Ermənistan
universitetlərində oxuyan iranlı tələbələrin
sayı ötən il 1670 nəfər olub
SƏDRƏDDİN
http://www.ayna.az/new/ayna/view.php?category=1#11057
Bu günlərdə İran prezidenti Məhəmməd Xatəmi
Ermənistanla ölkəsi arasında əlaqələrin daha da
inkişaf etdiyini və dərinləşdiyini söyləyib.
Bunlardan biri də təhsil sahəsidir.
Güney Azərbaycan Komitəsinin verdiyi məlumata görə, Tehran
hakimiyyətinin öntən il Ermənistana göndərdiyi
tələbələrin sayı 1670 nəfər olub. Yeni
tədris ilindən həmin tələbələrə İranın
verdiyi təqaüdün məbləği də artırılacaq.
Bundan başqa, İrəvana ali təhsil alamaq üçün göndərilən
tələbələrin sayının çoxalacağı da gözlənilir.
Ermənistanda ali təhsilini başa vurmuş məzunların
diplomları artıq İranda qəbul olunub. Hakimiyyət bu
məzunları işlə təmin edəcəyinə də söz
verib. İrəvanda təhsil alan iranlı
tələbələrə yataqxanada hər cür şəraitin
yaradıldığı da xəbərdə qeyd olunur. Hər
tələbə başqa yerlərlə müqayisədə ildə
İrana 4 dəfə gedə bilir. Bunun üçün onlardan rüsum alınmır.
Ölkəmizdə təhsil alan güneyli tələbələrin
cəmi sayı 270 nəfərdir. Bundan başqa, Bakıda
oxuyan bu tələbələr, özlərinin dediyinə görə,
ildə ölkəyə bir dəfə gedə bilir.
Burada bir neçə məsələyə diqqət
yetirilməlidir. Əvvəla, Tehran hakimiyyəti azərbaycanlıların,
eləcə də İrandakı başqa müsəlmanların
ölkəmizdə oxumasında maraqlı deyil. Çünki həmin
tələbələr zəif inkişaf etmiş olsa belə,
bir müsəlman dövlətində bəzi
məsələləri İranla müqayisə edəndə ölkələrinin
geridə olduğunu görür. Güneyli tələbələri
isə hakimiyyət İrana dönəndən sonra çoxsaylı sorğu-suala
tutmaqla bezdirir. Burada təhsil alan gənc yaşadığı
şəhərə qayıtdıqdan sonra ETTELAAT-ın və
başqa belə qurumların yerli şöbələrinə çağırılırlar.
Onlardan Bakıda kimlərlə görüşdükləri, niyə
burada oxumağa üstünlük verdikləri və s. bu kimi suallara
cavab istənilir. Yaxud Tehran hakimiyyəti üçün Bakıda
fəaliyyət göstərmək təklif olunur. Bu hal təhsil
almaq istəyən gənci sıxır.
Məlum olduğu kimi, İrandakı bütün ali təhsil müəssisələrində
rejimin xüsusi xidmət orqanları fəaliyyət göstərir.
Tələbələr dəfələrlə bu tip qurumlara öz
etirazlarını bildiriblər. Onlar belə orqanların ali
təhsil ocaqlarında varlığını gənclərin
alçaldılması kimi dəyərləndirirlər. Odur ki, Bakıda
da Tehran hakimiyyətinin bu tip basqısı altında oxumaq
istəmirlər. Ölkəmizdə güneyli
tələbələrin sayının az olmasının əsas
səbəblərindən biri də onlara Azərbaycan
Respublikası tərəfindən verilmiş diplomların
İranda qəbul edilməməsidir.
Bununla yanaşı, Bakıda təhsil alan güneyli
tələbələrə çeşidli vədlər
verərək onları buradan uzaqlaşdırmaq
istəyirlər. Həmin gənclərə təhsillərini
Məşhəddəki universitetdə davam etdirmək vəd
olunur...
O taylı gənclərin Bakıda və ölkəmizin başqa
şəhərlərində sayının az olmasının
səbəblərindən biri də dövlət məmurlarımızın
bu məsələyə ciddi yanaşmamasıdır. Bir sıra
hallarda onlar həmin tələbələri çeşidli
bəhanələrlə sıxışdırırlar. Qeyd
etdiyimiz və sadalamadığımız belə amillər
soydaşlarımızın təhsil almaq üçün respublikamıza
gəlməsinin qarşısını alan
səbəblərdəndir.
