GÜNEY AZƏRBAYCAN MİLLİ MÜDAFİƏ KOMİTƏSİNİN

AZƏRBAYCAN RESPUBLİKASINDA FƏALİYYƏT GÖSTƏRƏN

XARİCİ ÖLKƏ SƏFİRLİKLƏRİNƏ

MÜRACİƏTİ

Artıq 80 ildir ki, İran adlana ölkədə Azərbaycan türklərinin milli və mənəvi dəyərlər sisteminə edilən hücumlar son 28 ildə molla fars şovinist rejim tərəfindən davam etdirilərək daha da kəskinləşib.

   Güney Azərbaycanda baş verən son hadisələr bir daha sübut etdi ki, Güney Azərbaycan türklərinə qarşı düşmənçilik mövqeyindən əl çəkməyən molla rejimi Azərbaycan türklərinin böyük bir millət olmasına rəğmən onlara qarşı davranışını faşıst siyasəti əsasında həyata keçirir. Tehran, Urmiya, Zəngan, Marağa, Ərdəbil, Sulduz, Muğan, Xiyov(Meşkin),Əhər, Makı, Miyana, xüsusilə də Təbrizdə keçirilən etiraz aksiyalarında bura qədər adları bəlli olan 40-a yaxın insanın öldürülməsi, minlərlə insanın yaralanması və 11 000-dən çox insanın həbs edilməsi bunun bariz nümunəsidir. GÜNEY AZƏRBAYCAN MİLLİ MÜDAFİƏ KOMİTƏSİ fars molla rejiminin Güney Azərbaycan türklərinə qarşı yürütdüyü qərəzli siyasəti qətiyyətlə pisləyir və onların haqlə istək və mübarizələrini sizin diqqətinizə çatdırır.

1-     Fars molla rejimi Güney Azərbaycan türklərinə qarşı yönəltdiyi təhqirlərə son qoymalı, millətlərin öz müqəddəratını təyinetmə prinsipinə hörmətlə yanaşmalı və bu prinsipdən irəli gələn öhdəlikləri yerinə yetirməlidir.

2-     Dünyanın demokratik dövlətləri sivil prinsiplər əsasında Güney Azərbaycan Milli Azadlıq Hərəkatını dəstəkləməklə yanaşı, 35 milyon Güney Azərbaycan türkünün milli-mədəni haqlarının tanınması və milli haqlarının bərpa olunmasını fars molla rejimindən təkidlə tələb etməlidirlər.

3-     Güney Azərbaycan ərazisində Azərbaycan türkcəsi rəsmi dil elan edilməli, təhsil, idarəçilik sistemi, KİV bu dildə olmalıdır. Habelə İran adlanan ölkənin başqa yerlərində yaşayan türklərə də bu haqlar tanınmalıdır.

4-     Güney Azərbaycanın təbii sərvətləri bu ərazidə yaşayan insanlara məxsus olduğundan bu sərvətlər Güney Azərbaycan türklərinin ümumi inkişafına yönəldilməlidir.

5-     Son günlərdə Güney Azərbaycanın müxtəlif şəhərlərində və Tehranda keçirilən dinc aksiyalarda və ondan əvvəlki dövrlərdə müxtəlif damğalarla həbs olunan azərbaycanlı milli fəallara qarşı təzyiq və işkəncələrə, onların ailə üzvlərinə qarşı yönəlmiş basqı və təhdidlərə son qoyulmalı , həbs olunanlar qeyd-şərtsiz azad edilməlidirlər.

6-     Rejimin dinc insanlara qarşı açdığı atəş nəticəsində şəhid olan Azərbaycan türklərinin cəsədləri ailələrinə qaytarılmalı, onlara qarşı atəş əmri verən, bu əmri icra edən və başqa qeyri-insani üsullardan istifadə edərək onların haqq səsini boğmağa çalışanların kimliyi müəyyən edilməli, onlar beynəlxalq cinayət məhkəməsinə cəlb edilməlidirlər.

7-     Güney Azərbaycan şəhər və kəndlərində polis rejiminə və dinc əhaliyə qarşı təqib və təzyiqlərə son qoyulmalıdır.

