəy sağ olsaydı, hansı addımı atardı?". İndi Cənubi Azərbaycanda baş verənlər daha parlaq şəkildə göstərir ki, Əbülfəz bəy Azərbaycanın bugünki siyasi səhnəsində özündən sonra böyük bir boşluq qoyub. Əbülfəz bəy yaşasaydı, yəqin ki, Azərbaycan cəmiyyətinə cənubda baş verənlərə bugünki qədər biganə qalmağa imkan verməzdi. Cəmiyyəti daha yaxşı səfərbər edə bilərdi. Əbülfəz bəyin dünyasını dəyişməsi Azərbaycan siyasətini siyasi mənada böyüksüz qoydu. İndi Azərbaycan siyasətində Əbülfəz Elçibəyin eləyə biləcəyi ağsaqqallığı, müdrikliyi, birləşdiriciliyi həyata keçirmək missiyası boş qalıb. O, özündən sonra doğurdan da, böyük bir boşluq buraxıb. Hazırda bu boşluğu ən çox cənublu bacı-qardaşlarımız hiss edir.

- Əbülfəz bəyin vəfatından sonra Azərbaycan siyasətində istər iqtidar-müxalifət münasibətləri, istərsə də müxalifət düşərgəsi daxilindəki münasibətlər başqa müstəviyə keçdi...
- Əlbəttə. Düzdür, Əbülfəz bəy həyatda olanda da milli demokratik düşərgə bütün məsələlərdə yekdil deyildi və o zaman da müəyyən fikir ayrılıqları var idi. Təkcə onu xatırlatmaq kifayətdir ki, 98-ci il seçkilərində bu düşərgə hətta, Əbülfəz Elçibəyi vahid namizəd kimi müəyyənləşdirə bilməmişdi. Amma Əbülfəz bəy ya bunu həll edərdi, ya da ən azından bu narazılıqların genişlənməməsinə səy göstərərdi.
Ona görə təsadüfi deyil ki, müxalifət düşərgəsindəki aqressiv, xoşagəlməz münasibətlər onun ölümündən sonra meydana çıxdı. Bu mənada vurğuladım ki, Əbülfəz bəydən sonra Azərbaycanın milli-demokratik düşərgəsi siyasi mənada böyüksüz qaldı. Hər kəsə ərk edə biləcək, böyük kimi yanaşacaq və bu zaman da özünün şəxsi maraqlarından çıxış etməyəcək, belə bir mövqe tutmağa yaşı imkan verəcək biri olmadı Azərbaycanda. Ona görə də, milli demokratik düşərgədə şərti olaraq vətəndaş müharibəsi adlandıra biləcəyimiz isti və soyuq savaş dönəmləri məhz Əbülfəz bəyin olmadığı illərə düşdü. Bu onu göstərir ki, Əbülfəz bəyin Azərbaycan tarixində böyük xidməti var idi. Onun xidməti idi ki, 2000-ci ilə qədər olan müəyyən fikirayrılıqları, müəyyən ziddiyyətlər açıq müstəviyə keçə bilməmişdi. Yalnız, o, dünyasını dəyişəndən sonra həmin ziddiyyətlər böyüdü.