Təhsildən söz düşmüşkən bir məsələni
də nəzərə çatdırmaq istərdik. Məlum olduğu
kimi, İranda bir neçə yüz min erməni yaşayır. Onların
yalnız Tehranda 20-dən çox məktəbi var. Bu il
Ermənistanın Təhsil Nazirliyi tərəfindən İrandakı
erməni məktəblərində təhsil alan 10 min şagird
üçün tarix və coğrafiya kitabı hazırlanıb və göndərilib.
Bu işə onlar ötən il başlayıblar. Həmin kitablar
erməni müəllifləri tərəfindən yazılıb.
Tehranda İran hökumətinin maliyyə yardımı ilə çap
olunub. Yayılmış xəbərə görə, bu kitablarda
Azərbaycan tarixi və coğrafiyası təhrif edilib,
hətta Qarabağ erməni ərazisi kimi göstərilib. İran
- Ermənistan münasibətinə toxunarkən 24 aprellə bağlı
məsələyə də diqqət yetirmək istərdik.
Bəlli olduğu kimi, ermənilər hər il bu tarixi Tehranda,
eləcə də İranın başqa şəhərlərində
qeyd edirlər. Müqayisə üçün bildirmək istərdik ki,
Tehran hakimiyyəti Xocalı faciəsinin xatırlanmasından
ötrü tədbirin keçirilməsinə icazə vermədi.
Bununla bağlı, Azərbaycanlılar Federasiyası İsveç
Təşkilatının sədri doktor Manaf Səbəbi Ərdəbil
və Təbrizdəki soydaşlarımıza müraciət edib.
O bildirib ki, ötən il Amerika Konqresi Ermənistana 300 milyon dollar
yardım ayırıb.
Müraciətdə daha sonra bildirilir: "Diqqəti cəlb
edən məsələ islam adı altında İrandakı
hakimiyyətin Ermənistana yönəli siyasətidir. Bu ölkə
eyni vaxtda hər ölkədən daha çox İrandakı
hakimiyyətdən faydalanır. Müharibə dövrü Ermənistanın
hərbi qüvvələri İranın neft məhsulları
və başqa yardımlarından istifadə edib. İndi
isə İranlı turistlərdən gələn gəlirin
hesabına öz iqtisadiyyatlarını inkişaf etdirirlər.
Turizm və ticarətlə yanaşı, İran iqtidarı
Ermənistanın iqtisadiyyatının inkişafına yardım
edir. Bu yardımlar əslində siyasi mahiyyət daşıyır.
Tehran hakimiyyəti bu yolla Azərbaycan Respublikasının
istiqlalına və inkişafına zərbə vurur. Bunlar
hesab edir ki, Quzey Azərbaycan inkişafı Güney azərbaycanlıların
milli hüquqlarının tələbinə kömək ola bilər.
KİV-də yayılan məlumatlara görə, Təbrizdəki
turist agentlikləri Ermənistana turist aparır. Yaxud Ərdəbil
tacirləri bu ölkəyə inkubator cücələri göndərir...
Ərdəbil və Təbriz əhalisinə müraciət
edərək bu kimi məsələlərə biganə
qalmamalarını istəyib. Milyonlarla təbrizli şəhərin
küçə və bazarlarında erməni turistin gəzməsinə
necə baxır və ya ərdəbilli soydaşımız
Ermənistanla Ərdəbil tacirinin alver etməsinə necə
icazə verir?
Bu gün biz azərbaycanlıların taleyinə özümüzdən başqa
kimsə bizim kimi yanmayacaq. Şovinistlər, diktatorlar, təcavüzkar
erməni dövləti və başqa bu sayaq kəslər bizim
milli varlığımızın tarixdən silinməsinə
cəhd göstərirlər. Azərbaycan ərazisindən keçərək
Ermənistana hər bir nəsnə Azərbaycan xalqının
zəiflədilməsi üçün yönəldilib. Bu
xəyanətlərin qarşısını alıb, həmin
təhqiri qəbul etməməyin zamanı çoxdan çatıb".