Eluca
Atalı
Atillanın açıq pəncərəsi
(Sənədli hekayə)
Tələbəlik dostum Təbrizli Atilla Maralanlı
üçün
Bu da mənim tələbəlik dövründə qeyd apardığım
dəftər. Təsadüfən əlyazmalarımın içindən
tapdim. Üstü sadə, elə sadəcə qara qələmlə
yazılıb: altıncı dəftər. On dördüncü
səhifədəki qeydi oxudum: Qızı və oğlu
zindana salınandan sonra namazı atdı. Bu cümlə
Danimarkada yaşayan, əslən Cənubi Azərbaycandan olan
Rza Fərməndin elə soyuq Skandinaviya ölkəsində çap
olunmuş Anam gözəlləşmədi kitabından apardığım
qeydlərdəndir. Bunu mənə qardaşı oxuyurdu:illərlə
zindanda yatmış, sonra Müstəqil Azərbaycana gəlıb
təhsil almış kiçik qardaşı. Kitab özgə dildə
idi, fars dilini bilməyən oxuya bilməzdi və Rzanın kiçik
qardaşı Atillanı tanımayan çətin ki, ordakı
aləmin içinə düşə bilərdi. O, bircümləlik qeyddə
göstərilən ananın qız balası isə indi Kanadada yaşayır.
Zindana düşüb doqquz ay oradakı məşəqqətlərə
dözüb durandan sonra oradan çıxarılmış və ailə
qurduqdan sonra ölkəni tərk etmiş ailənin digər qız
övladı da indi o da Kanadada yaşayır. Atillanın başqa
bir bacısı da zindan görmüşdü. Özü də nə az,
nə çox. Günlə, ayla yox, illərlə günəş işığına
həsrət, qaranlıq, rütubətli daş otaqda oturmuşdu.
Daş ağırlığını çiynində saxlayaraq.
Ordan çıxandan sonra o da bacısı kimi adı doğma, lakin
ab-havası özgə, ruhunu sıxan Vətənini tərk etmiş,
zindanın daş yükünü bu dəfə təkcə çiynində
yox, elə ürəyində də demokratik Avropaya aparmışdı.
Bu bir ölkənin hekayəti yox, nə də bir ailənin
fəlakəti deyildi. Əslində dünyaya səpələnmiş
millətimin taleyidir...
-Evdə tikiş maşınını bir küncə qoyub
üstünü ağ örtüklə örtdük.Sonra nə düşündüsə
əlavə etdi: Anamdan sonra...
Onun danışdığını təsəvvür
etmirdim. Mənə elə gəlirdi ki, sanki onun ağzından
özü boyda ağırlıq çıxıb qol-qıçımı qırmanclayır.
Dostum bu sözləri deyəndə gözləri dolmuşdu. Üzünü
yana çevirdi, gözlərini məndən gizlətdi. Bəlkə
də, fikirləşdi ki, kişilər ağlamazlar.
-Biz anamızın ömrünü uzada bilmədik. Yox, səhv
edirəm. Biz ömür uzadan da deyilik. Əslində ömrünü başa
vurmağa imkan verməyib qırdıq...
Anam dünyasını dəyişəndən sonra əlimi
o maşına vura bilmirdim. Anam sağlığında bu maşımla
paltar tikərdi. Hamımıza,
bütün ailəmiz üçün. O maşın
indi heç kəsin toxuna bilmədiyi bir əşyadır. Əslində
əl toxundurmaqla keçmiş hisslərin qayıdacağından
bu evdə hər kəs qorxur. Anamı xatırlamaq,
analı günlərə qayıtmaq o qədər də
asan deyil. Anamın ruhu, nəfəsi evimizdə, hər şeydə
yaşayır. Amma o maşın məxsusi onun idi. O, maşın
arxasında oturub bizə paltar tikəndə mənə elə
gəlirdi ki, bəstəkar özünün sevimli əsərini yaradır.
Maşının ritmik taqqıltısı məni bu fikrə
gəlməyə sövq edirdi.
Anam qışda soyuqda,
yayda istidə pay-piyada mənim
və bacımın yanına gələrdi. Bilmirəm qışın
şaxtasından idi, yoxsa, yayın hədsiz istisindən, əllərinin
üstü daim çat-çat idi. O yollarda
ürəyi qubarladı. Elə ürək ağrısından da öldü.
