Universal
Inam axtarışında
I
hissə
Da
Vinçi kodu və Qoca Şərq

Son zamanlar dunya massmediasında qalmaqallara səbəb olmuş
Con Braunun Da Vinçi Kodu romanı müzakirə edilir.
C. Braunun Amerikan məharəti ilə yaratdığı bu
postmodern əsərində detektiv və tarix, din və
fəlsəfə, inam və
şübhə, elm və incəsənət, feminizm və
digər mövzular, iç-içə girərək,
geniş oxucu kütləsinin diqqətini çəkmişdir.
Bu romanın kitab variantı əsasında çəkilən
eyni adlı bədii film, xristian
dindarların dünyada fəal etirazına səbəb olmuşdur.
Onlar filmin kütlələrə
nümayişini qadağan
etdirməyə çalışmışlar. Azərbaycanda da bu
bədii filmin kinoteatrlarda göstərilməməsi üçün müsəlman
din xadimləri ölkənin Mədəniyyət Nazirliyinə müraciət
edib, vətəndaşlarımızın
mənəvi-əxlaqi qeydinə qalıblar. Bu
xəbər məni narahat etməyə bilməzdi,
çünki ikiyə bölünmüş yurdumun başına
gələn bəlaların səbəblərindən öndə
duranı dini fanatizm,
bisavadlıq, xurafat və mövhumatdan əl çəkə
bilməməkdir. Romanda baş
verən yarımuydurma, yarımgerçək tarixi faktlara əsaslanan
hadisələrin arxasında müəllifin əsas demək
istədiyi fikirlərin qeyri-xristian xalqlara da
aid olduğunu söyləmək istərdim.
Əsərin baş
ideyası, adamların dini ehkamları, doqmaları ötüb keçə
bilməməsi problemidir. Dinin mahiyyətini anlamamasından törəyən
cinayətlərin, insan haqlarının, xüsusilə də qadın
haqlarının tanınmamasının qarşısını
almaq istəməsidir. Müxtəlif dinlərin İşıq,
Nirvana, Tanrı,
Boq, Allah, Eşq, Mütləq və s. adlandırdığı
Əzəli, Sonsuz və Kamil İlahi
Qüdrətin hamı
üçün eyni olduğunu müəllif
yada salmağa çalışmışdır: Allah hər bir
dində metafora (məcazi məna), alleqoriya və müxtəlif
şişirtmələrlə təsvir edilir. Metafora,
qəbuledilməz olanı şüurumuza qəbul etməyə köməkçi
vasitədən başqa bir şey deyil. Problemlər, metaforaları
hərfi mənada başa düşəndə yaranır... Dini
alleqoriya tədricən reallığın bir hissəsinə dönüşmüş.
Müəllifin bu yanaşması, qədimdən günümüzə
gəlib çıxan Hind, Şərq
fəlsəfələrindən süzülüb gəlmişdir.
Qədim himnlərdə Hər yerdə mövcud olan,
Əbədi, Sonsuz və Qəti Prinsip, insanın anlama
qabiliyətini üstələyir. Söz və
bənzətmələrlə Onu yalnız kiçiltmək olar;
buna görə də Onun haqqında heç bir mühakimə
mümkün deyil. Mütləq, Sonsuzluqdur, buna görə də müxtəlif
fikirlər Onu yalniz məhdudlaşdıracaq.
Sonsuzluq əzəməti və gözəlliyi bəsit
təsəvvürlərimizə və
terminlərimizə sığmır. O,
təsvirəgəlməz hüdudlarda
qalmalıdır. Bütün
Hind əfsanələrində Parabraman və ya Mütləq,
sırf fəlsəfi anlayışdır, Varlıq və
Yoxluq üzərində qurulan Kosmosun prinsipi, başlanğıcı
və ya qanunudur.
Məlumdur ki, Sokrat, Dünya Mahiyəti sirrinin müzakirəsindən
daima imtina edirdi. Kilsə
və məscidin din xadimləri bu
fəlsəfi anlayışı allah ideyasina çevirərək,
şəxsiləşdirərək, öz inhisarlarına almağa
çalışmışlar. Belə kiçiltmə ilə bu
nəhəng anlayış allah şəxsiyətinə,
Kainatın Hakimi anlamına endirilmişdir.