8-     Rejimin məhkəmə hakimiyyəti sisteminin beynəlxalq qanunlarda nəzərdə tutulmuş prinsiplərə zidd olduğunu, qərəzli hökmlər çıxarıldığını, məhkəmə prossedur qaydalarının qeyri-şəffaf aparıldığını nəzərə alaraq, Güney Azərbaycan ərazisində 22 may 2006-cı il tarixdə keçirilən etiraz mitinqlərində, ondan öncəki vaxtlarda və son günlərdə həbs olunanların hüquqlarının tam şəkildə qorunması və bütün siyasi məhbusların tezliklə azad olunması üçün beynəlxalq təşkilatlat tərəfindən prossedurlar nəzarətə götürülməli və onların şəffaf keçirilməsi fars molla rejimindən tələb edilməli, həbs olunan, yaralanan və şəhid olan insanların hüquqlarının müdafiəsi beynəlxalq səviyyədə təmin olunmalıdır;

9-     İnsan haqlarını müdafiə edən beynəlxalq təşkilatlar və dünya dfövlətləri tərəfindən Güney Azərbaycanda baş verən hadisələrə hüquqi-siyasi qiymət verilməlidir.

GÜNEY AZƏRBAYCAN MİLLİ MÜDAFİƏ KOMİTƏSİ Güney Azərbaycanın tarixi ərazi bütövlüyü çərçivəsində zülmdən, ayrıseçkilikdən və şovinist siyasətdən qurtularaq azad yaşamaq, öz torpaqlarına sahib çıxaraq milli dövlətini qurmaq hüququna hörmətlə yanaşılmal, insan hüquq və azadlıqlarını müdafiə edən beynəlxalq təşkilatlardan, dövlətlərdən orada yaşayan 35 milyonluq bir millətin milli zəmində cərəyan edən milli mübarizəsinə dəstək vermələrini istəyir.İnanırıq ki, bir dövlət kimi Güney Azərbaycan türklərinin milli-insani haqlarını tanıyacaqsınız və beynəlxalq konversiyalarda nəzərdə tutulmuş bütün imkanlardan istifadə edərək fars molla hakimiyyətindən bu millətə haqlı tələblərinin verilməsini istəyəcəksiniz.

 

                      GÜNEY AZƏRBAYCAN MİLLİ MÜDAFİƏ KOMİTƏSİ

                                                                       Bakı şəhəri, 07 iyun 2006-cı il      

 

 

 

 

GÜNEY AZƏRBAYCAN MİLLİ MÜDAFİƏ KOMİTƏSİ-nin

Azəebaycan Respubublikasının prezidenti cənab İ.H.Əliyevə

MÜRACİƏTi

Hörmətli cənab prezident!

 

Dövlətçilik təcrübəsi olan müstəqil Azərbaycan Respublikasının sosyal-iqtisadi, ictimai-siyasi sahədə qazandığı uğurlar və beynəlxalq aləmdə əldə etdiyi yüksək nüfuz dünya azərbaycanlılarının, xüsusilə də Güney azərbaycanda yaşayan 35 milyon Azərbaycan türkünün sərvəti və güvənc yeridir. “ müstəqil Azərbaycan dünya azərbaycanlılarının ümumi vətənidir, onların siyasi və mənəvi dayağıdır.” Biz güney azərbaycanlılar üçün mənəvi dəstək olmuşdur.

   İnsan hüquq və azadlıqlarına hörmətlə yanaşılması ümumilikdə bəşəriyyətin inkişafının təməl prinsiplərindən biri kimi dəyərləndirilsə də, son 80 ildə İranda Azərbaycan türklərinin milli və mənəvi dəyərlər sisteminə edilən hücumlar və Güney Azərbaycanda baş verən son hadisələr onu göstərir ki, orada bu prnsiplərə zidd siyasət davamlı xarakter daşıyır. Belə ki, mayın 12-də İranın rəsmi dövlət qəzeti olan “İran” qəzetində Azərbaycan türklərini təhqir etmək məqsədilə dərc olunan karikaturaya etiraz əlaməti olaraq mayın 22-dən etibarən Güney Azərbaycanın müxtəlif şəhərlərində kütləvi etiraz aksiyaları başladı. Təəssüf ki, dinc xarakterli bu aksiyalar mərkəzi hökumətin güc strukturları tərəfindən zorakılığa məruz qalaraq 40-a yaxın Güney Azərbaycan türkü şəhid oldu, minlərlə insan yaralandı və 11000-dən çox insan həbs edildi. Bu kimi zorakılıqlar indi də davam etməkdədir.

