Güntay Cavanşir
Milli kimliyin yüksəlişi və
Babək Xürrəmdin
1. Aydınlanma hərəkəti
2. Şübhə artarsa, həm yəqin artar.
3. Babək Xürrəmdin dönəmi.
4. Nədən Babək Xürrəmdin?
5. Mürtəza Mütəhhəri : Babək
adı.
6. Babək və Koroğlu şəxsiyyətlərinin
eyniliyi
7. Şeir
1. Aydınlanma hərəkəti
Güney Azərbaycan Milli Hərəkəti,
milləti öz varlığının aydınlığına
bürümək anlamındadır. Bu, Azərbaycan tarixi baxımından
aydınlanma çağı olaraq anlaşılmalıdır. Aydınlanma
çağlarında millətlər, dini doqmalara, ehkamlara qarşı
düşüncə planında mübarizə aparmışlar. O
doqmalar ki, insan mənəviyyatını və əxlaqını
çarmıxa çəkmiş, insanı sərt yasaqları ilə aşağılamışdır.
Bu mübarizə prosesində daha əski tarixlərdə mövcud
olan təcrübələrdən də yararlanılmışdır.
Örnək olaraq Avropada Renesans və Aydınlama
hərəkətləri əski Yunan fəlsəfi
ağlına müraciətlə başlamışdır.
Hətta islamın da aydınlanma çağı olaraq təsbit
edilən VIII əsrin ikinci yarısından IX əsrin birinci
yarısına qədərki zaman dilimi əski Yunan
fəlsəfəsindən və elmindən yararlanaraq gerçəkləşmişdir.
Bu dönəmdə daha ussal (əqli) məzhəb olan Mötəzilə,
əski Yunanın zehni birikimlərini, nailiyyətlərini
ərəb dilinə tərcümə etmişdir. İnsan ağlına
verilən bu əhəmiyyət səbəbi ilə islam dünyasında
fikri planda sıçrayış ortaya çıxmışdır. Mötəzilə
kimi bir məzhəbin rəsmi dövlət ideolojisi olmasının
və daha sonra da onun yasaq edilib və qaranlıq çağa gömülmənin
səbəbinin Babək Xürrəmdinlə də əlaqəli
olduğunu söyləmək mümkündür. Azərbaycanda Təbriz
mərkəzli aydınlanma çağının başladığı
bir dönəmdə milli dildə bilgilənmə və əqli
imkanları genişlətmə ehtiyacı ortaya çıxmışdır.
Bu ehtiyaca səbəb olan nə imiş? Bu sualın bilinən
və bilinməyən cavabları ola bilər. Bilinən cavab
bundan ibarətdir ki, aydınlanma və zehni imkanları
dərinləşdirmə bütün millətlərin yazqısıdır
(aqibətidir). Bu yazqını yaşamayan toplumlar tarixdən
silinməyə məhkumdurlar. Ancaq bəlli zaman-məkan şərtlərinə
görə aydınlanma sürəci fərqli millətlərdə müxtəlif
tarixlərdə başlamışdır.
2. Şübhə artarsa həm
yəqin artar
Aydınlanmanın zamanını bəlli
edən isə şübhə olmuşdur. Nə zaman
fəlsəfi şübhə bir millətin ağlına girmişsə,
aydınlanma da o andan etibarən ortaya çıxmışdır.
Şühbə, zehni və əqli dərinləşmənin
dinamikasıdır. Aydın insanın missionu toplumda şübhə
oyatmaqdan ibarətdirsə, aydınlanmanın da əsasında
şübhəci bir devingənlik (hərəkətlilik) durmaqdadır.
Şəkkakiyyət, təkamülün yol göstəricisidir. Bunu böyük
filosof və şair Hüseyn Cavid Şeyx Sənan dram əsərində
bu şəkildə anlatmaqdadır:
Şübhə artarsa, həm yəqin artar
Mərifət nuru şübhədən parlar
Şübhədir hər həqiqətin atası
Şübhədir əhli-hikmətin anası.
Bu gün vətənimizdə dərin
fəlsəfi bir şübhə insanların ağlını işğal
etmişdir. Bu şübhə böyüyüb, genişləyib toplumun bütün
qatmanlarına (təbəqələrinə) endikcə cavab
verilməsi gərəkən sual ortaya çıxır. Bu suallara
verilən cavablar prosesində milli düşüncə tarixi də
araşdırılır. Tarixdəki bəzi təcrübələrdən
yararlanma ehtiyacı ortaya çıxır. Türk millətinin dini dönəmə
girişi təhqiq və tədqiqlə gerçəkləşməmişdir.
İslamın qəbullənməsi iki yolla olmuşdur:
1. Yazıb-oxuması
olmayan və qənimət üçün savaşıb adam öldürən,
Qurandan yalnız Qutilu fi səbillullah!
(Öldürün Allah yolunda!) və Qutilu la yominuun! (Öldürün
mömin olmayanları!) kimi ayələri adamları öldürüb,
mallarını almaq üçün əzbər bilən işğalçı
müsəlman-ərəb ordularının qılıncı hesabına
islam qəbul edilmişdir.
