Güntay
Cavanşir
Həsən Dəmirçiyə
məktub

Sızlamış
əhvalıma sübhə qədər tarım mənim
Təkçə
tarımdır qara günlərdə qəmxarım mənim
Yer
tutub qəmxanədə qıldım fəramuş aləmi
Mən
tarın qəmxarı oldum, tar qəmxarım mənim.
Həsən Bey Dəmirçi!
Bəlkə
də mən bu məktubu yazarkən, sən işkəncələr,
rəvani təzyiqlər altındasan... Nəcib və şərif
bir ailə başçısı, siyasəti bir o qədər
sevməyən, ancaq sənət dünyasının
zəhmətkeşi olaraq tanıdı səni öz
vətəndaşların. Sənət, mahiyyəti etibarı
ilə özünü ona həsr edənləri həyatın dərin
qatlarına sövq edir. Sənət, uluların da təcrübələrini
sənətçi insana bəxş edir. Çünkü sənət, kökü
keçmişdə bulunan və günümüzdə sabahın eşqi
ilə yaşayan daimi hərəkətdə
olan gerçəklikdir. Bu üzdən də Həsən Bəy,
sən sənətçi şəxsiyyətinlə Azərbaycan
mədəniyyətinin ən ulu insanları ilə
mənəviyyat dünyasında həmsəfər olmuşsan.
Hər kəsin bir hədəfə görə başqaları
ilə bir yerdə həmsəfər olması, səfərdə
bulunması söz konusudur.
Bəzmi
aləmdən gedərsən ixtiyarın olmadan
Saxla
əldə sağəri, var ixtiyarın hər qədər
Ey
Füzuli, mən güman ilə cahanda yox işim
Ol
səbəbdən aali insanlarla oldum həmsəfər.
Bu
yolun kökü insanın fitrətində, vicdanında olduğu
üçün bu yolçuluq zaman içində fəzilətə dönüşərək,
yolçu, daxili əhli kəmal olur. Tərki təriqi eşq müyəssər
deyildir.
Ey
Füzuli, qılmazam tərki təriqi eşq kim
Bu
fəzilət daxili əhli kəmal eylər məni.
Həsən bəy!
Azərbaycan milləti sizi necə tanımışdır?
Siz tarixin ən insani hissiyatını araşdırırdınız.
Musiqidə birikən duyğuları, insanlıq təcrübələrini
axtardınız. Min illər öncəki insanların,
nəsillərin ağzında səslənmiş, tarda, kamançada,
sazda özünə yer edərək günümüzə qədər davam
edən düşündürücü duyğulara, duyğulandıran düşüncələrə
həyatınızı həsr etdiniz. Torpağa dönüşmüş
nəsillərin gözəllik anlayışlarını, zövqlərini,
həyatdan əxlaqi ləzzət alma səliqələrini öyrəndiniz
və öyrəndiklərinizi də Azərbaycan tarixi ilə
paylaşdınız. Muğam ifaçısı, tarzən, muğam
fəlsəfəsini, muğam tarixini və muğam tekniyini araşdıran
bir şəxsiyyət kimi tanıdıq səni, Həsən
Bəy Dəmirçi! Sənin vardığın yerlərdə
qəzəllər oxundu, tar çalındı və insan
mərifətinin estetik qatları musiqi dili ilə ifadə
edildi. Daş ürəklərdə eşq tonqalını yaxmaq,
haqqın, həqiqətin böyük mənəviyyatını
ruhlara axıtmaq sənin hədəfin olmuşdur. Haqqın
yolunda olmayanları musiqi ilə haqqa tapındırmaq missionunu
sən öz üzərinə götürmüşsən. Aydınlanma
və cəhalətdən arınma prosesində musiqinin çox böyük
rolu olmuşdur, hörmətli Həsən Bəy Dəmirçi! Çünkü
musiqi qədər insanların qəlbini nifrətdən və
kindən təmizləyən ikinci bir amil yoxdur. Musiqinin
xitabəti dirək olaraq insan ruhudur. Digər
tərəfdən, özəlliklə Azərbaycan muğamları
Şərqin bütün əxlaqi və mənəvi
dəyərlərini öz tərkibində daşımaqdadır.
Sizin özünüzün də çox yaxşı bildiyiniz kimi, Üzeyir Hacıbəyli,
Azərbaycan musiqisinin miqayasını Şərqin çərçivəsindən
çıxarmış və onu dünyalaşdırmişdır,
yəni Azərbaycan muğamları bütün dünyanın
mənəvi dəyərlərinin daşıyıcısı
durumuna gəlmişdir.