   Güney Azərbaycanda azərbaycanlılara divan tutulmasının əsas səbəbi orada milli şüurun oyanması, özünüdərk, ana torpağına bağlılıq, millətin öz dilinə olan sevgisi və neqativ asimilasiyaya etirazdan qaynaqlanır. Biz, bir millət olaraq insanlığın tərəqqisinə xidmət edəcək demokratik dövlətdə yaşamaq arzusunu yalnız, o dövlətdə yaşayan millətlərin hüquqlarının verilməsində görürük. Elə bu səbəbdən də Güney Azərbaycan türkləri özünüdərkdən özünütəsdiqə uzanan keşməkeşli yollarala irəliləyərək müasir dünyada özünün milli-mənəvi və maddi-mədəni varlığına qarşı qoyulan məhdudiyyətlərdən qorunmaq üçün haqlı mübarizəsini sivil və demokratik qanunlara uyğun bir şəkildə aparır.

   Möhtərəm prezident! Bu gün problem və qayğılarla yaşayan Güney azərbaycanın Quzeydən mənəvi dəstəyə və həmrəyliyə böyük ehtiyacı var. Güney Azərbaycanda yaşanan milli faciəni sizə çatdırmaqda məqsədimiz bundan ibarətdir ki, 50 milyon azərbaycanlının prezidenti kimi beynəlxalq konversiyalarda nəzərdə tutulmuş bütün imkanlardan istifadə edərək, 35 milyon Güney azərbaycan türkünün milli və vətəndaş hüquqlarının qorunması naminə Güney azərbaycanlılara qarşı yönələn qeyri-insani davranışlara son qoyulmasını , orada polis rejiminin aradan qaldırılmasını və bir millətin milli-mədəni, insani tələblərinə hörmətlə yanaşılmasını rejim mənsublarından tələb edəsiniz.

GÜNEY AZƏRBAYCAN MİLLİ MÜDAFİƏ KOMİTƏSİ

 

 

Express:

Güney Azərbaycan Milli Müdafiə Komitəsi yaradıldı

Bakıda Güney Azərbaycan Milli Müdafiə Komitəsi yaradılıb. Bu barədə qurumun Təşkilat Komitəsinin üzvü Cavidan Elbars məlumat verib. Onun sözlərinə görə, komitənin yaradılmasında məqsəd Azərbaycan və Avropada yaşayan güneylilərin İranda yaşayan soydaşlarımıza dəstək verməsidir. Komitə İrandakı hadisələr bitdikdən sonra başlanacaq repressiyaların qarşısını almaq üçün azərbaycanlılara hüquqi yardım göstərəcək və baş verən hadisələrlə bağlı dünya ictimaiyyətini məlumatlandıracaq. Komitənin mərkəzi ofisi Bakıda olacaq, paralel olaraq ABŞ, Almaniya və İsveçdə də nümayəndəlikləri fəaliyyət göstərəcək.

 

 

AzərFoto:

GÜNEY AZƏRBAYCANLILAR İLHAM ƏLİYEVƏ MÜRACIƏT ETDİ

Güney Azərbaycan Milli Müdafiə Komitəsi İran hökumətinin azərbaycanlılara qarşı təzyiqlərə son qoyması və səlahiyyətlərindən istifadə edib soydaşlarını dəstəkləməsi xahişi ilə bağlı Azərbaycan prezident İlham Əliyevə müraciət edib. Bu barədə Güney Azərbaycan Milli Müdafiə Komitəsindən (GAMMK) məlumat verilib. Müraciətdə Güney Azərbaycanın quzeydən mənəvi dəstəyə və həmrəyliyə ehtiyac olduğu bildirilir: “Güney Azərbaycanda yaşanan milli faciəni Sizə çatdırmaqla, İranın fars şovinizminə təzyiq göstərilməsini xahiş edirik".
35 milyonluq Azərbaycan türkünün vətəndaş hüquqlarının qorunması naminə bizə yönələn qeyri-insani davranışlara son qoyulması üçün İran hökumətinin rəhbərlərinə xəbərdarlıq edilsin. Əks təqdirdə, soydaşlarınız fars şovinizminin təzyiqi altında məhv olmaq təhlükəsi ilə üz-üzə qalacaq”.