2. İslam haqqında bilgisi olmayan, ancaq böyüyən dövlətinin
siyasi mənafeyi üzündən müsəlmanlaşıb və türk
millətinin də müsəlmanlaşmasına əmr verən türk
sultanları hesabına müsəlmanlıq sürətlə yayılmış
və türk millətinin kimliyini həzm etməyə başlamışdır.
Türk kimliyinin məntiqindən yola çıxaraq, bir milli projə
ilə islamı qəbul etmək daha da faydalı ola bilərdi.
Örnək olaraq ilk müsəlman türk dövlətinin sultanı Satuq
Buğra islamın Hənəfi məzhəbini qəbul
etdikdən sonra gördüyü ilk iş türkcə olan adını
dəyişdirib və ərəbcə ad almışdır.
Satuq Buğra adını atıb, Abdulrəhman adını
tərcih etmişdir (!). Güya bu vəsilə ilə müsəlmanlaşmışdır.
Bir çox bu kimi örnəklərdə olduğu kimi, türk milləti
islamı öz (cövhər) olaraq deyil, zahir olaraq qəbul etmişdir.
Heç bir zaman da islamı cövhər olaraq anlaya biləcəyi sanılmır,
çünkü islamın dili ərəbcədir. Ərəb dilinin
grammatikasına bələd olmayan adam Quranın nə zahiri
estetikasını, nə də məzmununu anlaya bilər.
Hər bir inanışın və ya düşüncənin öz (cövhər)
olaraq qəbul edilməsi üçün onun araşdırılması,
təhqiqdən sonra qəbul edilməsi
gərəkməkdədir. Əslində isə nə
Məhəmməd, nə Əli, nə Əbubəkir və
nə də bu kimi adların islamla bir əlaqəsi yoxdur, çünkü
islam gəlmədən öncə də onların adı bu şəkildə
idi, islamdan sonra bu isimlər onlara verilməmişdir. Bu adların
hamısı ərəb dilinin, ərəb kimliyinin göstərgəsidir.
İslamı kimlik daha sonra bu adlara yüklənmişdir. Hətta
müsəlman olmayan Məhəmməd peyqəmbərin atasının
adı Əbdulla idi. Bu adlar dini kimlik deyil, ərəb kimliyi daşımaqdadırlar.
Bütün bu tarixə və onun mahiyyətinə qarşı
aydınlanma çağını yaşayan Güney Azərbaycanın
səyyal, dialektik zəkasında şübhə ortaya çıxmışdır.
Şübhənin yaranması, olayın inkarı anlamında
deyildir, onun araşdırılması və müsbət
dəyərlərin tədqiqlə qəbul edilməsi və
bizi içimizdən məhv edən dini və qeyri dini ənənlərin
isə sökülüb atılması deməkdir. Bu şübhə üzərinə
professor Məhəmmədtəqi Zehtabi, İslam dönəmi
tarixi incələməyə ehtiyac hiss etməmişdir. Çünkü
türk-islam tarixi mahiyyəti etibarı ilə milli şüurun inkişafına
xidmət etməməkdədir. Bu dönəmin məzmunu ərəb-fars
kimlikli, siyasi gövdəsi
isə zahirən türklüyü ifadə edən, itirilmiş milli
həyatdır. Digər tərəfdən, Zehtabinin İslam öncəsi
türk tarixinə önəm verməsinin bir səbəbi də bu
şəkildə ola bilər ki, aydınlanma çağlarında
din otoritəsinin, din təcavüzkarlığının daha öncəsinə
getmək təbii bir ehtiyacdır. Millətlər, özəlliklə
etnik tarixini bilmək istərkən, dinlərin, xalqları ümmət
adı ilə yoğurub bir-birinə qarışdırmasına
etiraz olaraq, dinöncəsi tarixə müraciət etməyə
ehtiyac hiss etmişlər. Ümmətçilik dönəmində türk
milləti öz etnik biçimini itirmə prosesini yaşamışdır.
Etnosun dili arxa plana edilmiş, dəyərləri aşağılanmışdır.
Bu gün Güney Azərbaycanda etnosun fikri və hissi böyüməsi sürəcində
ümmətçilik dönəmində ortaya çıxan antimilli alışqanlıqlara,
vərdişlərə etiraz aksionu ortaya çıxmışdır.
Bu etiraz, millətin ən dərin ruhi, hissi və fikri qatlarından
qaynaqlanmaqdadır. Azərbaycan-türk milləti öz milli coğrafiyasında
tarixini araşdırarkən, çox qısa müddətli olmasına
rəğmən cəsarət, şərəf, böyük
millət olma örnəyi olan bir dönəmlə qarşılaşmaqdadır.
3. Babək Xürrəmdin dönəmi
Milli dövlətimiz olmaması səbəbi
ilə bu dönəm üzərində də fars faşizmi saxta
tarix teoriləri uydurmuşdur. Fars şovinizmi əsas olaraq
Babəki fikri baxımdan Məzdəkçiliyə və irqi baxımdan
Sasanilərə bağlamağa çalışmışdır.