Atilla Azərbaycanın qədim paytaxtı, inqilablar beşiyi
Təbriz şəhərinin özündən, lap
mərkəzindən idi. Mən Təbrizdə olarkən hara
gedirdimsə, ora dostumun gözü ilə baxırdım. Indi onun bu
yerləri uzun ayrılıqdan sonra görüb hansı duyğunu keçirməsini
fikirləşirdim. Evlərinin yerini bilmədiyim üçün
Təbrizin bütün məhəllə və evlərinə baxanda
bir vaxt bu yerlərdə onun yaşadığını,
gəzdiyini, ömrünün yüksüz dövrünüuşaqlığını
oynaya-oynaya burda başa vurduğunu xəyallarımda bir-birinə
qatıb, sonra da əvvəl-axır edib, bir-birinin ucuna caladım.
Amma evlərini tanısaydım, yalnız o evin şəklini gözlərimə
alardım. Gözlərimdəki canlı albomu isə Bakıya qayıdanda
Atilla üçün vərəqlərdim. Təbriz televiziyası üçün
məndən müsahibə alan, yaxın illərdə Bakıdan
bu şəhərə gəlin köçmüş Elmira adlı
jurnalist qız gözlənilmədəm mənə sual verdi:
Təbriz səndə hans hissləri yaradır? Ağlıma
gələn ilk cümlə bu oldu: Təbriz mənim nağıl
dünyamdı. Bu gün o, nağıl gerçəkləşib. Onu
mənim üçün nağıllaşdıranlardan biri də Atilla
idi. Onun bu şəhərlə bağlı danışdıqları
xəyal dünyamda xəritə cızmışdı. Mənim
Təbrizi görmək istəyim dostlarımın
xatirələrinin izinə düşdüyümü göstərirdi. Həm
də xəritədə gözlə görünən balaca miqyaslar o
yerə ayaq qoyanda dəfələrlə böyüyür. Bəzən
də min, milyon dəfə... Təbrizi tanıdıqca onun
ruhunu heç bir kağız xəritəyə köçürülmədiyini
gördüyüm kimi.
Bacısının və özünün salındığı
zindanın evlərindən nə qədər aralı olduğunu
bilməsəm də, anasının əzəblarını
təsvir edəndə hiss etdim ki, o zavallı qadın övladlarına
apardığı iki ağır azuqə zənbilləri
ilə mənzil başına çatanda yorulub, əldən düşürmüş.
-Bizə görüş veriləndə anam çatlı əlləri
ilə başıma sığal çəkərdi, saçımı
oxşayardı. Mənsə hər görüşdə anamın
bir az da əridiyini, qocalıb yığıldığını
görəndə xəcalət çəkərdim.
Onun söhbətinə heç nəylə müdaxilə etmək
istəmirdim. Nə sual verir, nə fikirlərinə şərik
çıxarkən təsdiqləyir, nə də qarşısındakı
çayın soyumamağı üçün içməsini işarə edirdim.
Onsuz da aramla danışır, ürəyini boşaldırdı
anasının yanında qoyduğu ürəyini.
Rza öz anasının portretini kitab boyu çəkə-çəkə
getmişdi. Iyirminci səhifədə qardaşı Atillanın
vərəq üstündəki əli əsdi. Sağ əlindəki
siqareti tüstülənə-tüstülənə yanan tütünü ətrafa
xoş iy buraxmamağından savayı, bu dəfə külünü
də kitab üstünə tökdü. Vərəq üstündən külü
təmizləyib öz-özünə pıçıldayırmış
kimi oxudu: Quran adlı aynada anamın sifəti görünmür.
O, deyəsən doğrudan da otaqda mənim varlığımı
unutmuşdu. Özünü ələ almaqda çətinlik çəkən
dostum durub pəncərə önünə keçdi. Gözünü şüşəyə
zilləyib əllərini qoynuna qoydu. Bir ah çəkib:
-Övladları zərbə ala-ala inamını itirdi, dedi.
Sonra nə düşündüsə yavaşcadan dodaqlarını
bir-birindən ayırdı. Amma nəinki danışmadı,
bu dəfə heç pıçıldamadı da. Yəqin demək
istəyirdi: Ana özünü övladlarında
təsdiqləməlidir. Mənim anam özünü görmək üçün
hansı ünvana yol getməliydi?!
Tələbə yataqxanasının otaqlarındakı
pəncərələr böyük şüşəbəndli idi.
Elə tələbələrin dünyaya böyük ümidləri kimi.
Otaqdakı tüstü səbrimi daraltdığı üçün durub onun
bir layını tam açdım. Qışın soyuq sazağı
içəri dolduqca tüstü iyi çəkilirdi. Bir anlıq mənə
elə gəldi ki, Təbrizə, Danimarkaya, Kanadaya
səpələnmiş ana ruhu Bakıda bir ünvana yığışıb
Atillanın pəncərəsindən içəri doldu. Onun
sifətindəki nisgil çəkiləndə fikrim beynimə tam
hakim oldu.
22-23 Arzu Günü
Şölə
Ayı, 25-ci il Bakı
22-23.06.03