 

 

 

Üç Nöqtə:

Güney Azərbaycan Milli Müdafiə Komitəsi yaradıldı

MƏQSƏD, BAŞ VERƏNLƏR HAQQINDA OBYEKTİV MƏLUMAT YAYMAQDIR

Dünən Beynəlxalq Mətbuat Mərkəzində Güney Azərbaycan Milli Müdafiə Komitəsinin yaradılması ilə bağlı mətbuat konfransı keçirildi. "Güney Azərbaycanda baş verən son hadisələrə münasibət" mövzusunda keçirilən dəyirmi masada hərəkatın yaranma zərurətindən danışan qurum rəhbəri Cavidan Elbars İranda başlanan etiraz aksiyalarından müxtəlif məqsədlər üçün istifadə edənlərin olduğunu qeyd etdi. Onun sözlərinə görə, baş verənlərin obyektiv açıqlanması, ictimaiyyətə və beynəlxalq təşkilatlara dəqiq məlumat çatdırılması belə bir komitənin yaradılmasını zəruri edib: "Hazırda dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızla əlaqə qurub, baş verənlərin obyektiv işıqlandırılmasına çalışırıq".
   İranda baş verən hadisələrə toxunan komitənin üzvü Ağrı Qaradağlı iyunun 3-ü və 4-də Tehranda yenidən etiraz aksiyalarının keçirildiyini bildirdi: "Bu günə qədər Güney Azərbaycanın müxtəlif şəhərlərində 12 minə yaxın hərəkat üzvü həbs edilib. İyunun 4-də keçirilən etiraz aksiyasında isə min nəfərə yaxın hərəkatçı saxlanılıb". GAMMK-nin üzvləri bildirdi ki, qonşu ölkədə nümayişlərin başlamasından bu günədək 7-8 jurnalist həbs edilib. Eyni zamanda, hazırda baş verənlər barədə məlumat almaq çox çətinləşib. Şəhərlərlə, o cümlədən, mobil telefonla əlaqə yaratmaq çox çətindir. Hətta internet saytları ilə məlumat almaq da problemə çevrilib. Tədbirin sonunda İranda baş verən hadisələrlə bağlı dünya ictimaiyyətinə müraciət qəbul edildi.

Xalid

 

 

525-ci qəzet:

Güneydə soydaşlarımıza qarşı basqılar daha da artıb

"BEYNƏLXALQ TƏŞKİLATLAR VƏ DEMOKRATİK ÖLKƏLƏR BU MƏSƏLƏLƏRƏ MÜNASİBƏT BİLDİRMƏLİDİRLƏR"