Bu tezis üzərinə təbliğatlarını yürütməkdədirlər.
Güya Babəkin atası Sasanilərin paytaxtı Tisfondan Qaradağa
gəlmiş və sonra da Babək İranlıların
ərəblərə qarşı apardığı mübarizənin
rəhbərliyinə yüksəlmişdir! Əlbəttə ki,
hər olayı Sasanilərə bağlamaq fars şovinist tarixçilərinin
alışqanlıqlarıdır. Ancaq onlar bu sualı ümumiyyətlə
ortaya qoymurlar ki, Babəkin atası o zaman nədən
Mədayindən Qaradağa gəlmiş və necə olmuş
ki, qısa bir müddətdə Azərbaycan əhalisinin kültürü
ilə qaynayıb qarışmış, sonra da Azərbaycan türklərinin
xilafətə qarşı
savaşında hərəkətin başına keçmiş?
Azərbaycan xalqı nədən bir yabancıya güvənib onu
özünə rəhbər seçmişdir? Əlbəttə ki, fars
faşizminin bu uyduruğunu aydınlanma çağını yaşayan
Azərbaycan zehniyyəti qəbul edə bilməz. Türkiyə Cümhuriyyətinin
rəsmi tarix kitablarında da Əfşinin türk,
Babəkin isə türk olmadığı savunulmaqdadır. Türkiyədə
şəkillənən bu tarix zehniyyətinin səbəbi Atatürkün
ölümündən sonra islamçı tarix teorisinin atatürkçü tarix
teorisini dışlayıb və tarix qurumlarını işğal
etmə çabasının nəticəsində olsa gərək.
Ortada müsəlman olan Əfşin və müsəlman olmayan
Babək var. Müsəlman tarixçi, dini
simpatisindən yola çıxaraq Əfşini tərcih
etməkdədir. Ancaq elmin heç bir hissiyata dayanmaması
gərəkməkdədir. Əfşinin türk olduğunu
isbatlamaları üçün yetərli dəlilləri yoxdur. Atatürkçü
tarix tezisi Osmanlı tarix tezisinə qarşı ortaya çıxan
bir sistemdir. Atatürkçü tarix tezisi, türk tarixini bir bütün olaraq
anlar. Etnik təşxisdə din bəlirləyici rol oynamaz. On
il Türk Dil Qurumunun başqanlığını yapmış böyük
dilçi və fikir adamı Macit Gökbərk Dəyişən dünya,
dəyişən dil kitabında belə yazır :
Mənim quşağım (nəslim) ilk oxulu padşahlıq
dönəmində oxumuşdur. Yalnız Osmanlı tarixini oxutdular.
Osmanlıdan öncə Anadoluda səlcuqların da olduğunu oxul
dışında sonradan öyrəndik. Macit Gökbərkin söylədiyi,
məsələn, Səfəvilərə də aiddir.
Səfəvi tarix anlayışı da yalnız şiə
tarixinin öyrənilməsinə həsr olunmuşdur. Atatürkçü
tarix tezisi bunlara qarşıdır. Türk milləti
mədəniyyət planında bir bütündür və türk tarixi bu
bütünlük anlayışı bağlamında ələ alınmalıdır.
Biz, Babək Xürrəmdini özbə-öz, soyba-soy
Azərbaycan türkü, Azərbaycan türk tarixinin parlaq dönəmi
olaraq qəbul edir, günümüzdəki fars faşizminə qarşı
mübarizəmizdə onun ulu ruhundan güc alırıq.
4. Nədən Babək Xürrəmdin?
Babək Xürrəmdin, Güney Azərbaycan Milli
Hərəkətinin sanki yaşayan rəhbəri kimi
millət tərəfindən sevilməyə başlamışdır.
Babək Xürrəmdinin istiqlal idealına sarılma, əslində
öz soyu üzərində dərinləşmək, kimlik kodlarını
axtarmaqda qərarlı olan millətin iradəsini yansıtmaqdadır.
Babək Xürrəmdin 23 il dünyanın ən böyük imperatorluğu
ilə həm hərbi, həm də fikri planda mübarizə aparmış,
Bizans imperatorluğu və bölgənin digər kiçik, böyük dövlətləri
ilə geniş miqyaslı diplomatik əlaqəyə girmişdir.
Babək Xürrəmdini məğlub etmək Abbasi xilafəti
üçün önəmli hədəf idi. Çünkü onun Mərkəzi
Asiyaya uzanması üçün Babək mane olmaqda idi. Bir çox savaşlarda
məğlub olan Abbasi ordusu Babəkin strateji və taktikalarına
heyran qalmış, onların inanclarının nə olduğunu
öyrənməyə ehtiyac duymuşdur: Azərbaycanda yayğın
olan Şirvinlik inancı nədir ki, müsəlman ordularına
qarşı Azərbaycan türklərini bu şəkildə gücləndirməkdə
idi? Bu suallara cavab vermək üçün xilafət daha rasional bir
məzhəbə ehtiyac duymaqda idi. Abbasi imperatorluğunun çevrəsindəki
inancları araşdırıb, onların mahiyyətini dərk
edəcək bir məzhəb lazım idi. Bu səbəbdən
Babəkiliyin az qala xilafəti devirdiyi bir ortamda Mötəzilə
məzhəbi dövlətin rəsmi ideolojisinə dönüşdü.