Daş
ürəklərdə yanıb daşları sındırdı
muğam
Haqqa
düşmən olanı, haqqa tapındırdı muğam
Nə
güman eyləmisən ondaki tilsimləri sən
Kürü
ahıyla qurutdu, salı yandırdı muğam
Su
çilər odlu ürəklərdə qəzəb tonqalına
Neçə
qəsdin önünü kəsdi, dayandırdı muğam
Çox
kitablar oxudum, zənn elədim Bəxtiyaram
Mənə
çox mətləbi ahəstəcə qandırdı muğam
Hörmətli Həsən Bəy Dəmirçi!
İnsan təbiəti çox mürəkkəb və müxtəlif
yönlü olduğu üçün Azərbaycan muğamları da mürəkkəb
və hərtərəflidir. İnsan psikolojisinin bütün qatlarını
Azərbaycan muğamlarında duymaq mümkündür. Ancaq bu ruh halları
katarsis, təmizlənmə səviyəsində muğamlarımıza
yerləşmişdir. Çünkü muğam, yalnız əxlaqi olanı
təlqin edər. Bu səbəbdən də muğam
fəlsəfəsində mövcud olan dialektik təkamül prosesi
təzadların savaşı şəklində ortaya çıxmaz.
Muğamdaki dialektika təzadların yardımlaşması,
anlaşması biçimində təzahür edər. Təzadlar
bir-birləri ilə rastlandığında hər bir təzad
özündə əksik olanı bu rastlanış nəticəsində
görər və əksikliklərin ortadan qaldırılması
üçün təzadların anlaşması sağlanar. Təzadların
ortaq hədəfi peyda olar və ortaq hədəfə doğru
yardımlaşma-dayanışma, işbirliyi ortamında
hərəkət davam edər. Bu üzdən də muğamlarda
təxribatçı, devirici, uçurucu inqilabi əsəbiyyətə
yer yoxdur. İnsanın bütün ruh halları muğamlara yüklənmişdir.
İnsanın fitri ehtiyacları musiqimizə daşınmışdır.
Qələbədə, məğlubiyyətdə,
kədərdə, mutluluqdaki duyğular, müdrikləşmə
mərhələlərində əldə edilən ruhi
təcrübələr muğamata yükləndiyi üçün, bu musiqi növü
çox geniş və dərin möhtəvalıdır. Dünya və
həyat qarşısında insanın əqli, idraki təcrübələri
Rast muğamına, həmasi duyğuları Çahargaha yükləndiyi
kimi, lirik və sevgi dolu hissiyyat da digər muğam növlərinə
yüklənmişdir, hörmətli Həsən Bəy Dəmirçi.
Min
türlü müəmmaları ifşa eləyir Rast
İdrak
deyilən yurdu tutub silkələyir Rast
Bir
aqilin hikmətli nəsihətləridir Rast
Tarix
danışan köhnə rəvayətləridir Rast
Dilkeşdə
pıçıldar bizə dünya kədərindən
Lakin
əzabın son dəmi, sərhədləridir Rast
Ey
Bəxtiyar! Ah atəşi söz rənginə girməz
Həm
dərdli qürub çağı və həm dan yeridir Rast
Ancaq, hörmətli Həsən Bəy Dəmirçi, ya
təbiətiniz etibarı ilə, ya da təşxis etdiyiniz
tarixi zərurətlər səbəbi ilədir ki, Siz daha çox
epik və həmasi muğamları xalqa çatdırmaqdan xoşlanırsınız.
Həmasi muğam növləri millətdə həyat və yaşamaq
duyğularını dərinləşdirir. Kiçik həcmli
Şəhnaz, Heyrati, Arazbarı, Qatar, Səmai-Şəms kimi
muğamlardan tutmuş, Çahargah kimi uzun həcmli muğamlar,
problemlərin həlli üçün insanın daxili enerjisini
mərkəzləşdirməkdədir. Rast muğamında
əqlən, fikrən təşxis edilən həyat
problemləri, Çahargahda həyəcanlı şəkildə öz
həllini tapmaqdadır. Rast muğamının təcrid
məqamındaki təşxisləri (sezgiləri) insanın iç
dünyası ilə, vicdanı ilə qaynayıb-qarışdıqdan
sonra mənəviyyat sistemi durumuna gəlir. Bu mənəviyyat
xalqla paylaşıldığında, ictimailəşir,
tarixiləşir, əbədiləşir. Bu paylaşma hər
zaman epik və həmasi şəkildə təzahür etdiyi
üçün, həyəcanlandırıcı Çahargah kimi muğamlarda
öz ifadə şəklini tapır. Çünkü mutluluqları paylaşmaq
kədərli deyildir, sevindiricidir. Müsibətlərin, acıların,
ağrıların bağrından yoğrulan sevinc və
mutluluqlar hər zaman həyəcanlı və epik şəkildə
paylaşılmışdır. Hörmətli Həsən Bəy
Dəmirçi, sanki sizin də ruhən bağlı olduğunuz Çahargah
muğamı paylaşım ləzzətindən yoğrulmuşdur.