Dünən Beynəlxalq Mətbuat Mərkəzində Güney Azərbaycan Milli Müdafiə Komitəsinin (GAMMK) təqdimat mərasimi olub. GAMMK-nın təşkilat komitəsinin üzvü Cavidan Elbarsın sözlərinə görə, komitənin tərkibi 16 nəfər güneyli soydaşımızdan ibarətdir. Eyni zamanda GAMMK-ın ABŞ, İsveç və güneylilərin çoxluq təşkil etdiyi digər ölkələrdə də şöbələrinin yaradılması ilə bağlı danışıqlar aparılır. Komitənin yaranma zərurətini açıqlayan C.Elbars deyib ki, güneydə baş verən məlum hadisələrdən sonra Azərbaycanda bir sıra qurumlar, siyasi partiyalar tərəfindən tədbirlər keçirilir: "Amma çox təəssüf ki, başqa məsələlərdə olduğu kimi, siyasi partiyalar güney məsələsində öz mənafelərindən çıxış etdilər. Onlar sözdə bizimlə birgə hərəkət edəcəklərini desələr də, əməldə buna riayət etmədilər. Əgər bu gün həmin dairələr bizim ağır günümüzdə öz şəxsi ambisiyalarını kənara qoyub bir araya gələ bilmədilərsə, deməli, bu vəzifəni həyata keçirmək güneylilərin öz üzərinə düşür". C.Elbars xatırladıb ki, mayın 12-dən bu yana güneydə baş verənlərlə bağlı beynəlxalq təşkilatlara, özünü demokratik sayan ölkələrin rəhbərlərinə müraciət etsələr də, onlar bu məsələlərə heç bir münasibət bildirməyiblər: "Halbuki həmin beynəlxalq təşkilatlar və demokratik ölkələr dünyanın istənilən yerində baş verən kiçik bir hadisəyə də dərhal reaksiya verirlər. Güneydə onlarla soydaşımız şəhid olub, yüzlərlə insan yaralanıb və həbsə alınıb. Amma heç bir ölkədən buna münasibət bildirilməyib. Bu mənada, yeni yaradılan komitənin başlıca məqsədlərindən biri də Azərbaycanın güneyində baş verənləri olduğu kimi əks etdirmək, beynəlxalq təşkilatlara çatdırmaqdır". C.Elbars güneydə baş verənlərlə bağlı Azərbaycan tərəfdən də hər hansı rəsmi bəyanatın olmamasından təəssüfünü bildirib. O deyib ki, əgər baş verənlər doğurdan da, İranın daxili işidirsə, o zaman heç birimizin dünyada 50 milyon azərbaycanlı yaşayır deməyə haqqımız yoxdur: "Çünki 50 milyonun 35 milyondan çoxu məhz güneylidir".
   GAMMK-nın təşkilat komitəsinin üzvü Ağrı Qaradağlı güneydəki durumla bağlı daha ətraflı məlumat verib. Onun sözlərinə görə, güneylilərin etiraz dalğasının zirvəsi sayılan Təbriz mitinqindən sonra soydaşlarımıza basqılar, təzyiqlər daha da artıb: "
Fars rejimi azərbaycanlıların yaşadıqları bütün şəhərlərdə keçirilən etiraz aksiyalarını xüsusi qəddarlıqla yatırılmasına göstəriş verib. Bunun nəticəsi olaraq Təbriz, Urmiya, Meşgin və Sulduzda öz milli heysiyyatlarının təhqir olunmasına qarşı dinc etirazlarını bildirən çoxsaylı soydaşımızın rejim məmurlarının açdığı atəş nəticəsində şəhid olduğu bildirilir. Bu qəddarlıq başqa şəhərlərdə də təkrar olunur". A.Qaradağlı bildirib ki, son iki gündə Tehran və güney azərbaycanlılar yaşayan bir sıra şəhərdə etiraz aksiyalarının keçirilməsi nəzərdə tutulmuşdu: "Amma rejim bundan qorxuya düşərək Tehran və soydaşlarımızın yaşadığı bir sıra digər ərazilərin üzərində yaxın məsafədə 20-dən artıq vertolyotla göy üzərinə sədd çəkib. Rejim bu vasitə ilə hərəkatçıların liderlərinin şəkillərini çəkir, sonra isə onlara qarşı təzyiqlərə başlayır. Bir neçə gün ərzində onlarla hərəkatçı həbs edilib. İki gün əvvəl aksiyaya cəhd göstərən soydaşlarımıza atəş açılıb. Onların arasında yaralananlar var. Ölənlər barədə isə dəqiq məlumat yoxdur". A.Qaradağlı artıq azərbaycanlılara məxsus şəhərlərin hərbi hissəyə çevrildiyini xatırladıb. Xüsusilə də Təbriz, Urmiya, Sulduz Ərdəbildə belə vəziyyət mövcuddur. Həbs edilən bir sıra hərəkat fəallarının da durumları çox ağırdır. Onlardan biri Abbas Qisani aclıq aksiyası keçirməsinə rəğmən ona ağır işgəncələr verilir. Digər hərəkatçı Davud Şərifi də dözülməz işgəncələr nəticəsində dünyasını dəyişib. Eyni zamanda 40 nəfərdən artıq qadın Ərdəbil türməsində işgəncələr altında saxlanılır".
   Dünya Azərbaycanlıları Konqresinin təmsilçisi Əli Nicata görə isə rejim özünü itirib: "Onlar gah bəyanat verirlər ki, hər şey bitib, gah da güneydə baş verənlərdən qorxuya düşdüklərini açıqca göstərirlər. Bir neçə gün əvvəl rejim bir neçə mollanı hərəkatçılarla danışıqlara göndərib. Hərəkatçılar isə onlara qarşı həbsdə olan soydaşlarımızın azadlığa buraxılması və şəhid olanların qatillərinin tapılaraq cəzalandırılması kimi iki şərt irəli sürüb. Amma rejim bunların heç birini qəbul etməyib". Ə.Nicat İranda jurnalistlər qarşı da təzyiqlərin olduğunu bildirib. Onun sözlərindən bəlli olub ki, hazırda həbsdə 8 jurnalist saxlanılır: "Həmin jurnalistlər, sadəcə, öz peşə borclarını yerinə yetiriblər". Ə.Nicat həmçinin xəstəxanalardan ağır xəstələrin oğurlandığı barədə faktların olduğunu deyib: "Təkcə Muğanda 5 xəstə oğurlanıb. Onlar ya öldürülür, ya da ki, hərbi xəstəxanaya aparılır. Güneydə aksiyaların keçirildiyi bölgələrdə internet və telefon əlaqəsi kəsilib. Buna görə də oradan informasiya almaq çətinləşib. Fəal hərəkatçıların evlərini qarşısında isə xüsusi təyinatlılar yerləşdirilib".
   Qeyd edək ki, tədbirin sonunda komitə adından ölkə rəsmilərinə, siyasi partiya və ictimai qurumlara, insan hüquqları təşkilatlarına və dünya azərbaycanlılarına müraciət edilib. Müraciətdə adıçəkilən qurumlardan güneydə baş verənlərə münasibət bildirmələri, bu məsələləri gündəmdə saxlamaları, o cümlədən soydaşlarımıza dəstək üçün aksiya keçirmələri, beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmaları əksini tapıb.