Babəkin məğlubiyətindən sonra da Mötəziləyə
ehtiyac qalmadı. Daha fundamental olan Əşəri
məzhəbi xürrəmilərin məğlubiyyətindən qısa
sürə sonra iqtidara daşındı. Babək Xürrəmdinin dönəminə
aid heç bir əsər qoymamışlar qalsın, hər şeyi
məhv etmişlər. Yalnız müsəlmanların yazdığı
rəddiyyələrdə Babək haqqında bilgi vardır.
Yəni babəkilərin inanclarından örnəklər
gətirib və sonra da onları rədd edən müsəlman
tarixçilərin yazdıqları az-çox qalmaqdadır. Müsəlman
tarixçilərin islam məntiqi əsasında pislədiyi
babəkçilik nə kimi mahiyyətə sahibmiş?
Babək Xürrəmdin, müsəlmanların
erkək Allaha inanmalarını anlaya bilmirdi. İslamda Allah dişi
deyil, cinsiyətsiz də deyildir. İslamın Allahı
erkək soyludur. Quranda hüvə (o) zəmiri erkək və
həyə(o) zəmiri dişi cinsiyyəti
bildirməkdədir. Hüvəl- əvvəl, hüvəl-axər
(O əvvəldir, o axərdir) kimi ayələrdə Allah
erkək varlıq kimi görünməkdədir. Müsəlman inancında
Allahın erkək karakterə sahib olması nədəni
ilə qadın da ikinci dərəcəli insan ya da
erkəklərin istifadə etməsi gərəkən əşya
kimi anlaşılmaqdadır. Ancaq Babəkilərdə yayğın
olan Şirvinlik inancında qadın-kişi bərabərliyi mövcud
idi. Şirvinlik inancında Tanrı cinsiyyətsizdir, yəni
nə erkəkdir, nə də qadın. O tamdır, bütündür.
Bu inanc dolayısı ilə Babək zamanında qadın-kişi
bərabərliyi mövcud idi. İctimai haqlar baxımından, qalıtımlıq
(varislik) baxımında hər şey qadın və kişi
arasında eşit şəkildə paylaşılırdı.
Məsələn, bir ailə başçısı öldüyündə,
onun maddi var-dövləti qız evladla oğlan evlad arasında
bərabərcə paylaşılırdı. Islam bu
bərabərliyi ortadan qaldırdı. Xürrəmilərdəki
qadın-kişi bərabərliyini müsəlman tarixçilər öz
inanclarına sığdıra bilmədikləri üçün Xürrəmilərə
töhmət və iftira atmağa başlamış, onları
əyyaş, oğuşsuz (ailəsiz), əxlaqsız adlandırmış,
qadınların paylaşıldığını yazmışlar.
Ancaq tarixi verilərə görə, o zaman Azərbaycanda oğuş
(ailə) sistemi formalaşmışdır. Ailə sosiolojisində
3 mərhələ təsbit edilmişdir: 1.Poliqamia (seksi
kommunizm, yəni bir qadin bütün erkəklər, bir erkək bütün
qadınlar üçün) 2. Düalqamia (bir kişiyə bir neçə
qadın). 3. Monoqamia (bir qadın və bir kişi).
Azərbaycanda ailə sisteminin daha erkənlərdə şəkilləndiyi
tarix elmi üçün bəllidir. Bu səbəbdən müsəlmanların
Babəkilər haqqında yazdığı, sadəcə dini
təəssübkeşliyə dayanmaqdadır. Babək Xürrəminin
qadın haqları anlayışını müsəlmanlar əyyaşçılıq
və əxlaqsızlıq olaraq görmüşlər. Daha sonralar
modern dünya, Xürrəmilərin qadın haqları anlayışı
uğruna mübarizə aparacaqdır.
İslam tarixində istibdad (despotizm) və din
paralel olaraq gəlişmişlər. Din istibdadın və
istibdad isə dinin yardımına gəlmişdir. Babək Xürrəmdin
qurduğu Qaradağ mərkəzli
cümhuriyyətdə feodalizmin və istibdadın ortadan qaldırılmasını
hədəfləmişdi. Din, istibdadın mənəviyyatını
təşkil etmişdir. Xilafətin bu siyasəti də Xürrəmilər
tərəfindən şiddətlə tənqid edilməkdə
idi.
Müsəlman tarixçilər Babəkin ordusunun çox
düzənli və teknik baxımdan mücəhhəz olduğunu
yazmaqdadırlar. Babək bu düzən və teknik təchizat
hesabına dünyanın ən böyük imperatorluğu ilə
hərbi savaş aparmaqda idi. Bu nə deməkdir? Bu o
deməkdir ki, Xürrəmilər zamanında Azərbaycanda
hərbi teknik ürətəcək (tolid edəcək)
mərkəzlər mövcudmuş. Yəni Babəkin ordusunun
silahlarını təmin edən mərkəzlər olmuşdur.