Qələbələrin dadını paylaşan zövqlü musiqi
sənəti deyəlim buna.
Qəlbi
vulkan tək coşan üsyandır, üsyan Çahargah
Açmış
hər zənguləsindən fikrə meydan Çahargah
Şaha
qalxan dalğalardır, bir müxalif güşəsi
Dəryalar
ləngərlədən tufandı, tufan Çahargah
Guşələr
göy gurladır, yer titrədir, sel oynadır
Göndərir
yadelliyə imzalı fərman Çahargah
Hörmətli Həsən Bəy Dəmirçi, Siz bu təlatümlü,
həyəcanlı duyğular, düşüncələr qoynunda
həyatınızı keçirən nəcabət örnəyi
şəxsiyyət kimi tanındınız. Öz ruh hallarınıza
muğamları tərcüman etdiniz. Milləti təmsil edən
əslində şəxsiyyətlərdir. Şəxsiyyətlər,
hissi, fikri təcrübələrini öz milləti ilə paylaşdıqca
milli kimliyin tarixi dərinləşməsi, böyüməsi mümkün
olur. Bəlkə Həsən Bəy Dəmirçi özü də
fərqində olmadan onun Azərbaycan musiqisi yolunda çəkdiyi
zəhmətlər minlərcə insanın ağlına aydınlıq
gətirmiş, ruhunu qaranlıqlardan xilas etmişdir.
Hörmətli Həsən Bəy Dəmirçi, Sizin Təbriz
mərkəzli başlatdığınız musiqi yolu ilə
aydınlanma və aydınlatma hərəkətiniz, əlbəttə
ki, Təbrizlə sınırlı qala bilməzdi, qalmadı.
Azərbaycanın daxilində və xaricində yaşayan
milyonlarca insan, Sizin bəstələrinizdən zövq almış,
almaqdadır, alacaqdır. Təbrizin Azərbaycan tarixində
ayrıca yeri var. Əskilərdən günümüzə qədər
Təbriz, Azərbaycanda mədəni hadisələrinin
mərkəzi olmuşdur. Bilirsiniz, XIII əsrdə
Təbrizdən bir ərən qopdu və ona Şəmsi
Təbriz derlərdi. Göylərin sonsuzluğundan ona səs
gəldi ki, Anadoluya var get, orada səni bəkləyən var.
Şəmsi Təbriz, türk yurdu Anadoluya varıb
Cəlaləddin Rumi ilə görüşdükdən sonra dünyanın
fəlsəfi zehniyyəti dəyişdi, gəlişdi. Muğam
tarixində də önəmli hadisələr yaşandı.
Şəmsi Təbriz, Mevlanaya Kamil insan olmağa gedən yol
muğamları öyrənməkdən keçər deyə söylədikdən
sonra, Mevlana mugamları öyrənməyə başlayır
və Şur muğamındaki Səmai-Şəms şöbəsini
öz ustadının şərəfinə bəstələyir.
Mevlana, Şəmsi dinlərkən, iç dünyasında yaranan
həyəcanları və ruh hallarını Səmai-Şəms
muğamına yükləmişdir. Təbrizin insanlıq
mədəniyyəti tarixində bu kimi təsirlərini saymaqla
qurtarmaz. Bu səbəbdən də Mevlana Cəlaləddin Rumi,
türk millətinin mədəniyyət şəhri və Şəmsin
ana yurdu olan ulu Təbrizi bu şəkildə övmüşdür:
Aç
da bir karvan yükün ey sariban
Yaar
yurdu şəhri Təbrizdir inan
Cənnətin
kəndisidir Təbrizimiz
Sirr
mülkü anmışız Təbrizi biz
Göylərin
sonsuzluğundan sevgilər
Hər
zaman olsun sizə, Təbrizlilər.