PƏRVANƏ

 

 

Olaylar:

Bakıdakı güneylilər yeni təşkilatda birləşir

Şeyxülislamın çıxışı narazılıq yaradıb

 

Bakıda yaşayan güneyli soydaşlarımız Güney Azərbaycan Milli Müdafiə Komitəsini yaratmaq təşəbbüsü ilə çıxış edib.

Məqsəd son zamanlar baş verən hadisələrin dünya ictimaiyyətinə çatdırılmasıdır. Bu barədə dünən Komitə üzvləri keçirdikləri mətbuat konfransında məlumat veriblər. Təşəbbüskarlardan olan Cavidan Elbars bildirib ki, İsveç, Almaniya, Amerika və Fransada GAMMK-nın şöbələri bu günlərdə rəsmən yarandığını elan edəcək: “Müxtəlif qurumlar Güneydə baş verən hadisələrə münasibət bildirsələr də, bir çox hallarda partiya mövqeyindən çıxış etdilər. Hamı etirazı bərabər bildirməyə hazır olduğunu desə də, tədbirlər ayrı-ayrı vaxtlarda təşkil edilir. Belə olan halda vəzifə güneylilərin boynuna düşür, çünki hüquqi cəhətdən də buna bizim daha çox imkanımız var”. Komitə beynəlxalq təşkilatların, demokratik adlandırılan dövlətlərin məsələyə münasibətindən narahatdır: “Azərbaycan və Türkiyədən daha çox umacağımız var. Ancaq heç bir reaksiya olmadığından Tehran rejimi təzyiqləri daha da gücləndirir. Həbsxanalarda işgəncə altında öldürülənlər, hətta asılanlar var. Lakin üzdəniraq heç bir demokratik ölkə buna münasibət bildirməyib”. Təşkilat üzvü Ağrı Qaradağlı isə bildirib ki, son iki gündə Güneyin bir sıra şəhərlərində aksiya keçirmək planlaşdırılsa da, rejim təzyiqləri daha da gücləndirib. Qoşaçayda atışma baş verib, yaralılar var, Təbrizdə davamlı aksiyalar keçirilir. Bir çox şəhərlər artıq hərbi hissəyə çevrilib. Həbs olunmuş hərəkat fəalı Abbas Lisaninin vəziyyəti ağırdır, başqa bir hərəkatçı Həbib Purvəli “İmam” xəstəxanasından “Şühəda” xəstəxanasına aparılıb. Doktor Davud Şərifi ETTELAAT-ın işgəncələri altında Muğanda dünyasını dəyişib. Heydər Şadi, Həsən Dəmirçi, Çingiz Bəxtavər, Yürüş Mehrəlibəyli kimi hərəkat fəalları hələ də həbsdədir: “Hətta məlumatlara görə, Ermənistan prezidenti Əhmədinejadla danışaraq aksiyaların yatırılmasında erməni ordusunun yardımını təklif edib”. Tehranda şəhidlərin yas mərasiminin keçirilməsi əngəllənib. Güneyli mühacir Əli Nicatın sözlərinə görə isə, rejim baş verənlərdən özünü itirib: “7 jurnalist hələ də həbsdədir, nəzərə almaq lazımdır ki, onlar aksiyaya qoşulmayıblar, sadəcə baş verənləri işıqlandırmaq istədiklərinə görə həbs ediliblər. Mətbuat azadlığından danışan dünya bu faktı qəbul etməlidir. Tehranın azərbaycanlılar yaşayan məhəllələrində mobil telefonlar belə işləmir”. Tədbir iştirakçıları bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin mövqeyindən narazılıqlarını da bildiriblər. Onların sözlərinə görə, məscidlərdə şəhid olanlara yas mərasimi keçirməkdənsə, şeyx İranın dini rəhbərlərini Azərbaycanın dini liderləri kimi qələmə verir:”Azərbaycan İranın bir əyaləti deyil, Şeyx belə sözlərlə ölkəmizin müstəqilliyini kölgə altında qoyur”.
Elnarə