Məsələn qılınc, ox düzəltmək üçün
dəmir əritmə, demirçilik sənəti gəlişibmiş.
Xüsusən memarlıq sənətinin Babakilər zamanında çox
gəlişdiyinə, Kəleybərdə bu gün də varlığını
qoruyan Babək Qalası vasitəsi ilə tanıq olmaqdayıq.
Əsrlərin keçməsinə rəğmən, küləyin, yağışın
qarşısında varlığını sürdürən bu qala
göstərir ki, o zaman həm memarlıq, həm də tikintidə
istifadə edilən, hətta kimyəvi maddələr haqqında
bilgi yüksək düzeydə imiş. Ancaq bütün bu
mədəniyyət ünsürləri müsəlmanlar
tərəfindən məhv edilmiş və bilim adamları, mühəndislər
əsir olaraq ya öldürülmüş, ya da ərəb ölkəsinə
aparılmışdır.
Babək Xürrəmdinin islamla deyil, ərəb
imperatorluğu ilə savaşdığını yazırlar.
Lakin bu baxış doğru deyildir, çünkü islam da ərəb
imperatorluğunun rəsmi ideolojisi idi. İslam müsəlmanlara
cəhad adı ilə təcavüz mekanizmini asanlaşdırırdı.
Bu üzdən də Babək həm xilafətə, həm də
onun inancına qarşı savaşırdı.
Babək Xürrəmdinin ordusunun içində ərəblərin
də olduğunu tarixçilər yazmaqdadırlar. Bunlar
xilafətin zülmündən Babəkə sığınanlar idi.
Bu da onu göstərir ki, Babək bütün görüşlərə hörmət
edən bir şəxsiyyət olmuşdur. Babəklə şiə
arasında yaxınlıq ola bilməzdi. Çünkü şiənin böyük
başları xilafətin ən sadiq qulları idi, hətta
şiənin imamları Babəklə savaşan müsəlman
xilafət ordusunun qələbəsi üçün dua edirmişlər.
Şiənin 12 imamı arasında, yalnız Əlioğlu Hüseyn
qiyam etmişdir. Hüseynin oğlu Zeynəlabidin, atasının
qatili Yəzidlə beyət edib onun əlindən öpdü (o zaman
beyət üçün əldən öpülürdü). Səkkizinci imam olaraq
bilinən Riza, xilafətin ortağı idi. Riza, Babək Xürrəmdin
zamanında Məmunun Xorasandaki vəliəhdi idi. Məmun, öz
qızı Ümmihəbib´i vəliəhdi olan Riza ilə
evləndirmişdi. İmam Riza öldükdən və ya öldürüldükdən
sonra Məmün digər qızı Ümmifəzl`i onun oğlu,
şiənin doqquzuncu imamı Məhəmmədtəqi ilə
evləndirdi. Məmunun özəl tarixçisi olan İbni-Riyad,
Məhəmmədtəqinin Ümmifəzllə
evlənərkən toy mərasimi haqqında bu şəkildə
yazır: Sarayın salonlarından yüksək şənlik
səsləri eşidilir. Sanki məllahlar (gəmiçilər)
şərqi söyləyirlər. Adama elə gəlir ki,
xilafətin sarayı böyük bir gəmi kimi hərəkətə
keçecəkdir. Teştlərin içində səltənət sarayına
gümüş daşıyan kölələr gözə çarpır. Bu teştlər
ipək iplərlə çəkilən incə arabalara yüklənmişdir.
Mə`mun öz damadı Məhəmmədtəqinin başına
müşk və zə´fəran danələri səpir. Bu
danələrin hər biri bir məmləkətin
qəbaləsinə (sənədinə) bədəldir. Bu
danələrdən hər kəs götürə bildi isə, bir
məmləkətə kölələri ilə bir yerdə sahib
olurdu. Hər kəs bu danələrdən bir və ya bir neçəsini
əldə etsə idi, bir anın içində yoxsulluqdan
zənginliyin təpəsinə çıxırdı. Şübhəsiz
ki, həyatını zülm yolu ilə qazanılan zənginlikdə
keçirən imamlara Babək xoşgörü ilə baxa bilməzdi.
Şiənin onbirinci imamı olaraq bilinən Həsən Əskərinin
Cəfər adında qardaşı var idi. Ona şiə əhli
Cəfər kəzzab (yalançı Cəfər) deyirdi,
çünkü o, Allahın birliyinə and içmişdi ki, qardaşı
Həsən Əskərinin Mehdi adında oğlu olmamışdır.