Hörmətli Həsən Bəy Dəmirçi, mən də
Mevlananın bu övgüsünə qatılıb və eyni bucaqdan
baxaraq, Sizi salamlayıram. Həyatın ləzzətini, başqalarına
xoşbəxtlik, mutluluq və sevinc bağışlamaqda
kəşf edən Sizin kimi nəcib insanlar tarixin gerçək müəllimləridir,
əslində. Bütün varlığı ilə insani ideala bağlanıb,
insanlara faydalı olmaq prinsipi olmasaydı, həyatın bir
anlamı olmazdı yəqin ki. Dünyanın ötəri, keçici zövqlərinə
deyil, əbədi və daima yaşayan dəyərlərinə
bağlanmaq prosesində insan bir çox təcrübələri sınamış,
bir çox imtahanlardan çıxmış olur. Sənin də əzbər
bilib və o gözəl səsinlə oxuduğun Vahidin bu
misralarında olduğu kimi:
Biz
xərabat əhliyik meyxanələrdən çıxmışıq
Badələr
nuş etmişik peymanələrdən çıxmışıq.
Hörmətli Həsən Bəy Dəmirçi, Şərqdə
tarix boyunca qaranlıq sevən güclərlə aydınlıq
sevdalıları arasında mübarizə olmuşdur. Bu mübarizə
Qərbdə də yayğın idi, lakin Qərbdə başlayan
Renesansdan günümüzə qədərki sürəcdə qaranlıq
fikirlilərin insan haqlarına təcavüzü əngəllənmişdir.
Ancaq İslam Şərqi hələ də yüz illərdir
qaranlığa gömmüş, gömülmüş, insan haqlarına hörmətsiz
davranmaqdadır. Daha doğrusu, Şərqdə hakim olan bu dini
qaranlıq, insan haqlarının nə olduğunu anlamaq
istəməmiş, istəməməkdədir. İnsan Allaha
qurban edilir, əslində isə Allah anlayışı bu saxta
dini məfhumun içində diktatorluğun, əxlaqsızlığın
qoruyucusu kimi təzahür etməkdədir. Allah ən böyük əxlaqsızlıq
örnəyi kimi dindarlar tərəfindən göstərilməkdədir.
Ən böyük əxlaqsızlıq istibdaddır, din
xadimlərinin öyrətilərində (təlimatında)
isə, Allah istibdadın bəkçisi kimi
görünməkdədir. Sərmayənin, bir ovuç
nəcabətsiz məxluqatın qulluğunda duran cəbbar,
qəddar, qan içən bir allah anlayışı ilə qarşı-qarşıyayıq.
İmadəddin Nəsimi bu qaranlıq düşüncəli din
xadimlərinə qarşı mübarizə apardığı
üçün dərisi soyuldu. Yüzlərcə
canavar din xadimi, bir ərin dərisini soymaqdan ləzzət
aldılar. Tarix boyu belə olmuşdur. Harda bir işiq görülmüşsə,
söndürülməyə çalışılmışdır. Ancaq işıq
da sönməmişdir. İşkəncə altında dindar
insanlar tərəfindən dərisi soyulanlar ruhən bu işiqla
vəhdətdə olduqları üçün vaz keçməmişlər
öz hədəflərindən.
Cana
sən candan nə kim gəlsə, cigərlər ağrımaz
Haq
bilir bir zərrə neştərdən damarlar ağrımaz
Zahidin
əfsanəsindən soydular nahəq məni
Haq
bilir səndən şəha, sahib nəzərlər ağrımaz
Şişəmi
çün daşa çaldım, haqqı izhar eylədim
Çeşmi
əhval ağrıdan, arif bəsərlər ağrımaz
Zahidin
bir barmağın kəssən, dönər haqdan qaçar
Gör
bu gerçək aşiqi sər-pa soyarlar ağrımaz
Soyun,
ey mürdar cəlladlar, Nəsiminin tənin
Bunca
namərdi görün, bir ər soyarlar ağrımaz.
Həsən Bəy Dəmirçi, bu gün sənin tamamı
ilə haqsız yerə tutuqlanıb əziyyət edilmən bu
tarixi məntiqlə izah edilsin gərək. Tarix boyu işıqla
qaranlıq, ədalətlə zülm, dinlə ağıl qarşı-qarşıya
durmuşlar. Tarix boyunca din istibdada yardım və yataqlıq
etmişdir. Azadlıq duyğusunu öz təbiətindən
silə bilməyən, silmək istəməyən insanların
daima qaranlıq güclərin cəbhəsi tərəfindən
təqiblərə məruz qalmasına, işkəncə altına
alınmasına tarix tanıq olmuşdur. Haqqa düşmən
olanla haqqın tərəfdarlarının mübarizəsidir bu sıxıntılar.