Artıq bu simalı, şəxsiyətli və
cismləşmiş tanri müəyyən xasiyətə malikdir:
o qəzəblənir, cəzalandırır, mükafatlandırır.
Onu ancaq dualarla, xüsusilə də qulluqçularına müəyyən
qurbanlar gətirməklə yumşaltmaq mümkündür.
Bundan fərqli düşünən fikir sahibləri kafir
adlanaraq hər zaman təqib
edilmiş, tonqallarda yandırılmış,
dəriləri soyulmuşdur. İndinin özündə də İran
kimi ifrat dindar ölkələrdə aydınzəkalılar
təhlükələrlə üz-üzə qalmaqdadırlar.
C.
Braunun Da Vinçi kodu romanındakı ideyalarını, eramızın
VII əsrində islamdan qopan batinlik adlı dini-fəlsəfi
təriqətin populyarcasına yenidəndərki kimi qəbul
etmək də mümkündür. Ərəbcə batin sözü, daхili,
məхfi deməkdir. Batinlilər (Farabi, İbn Sina, İxvan-üs-Səfa
və ya Səfa Qardaşları, Şəms Təbrizi,
Həllac, Nəimi, Nəsimi, İbn Rüşd və s.)
Quranı hərfi mənada anlamağın yanlış olduğunu,
onun şeirlərinə məcazi məna verməyin, onda
sirlər tapmağın gərəkliliyini
müdafiə edirdilər.
Batinçi Farabi
hesab edirdi ki, həqiqi dinin obrazlı simvolikası, intellektual
inkişafın və hazırlığın çeşidli
səviyyəsində müхtəlif cür şərh edilə
bilər, lakin həqiqət bir olaraq qalır və onun
dərkinə gedən yol, prinsip etibarilə, hamıya açıqdır.
Ancaq adam abstraksiyalarla düşünə bilmirsə, onda bu simvollar,
əlbəttə, onun üçün dini əsatirlərə --
antropomorf Allaha, məleykələrə, dünyanın zamanda
yaranmasına və s. dönür. Beləsini öz fikrindən daşındırmaq
nəinki mənasızdır, hətta zərərlidir.
Farabinin davamçısı Ibni Sina da Quran
mətnlərinin dini məzmun və mənasını müəyyən
fəlsəfi müddəaların yalnız simvolik, alleqorik
ifadələri kimi təqdim edirdi. Düşüncə, bilgi,
məntiqi nitqin, dini münasibətlərin izahıyla bağlı
Avisenna (Ibn Sina) fəlsəfənin -- həqiqi bilik, dinin
isə onun yalnız alleqorik əksi olduğu fikrindəydi.
Şərqin digər mütəfəkkiri Ibni Rüşd
də Quranın zahiri (görünən, oхunan) və daхili
(gizli, dərk edilən) qatları olduğuna inanırdı. O,
gizli qatın sirlərini yalnız fəlsəfəylə,
təfsir, interpretasiyalarla anlamağın mümkünlüyünü hesab
edirdi. Ibni Rüşdə görə,
mətnin fəlsəfi qiymətləndirilməsi
analizə, deduksiya və
induksiyaya əsaslanır. Onun fikrincə, inam, məlum olanlara
istinad edərək naməlum
olanın kəşfi və izahıdır. Təfsir və
məntiqi analiz elmlərini gəlişdirən
Ibni Rüşd, elmdən uzaq olan adamlara ehkamın yalnız zahiri
tərəfini göstərməyin kifayət olduğunu, belə
adamlara məntiqi yolla müqəddəs sirrləri aşılamağın
yanlışlığını düşünürdü. Mürtəce müsəlman
ruhaniləri, başda Qəzzali olmaqla, məntiq elminin
öyrənilməsi adamları dindən uzaqlaşdıraraq,
kafirliyə gətirib çıхaracağını
deyirdi. Bu səbəbdən məntiqə ədavət
bəsləyir, bütovlükdə onun
əleyhinə çıхış edirdi. Ibni Rüşd ömrünün
sonunadək, rəqibləri ilə qətiyyətlə mübarizə
aparmışdı. Azərbaycan din xadimlərinin Con Braunun
Da Vinçi Kodu əsərinə aqressiv münasibətləri
İbni Rüşd (məntiqçilərin)Qəzzali (təqlidçilərin)
qarşıdurmasının davamıdır.
İlahə Ucaruh