5.Babək adı
1979-cu ildə
İslam İnqilabı gerçəkləşərkən şiənin
öndə gələn böyük başları Babək Xürrəmdinlə
bağlı münasibət göstərdilər. Əslində onların
bu münasibətləri öz fikir və inanc əcdadlarınkından
heç də fərqlənmirdi. İslam İnqilabının
ideoloqlarından birisi, Mürtəza Mütəhhəri Panezdəh
qoftar (Onbeş söyləm) kitabında Babək mövzusuna
toxunmuşdur. Mütəhhərinin bu münasibətini hər il Güneydə
Babək Qalasına axın zamanı yaxınlaşdıqca,
müxtəlif qəzetlərdə dərc edirlər. Mütəhhəri
Babəkin adı başlıqlı
dəyərləndirməsində yazır:
İslamiyətə düşmənçilik etmiş, müsəlmanlarla
savaşmaqdan başqa heç bir fəziləti olmayan birisnin adını
evladımıza qoysaq, məsələn evladımıza
Babək adını versək, sabah uşaq böyüdüyündə
baxıb görəcək ki, dostlarının adı Həsən,
Hüseyn, Əli, Aabbas və Murtəza ikən, onun adı
Babəkdir. O zaman çocuq da deyəcək ki, baxım görüm
mənim adaşım olan bu Babək kim olmuş? Babəkin sorağına
getdikdə isə görəcək ki, bu adamın həyatında
cinayətdən, islamla savaşmaqdan başqa heç bir şey
olmamışdır.
Babəkin haqqında söylənən təriflərin hamısı
yalandır. Babəkin ərəblərlə savaşdığını
deyirlər. Nə zaman Babək
ərəblərlə savaşmış? Babək ərəblərlə
deyil, iranlılarla savaşırdı. Babəki iranlılar
öldürdü və onunla savaşda 250.000 iranlı öldü. Ərəblər
o zaman kiçik bir irq idi və ərəblərin sayı çox az
idi. Babəklə savaşan ordunun komutanı Əfşin adında
bir iranlı idi. Əfşinin əsgərləri də
tamamən iranlı idi.Gedin tarixi diqqqətlə oxuyun! Görəcəksiniz
ki, Babəklə savaşan ordunun bütün şüarları irancadır.
Bütün adlar iranidir. Babəklə savaşan iranlıların
kafir öldürən adında gürzləri var idi.
Ərəb məsələsi ortada yox idi, Babək, islam
və müsəlmanlarla savaşırdı. Mötəsəm
xəlifə idi, lakin Babək, Mötəsəmlə savaşmırdı.
Əgər iranlılar Babəki islam düşməni bir ünsür
olaraq tanımasaydılar, Mötəsəmin yanında yer alaraq
Babəklə savaşmazdılar. İranlılar Mötəsəmə
nifrət edirdilər, lakin Mötəsəmə nifrət hesabına
gəlib Babək kimi bir zındığı təyid etmək
istəmirdilər. O zaman inranlılar düşünürdülər ki,
əgər Babək və Mötəsəm arasında birini
tərcih etmək lazımsa, Mötəsəm Babəkdən daha
yaxşı və tərcih olunasıdır.
Uşaq böyüdükcə, adının Babək olduğunu görür
və istər-istəməz onda öz adaşına bir simpati
və hörmət oyanmağa başlayır. Nə qədər
bu şəkildə nümunələrdə görülmüşdür ki,
belə adlar çocuqları inhirafa, pis yola sürükləmişdir.
İslam zarafat-filan qəbul etməz, onun şüarlarını
və sınırlarını qorumalıyıq. Ancaq
əgər islamı qorumaq kimi bir istəyimiz yoxdursa, o, başqa
məsələ. Mən o insanlara xitab edirəm ki, müsəlmandırlar,
lakin qəflət və bilməzlik üzündən belə işlər
görür, evladlarına Babək kimi sevimsiz ad qoyurlar. Bu
qafillər oyanmalıdırlar. Ancaq əgər birisi müsəlman
deyil və islamla düşmən isə, bizim belələri
ilə bağlı olaraq başqa
sözümüz və məntiqimiz var.*
Göründüyü kimi, Babək
Xürrəmdinin özgürlük anlayışına qarşı düşmənçilik
bitməmiş, davam etməkdədir.
Müsəlmanlar
türk millətini yəcuc-məcuc olaraq görürdü.
Yəcuc-məcuc Quranda adı keçən əcayib-qərayib
insan kimi məxluqdur. Sanki xilqətdəki bir yanlışlıq
üzündən yaranmışlar. Bu üzdən də türklərin öldürülüşü
üçün hədislər də uydurmuşdular. Yeddi türk başı
kəsənin yeri cənnətin yeddinci qatı olacaqmış
deyə, müjdələrdə bulunurdular. Babəkin
yenilgəsindən sonra Azərbaycan türk
mədəniyyətinə və kimliyinə müsəlmanların
münasibəti də bu əsas üzrə olmuşdur. Yəni
yəcuc-məcuc mədəniyyətindən tarixdə heç bir
əsər-əlamət qalmamalı idi.
Ərəb müsəlmanlarının Azərbaycanda
məhvetmə siyasəti nəticəsində milli
dəyərlər kollektiv bilincaltına, mitolojilərə daşınmaq
zorunda qaldı.