Kimdir haqqa düşmən olan? İmaddəddin Nəsimi bu düşməni
belə şəkildə
anlatmaqdadır:
Haqqa
düşməndir fəqih, gəl uyma ol şeytan kim
Yoxdur
ol cin xilqətin zatında iqrar istəmə
Bir
əmin məhrəm bulunmaz, ey Nəsimi, çün bu gün
Xəlqə
faş etmə bu rəmzi, kəşfi əsrar istəmə.
Lakin din xadimlərinin işkəncələri ilə bu
məş´əl sönməmişdir, sönəməz. Çünkü bu
insanlıq idealı üçün həyatını vəqf edən
insanlar var. Bu insanların fəlsəfəsi bundan ibarətdir:
Xilqətim
yoğrulub yapıldığı dəm
Yalnız
bu iş üçün göndərildim mən
Dünyaya
gəlmək səbəbini bir rəsalət, bir görəv
olaraq düşünən insanlar var. Şəmsi Təbriz deyir ki,
Tanrı o dünyada insanı xətası və suçu üzündən
cəzalandırmaz. Tanrı, fəqihlərin, zahidlərin söylədiyi
kimi cəllad və insanları əziyyət etməkdən xoşlanan
sadist birisi deyildir. Tanrı axirətdə o insanı
cəzalandırar ki, bu dünyaya bir görəv üçün gəldiyinin
fərqində olmasın. Bu dünyada yapılması
gərəkən fədakarlıqlar, yaxşılıqlar, gözəlliklər
yapılmırsa, o zaman Tanrı, insanı cəzalandıra
bilər. Bu dünyada haqq, doğruluq kimi bir dilbərin vurğunu
olmaq, ona könül vermək, onun uğruna düşünmək, tar çalmaq,
şərqi söyləmək, rəqs etmək əxlaqi həyatın
zərurətlərindəndir. Belə təbiətə sahib
olan insanlar bu məfhumlarsız yaşaya bilməzlər.
Dilbəra
mən səndən ayrı təndə canı neylərəm
Tacü
taxtı, mülkü-malı, xanımanı neylərəm
İstərəm
vəsli cəmalın ta qılam dərdə dəva
Mən
sənin bimarınam, özgə dəvanı neylərəm
Çox
dualar qılmışam mən xaliqin dərgahına
Çün
muradım hasil olmaz mən duanı neylərəm
Dilbər
aydır, ey Nəsimi, sabir ol, qılma fəğan
Mən
bu gün səbr eylərəm, ah ü fəğanı
neylərəm.
İnsan öz mənində, daxili dünyasında
həyatın və kainatın mə´nasını daşımaqdadır.
Bu mə´na aşama-aşama, mərhələ-mərhələ
dərk olunur. İnsanın ən böyük hakimi onun fitrəti
və vicdanıdır. Vicdanla özdeşləşən,
eyniləşən anlayışlar insan bətnindən çıxarıla
bilməz. Hər bir mə´nəvi nailiyyət, insan həyatının
əxlaq və davranış sistemində yer aldığı
üçün, onsuz yaşamaq mümkün olmaz. Ancaq əxlaq nizamı içərisində
özünə yer edən mənəvi dəyərlər, insanın
hissi və fikri dərinləşməsinin xidmətində
olan sənət növləri ilə də əldə edilir.
Dəhriyyatın, hissiyyatın, kainatın bütünü ilə
ruhən təmasda olan bir insan özü-özlüyündə bir kainatdır.
Fərd, vücud olaraq haqqın məkanına çevrilir.
Mən
mülki cahan, cahan mənəm, mən
Mən
haqqa məkan, məkan mənəm, mən
Mən
külli cəhanü kainatəm
Mən
dəhrü zaman, zaman mənəm, mən
Siz,
canıma qıysanız da, cəllad,
Lakin
əbədi olan mənəm, mən
İnsanü
bəşərsən, ey Nəsimi,
Həqqa
ki, həman, həman mənəm, mən.
Hörmətli Həsən Bəy Dəmirçi, hər devranın
öz haqlıları, aşiqləri və əxlaq, eşq
memarları var. Din qaranlığı bu yaradıcı insanlara
işkəncə versə də, ancaq onlar da öz sənət
və inanc işıqları ilə öz devirlərinə işıq
saçmışlar.
Ay
ilə günəş üzün heyranıdır
Müşk
ilə ənbər saçın pərhanıdır
Çün
Nəsimi devranın sultanıdır
Devr
onun, devran onun devranıdır.
Əziz
Həsən Bəy Dəmirçi, mən bu məktubu sənə
yazarkən, bəlkə də sən islam rejiminin qaranlıq
zindanlarında işkəncə altındasan.... Sənin bir günahın
var, o da öz vətənini, Azərbaycanı sevmək...
16.06.2006