- Bu gün Azərbaycan istiqlalına heç bir aidiyyatı olmayan, hətta, istiqlalın əleyhinə səs vermiş şəxslərə "İstiqlal Ordeni" verilir, onların adları əbədiləşdirilir. Əbülfəz Elçibəyin isə hətta, Fəxri Xiyabandakı məzarının üstü bu günə qədər götürülməyib. Azərbaycan hakimiyyətinin artıq 6 ildir həyatda olmayan bir insana bu münasibəti nədən qaynaqlanır?
- İlk baxışdan çoxlarına təəccüblü görünür, bu hökumət Məmməd Əmin Rəsulzadədən, Əbülfəz Elçibəydən nə istəyir?
Axı, hər ikisi çoxdandı dünyasını dəyişiblər. Onlar hakimiyyət üçün heç bir siyasi təhlükə törətmirlər. Amma hakimiyyət o dünyaya gedəndən sonra da, onlarla mübarizəni davam etdirir. Bu savaşı aparanlara haqq qazandırmaq mümkün deyil, amma onları başa düşmək olar. Onlar hesab edirlər ki,
Rəsulzadənin, Elçibəyin ideyaları bugünki avtoritar hakimiyyət üçün çox böyük təhlükə təşkil edir. Əbülfəz Elçibəyin, Rəsulzadənin və milli demokratik düşərgənin digər öndərlərinin qiyməti obyektiv verilsə, deməli, onların yaşam fəlsəfəsinə haqq verilmiş olacaq. Bunların təbliğ etdiyi ideyalar cəmiyyətdə daha geniş yayılacaq və prinsipləri daha çox tərəfdar toplayacaq. Onların yaşam tərzi, hadisələrə yanaşma fəlsəfəsi, dünya görüşünün prinsipləri bütövlükdə avtoritar sülalə hakimiyyətin qarşı yönəlib. Ona görə də hökumət bütün vasitələrlə ölümündən sonra da bu adamlarla mübarizə aparır. Çünki bu dünyada olmasalar belə, onların ideyaları, prinsipləri bu gün də Əliyevlər sülaləsini qarabaqara izləyir və onlara rahatlıq vermir.

- Həm Bəyin sağlığında, həm də sonrakı vaxtlarda onun doğum günü müxtəlif formalarda qeyd olunub. AXCP builki doğum günü ilə bağlı hansı tədbirləri keçirmək fikrindədir?
- Sabah bu məqsədlə xüsusi tədbir keçiriləcək. Əbülfəz bəyin qəbri ziyarət olunacaq. Biz həmişə o mövqedə olmuşuq ki, Əbülfəz Elçibəy bir təşkilata məxsus olan şəxsiyyət deyil. Ona görə də onun doğum günləri eləcə də dünyasını dəyişdiyi günün qeyd olunmasını heç vaxt bir təşkilatın çərçivəsində məhdudlaşdırmaq istəməmişik. Təşəbbüs var ki, bütün Əbülfəz bəyi sevənlər birgə bu tədbirləri keçirsinlər və biz də şərait yaradacağıq ki, hamı birgə bu tədbirlərin iştirakçısı olsun.
Aqil Camal
Gültəkin Knyazqızı

----------------------------------------------------------------------------------------------------------------------------------

AXCP ƏBÜLFƏZ ELÇİBƏYİN DOĞUM GÜNÜ İLƏ BAĞLI KEÇİRİLƏN TƏDBİRLƏRDƏ FƏAL İŞTİRAK EDƏCƏK

 

 

İyunun 21-də AXCP Sədr Aparatının növbəti toplantısı keçirilib. Tədbirdə AXCP sədri Əli Kərimli ölkədəki mövcud ictimai-siyasi durum, Bütöv Azərbaycan Birliyi tərəfindən Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin ad günü ilə bağlı planlaşdırılan tədbirlər və bu tədbirlərdə partiyanın müvafiq strukturları qarşısında duran məsələlər barədə çıxış edib. Ə.Kərimli onu bildirib ki, mərhum AXCP sədri Ə.Elçibəyin doğum günü ilə bağlı BAB-ın iyunun 23-nə planlaşdırdığı «Əbülfəz Elçibəy və bütövlük» mövzusunda keçirəcəyi tədbirdə partiyanın müvafiq strukturlarının iştirakı təmin olunmalıdır. Eyni zamanda Ə.Kərimli iyunun 24-də Ə.Elçibəyin məzarının ziyarət olunmasına xüsusi hazırlığın vacibliyini iclas iştirakçılarının diqqətinə çatdırıb.
İclasda bir sıra cari məsələlər müzakirə olunub və Sədr Aparatı üzvlərinin yaxın müddət üçün qarşısında duran məsələlər partiyanın sədri tərəfindən onların diqqətinə çatdırılıb.