6.
Babək Xürrəmdin və Koroğlu
Millətin həyat duyğularını yansıtan
dəyərlərə yasaq gətirildiyində, bu duyğular
asanlıqla ortadan qalxıb, yox olmaz. Milli həyat duyğuları
yaşaya bilməsi üçün özünə mənəvi məkan
axtarar. Gerçək məkanda həyat şərtlərini tapmadığında,
milli, kollektiv şüuraltına sığınaraq, öz həyatına
davam edər və bu zaman daha çox dilin özünü gəlişdirmə
meydanı olan mitolojilərə (əsatirlərə) yerləşməyə
çalışar. Mitolojilərdə həyat duyğuları
fantastik və dərin təxəyyüllə iç-içə
girərək söyləncə (əfsanə) şəklini alır.
Babək Xürrəmdinin qətlindən sonra müsəlmanların
Azərbaycanın milli dəyərlərinə zalımca davranıb
məhv etdikləri bir çox qaynaqlarda qeyd olunmuşdur. Müsəlmanlar,
sadəcə Babəki və arxadaşlarını çirkin şəkildə
edam etmədilər. Həm də bu millətdə istiqlal
zehniyyətini doğuran bütün mənəvi, əxlaqi
dəyərləri məhv etməyə çalışdılar.
Lakin millətin qəhrəmanlıq tarixi olan bu
dəyərlər sövqi-təbii olaraq özünü qorumaq istədi.
Bu istək üzərinə Azərbaycan tarixinin xürrəmilik
mərhələsi epik (həmasi) mitolojilərə yükləndi.
Bu epik mitolojilərin ən başda gələni Koroğludur.
Koroğlu ilə Babək arasında çox bənzərliklər
var. Nədir bu bənzərliklər?
1.
Babək Xürrəmdinin gövdə olaraq böyük vücudlu, uzun boylu,
enli kürəkli olduğunu yazmaqdadırlar. Bu fiziki xüsusiyyət
Koroğluya da məxsus olan özəllikdir.
2.
Babəkin anasının bir gözünün kor olduğu qaynaqlarca yazılmışdır.
Böyük bir ehtimala görə, Babəkin anasının gözü savaşlarda
kor olmuşdur. Koroğlu dastanında isə Rövşənin
atasının gözü kor edilmişdir.
3.
Həna Əlfaxuri və Xəlil Əlcər İslam dünyasında
fəlsəfənin tarixi kitabında Babək haqqında bu
fikirləri yazmaqdadırlar: Babək Xürrəmdinin ictimai
olaraq iki hədəfi var idi: qadın haqlarını gerçəkləşdirmək
və feodalizmi ləğv etmək. Babək öldürüldükdən
sonra feodalizm, Azərbaycanda islami dəyərləri də arxasına
alaraq böyüməyə başlayır. Feodalizm xəyal dünyasında
Babək Xürrəmdindən öz intiqamını almaq istəyir
və Rövşənin atasının gözünü kor edir. Yəni
hissi və fikri anlamda Babəkiliyin davamı olan koroğluluğun
nütfə bağladığı bir zamanda Çənlibelin
gələcək qəhrəmanının atası kor edilir.
Babək zamanındaki qarşı-qarşıya duran iki
cəbhə (Xürrəmilik və feodalizm) öz savaşlarını
mitolojilərdə də sürdürür. Daha doğrusu, xalq öz
bilincaltında daşıdığı xatirələrini bu
şəkildə mitolojiyə yükləyir.
4.
Babəkin ordusunda yüksək vəzifədə olan
ərənlər və alpərlər əsir düşdükdən
sonra xilafətin dəyişik şəhərlərində
dəriləri soyularaq öldürülürlər. Bu hadisəyə Koroğlu
dastanında da şahid olmaqdayıq. Dəmirçioğlu
Dəlihəsən bir savaşda əsir düşür və onun
dərisini soyub öldürmək istəyirlər. Lakin dastanda Koroğlu
savaşa qatılır və Dəmirçioğlu
Dəlihəsəni qurtarır.
5.
Babəkin qurduğu Qaradağ mərkəzli cümhuriyyət,
tarixi keçmişi etibarı ilə ozan kültürünün beşiyi olmuşdur.
Azərbaycan ozan sənətinin Qaradağ məktəbi
deyə bir anlayış var. Babəkiliyin əxlaqi,
cəsarət və mənəvi dəyərlərini ozanlar
musiqi ilə özdeşləşdirərək əbədiləşdirmişlər.
Xürrəmilərin Qaradağ mərkəzli cümhuriyyətində
mövcud olan ozan sənəti Koroğlu dastanında yüksək
səviyyədə öz ifadəsini tapır. Koroğlu həm özü
ozandır, həm dəlilərində ozanlıq istedadı
var. Həm də savaşçı olmayan ozanlar da Çənlibeldə
mutlu həyat sürməkdədirlər. Digər
tərəfdən, Qaradağ, Babək Xürrəmdindən 200 il
öncə də Dədə Qorqud ozançılığına
mərkəz olmuşdur. Kitabi-Dədə Qorqudda,
Dədə Qorqud sadəcə ozan deyil, şamançılıq özəlliyinə
də sahibdir, gələcəkdən xəbər verir. Lakin
ozançılıq, kültür olaraq Kitabi Dədə Qorqudda özünə
məxsus yer almaqdadır. Örnək olaraq Beyrək və
digər Oğuz gəncləri saz çalmağı başarmaqdadırlar.
Dədə Qorquddan Babəkçiliyə, Babəkçilikdən Koroğluluğa
uzanan bütün dönəmlərdə, hətta günümüzdə də
Qaradağ öz tarixi kültür özəlliyini qoruyub gəlişdirmişdir.
5.
Babəkin mərkəzi qalası Qaradağda yerləşməkdədir.
Kəleybərdə yerləşən Qala, xürrəmilərin
mərkəzi qərargahı olmuşdur. Bu qalanın zahiri görüntüsü
Koroğlu dastanında sözlə rəsm edilmişdir. Koroğlu
dastanındaki Çənlibel Qalası ilə Babək Qalası
bir-birinə çox bənzəməkdədir. Babək qalasına
kənardan baxıldığında gerçəkdən də
dərədən yuxarıya doğru uzanan bir adam belini yansıtmaqdadır.
İşin çox maraqlı tərəfi bundan ibarətdir ki,
Babək Qalasının yerləşdiyi bu belin təpəsi çox
zaman dumana, çənə bürünmüş olur. Daima bir tala çən,
duman, Qalada və ya Qalanın həndəvərində sürünməkdədir.
Koroğlu mitolojisində ozan sənətinin miniatürləşdirdiyi
Çənlibel adlı xəyali məkanla Qaradağda yerləşən
gerçək Babək Qalası məkanı bir-birinə
bənzəməkdədir. Çənlibel iki sözdən
ibarətdir: çənli və bel. Bu iki söz birləşib
və yeni məna ifadə etdiyində Babək Qalası ilə
Çənlibel məkanını birləşdirmiş olur. Tarixi
hadisələrin mahiyyətinin milli şüuraltına sığınması,
əslində milli dildə yerləşib qalması anlamındadır.
6.
İpək Yolu Azərbaycandan keçməkdə idi. Bu üzdən
də Azərbaycandan keçən karvanlar xürrəmilərə
vergi ödəməli idilər. Vergi verməyənlərdən
də zorla alınırdı. Koroğlunun Çənlibeli də
İpək Yolu üstündə yerləşməkdədir. Buradan
keçən karvanlar Koroğluya bac verməlidirlər, çünkü
onun vətənindən yararlanmaqdadırlar. Sadəcə olaraq
vergi sözünü ozan sənəti və mitoloji üslub, öz
ifadə tərzinə uyğun şəkildə söylədiyi
üçün bac sözündən yararlanmışdır. Koroğlu
dastanında Koroğlu ilə bir bəzirganın qarşı-qarşıya
gəlməsi var. Bəzirgan Koroğlunun yurdundan
(Azərbaycandan) vergi (bac) vermədən keçmək istəyir.
Xeyli söhbətdən sonra Koroğlu elə bir nə´rə çəkir
ki, bəzirganın qulaqları tutulur və əli ilə işarə
edir ki, al bütün var-dövlətim sənə fəda olsun. Burada,
bac alan Koroğlu və qurduğu cümhuriyyətin torpaqlarından
keçərkən bəzirganlardan vergi alan Babəkin şəxsiyyəti
tam örtüşərcəsinə təzahür etməkdədir.
Bütün bu verilərdən yola çıxaraq belə anlaşılır
ki, Babək Xürrəmdin xəyanət
nəticəsində yenilgəyə uğradıqdan sonra
o zamanki dəyərlər, millətin ruhuna daşınaraq
həyatını fərqli şəkildə, dastan
qəhrəmanı obrazında sürdürmüşdür.
***
Qalada şərqi
Qalanın başında
qaladım tonqal,
Dedim: Çağlar
boyu, dağlar, əsən qal,
Sirrimi
saxlasın hər gədik, hər yal,
Ruhumu barındır, dolaşdır, dağlar,
Gələcək soylara ulaşdır, dağlar!
Qaladan
qalaya atımı sürdüm,
Babək
Qalasında bir gözəl gördüm,
Nazlıca
yarımın saçını hördüm,
Mənə -Sevdicəyim, get savaş!,- dedi.
Yurd qazan, ölkə al, dağlar aş!,- dedi.
Dağların
başında bir qala qurdum,
Qurduğum
qalaya güvəndi yurdum,
Dağlardan
dağlara bir səs duyurdum:
Bizimdir
bu ulu qocaman dağlar,
Bizim arxamız ol hər zaman, dağlar!
12.06/2006
*
Tərcüməsini
etdiyim bu məqalə islam rejimin ideolojisini təbliğ
edən Meysaq qəzetindən alınmışdır:
Meysaq, şənbə 14 ordibeheşt 1381 sayı 111 s.3